MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
“Aldanmış kəvakib”( ixtisarla)
Bölmələr

******

26.04.2024, 13:30

ALDANMIŞ KƏVAKİB

(ixtisarla)

 

 

 

Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, baş əyərək  ərz elədi ki:

– Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü.

Şah Səlma xatuna işarə etdi ki, hərəm­xanaya getsin və xacəyə buyurdu ki:

– Mirzə Sədrəddini çağır gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub baş əydikdən sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki:

– Mirzə, nə var?

Münəccimbaşı ərz elədi ki:

– Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mül­kündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan  əvvl xəbər verməyi özümə borc bildim.

Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlum­dur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən yüksək bir mənsəbdə və səltənən taxtının üstündə olanlar üçün.

Bu səbəbdən münəccimbaşının xəbəri cavan şahı qorxuya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Səd­rəd­dinə buyurdu ki:

– Xub, mürəxxəsən, get!

Münəccimbaşı baş əyib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə getdi, sonra xacə Mübarəki səslədi. Xacə hüzura daxil olduqda buyurdu ki:

– Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağır­sın!

Xacə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buy­­ruğunu gözlədilər. Şah münəccimbaşının dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki:

– Aya, sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücu­dum­dan dəf edə bilərəm?

Məclisdəkilər hamısı heyrət içində qaldı. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:

– Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxt­ların­da bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Bu əhvalatdan xəbərdar olduqda mən təd­birə baş­la­dım. Qərar qoydum ki, şah qapısının nökərlərindən hər kəs bir və­zi­fəyə və ya bir vilayətin hökumətinə mənsub olsa, gücü çatdığı qədər, tutduğu vəzifəyə görə müəy­yən miqdarda pul bəxşiş olaraq xəzinəyə təslim etsin və əlavə nə zaman ki qibleyi-aləm bir əmirin evini öz gəlişi ilə mübarək etsə, ev sa­hibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi, şükür olsun Allaha, pul ilə doludur. Vəzirlik işlərinin irəli get­məsində kiçik bəndəniz tərəfindən təcrübəsizlik tə­səvvür edilməz, amma ulduzların müqabilində tədbir göstərməyə, həqiqətən, acizəm.

Bundan sonra sərdar Zaman xan başladı:

– Bu sədaqətli nökəriniz, saqqalımın tükünü ali və yüksək dövlətimizin xid­mə­­tinə sədaqət və hünərlə ağartmışam. Məsələn, on il bundan qabaq Osmanlı tayfası Bə­kir paşa Dəmirçi oğlunun sərkərdəliyi altında yetmiş min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Qibleyi-alə­min böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Əgər­çi bizim qoşunumuz da say-hesabla Osmanlı tayfasından kəm deyildi, an­caq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yol­dan azmışların qarşısında tələfə verdirim. Ona görə əmr etdim ki, Azər­baycan mül­kündə bütün kəndlilərin əkin yer­lərini xarab etsinlər və mal-qara­larını qo­vub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Bəkir paşa sərhə­dimizə daxil olduğu zaman hərçənd qarşısında bizim qoşundan bir nəfər gör­mədi, am­ma yollar o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gə­tirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə böyük zəhmətlə Təbrizə varid oldu. Hər tərəfə dəstə göndərib, azuqə toplamağa başladı. Əlinə nə taxıl dənəsi, nə bir öküz, nə də bir qoyun düşdü. Əlacsız qalıb üç gündən sonra taqətsiz, ac və pəra­kən­də düşərək köçmək təbilini döydü. Təbrizdən qaçdı. Bu tədbir ilə İran mülkü yad tay­faların hücumundan salamat qaldı. Yolları dağıtmaq, kör­püləri yıx­maq hökm­darın o dərəcədə xoşuna gəldi ki, bundan sonra düşmən hücu­mun­­­dan qorun­maq üçün on­ların bərpasını məsləhət bilmədi. Belə işlərdə sa­ra­yınızın qoca iti faydalı təd­bir gös­tərməkdə aciz deyil. Amma ulduzların qar­şı­sını almağa heç bir çarə tapa bil­mir…

Şahın qorxusu çox şiddətləndi. Sonra müstövfi Mirzə Yəhya danışmağa baş­la­dı:

