MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
“Həmzənin Qıratı aparması”(ixtisarla)
Bölmələr

******

29.03.2024, 14:48

 

“Koroğlu” dastanı

“Həmzənin Qıratı qaçırması”

(Toqat səfəri)

 

Bağdad əhvalatından sonra xotkar ətrafa namələr yazıb, adlı-sanlı paşaları, pəhlivanları, qoşun bö­yüklərini yanına çağırdı. Böyük bir məclis qurdu.

Elə ki, hər kəs öz yerini tutdu, xotkar dedi:

– Nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. Sizi çağır­mışam  ki, tədbir tökəsiniz görək, necə eləyək ki, onu dünya üzündən yox edək. Budu gün-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dələduz varsa gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budu qoşun düzəldib şəhərlərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nö­kər­dən-nayibdən olaq, ya da ki, dağlarda, daşlarda qaçaqlıq edək.

Elə ki, xotkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi:

  • Aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq.

Biri dedi:

  • Adamlarından ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək.

Biri dedi:

  • Sən başa düşmürsən.

O birisi dedi:

  • Sən qorxaqsan.

Qərəz, bu məslisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi.

Bunlar deyişməkdə olsunlar, sənə kimdən deyim, toqatlı Hasan paşadan. Bu Hasan paşa kim ola, kim olmaya haman toqatlı Hasan paşa ola ki, atdan ötrü Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu.

Hasan paşa xotkarın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi, dava eləməyin min bir fəndini bilirdi. İndiyə kimi xotkar onu hansı qulluğa buyurmuşdusa, birə-beş yerinə yetirmişdi.

Qərəz, Hasan paşa da bu məslisdə idi. Elə ki, səs-küy qalxdı, xotkar fikir verib gördü ki, bu danışan­ların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil; hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirdilər ki, ilanı Seyid Əhməd əli ilə tutalar. Xotkar üzünü Hasan paşaya tutub dedi:

– Hasan paşa, söz sənindi.

Hasan paşa durub xotkara baş əyib dedi:

– Xotkar sağ olsun, xotkar əmri ki var, Allah əmridi. Sən doğru buyurursan. Koroğlu, doğrudan da, çox tüğyan edib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki iş bu yerə çatıb, baş üstə. Onun atasının gözlərini mən çıxartdırmışam. İnşallah xotkarın sayəsində özünü də bu İstanbul şəhərində dar ağacından mən asaram. Ancaq, xotkar sağ olsun, onun çoxlu adamları var ki, gəlib lap böyük-böyük məclislərə girib söhbətlərə qulaq asırlar. Sonra ona xəbər verirlər, odu ki, fikrimi sənə təklikdə deyəcəyəm.

Məclis adamları Hasan paşanın bu sözündən ürəkdə rəndicə oldularsa da, xotkarın qorxusundan büru­zə verə bilmədilər.

Xotkar Hasan paşaya əhsən deyib məclisi dağıtdı. Elə ki, tək qaldılar, Hasan paşa dedi:

– Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tə­rəf­dən qoşun çəkib onu halqa-mərəkə eyləyək, hamısını bir yerdə qırıb qurtaraq. Yoxsa biz onu öldür­məklə bir kar aşmaz.

Xotkar dedi:

– Hasan paşa, sənə qırx gün möhlət verirəm. Əgər onu yox elədin, səni özümə sədr-ə’zəm eyləyə­cə­yəm. Yox, eləyə bilmədin, onda...

Hasan paşa dik qalxıb dedi:

– Sənə qurban olum! Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özüm-özümü həlak elə­yərəm. Ancaq sən bütün paşaların, qoşun böyüklərinin ixtiyarını mənə ver!

Xotkar dedi:

– Külli-ixtiyarsan. Necə istəyirsən, elə də elə!

Hasan paşa baş əyib mürəxxəs olmaq istəyəndə xotkar dedi:

– Bir də bu zalım oğlu zalım bu tərəfə bir dənə karvan buraxmır. Hamısını soyur. Gərək bir təhər elə­yib yaraqlı-yasaqlı bir karvan düzəldəsən, şəhərə bir az mal gətizdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bəs xotkar qalıb Koroğlunun əlində aciz. Şəhərə mal gətirtdirə bilmir.

