Xəlil Rza
Ulutürk
(1932-1994)
| "Türk milləti mükafatı laureatı”, əməkdar incəsənət xadimi,
Azərbaycan Respublikasının Xalq şairi Xəlil Rza Ulutürk hələ uşaq yaşlarından
şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə
etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Onun ilk
mətbu şeiri "Kitab” 1948-ci ildə "Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur.
Azərbaycan ədəbiyyatında "Məndən başlanır vətənim”, "Yeni zirvələr”, Qəhrəman
Təbrizim”, "Hara gedir bu dünya”, "Türkün dünyası”, "Lefortovo zindanında”,
"Mənim dilim” və s. yüzlərlə əsərlər bəxş edən Xəlil Rza Ulutürk Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil
olandan sonra Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı:
universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar
Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar
Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər
günü” məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə
ciddi təsir göstərdi. Onun ilk şeirlər toplusu – "Bahar gəlir” kitabı 1957-ci ildə
nəşr olunur. Çox keçmir ki, özünün dəyərli əsərləri ilə xalqın qəlbinə yol
tapır. 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil
Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı
ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq
Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə
ifşa edirdi. Milli azadlıq hərəkatının önündə getdiyinə görə həbs olunmuşdur.
Zindan da onu susdura bilmədi. Azadlıq haqda fikirlərini bədii əsərlərə
köçürtdü. Vətənimizin azadlığı, müstəqilliyi haqda onlarla əsər yazdı.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi
Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal” ordeni ilə təltif edildi. |
Oğlum Təbrizə
Qoy sənə doğulan günəş
deyim ki,
Nurunla açılan al səhərəm
mən.
Yeddi il yol gələn ay mənim
ilkim,
Gəldiyin yollara gül
düzərəm mən.
Bir evin qeyb olmuş
səadətini,
Min evə qaytaran balamsan
mənim.
Ən böyük sevincsən, ən
müqəddəs qəm,
Məni od içinə atan
Təbrizim.
Üzünə baxanda balam
deyirəm,
Adını çəkəndə atam
Təbrizim!
Anan süd veribdir, fəqət
mən sənə
Köksümdə közərən odu
vermişəm.
Seçib milyon – milyon adlar
içindən,
Dünyanın ən gözəl adı
vermişəm.
Ey bala Təbrizim, gün o gün
olsun
Ana Təbrizimə mən azad
deyim.
Ustad Şəhriyarla görüşün
olsun,
Təbrizi – Təbrizə qol-qanad
deyim.
Arzular könlümdə
çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış
könül.
Səni arzum üçün, amalım
üçün,
Səni könül üçün yaratmış
könül.
Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha
dərindən.
Mən öz Təbrizimlə bu gün
yanaşı,
Keçirəm Bakının
küçələrindən.
Bu gün yağış yağır...
Qorxma yağışdan,
Tufanda, şimşəkdə bərkisin
canın.
Sən mənim balamsan, mən
sənin atan,
Biz bir cüt oğluyuq
Azərbaycanın.
|