– Bəllidir ki, qoşunun və orta dərəcəli qulluqçuların məvacibi qibleyi-alə­min fər­manına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən verilir; çünki döv­lət xəzinəsində nəğd pul, necə ki vəzir söyləmişdi, çatışmırdı. Ona görə də mən bu cə­hətdən çox qəmgin idim. Hərçənd mən məvacib fərmanlarını imza edib, vilayət­lərə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xal­qın nə­zə­rin­də etibarsız görünməsin, amma ondan qabaq hər bir vilayət hakiminə giz­li məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca mək­tub yazılmamış haman fər­mana əsasən məvacib verməsinlər. Haman tədbir səbəbi ilə dövlət xəzinəsinin mə­daxili çox artmışdır. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, am­ma sülh və asayiş zamanı olmaq səbəbi ilə və İranın ucuzluğuna görə məvacibə çox möhtac olmayıblar. Belə işlər xü­susunda mənim düzgün işləyən zehnim mə­harət gös­tərir. Lakin ulduzların təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə ağlım çat­mır.

Növbət yetişdi mollabaşıya. O  söylədi:

– Bu qüdrətli dövlətin davam etməsi üçün bu dua edənin böyük və uca olan Səfəviyyə nəslinə səmimiyyət və sədaqəti tərifə sığmaz. Bu halda ki qibleyi-alə­min vücudu ulduzların təsirindən qorxu altındadır, mənim ürəyim tavadakı balıq kimi büryan olur. Qüsurlu ağlıma belə yetişir ki, o məlum münəc­cim­başının özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, ulduzların təsi­rini bildirib, əlbəttə, bir pis fikrə görə dəfinin ça­rəsini gös­tərməyib. Necə ola bilər ki, zəhəri göstərə, zəhərin təsirini yox edən dər­ma­nı göstərməkdən özünü kənara çəkə! Qibleyi-aləm onun özünü çağırsın. Bu ha­disənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boy­nu­nu vurdursun.

Mollabaşının münəccimbaşı ilə köhnə ədavəti var idi. Bu əhvalat mollabaşı üçün çox yaxşı vasitə göründü ki, onun və başqa münəccimlərin atalarının go­runu yan­dırsın. Hər halda, haman uğursuz xəbərə görə şahın münəccim­başı­dan zəhləsi get­mişdi. Xacə hazır olduqda buyurdu:

– Bu saat xidmətçi göndər, münəccimbaşını mənim hüzuruma gətirsin!

Bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb müraciət etdi:

– Pədərsüxtə, ulduzların bəlasından məni qorxudarsan və əlacını gizlərsən?! Cəl­lad!

Dərhal üz-gözündən dəhşət yağan cəllad belində xəncər, əlində ip içəri gir­di. Biçarə münəccimbaşının ruhu uçub başladı yarpaq kimi titrəməyə. Şah cəl­lada buyurdu:

– Apar, bu itin bu saatda boynunu vur!..

Sərdar Zaman xan, hərçənd qılınc əhli idi, amma çox qəlbiyumşaq adam idi. Münəccimbaşının halına rəhmi gəlib, ayağa durub söylədi:

– Sənə qurban olum, bu itin boynu vurulandan sonra hadisənin ortadan qal­dırıl­ma­sı üçün kimdən əlac soruşacağıq? Mən fağır və yazıq bəndə xahiş edi­rəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Hadisənin əlacı xüsu­sunda ondan tədbir soruşasınız. Əgər istədiyimizə uyğun ca­vab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir.

Şah münəccimbaşıya müraciət edib dedi ki:

– Məlun, bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər.

Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmədi. Söylədi:

– Qurban olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin. Gedim “Zici-Uluğbəy”i nəzərdən keçirim, qayıdım söyləyim.

Şah icazə verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib söylədi:

– Mövlana Cəmaləddin mübarək hüzurunuza icazə istəyir.

Mövlana otağa daxil olub, şaha lazım olan sitayişi əmələ gətirdi. Şahın işa­rəsi ilə oturub söylədi:

– Qibleyi-aləm sağ olsun, bu bəndəniz qocalıq səbəbindən şah sarayından kə­nar olub, guşənişin olmuşamsa da, lakin bu vəziyyət, yəni Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə yaxınlaşmasından qibleyi-aləmin zati-müba­rə­kinə böyük zərər eh­­timalı olduğu üçün vacib bildim ki, qulluğunuza gə­lim, qabaqcadan hadisəni elan edim və aradan qaldırılmasına tədbir göstərim. Bu məqsədlə  ki, bəlkə də, bu keyfiy­yət cavan münəccimlərin iti gözlərindən gizli qal­­mış olar.