Hasan paşa əlini gözünün üstünə qoyub dedi:

– O da mənim gözüm üstə!

Onda xotkar Hasan  paşaya rüsxət verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs Hasan paşa onların üstündə külli-ixtiyardı. Kim onun buyruğuna əməl eləməsə, dar ağacından asılacaq.

Qasid namələri aparmaqda olsun, sən eşit Hasan paşadan.

Hasan paşa oradan Toqata qayıdıb bir məclis düzəltdi. Tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun bö­yük­lərini, pəhləvanları yanına çağırdı. Elə ki, yerli yerini tutdu, Hasan paşa özü məclisə gəldi. Əvvəl-əvvəl bir məclisə göz gəzdirdi. Hamını gözdən keçirtdi. Elə ki arxayın oldu ki, hamısı öz bildiyi, tanıdığı, etibar elədiyi adamlardı, başladı danışmağa. Xotkar məclisində olanların hamısını onlara danışdı. Hamı əh­va­latdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini onlara oxudu, ondan sonra dedi:

– Bilin və agah olun! Bizim tədbirimiz belədi ki, Koroğlunun üstünə üç tərəfdən qoşun çəkək. Gərək elə eləyək ki, o, göz açmağa macal tapa bilməsin. İndi sizi bura yığmağda mənim muradım budu ki, deyə­siniz görüm, bu işə kim qol qoya bilər? Kim üç qoşundan birinin sərkərdəsi ola bilər?

Məclisin üstünə elə bil su səpələdilər. Daşdan, divardan səda çıxdı, məclisdən səda çıxmadı. Onda Ha­san paşa dedi:

– Qoşunun birisini mən özüm aparacağam. Özü də qabaq tərəfdən gedəcəyəm. O biri qoşunların biri sağ tərəfdən, biri də sol tərəfdən gəlib baş qatacağlar ki, onlara da mən hər cür kömək eləyəcəyəm.

Yenə də məclisdən səs çıxmadı. Hasan paşa əmr elədi, iki badə doldurub gətirdilər. O, hər badəyə bir dənə qiymətli lə’l salıb dedi: – O kimdi ki, bu badəni içə, lə’li cibinə qoyub bu işə boyun ola. Mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayam, üstəlik qızlarımdan birini ona verəm.

Məclisin bir tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya, ərzincanlı Bolu bəy ola.

Bolu bəy Ərzincan qalasında qoşun böyüyü idi. İgid oğlanlardan biri idi. Özü də çoxdan idi ki, Hasan paşa­nın böyük qızı Dünya xanıma aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini ələ almaq istəmişdisə, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. O da cürət eləyib Hasan paşanın yanına elçi göndərə bilməmişdi. Çünki bilirdi ki, Hasan paşa qızlarını çox istəyir. Onların bir sözünü iki eləməz. İndi ki, Hasan paşa məsələni bu şəkildə qoydu, Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa durcaq Hasan paşa sevincək dedi:

– Mərhəba, Bolu bəy! Mən elə bilirdim ki, bu işə axırda sən gedəcəksən.

Bolu bəy irəli yeriyib badənin birini Hasan paşadan aldı, dedi:

– Paşa sağ olsun! Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm. Ancaq mənim bir şərtim var.

Hasan paşa dedi:

– Şərtini de! Hər nə olsa yerinə yetirəcəyəm.

Bolu bəy çox hiyləgər adam idiş O, necə deyərlər, şeytana papaq tikib, təpəsinə də deşik qoyardı. Bir dəfə gözlərini dolandırıb məclisə baxdı, sonra üzünü Hasan paşaya tutub ucadan dedi:

– Paşa, mən bilirəm ki, bu, xotkar əmridi. Odur ki, buradakı əhdə arxayınam. Bilirəm ki, burada xilaf söz olmaz. Necə ki, əhd eləmisən, Toqat paşalığını mənə tapşıracaqsan, məni də özünə nökər eləyib qızını verəcəksən. Mənim sözüm onda deyil. Mənim şərtim budu ki, gərək pəhləvaan Qəcər Alını, bir də Mehtər Murtuzu mənə verəsən.

