MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
YENİ DÖVR ƏDƏBİYYATIMIZIN II MƏRHƏLƏSİ ( XIX əsr)
Bölmələr

******

26.04.2024, 10:09

Yeni dövr Azərbaycan ədəbiyyatı

II mərhələ (XIX əsr)

 

XIX əsr Azərbaycanın mədəni, iqtisadi inkişafında, o cümlədən  ədəbiyyat tarixində mürəkkəb, ziddiyyətli, ictimai-siyasi hadisələrləzəngin, bir mərhələdir. Ölkənin iki yerə parçalanması, Rusiya və İran arasında bölüşdürülməsi, feodal münasibətlərinin sarsılması, kapitalist münasibətlərinin inkişafı Azərbaycan  xalqının taleyinə ciddi təsir göstərdi.

Əsrin əvvələrində Rusiyanın tərkibinə daxil edilmiş Azərbaycanda vöəziyyət ağır olaraq qalırdı. Rusiyanın iqtisadi həyatında baş verən in­ki­şaf Azər­­baycanda həələ müşahidə olunmurdu. Sənayedə artım yox dərəcəsində idi, kəndli təsərrüfatı məh­dud, əmək alətləri isə ibtidai idi.Əsrin 30–40-cı illərində iqtisadi vəziyyət nisbətən dəyişdi. Rusiyanın to­xu­culuq sənayesi üçün göndərilən xammalın həcmi artdı, Azərbaycana  müx­təlif parşa növlərinin idxalı çoxaldı. Lakin bu, əhəmiyyətli irəliləyişə səbəb olmadı.

      Rusiyanın müstəmləkə kimi baxdığı Azərbaycanda yürütdüyü siyasət də özü­nü doğrultmadı; bəylik hüququnun ləğv edilməsi, bəylərin ölkənin idarə edil­məsi işin­dən uzaqlaşdırılması mülkədarlar tərəfindən kəndli üsyanlarının qı­zış­dırıl­ma­sına səbəb oldu. Rusiya hökuməti səhvini dərhal düzəltdi, bəylə­rin, mülkə­darların imti­yazları bərpa edildi, kəndlilərin vəziyyəti isə daha da ağır­laşdı. Belə bir vəziyyətdə, çar hökuməti ölkəni idarə etmək üçün yerli kadrlara ehtiyac duyduğundan yeni tipli məktəblərin açılmasına, dünyəvi təhsilə, rus dilinin öyrənilməsinə  xüsusi diqqət ayırmağa başladı.

Əsrin ortalarından etibarən iqtisadiyyatda inkişaf meyilləri güclənməsi təhsil, elm, mədəniyyət, ədəbiyyat sahəsində  də canlanmaya səbəb oldu. Yeni tipli məktəblərin, realist ədəbiyyatın, milli dramaturgiya, teatr, mətbuat, peşəkar ədəbi tənqidin yaranması məhz bu dövrlə bağlıdır.

XIX əsrdə ölkədə yaranmış yeni şəraitlə əlaqədar olaraq elm, mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik meyllərinin güclənməsi xüsusi qeyd olunmalıdır. Bu dövrdə bədii ədəbiyyatda da yeni xarakterli əsərlər yaranmağa başlayır.

XIX əsrdə xalqımızın Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi görkəmli ziyalıları, ədəbiyyat xadimləri yaşayıb yaratmışlar. Bu qüdrətli sənətkarlar öz əsərlərində xalqın mənafeyini müdafiə etmiş, həyatı, onun ziddiyyətlərini, müasirlik meyllərini, azadlıq ideallarını əks etdirmişlər.

1875-ci ildə görkəmli maarifçi H.Zərdabinin redaktorluğu ilə ”Əkinçi” qəzetinin nəşri ölkənin ictimai-mədəni həyatında böyük hadisəyə çevrildi. Qəzetin qarşıya qoyduğu başlıca məqsəd xalqın maarifləndirilməsi, sosial-mədəni inkişaf, xalqın tərəqqi yoluna qədəm qoyması idi. Xalq kütlələru atasında mütərəqqi, demokratik ideyaları yayan bu qəzetdə geriliyi, cəhaləti tənqid olunur, oxucu millətin inkişafı barədə düşünməyə, müasirliyə, yeniləşməyə dəvət edilirdi. H.Zərdabinin  fikrincə, xalqın zülmdən, əsarətdən xilas yolu elm və təhsildən keçirdi. Qəzetdə ölkınin iqtisadi, siyasi, mədəni, sosial  həyatına, təbiətşünaslıq elminə, kənd təəsəeeüfatına dair məqalələr dərc olunur,  köhnə həyat tərzi, cəmiyyətin inkişafında maneəyə çevrilən vaxtı keçmiş adət-ənənələrin aradan qaldırılması ilə bağlı  əhalinin maarifləndirilməsi məsələlərinə geniş yer verilirdi.