Şah kifayət dərəcədə xoşhal olub buyurdu ki:

– Mövlana, biz elə o xüsusda söhbət edirdik. Hadisə məlumdur, tədbirinizi söy­ləyin.

Mövlana söylədi:

– Bu nəhs günlərdə, yəni Novruzdan on beş gün keçənədək gərək qibleyi-aləm şahlıqdan əl çəkə və taxt-tacı bir günahkar və ölümə layiq bir nəfərə təs­lim edə, özü də xalqın gözündən gizlənə. Belə olduqda ulduzların təsiri haman günahkarın başında çatlayacaq, çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə baş verdi və taxta outran o günahkar fəlakətə yetişdi, o zaman qibleyi-aləm gizləndiyi yerdən çıxıb yenə taxt-taca malik olar, tamam xoşbəxtlik və səla­mət­liklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm taxt-tac­dan müvəqqəti əl çəkir, taki taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padşah bilələr. Gərək hərəmxana xatun­larının da talağı verilib, kəbin kağızları cırıla. Sonra onlara təklif oluna ki, dəxi padşah deyil, adi camaatdan biri olan Abbas Mə­həm­məd oğluna ikinci dəfə kəbin kəs­dirsin. Kasıblığa və qənaətə razı olarlarmı? Hansı birisi ki, razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla, hər kəs ki razı olmasa, həmin saat buraxıla.

Münəccimbaşı qorxudan qurtardı, şahın üzündən tamamilə qorxu əsəri çə­kildi, ağarmış rəngi özünə gəldi. Məclis əhlindən mövlananın ağlına və ka­malına afərin sədası göyə qalxdı. Şah gülər üzünü mollabaşıya tutub sual etdi:

– Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkar və öldürülməsi va­cib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt-tacı ona həvalə edək?

Mollabaşı cavab verdi:

– Pərvərdigari-aləm qibleyi-aləmə uzun ömür kəramət etsin. Bu Qəzvin şə­hə­­rin­də bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan çox gü­­nahkar və ölümə layiq nəfər tapılmaz. Adına Yusif Sərrac deyərlər. Məlum deyil­dir ki, harada tərbiyə tapıbdır. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işi-peşəsi məlum ol­mayan oğru-quldurdan özünə mürid cəm edib, həmişə möh­tərəm ruhani­lərin və par­laq şəriət xadimlərinin zərərinə və pisliyinə danış­maq­dır.

Bu məlun həmişə öz başına toplananlara aşkar söyləyir ki, guya möhtərəm ruha­nilər avamları aldadırlar. Məsələn, onun əqidəsicə, guya dini hökmləri ye­ri­nə ye­tirmək lazım deyil; xüms və imam malı vermək doğru deyildir. Bundan əlavə, ali və yüksək dövlətə zidd mübahisələr də edir. Deyir ki, guya kəndxu­dalardan tutmuş pad­şahadək bütün mənsəb sahibləri zülmkar və qul­durdular. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Həmişə öz nəfs­lərinin hə­vəsi ilə biçarə xalqı cə­rimə edib sıxışdırır və təqib edirlər. Öz rəf­tarlarında heç bir qanun və qaydaya əsas­lanan deyil­dirlər. Bu cür rəftar ancaq zülm və yol­kəsənlərin əməlidir.

Bəndəniz belə məsləhət görür ki, qibleyi-aləm səltənəti və taxt-tacı bu məluna təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib, cəhənnəmə vasil olsun.

Məclis əhli bu rəyi təsdiq edib, uca səslə dedilər:

– Yusif Sərrac pədərsuxtə ölüm və göyün bəlasına layiqdir...

Şah xoşhal olub buyurdu:

– Onun həlakına razıyam. Sabah bu tədbir tamam-kamal icra olunacaqdır.

Şah məclisdəki şəxsləri azad etdi. Məclis dağıldı. İndi biz Yusif Sərracın kim olduğunu tanımalıyıq. Bu şəxs Qəzvin kəndlilərindən Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlim mömin və dindar bir adam olduğu üçün istədi ki, oğlu molla olub, ruhanilər təbəqəsinə daxil olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoydu. Bir neçə il sonra Yusif Sərrac həddi-büluğa ye­ti­şib, gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana getdi. Ruha­nilərin bir çox işlərdə qəlpliyini müşahidə edirdi, o, bu sinfə nifrət bəsləyib, istəmədi ki, özünü onların zümrəsinə daxil etsin.