Qəcər Alı Toqatın lap azman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasını yerə vuran, qılın­cının qabağında qalxan saxlayan olmamışdı. Mehtər Murtuz da düz yeddi il Koroğluya mehtərlik elə­miş­di. Çənlibeli yaxşı tanıyırdı.

– Şərtin şəkər üstə! Hamısına razıyam.

Bolu bəy badəni içdi, lə’li götürüb cibinə qoydu, qayıdıb yerinə oturdu. Bundan sonra Hasan paşa ikin­ci badəni doldurub dedi:

– İndi növbə ikincinindi.

Elə bu sözdə bir qasid toz-torpağa bulanmış özünü saldı məclisə. Hasan paşaya baş əyib bir namə ver­di. Hasan paşa naməni oxuyub gördü ki, Ərəb Reyhandandı. Yazıb ki: “Hasan paşa, eşitmişəm Koroğlu­nun üstünə qoşun çəkirsən. Bil, agah ol! Koroğlu mənim düşmənimdi. Əgər razı olsan, mən də onun üstü­nə gedərəm”.

Hasan paşa şadlığında bilmədi ki, nə etsin. O, Ərəb Reyhanı tanıyırdı. Bilirdi ki, zor adamdı. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Üzünü məclisə tutub dedi:

– İkinci adam da öz ayağı ilə gəldi.

Bunu deyib Hasan paşa badəni qaldırıb qasidə verdi, dedi:

– Badəni iç! İçindəki lə’li də aparıb ağana ver! Deynən ki, yolunu gözləyirik. Tez gəlsin. Gözümüz üstə yeri var.

Qasid badəni içdi. Lə’li öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan paşa vəzirinə tapşırdı ki, qasidi aparıb yedirsin, içirsin, bir az da pul verib yola salsın, naməyə də cavab yazsın. Vəzir qasidi də götürüb getdi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Hasan paşa dedi:

– Ərəb Reyhandan.

Hamı şad oldu. Hasan paşa əmr elədi çalanlar, oynayanlar gəldilər. Kef başlandı. Elə ki, yedilər, içdi­lər, damağlar duruldu. Mehtər Murtuz ədəblə baş əyib dedi:

– Paşam sağ olsun, xotkara da qurban olum, sənə də. Sizin buyruğunuz Allah buyruğudur. İndi ki, bizi göndərirsən, gedəcəyik. Ancaq orasını da deyim ki, Koroğlunun igidliyinin yarısı Qıratdadır. Nə qədər ki, o, Qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik.

Əgər Koroğlunun müzməhəll eləmək istəyirsənsə, birtəhər elə o atı onun əlindən çıxart.

Söz, deyəsən, Hasan paşanın beyninə batdı. Məclisdəkilər də Mehtər Murtuzun sözünü təsdiqlədilər. Hasan paşa dedi:

– Murtuz, dərdi bilən dərmanını da bilər. De görüm nə təhər eləmək olar ki, Qıratı onun əlindən çıxar­daq?

Mehtər Murtuz dedi:

– Paşa, vallah, nə bilim? Day onun atını pul ilə alası deyilik ki? Gərək elə bir adam ola ki, canından keçə, Çənlibelə gedə. Ya Qıratı gətirə, ya da ki, öz başını Koroğluya təslim verə.

Paşa bir məclisə baxdı. Hamı başını aşağı dikmişdi. Hasan paşa özü də bilirdi ki, bu, çox çətin işdi. Heç kəs buna qol qoymaz. Fikirləşib yol axtarırdı ki, nə eləsin, birdən məclisin lap başmaq çıxanından cındırından cün ürkən bir adam qalxdı ayağa. Paşa baxdı ki, bu keçəl Həmzədi.

Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məscidə qoymazdılar ki, başmaq oğurlayar, töv­ləyə qoymazdılar ki, qusqun oğurlayar. Keçəl Həmzə kef məclisi başlananda gəlb bir təhər özünü sal­mışdı içəriyə ki, qarnını doyursun.