Ölkənin müxtəlif şəhərlərində təşkli olunan ədəbi məclislərdə Firovsi, Nizami, Nəvai, Füzulinin əsərləri oxunur, müzakirə edilirdi. Məclisdə oxunan əsərlər üzrə qızğın mübahisələr gedir, klassiklərin şeirlərinə yazılmış nəzirələrin yarışı keçirilirdi.

XIX əsrin əvvəlləri realist ədəbi cərəyanın ilk rüşeymləri qoyulur. A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı ilə ədəbiyyatımızda realist – maarifçi ədəbiyyatın nümunələri yaranır.

Böyük mütəfəkkir alim və yazıçı A. Bakıxanovun (1794- 1847)  elmi və ədəbi irsi zəngin, rəngarəng, çoxşaxəlidir. Xalqımızın ictimai, mədəni fikir tarixində böyük yer tutan A.Bakıxanov ədəbiyyatımızda maarifçiliyin əsas nümayəndəsi sayılır. XIX əsrin birinci yarısında yeni maarifçi-realist ədəbi cərəyanını  yaranması  ilk növbədə bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin bədii irsinin mühüm br qismini şeirlər külliyyatı təşkil edir. Ədib öz əsərlərini Qüdsi təxəllüsü ilə yazmışdır. Onun nəzm əsərlərinə «Mişkatül - ənvar» poeması, avtobioqrafik səciyyəli şeirləri,  mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəviləri daxildir. Bu şeirlər Abbasqulu ağa Bakıxanov Qüdsinin lirik və epik şerin böyük ustadı olduğunu sübut edir.

A. Bakıxanov gənc nəslin təlim – tərbiyəsi ilə bağlı iki fəlsəfi məzmunlu əsərin  müəllifidir. «Təhzibül – əxlaq» (əxlaqın təmizlənməsi), «Kitabi - nəsihət» adlı bu əsərlərdə ədibin pedaqoji görüşləri öz əksini tapıb. ”Təhzibül-əxlaq" əsərində elm və təhsilin insan həyatında rolunu yüksək qiymətləndirən sənətkar yazırdı ki, dünyada olan şeylərin hamısı əmələ, əməl isə bütün fəzilətlərin dövləti olan elmə bağlıdır. Əlbəttə, bu fikirlər ilk növbədə A.Bakıxanovun böyük maarifçi olması, cəmiyyətin çıxış yolunu, inkişafını elm və təhsildə, ölkədə maarifin tərəqqisində görməsi ilə bağlı idi.   A. Bakıxanovun «Kitabi – nəsihət» («Nəsihətnamə») əsəri də bilavasitə gənc nəslin tərbiyəsinə həsr olunmuşdur. Buraya 102 nəsihət daxil edilmişdir. Əsər müəllifin dini səciyyəli müraciəti ilə başlayır.

     A. Bakıxanovun yaradıcılığında böyük yer tutan «Miratül – cəmal» («Surətin aynası») poeması fars dilində yazılmışdır. 1844-cü ildə  yazılmış bu poemada ədibin fəlsəfi fikirləri öz əksini tapmışdır. Avtobioqrafik səciyyəli bu əsərdə yazıçının Polşaya  səfərinin təəssüratları əks olunmuşdur.

Əsərdə sənətkarın öz vətəninə məhəbbəti diqqəti cəlb edir. A.Bakıxanov əsərdə Şirvanı, Quba qəzasındakı Gülüstanı tərifləyir, doğma yurdun bu dilbər guşələrindən heyranlıqla söz açır. Ədib Polşada elm və təhsilin İran və Türkiyə kimi  Şərq ölkələrinə nisbətən daha çox inkişaf etdiyini qeyd edir.

Şair öz vətəninə məhəbbətini aşağıdakı mənalı misralarla ifadə edir:

                             

Ey Qüdsi, çox gözəldir öz məskənin,

Hər bir yerdən xoşdur sənin vətənin.