Kərbəladan qayıdıb Həmədana gəldi. Orada usta Xəlilin yanında qırx yaşın­da ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə qayıtdı. Bu şəhər paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verilirdi. Qəz­vinə gəldikdən sonra evləndi, dükan açdı. Öz qazancı ilə özünü və ailəsini sax­lamağa məşğul ol­du. O, safürəkli və xeyirxah adam olduğundan həmişə ru­hanilərin və mənsəb sa­hib­lərinin pis hərəkətləri onun xatirinə toxunur, onları tənqid və töhmət etməkdən dilini saxlamağa qadir ola bilmirdi. Hərçənd bu növ fədakarlıq ona sadiq və xeyirxah dostlar topladı, lakin, nəhayət, bədbəxt­liyi­nə bais oldu.

Sabahısı gün şahın buyuruğu ilə günortaya iki saat qalmış tamam əyan-əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kəndxudadan tutmuş vəzirlərə kimi, şahın sarayında hazır oldu. Bu halda şah başında tac, əlin­də cəvahir nişan top­puz, qolunda cəvahir bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzənmiş qı­lınc zahir oldu. Üzünü sarayda hazır olanlara tutub xitab elədi:

– Camaat, indi yeddinci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə pad­şaham. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm, siz­dən də çox razı və xoşnudam, çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbi ilə həmişə mənə məhəbbət və sədaqət göstəribsiniz. İndi sizə açıb deməyi lazım bilmədiyim bir para səbəblərə görə, mən səltənətdən əl çəkib, taxt-tacı bu rütbəyə məndən layiq və münasib olan bir kəsə həvalə etməyə məcburam. Haman şəxsi mollabaşı, sərdar Za­man xan, vəzir, müstövfi, Mövlana Cəmaləddin, münəccimbaşı sizə göstərə­cəklər. Gərək hamınız gedib təntənəli və calal ilə onu gətirib bu taxtın üstünə otur­dasınız və özünüzə  şah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayi­şim­də səhlənkarlıq edib, o şəxsin itaətində qüsur göstərə!

Şah bu sözləri tamam edib, tacı başından götürdü, taxtın üstünə qoydu, tamam qiy­mətli paltarlarını soyunub, qılınc və kəmərini açdı, bir köhnə paltar əyninə gey­di və xalqa üz tutub dedi:

– İndi mən adi camaatdan olan bir fəqir kişiyəm: Abbas Məhəmməd oğlu. Daha məni axtarmayın ki, görə bilməzsiniz. Xudahafiz!

Deyib taxtdan düşdü, hərəmxanaya getdi. Məclisdəkilərin hamısı heyran qal­dılar, bil­mədilər ki, bu əhvalatı nəyə isnad etsinlər... Hərəmxanada hərəm­lərin hamısı şahın əmri ilə bir otağa yığışmışdı. Şah üzünü hərəmlərə tutub xitab elədi:

– Mənim əziz arvadlarım! İndi böyük təəssüflə məcburam ki, sizə bir yaman xəbər elan edəm. Sizə məlum olsun ki, indi mən dəxi İran padşahı deyiləm, dəxi mə­nim imarətim və dövlətim yoxdur ki, sizi zinət və bəzəkdə, gözəl otaqlarda sax­la­yam. Mən adi camaatdan bir fəqir və yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı verib hamınızı azad edim ki, hər kəsə meyliniz olsa, ona gedəsiniz.

Sonra üzün Molla Rəsula tutub buyurdu:

– Buların boşanmaq siğələrini oxu!

Talaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək cırdı. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üz tutub dedi:

– Əgər sizdən hər biriniz fəqirliyə və qənaətə razı olub, məni, yəni Abbas Mə­həm­məd oğlunu ərliyə qəbul edirsə, təzədən ona nigah oxutduraram.

Hərəmlərin hamısı təzədən razı oldular ki, şaha arvad olsunlar.  Amma oların ha­mı­sından iki nəfər gözəl dilbər ki, razılıqları olmadan şahın hərəmxa­nasına düş­müşdü, çox utancaqlıqla və ahəstə səslə söylədilər:

– Biz şaha arvad olmuşduq, öz bəxtimizdən və dərəcəmizdən çox xoşhal idik. İn­di ki bu bəxtəvərlikdən məhrum olduq,  Abbas Məhəmməd oğluna ərə getməyi qəbul et­mi­rik.