Qərəz, Həmzə məclisin ortasına yeriyib dedi:

– Paşa sağ olsun, bu işə mən gedirəm. Qıratı gətirdim, gətirmişəm, gətirə bilmədim, Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə.

Hasan paşa dedi:

– Bala, Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qəni edərəm.

Həmzə dedi:

– Paşa, mənə tək dünya malı lazım deyil.

Paşa dedi:

– Sənə bəylik verərəm.

Həmzə dedi:

– Yox, paşa, o da mənə tək lazım deyil.

Hasan paşa dedi:

– Səni oğulluğa götürərəm.

Həmzə dedi:

– Yox, qurbanın olum, mənə təkbətəkliklə bunların heç biri lazım deyil.

Üçünü də ki, bir yerdə nə sən verməzsən, nə də mən istəmərəm. Gəl mən səndən elə bir şey istəyim ki, mənim üçün bunların hamısından qiymətli olsun, sənin üçün də hamısından ucuz.

Hasan paşa dedi:

– İstə görüm, o nədi elə?

Həmzə dedi:

– Deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdı. Bu yarısını mən gətirə­cəyəm. Sizə qalacaq yarısı. O yarısından da bir pay düşəcək Bolu bəyə. Sənə qurban olum, bu pay üçün sən ona Toqat paşalığını verdin, lə’l verdin, bir də böyük qızın Dünya xanımı verdin. Gəl, bu yarısı üçün də kiçik qızını ver mənə, gedim Qıratı gətirim.

Hasan paşa dedi:

– Ay axmaq, niyə bəyəm, bir qız nə oldu ki, bəylikdən, mal-dövlətdən, mənə oğul olmaqdan qiymətli ol­du?

Həmzə dedi:

– Paşa, sən bilirsən ki, keçəl çoxbilmiş olar. Mən də gəlir-çıxarımı bilən adamam. Mən bilirəm ki, sən bu üç şeyin üçünü dı mənə verən deyilsən. Amma qızı mənə versən mən olaram sənin kürəkənin. Kürə­kən ki, var, elə oğula bərabər bir şeydi. Ondan sonra da bəylik də öz-özünə gələcək, mal-dövlət də.

Məclisdəkilər keçələ əhsən dedilər. Hasan paşa fikrə getdi. Qızı keçəl Həmzəyə verməyə ürəkdən razı deyildi. Amma bu tərəfdən də fikirləşirdi ki, Qırat gəlsə Koroğlu basılacaq. O, dedi:

– Həmzə, razıyam.

– Yox, paşa sağ olsun! Zəhmət çək öz dilindən bir dənə kağız yaz, möhürünü də bas üstünə, ver qo­yum cibimə. Ondan sonra mənə möhlət qoy. Və’də başına gətirdim – haqqımı ver, gətirmədim – boy­nu­mu vur.

Hasan paşa çar-naçar öz dilindən bir dənə qol kağızı yazdı, möhürünü də üstünə basıb verdi Həmzəyə. Həmzə kağızı alıb qoydu qoltuğuna. Sonra Hasan paşaya dedi:

– İndi mənə izin ver mürəxxəs olum. Yolçu yolda gərək.

Bunu deyib Keçəl Həmzə məclisdən çıxdı. Hasan paşa bu işə çox şad oldu. Məclisi dağıtdı. Bolu bəyə deməlisini dedi, tapşırmalısını tapşırdı, yola saldı ki, gedib hazırlansın. Özü də bir namə yazıb bir qasidlə bayazidli Əhməd tacirbaşıya göndərdi ki, “Səninlə çox vacib işim var. Başını orda islat, burda qırxdır!”

Bəli, qasid Əhməd tacirbaşı üçün Bayazidə getməkdə olsun, Bolu bəy hazırlaşmaqçün Ərzincana get­məkdə olsun, sənə kimdən deyim, Keçəl Həmzədən. Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, torbasına bir-iki çörək qoyub belinə bağladı, yola düzəlib, pay-piyada gündə bir mənzil yol getdi. Axırda bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı.