Bakıxanovun XIX əsrin 30-cu illərində Azərbaycan dilində yazdığı «Kitabi – Əsgəriyyə» hekayəsində iki gəncin bir-birinə bəslədiyi səmimi, saf duyğulardan söz açılır. Əsər nəzm və nəsr hissələrindən ibarətdir. Qəhrəmanların başına gələn hadisələr nəsrlə, onların hiss və duyğuları, iztirabları isə nəzmlə verilmişdir. Nəsr dili nisbətən çətin, mürəkkəb olduğu halda, şeir dili bədiiliyi və sadəliyi ilə seçilir.

XIX əsrdə klassik poeziya ənənələrini davam və inkişaf etdirən Mirzə Şəfi Vazehin ((1794- 1852) yaradıcılığında dövrün ruhunu, yeni tələblərini əks etdirən mövzu və ideyalar başlıca yer tuturdu. Şair lirik şeirlərində məhəbbətin nə olduğunu bilməyən insanı susuz çeşməyə bənzədir, dünyəvi məhəbbəti, lirik qəhrəmanın təbii sevmək-sevilmək istəyini, səmimi duyğularını əks etdirirdi. Vazeh gözəlliyi, məhəbbəti tərənnüm edən, aşiqin təzadlı ovqatını, sevgi iztirablarını, kədəri, əziyyətini  əks etdirən əsərlərində də nikbin ruh vardır. Bütün əzablara qatlaşan aşiq əhdinə vəfasız çıxmır, ayrılıq əzabına əzmlə dözür,   vüsal  ümidini itirmir:

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,

Mən öylə xəstəyəm, ancaq sənin vəslindi dərmanım.

 

Beş bəndlik “Süsəni” rədifli  müxəmməsində Süsəni adlı qızın gözəlliyi tərənnüm edilir. Süsəniyə xitabında şair onun “bir baxışla yüz can aldığını” söyləyir, çəməndə gəzməyə çıxan bu gözəlin öz yerişi, hərəkətləri ilə təbiətin gözəlliklərini kölgədə qoyduğunu bildirir.

İsmayıl  bəy Qutqaşınlının (1809-1861) “Rəşid bəy və Səadət xanım” hekayəsinin qəhrəmanları Rəşid bəy və Səadət xanımdır.  Əsərdə zadəgan nəslindən olan Rəşid bəy təhsilli, yüksək mənəviyyatlı bir gənc kimi  təsvir olunur. Onun kəndlilərə xeyirxah, qayğıkeş münasibət  bəsləyir, ehtiyacı olanlara öz yardımını əsirgəmir. Köhnə adət-ənənələrə qarşı çıxan Rəşid bəyin arzusu qarşılıqlı məhəbbət əsasında ailə qurmaqdır.

Qonşuluqdakı digər kübar ailənin gözəl, ağıllı qızı Səadət xanımla tanışılığı böyük məhəbbətə çevrilir. Səadət xanım da öz təhsili, təbiyəsi , xeyirxah təbiəti ilə hamının hörmətini qazanmışdır. Ailəsinin onu varlı bir xan oğluna vermək nyyətindən xəbər tutan Səadət xanım bədbinləşir, bu qismətlə barışmaq istəmir. Rəşid bəylə tanışlıqdan sonra ona vurulan Səadət  xanım sevgilisi ilə birlikdə öz məhəbbəti yolundakı bütün çətinlikləri dəf edir, hər iki gənc xoşbəxt ailə həyatı qurmaq arzusuna çatır.

“Səfər qeydləri”  əsərini ədib Şərq ölkələrinə etdiyi səyahət zamanı yazmışdır.  Əsərdə yazıçının müşahidələri, səfər təəssüratları ilə yanaşı, həyatı, fəaliyyəti, dünyagörüşü barədə dəyərli məlumat vardır. O, müxtəlif dövlət xadimləri, hərbçilər, din  xadimləri  ilə görüşlərindən söz açır, səfər boyu qaldığı yerlərin corafi vəziyyətini, mənzərəli  yerlərini, əhalisinin vəziyyətini, həyat tərzini təsvir edir.

XIX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) Qarabağ xanı İbrahimxəlil Cavanşirin  nəslindəndir. O,  fars dilini mükəmməl öyrənmiş, klassik ədəbiyyatımıza, Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların bədii irsini dərindən öyrənmişdir. Natəvan xeyriyyəçiliklə məşğul olmuş, ehtiyacı olan insanlara yardım əli uzatmış, İsa bulağından Şuşaya su kəməri çəkdirmişdir. O, uzun müddər Şuşada fəaliyyət göstərən məşhur “Məclisi-üns” ədəbi məclisinə hamilik etmişdir.