Haman saat bu iki nəfər azad edildi. Başqa hərəmlərin nikahı təzədən Abbas Mə­həm­məd oğluna oxundu. Xacə Mübarəkə əmr olundu ki, haman saat hamı­sını Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanadan çıxıb uzaqlaşdı, gözə gö­rünməz oldu.

Yusif Sərracın dükanı Şah məscidi meydanının şərq tərəfində yerləşirdi. Gü­­­nor­tadan iki saat keçmişdi. Yusif Sərrac vacib olan günorta namazını qıldıqdan son­ra oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri ci­lo­vun o gün hazır olmasını tapşırmışdı. Bu halda meydanın qərb tərəfindən bulud kimi toz qalxdı. Mollabaşı, sərdar Zaman xan, vəzir, müstövfi, Mövlana Cəmaləddin, mü­nəc­cim­başı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan-əş­rəf, mənsəb sahib­ləri, bir dəstə piyada və bir dəstə atlı cah-calal və aram ilə gəlirdi.

Yusif Sərracın dükanına çatdıqda hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca baş əyərək salam verdilər. Yusif Sərrac ayağa durub təzim elə­di. Amma olduqca təəccübləndi. Sonra mollabaşı danışmağa başlayıb dedi:

– Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan! İranın səl­tənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Bizləri sərəfraz, xoşbəxt eləyin, şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun.

Yusif Sərrac çox heyrətə düşdü. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qaba­ğında tamam dövlət qulluqçuları durmuşdular. Bu sözləri ona İranda mətin bir şəxs hesan olunan mollabaşı deyirdi. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gör­düyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi:

– Mənim ağam, mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm. Bilmirəm ki, aya dəli olubsunuz, ya tiryək atıbsınız, bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam, mən hara, taxt-tac ha­ra!..Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə isnad ve­rim... Mat və heyran qalmışam. Acizanə təvəqqe edirəm ki, mənə sataşma­yası­nız.

Sərdar Zaman xan başladı:

– Usta Yusif, bu gün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mol­­labaşının sözünə əsasən şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe ol­sun.

 

Yusif Sərracı ata mindirdilər, əvvəlki qərar üzrə dəstə şah sarayına yola düşdü. Xid­mətçilərin küçələrdə “Çəkilin! Çəkilin!” səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi kişili-arvadlı, kiçikli-böyüklü pəncərələrə və damlar üstünə çıxıb, tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıqları üçün hamısı heyrətdə qaldı. Şah sarayının qapısında xidmətçilər Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb, təzim ilə onu imarətin otağına daxil etdilər və səl­tənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Ancaq Yusif şah taxtın üstündə oturmuş, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə, xidmət­çi­başı Əzim bəy və bir neçə xidmətçi ilə durmuşdular, bayırda isə fərraşlar dayanmışdılar.

Yusif şah xacə Mübarəki yanına çağırıb dedi:

– Sən Allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyil ki, bu qəziyyə sənə məlum ol­masın...

Xacə Mübarək, həqiqətən, çox saf və sadiq adam idi. Qəziyyəni əvvəlindən-axı­rınadək Yusif şaha nağıl etdi.

Yusif şah ağıllı adam idi. Ulduzlardan onun heç bir qorxusu yox idi. Əlacsız qalıb səltənət işlərinin icrasına başladı. Əvvələn, fərraşbaşı Əsəd bəyi hüzuruna gə­tirtdi, buyurdu:

– Bu saat on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşı Axund Sə­mədi, sər­dar Zaman xanı, vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı, münəc­cim­başı Sədrəddini və mövlana Cəmaləddini tutub apararsan, Ərkdə olan zindana salarsan, qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söylərsən!

Əsəd bəy baş əyib getdi. Yusif şahı sarayla tanış etməyə başladılar. Zinət ota­ğı­nın qapısını açdılar, şaha göstərdilər.

Yusif şahın üç qızı var idi. Böyüyü on dörd yaşında, ortancılı on iki ya­şın­da, ki­çiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd ya­şın­da. Qızlarının hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar və bir rizayi şal, ar­vadı üçün isə bir dəst paltar və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim edib buyurdu:

– Bunları apararsan, Qəzvinin ikinci küçəsində mənim qədim evimdə arvadıma ye­tirərsən. Deyərsən ki, mən tərəfdən narahat olmasın! Sabah oğlanlarımı hüzura göndərsin!