Deyirlər ki, Koroğlu Ağ qayada oturub karvan yollarına baxırdı, bir də gördü ki, budu bir nəfər gəlir. O qədər gözlədi ki, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığır yuxarı dırmaşmağa. Koroğlu qayadan düşüb kəsdi onun qabağını ki:

– Dayan! De görüm kimsən? Haradan gəlib, haraya gedirsən?

Həmzə baxdı ki, qabağındakı bir oğlandı, bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Boy-buxun, qol-bilək. Süysünün əti qat-qat tökülüb, qara bığlar kəl buynuzu kimi “deşərəm ha deşərəm” deyir. Gözlər tərlan gözü kimi oyur-oyur oynayır. Belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu, Koroğludu, hiylə niqabını çəkdi üzünə. Özünü tanımazlığa vurub dedi:

– Koroğlunu axtarıram.

Koroğlu soruşdu:

– Neynirsən Koroğlunu?

Həmzə dedi:

– Qadan-balan mənim bu canıma gəlsin. Mən ilxıçıyam. Ömrümü-günümü bəy-paşa qapısında çürü­düb ilxıya getmişəm. O necə deyərlər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım ziyil töküb. Ana­mı görüm ki, məni doğan gün bir qara daş doğa idi. Başım keçəldi. Onun ucbatından heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da elə ki, keçəl olduğumu bildilər, çıxardıb qovurlar. Day bu keçəlliyin üzündən gen dünya mənə dar olub. İndi, başına dönüm, Koroğlunu deyib gəlmişəm. Deyirlər o, çox mərd adamdır.

Çörəyə qızırqanan deyil. Ya budu məni qoysun elə qapısında, bacasında süfrəsinin qırıq-quruğundan yeyib dolanım, ya da bu başımı çəkib bədənimdən qopartsın, bu dünyanın dərd-qəmindən azad olum.

Bunu deyib Keçəl Həmzə elə ağladı, elə ağladı ki, gözünün yaşını bıldır-bıldır tökdü. Koroğlunun ke­çələ yazığı gəldi. Dedi:

– Dur gedək! O Koroğlu dediyin elə mənəm.

Bunu eşitcək Həmzə düşdü Koroğlunun ayaqlarına ki:

– Qurban kəsilim sənə, Koroğlu, məni qapıdan qovma!

Koroğlu onu qabaqlayıb dedi:

– Dur ayağa! Kişisən. Kişi bir qarın çörəkdən ötəri ayağa yıxılmaz.

Keçəl Həmzə durdu. Koroğlu dedi:

– De görüm əlindən nə iş gəlir?

Həmzə dedi:

– Can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı eləməyəcəksən, nə də şərabçı. Elə mənə bir dənə at tapşır, bəsləyim sənin üçün. Dədə-baba sənətim odu.

Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedilər:

– Ay Koroğlu, bunu hardan tapıb gətirdin? Bunun gözləri Üçtəpə sağsağınının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə getsin.

Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər.

Koroğlu xanımları, dəliləri sakit eləyib dedi:

– Görürsünüz, yazığın birisidi. Bizə nə eləyəcək? Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın.

Keçəl Həmzə qırıq-quruqdan yeyib, qapıda, bacada qurdalanmağa başladı. Xanımlar, dəlilər nəyə bu­yu­rurdularsa gedərdi. Getdiyi işi yaxşı da yarıdardı. Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında Keçəl Həmzənin hörməti artdı.

Koroğlu da Keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloğlan qoydu. Tövlədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri çıxmışdı. Ona baxmağı da Keçəl Həmzəyə tap­şırdı. Keçəl Həmzə yabıdan muğayat olmağa başladı. Amma başladı, nə başladı...

Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Tövlədəki atların otundan, arpasından oğurlayıb, yabının qarnına tökürdü. Bir neçə gündə yabını elə kökəltdi, elə kökəltdi ki, dərisinə sığmaz elədi.

Bir gün Koroğlu tövləyə, atların yanına gəlmişdi. Yabıya baxıb mat-məəttəl qaldı, dedi:

– Ay Kaloğlan, sən atdan nə yaxşı müğayat olmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlir, Dürat bu il çox sınqındı, tapşırıram onu sənə. Gərək onu da Qırata çatdırasan.