Şairin  yaradıcılığında M.Füzulinin yaradıcılığının təsiri ilə yazılmış  saf, insanı ucaldan sevgini,  xeyirxahlıq, insanpərvərlik, dostluğu tərənnüm edən qəzəllər mühüm yer tutur. Məhəbbət mövzusunda qəzəllərində sevən, vüsal həsrəti ilə yaşayan, iztirab çəkən aşiq obrazı diqqəti cəlb edir.

 Şeirlərinin lirik qəhrəmanı öz sevgilisinə qovuşmaq üçün hər cür fədakalığa, hətta həyatından keçməyə hazır olan gəncdir. Məcnun kimi dərd əlindən çöllərə üz tutan, tənhalığa qapılan  bu gənc  ah-fəğan edərək ürəyini boşaldır. “Ey dust”, “Xudahafiz” qəzəllərində br-birini sevən gəncləri ayırmağa çalışan bəd xislətli insanları- əğyarı, rəqibi pisləyir, belə xain insanlardan uzaq durmağı tövsiyə edir.

Natəvanın humanist baxışlarını əks etdirən şeirlərində dövrandan narazılıq, ictimai ədalətsizliyə, bərabərsizliyə  etiraz motivləri də öz əksini tapmışdır. Şairin  təbiət mövzusunda şeirlərində Qarabağın əsrarəngiz təbiəti, gülü-çiçəyi, bülbülü  vəsf olunur.

Oğlu Mir Abbasın ağır xəstəlikdən sonra ölümü Natəvanı sarsıtmış, bu gaciəli hadisə onun yaradıcılığında da dərin iz qoymuşdur. “Ölürəm”, “Neçin gəlməz”  rədifli qəzəllərində və digər əsərlərində oğul həsrəti, kədər motivlərinin, dərdli ana obrazının yaranmasına səbəb olmuşdur:

     

Nə yaxşı günlər idi kim, səninlə  munis idim,

Zəmanə indi edib sinədağlı lalə məni.

Vüsalə yetməyibən zarü Natəvan qaldım,

Edib fələk yenə həsrət o məhcəmalə məni.

 

Natəvanın əsərləri bədii lik və ahəngdarlığı, dil-üslub      xüsusiyyətləri ilə  diqqəti cəlb edir. Əruz vəznndə yazdığı şeirlərdə hiss və duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə əsərlərinin  ahəngdar, oxunaqlı  olmasını təmin etmiş, sənətkara oxucu məəhəbbəti qazandırmışdır.

XIX əsr ədəbiyyatımız da aşıq şeirinin məzmun, janr, bədii sənətkarlıq baxımından dəyərli nümunələri yarandı. Göyçə, Şəki, Şəmkir, Urmu mahallarında aşıq şeirinin görkəmli nümayəndələri yetişdi. Onların yaradıcılığında ictimai motivli əsərlər, xalqın arzu və istəklərini, mənəviyyatsızlığa, haqsızlığa, zülmə etirazı ifadə edən əsərlər mühüm yer tuturdu. Aşıq sənətinin inkişafı yazılı ədəbiyyatda da aşıq şeiri üslubunda və janrlarında əsərlərin yaranmasına səbəb oldu.         Qasım bəy Zakir və Baba bəy Şakirin satirik şeir yaradıcılığı  bu baxımdan diqqəti daha çox cəlb edir.

XIX əsr ədəbiyyatımızda realist satirik şeir, nəsr, dramaturgiya inkişaf edir, söz sənətində maarifçilik, realizm üstün mövqe tutur, demokratik ideyalar geniş əks olunurdu. M.F.Axundzadə, Q.Zakir, N.Vəzirov, Ə,Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli səənətkarların yaradıcılığı bu dövr ədəbiyyatımızın inkişafına, ideya-bədii cəhətdən zənginləşməsinə səbəb oldu. Ədəbiyyatımızda dramaturgiyanın əsasının qoyulması, dram, komediya, faciə, yeni tipli nəsr nümunələri olan  povest, roman janrlarında əsərlərin yazılması ədəbiyyatımızın bu inkişaf mərhələsində əldə edilmiş diqqətəlayiq nailiyyətlər idi.

 




Copyright Ədəbiyyat dərsliyi © 2024