Xacə Mübarək şeyləri iki nəfər xidmətçi ilə götürüb getdi.

Sabahı gün Yusif şah salam otağına təşrif gətirib, dostları Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili və Mirzə Zəkini çağırtdırdı. Şahın onlara hər barədə möh­kəm inamı var idi. Mollabaşılıq mənsəbini Molla Ramazana verdi, sər­dar­lığı Qur­ban bəyə həvalə elədi. Vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəlilə, müstöv­filiyi Mirzə Zəkiyə tapşırdı. Münəccimbaşılıq mənsəbini bilmərrə ləğv etdi ki, döv­lətə və millətə zə­rərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət ha­kimlərinə elannamə və təkidli hökm göndərilsin ki, bu gündən sonra şəra­fətli şəriətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədilə sıxış­dır­mağa heç biri cürət etməsin və ba­carmasınlar ki, məhz öz kefləri istədikdə bir kəsi cə­rimə edələr, ya qətlə yetirələr və ya burun-qulağını kəsələr, gözünü çı­xar­­da­lar. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin etdi ki, gedib vi­layətlərin əhvalatından və xalqın ehti­ya­cından xəbərdar olub, gəlib da­nış­sın­lar.

Yusif şah bu baxıcıları hüzura istəyib dedi:

– Vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorx­­sun­lar, nahaq iş tutmasınlar, xalqı talayıb-dağıtmasınlar, rüşvət alma­sınlar. Yəqin bil­sinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxt­liyinə və ölümünə səbəb olar.

Bu sözləri xatırlatdıqdan sonra şah baxıcıları buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdaradək azaldılsın. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Lazım məqamlarda və mənzillərdə körpülər, karvansaralar tikilsin, hər vilayətdə xəstəxanalar qayrılsın, mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın. Dullara, yetimlərə, şillərə, korlara yardım və himayət göstərilsin. Vilayətlərdə hər kefi istəyən özbaşına özünü ruhani sinfinə daxil etməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq ol­masın. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər. Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir, ruhanilərin əlindən alınıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb, təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan dörd nəfərə tapşırılsın, vilayətin füqərasına dəftər üzü ilə sərf olsun və hesabı divana gətirilsin, füqəranın bəzisi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın. Əmr etdi ki, xüms və imammalı verilməsin. Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin.

Bu xüsusda mötəbər ruhanilər Yusif şaha fiqh kitablarından hökmlər çıxarıb gös­tərdilər. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adam­­larının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsi ilə hakimiyyət qazanmağın tə­mən­nasında olmasın. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, ta­cirlər, bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sin­fi əm­la­kı­nın mədaxilindən şəhərlərdə onda bir, kəndlərdə iyirmidə bir hissə xə­zi­nəyə versinlər. Qoşun xalqının, xidmətçilərin məvacibi əsla çatmamış qalmasın ki, səl­tənətin nöqsanıdır, bəlkə, həmişə vilayət xəzinələrindən təxirsiz verilsin. Alış-ve­riş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi üçün tümənə beş şahı təyin olun­sun.

Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atlarını yaylağa aparıb, bəs­lənmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfa yetirir, onları çapıb- talayır, topxana əmi­ri topçuların hamısı üçün xəzinədən məvacib götürüb, heç birinə bir qəpik də vermir, xəzinədar padşahlıq pulunun içinə də çox qəlp pul qatıb xalqa dağıdır. Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır, darğa döv­lətlilərə füqəraların mü­qabilində üz görür, kəndxudalar Qəzvinin küçə­lərini natəmiz saxlayırlar. Onların hamısını vəzifədən çıxarıb, yerlərinə tanı­dığı mü­nasib adamları təyin etdi. Mollabaşı Axund Səməd Ərkin zindanında dus­taq­xana məmurundan eşitdi ki, onun mənsəbini Molla Rama­zana veriblər. Qüs­sədən birdən-birə həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri ge­nəlsin. Küçədə açıq olan qu­yular örtülsün ki, gedib-gələn onlara düşməkdən hifz olsunlar. Xalqın ərzinə qu­laq asmağa, dadına yetişməyə qay­da-qərar qoy­du və buyurdu:

– Bahalıq olduğu üçün Qəzvinin füqərasına padşahlıq anbarından buğda ve­rilsin. Bilikli adamlardan, mahir quyuqazanlardan bir müşavirə məclisi düzəl­dilib Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir və təkliflər padşaha təqdim edilsin.