Bu işə xanımlar, dəlilər razı olmadılar. Amma Koroğlu onlara qulaq asmadı.

Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki at başladı dirçəlməyə. Birdən arpasını xırp­dan kəsdi. Dürat yenə başladı arıqlamağa.

Koroğlu işi belə görüb soruşdu:

– Ay Kaloğlan, bu ata nə oldu belə, genə gün-gündən dala gedir? Olmaya yaxşı baxmırsan?

Keçəl Həmzə dedi:

– Mən əlimdən gələni eləyirəm, ağa! Amma at, o necə deyərlər, gecə-gündüz içəridə başından bağlıdı, ayaqlarından buxovludu. Nə eşik üzü görür, nə gün üzü. Yəqin ki, ondan sınıxır.

Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açar­larla açılırdı. Koroğlu çıxartdı Düratın açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib de­di­lər:

– Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov aça­rını niyə verirsən?

Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki:

– Qorxmayın, heç zad olmaz.

Keçəl Həmzə bir neçə gündə yenə də Düratı dərisinə sığmaz elədi. Amma ki, vaxt keçirdi. Keçəl Həmzə Çənlibelə gələni az qalırdı bir ay olsun. Hasan paşaya verdiyi vədə tamam olurdu. Çox fikir-xə­yaldan, çox götür-qoydan sonra gecələrin birində öz-özünə dedi: “Mən bir il də burda qalsam, Koroğlu Qıratın nə mehtərliyini mənə verəcək, nə də buxovunun açarını. Toqatda nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı.

Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim”.

Keçəl Həmzə bunu deyib gecə, xəlvətcə Düratı yəhərlədi. Minib, asta qaçan namərddi, birbaş Toqat deyib daban aldı.

Sabah açıldı. Dəli Mehtər yerindən qalxıb, atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü nə Dürat var, nə də Keçəl Həmzə. Başılovlu gəldi Koroğlunun yanına ki:

– Nə durubsan? Nə Dürat var, nə də Keçəl Həmzə...

Dəlilər çaxnaşıb bir-birlərinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə. De baş­ladılar məzəmmət eləməyə ki:

– Biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma? İgidin atını apardılar, ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Ko­roğ­lunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. İndi bu xəbər ətrafa yayılacaq. Düşmənlər üstünə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı sənə eyləyə bilməzdi. İndi de görək Düratı haradan tapacaqsan? Necə gətirəcəksən?

Koroğlu dedi:

– Dürat gedib, Qırat durur. Minib gedib, tapıb gətirrəm. Az məni məzəmmət eləyin.

Dəlilər başladılar deyinməyə ki: gedərsən... gətirərsən... Sən nə bilirsən ki, o, kimdi? Haradan gəl­mişdi? Atı haraya apardı?

Koroğlu qəzəblənmişdi. Təqsirkardı deyin, bir söz deyə bilmirdi. Amma ki, acığından bığlarını gə­mi­rirdi. Birdən dik qalxdı ayağa. Üzünü Eyvaza tutub dedi:

– Eyvaz, mənə şərab!

Eyvaz şərab gətirdi. Koroğlu yeddi badəni dalbadal içdi. Ondan sonra Dəli Mehtərə dönüb çığırdı ki:

– Atı yəhərlə!

Qıratı ifçin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu, kəlmə kəsdi nədi, heç dodağını da tərpətmədi. Atı minib yola düşdü.

Koroğlu Qıratı sürməkdə olsun, sənə deyim Həmzədən.

Həmzə canının qorxusundan bir yerdə düşüb-dincəlməyib at sürürdü. Yolun üstündə “Qırx Də­yir­man­lar” deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, dönüb geri baxdı. Gördü, vallah yolda toz duma­na qarışıb, duman toza. Bir də diqqət eləyndə gördü, budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi qurudu. Ha udqundu, gördü yox, ağzının suyunu uda bilmir. Elə onu eləyə bildi ki, Düratı qamçılayıb, özünü tez Qırx Dəyirmanların qapısına saldı. Atdan düşdü. Atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı:

– Ay dəyimançı, bir tez eşiyə çıx!