Yusif şahın taxta çıxmasından bir həftə keçdi. Hər gün onun xeyirxah­lı­ğından və ədalətindən növbənöv əlamətlər xalqa aşkar olurdu. İran üçün xoş­bəxtlik gün­ləri, şad­lıq əyyamı başladı. Qəzvin əhli hər gün qala qapı­la­rından adam şaqqalarını asıl­mış görmədilər. Şah meydanında cəlladların adam şaq­qalamalarını, dardan asma­la­rını və göz çıxarmalar müşahidə etmədilər. Bu əh­valat onlara xeyli qəribə gö­ründü. Əvvəl dedilər:

– Görünür, bu padşah çox rəhmli, yumşaq təbiətli adamdır!

Sonra onun rəhmli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bu­nu süstrəyliyə və zəifməcazlığa yozdular. Bundan əlavə, dəxi Yusif şahda min cür özgə eyib tapdılar.

Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxa­ra­raq, onu qənimət bilməyə fürsəti fövt etmədilər. Üç-dörd günün müddətində bütün nə­zərdə tutulan adamlar görüşdülər. Hamısı üsyana meyil və hazırlıq göstərdi. Fit­nə­kar­lar  qərar verdilər ki, sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri girib, Yusif şahı taxtdan yerə salıb həlak etsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə pad­şah tiksinlər. Qərara alınmış gün sübh çağında, hələ padşahlıq sarayının qa­pıları açıl­ma­mış çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürü­dü­lər.Yusif şah əh­va­latdan xəbərdar olub buyurdu ki, sarayın qapılarını açmasınlar. Bu halda Yusif şahın tərəf­dar­ları dəxi xəbərdar olub, silahlandılar. Qiyamət bərpa oldu. Axırda Yusif şahın tə­rəf­darları məğlub olub, hər kəs bir növ ilə başını mərəkədən qı­raq çəkdi, canını qur­tar­dı.

Fitnəkarlar hücum edib şah sarayının qapılarını sındırdılar, içəri daxil olub, Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Gün batdı. Hər kəs öz evinə və mən­zilinə qayıtdı. Üsyan və qovğa sakit oldu. Sabahısı gün üsyan başçıları tezdən Ər­kə getdilər. Sərdar Zaman xan, vəzir Mirzə Möhsünü, müstövfi Mirzə Yəhyanı, Möv­lana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardılar. Hamısı aya­ğa durub gəl­dilər Şah Abbas gizlənən evə, onu oradan çıxardıb şah sarayına yetirdilər. Taxt-tacına əvvəlki kimi malik oldu. Hər iş köhnə qərar üzrə surət tapdı. Guya ki, heç bir hadisə vaqe olmamışdı.

Bu ulduzların axmaqlığına mən təəccüb edirəm ki, necə bilmədilər İran əhli on­la­rı aldadırlar. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub, qırx il sə­rasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar.

Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, iki­sinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları alda­da­caqdır. Həqiqi padşahın əvəzinə, süni bir padşahı onların sədəməsinin altına sala­caqdır.

Vallah, bu ingilis tayfası qəribə axmaqdır; belə xətərli millət ilə az qalmışdı cəng başlayalar.

 

M.F.Axundzadə 1857-ci ildə yaz­­dığı “Aldan­mış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin in­kişafında yeni bir səhifə açmışdır. Əsərin möv­zusu, süjeti İran tarixçisi İsgəndər bəy Mün­şinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bə­zə­­yən Ab­basın tarixi”) əsərindən götürül­müşdür. Lakin ədib tarixi hadisəyə öz məq­sədinə uyğun yaradıcı yanaşmış, ona əla­və­lər edərək geniş­lən­dirmiş, dərin ictimai-si­ya­si məz­­muna, bədii dəyərə malik əsər yarat­mış­­dır.

Sənətkar mühafizəkar feodal cəmiyyətinin, onun ədalətsiz üsul-idarəsinin ic­­­ti­­mai eyiblərini Şah Abbasın və vəzirlərinin simasında ifşa etmişdir.

Müəllif əsərdə qaldırdığı ictimai-siyasi, mənəvi-əxlaqi problemlərin bədii həllini verməklə öz maarifçilik görüşlərini yaymaq, ölkədə mədəni tərəqqinin inkişafına təkan vermək niyyətini izləmişdir.

Povestdə surətlərin tipik cəhətlərinin təs­virinə daha çox diqqət yetirilmiş, ali dövlət rəhbərlərinin zahiri görünüşü ilə daxili aləmləri arasında ziddiyyət real təsvirlərlə diqqətə çatdırılmışdır. Bunları araşdırma­dan əsərdəki obraz­ların həqiqi simasını aşkara çıxarmaq mümkün deyildir.

Əsərdə maraqlı insan obrazları yaradıl­mış­dır. On­la­rın fərdi xüsusiyyətləri ilə yana­şı, oxşar xüsu­siy­yətləri də var­dır. Yusif Sər­racla Şah Abbasın müqayisəsi onların xa­rak­ter, davranış, həyata baxışları arasın­dakı fərqin aş­kara çıxrılmasına imkan yara­dır. Onları vətənə, xalqa, dinə, din xadimlərinə, dövlət adamlarına, dövlətin idarə edilməsinə münasi­bətlərinə görə müqayisə etməklə yazıçının mövqeyini, əsərin ideya-məzmununu daha dərindən başa düşmək mümkündür.  Vətənin, ölkənin taleyi Şah Abbası  az maraqlandırır, əhalinin ağır güzəranı, ölkənin xarabaya çevrilməsi onu düşündürmür. Hələ sərraclıqla məşğul olduğu dövrdə ölkənin ağır vəziyyətindən şikayətlənən Yusif Sərrac isə şahlığa keçən kimi bütün bölgələrdə abadlaşdırma işlərinin aparıması barədə göstərişlər verir.

Xalqa münasibətlərinə görə də onların arasında böyük fərq vardır; əzici qanunları, ağır vergiləri ilə xalqa zülm edən Şah Abbasın əksinə olaraq, Yusif Şah­ yeni qanun və göstərişlərlə, xüsusən vergiləri azaltmaqla  xalqın gü­zə­ra­nı­nın yaxşılaşmasına çalışır.

Baş vəzir Mirzə Möhsün, maliyyə naziri Mirzə Yəhya, hərbiyyə naziri Sər­dar Za­man xan, mollabaşı Axund Səməd povestin satirik surətləridir. Ədib şahın ya­nındakı məşvərət məclisində bu obrazları öz dilləri ilə ifşa edir. Onların oxşar cə­hətləri çoxdur: yaltaqlıq, səriştəsizlik, vətənə, xalqa müna­sibətdə biganəlik və s. Araşdırma aparmaqla bu mənfi tiplərin dövlətin fəla­kətə düşməsindəki fərqli rol­larını aydınlaşdırmaq, hər birinə xas olan  mənfi xüsusiyyətləri müəyyənləş­dirmək mümkündür.

M.F.Axundzadə hökmdara, ali mənsəb sa­hib­­lərinə zidd mövqedə dayanan Yusif Sərrac surətini yaratmaqla döv­­lətin idarə olunması barədəki mütərəqqi ideyalarını əks etdirmiş­dir. Xalqın arzu və ideallarının ifadəçisi olan Yusif Sərrac həm  Azərbaycanın, həm də İranın is­tib­dadla barışmayan, mü­tə­rəqqi ziyalılarına xas olan müsbət xüsusiyyətlərə malik­dir. O, ölkənin tərəq­qisinə nail olmaq, xalqın güzəranını yaxşılaşdırmaq is­təyən, ağıllı, ədalətli hökm­­dardır.

Mirzə Fətəli Axundzadə Yusif Sərracın dili ilə kəndxudadan tutmuş padşa­hadək bütün hakimlərin zalım və yolkəsən olduğunu, ölkə və millətə heç bir fayda ver­mədiyini, heç bir qanuna, qay­daya riayət etməyərək xalqı soyub-taladıqlarını  söyləyir, tüfeyli həyat sürən ikiüzlü, yalançı ruhaniləri kəskin tənqid edir.

Yusif Sərrac obrazı, onun ölkədə həyata keçirmək istədiyi isla­hatlar müəllifin 50-ci illərdə dövlət, onun idarə olunması ilə bağlı qənaətlərini əks etdirir.




Copyright Ədəbiyyat dərsliyi © 2024