Dəyirmançı tez eşiyə çıxıb soruşdu:

– Qardaş, nə istəyirsən? Nə var?

Həmzə dedi:

– Bax, o yol ilə gələn qoç Koroğludur. Çənlibeldən gəlir. İlxısına qotur düşüb. Nə qədər dava-dərman eləyibsə bir şey çıxmayıb. Axırda Həkim Kimyagər dəyirmançı beyini buyurub. İndi dəyirmançı beyini axtarır ki, atlarını qoturdan qurtarsın. Məni Hasan paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl ki, yetişsə ömrünü tamam eləyəcək.

Dəyirmançı dili tutar-tutmaz dedi:

– Ay qadan alım, bəs mən nə eyləyim? Onun əlindən necə qurtarım? Bir bölük köç-külfətim var. Gəl məni tərkinə al, bir yana qaçırt.

Həmzə dedi:

– Soyun paltarını, al mənim paltarımı gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını bir yana salaram çıxıb gedər.

Dəyirmançı tez paltarını çıxarıb onun paltarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də ki, elə bu la­zım idi. Tez onun paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun içinə salıb üzün-gö­zün o ki var una buladı.

O tərəfdən Koroğlu, özünü dəyirmanın qapısına yetirib çağırdı ki:

– Ay dəyirmançı, çölə çıx!

Keçəl Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu:

– Nə buyurursan? Mənə görə nə qulluq?

Koroğlu dedi:

– İndicə mənim qabağımca buraya gələn atlı necə oldu?

Keçəl Həmzə dedi:

– Odu, girib dəyirmanın donuzluğuna, gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuz­luğa girdi. Mənə tapşırdı ki, yerini deməyim.

Koroğlu atdan düşüb dedi:

– Bir bu atı saxla görüm.

Həmzə atı tutdu. Koroğlu dəyirmana girdi, ağzını donuzluğa tutub dedi:

– Ayə! Ay Keçəl, belə çıx!

Dəyirmançı bir az da o yana çəkilib dedi:

– Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram.

Koroğlu dedi:

– Ayə! Ay Keçəl! Qotur nədi? Beyin nədir? Belə çıx! Səninlə işim yoxdu.

Koroğlu gördü yox, bu, öz xoşuna dəyirmandan çıxmaq istəmir. İrəli yeridi. Dəyirmançı qorxub lap dibə çəkildi. Koroğlu bir addım da irəli atdı. Dəyirmançı qorxudan lap küncə qısılmaq istəyində paltarı ilişdi dəyirmanın çarxına. Çarx az qalmışdı dəyirmançını bir təhər eləsin ki, Koroğlu aman verməyib cəld onun qıçından tutdu, çəkdi bayıra. Baxdı ki, Həmzə nə gəzir, bu dəyirmançı imiş. Başa düşdü ki, Həmzə onu aldadıb. Tez bayıra tullandı. Gör indi Həmzə nə iş elədi.

Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib özünə mehriban elə­mişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odur ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olan müddətdə Həmzə Qıratın gözlərini tu­marlayıb minmişdi. Koroğlu dəyirmanadan çıxıb baxdı ki, Keçəl Həmzə Qıratın belində, dəyirmandan da bir az aralı durub. Koroğlu bərk qəzəbləndi. Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bun­dan bir fayda olmayacaq. Qırat ayağını götürsə, ona heç quş da çata bilməz. Başladı onu dilə tutmağa. Dedi:

– Ayə, Kaloğlan, atı yeyin sürmüşəm tərləyib. Elə minib incitmə! Düş, al yedəyinə, bir az gəzdir, təri soyusun.

Həmzə dedi:

– Eybi yoxdu. Mən elə yavaş-yavaş sürüb gedəcəyəm. Soyuyar.

Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu baxdı az qalır atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tablamadı, dedi:

Canım Həmzə, gözüm Həmzə,

Həmzə, incitmə Qıratı!

Budu sənə sözüm, Həmzə.

Həmzə, incitmə Qıratı!

 

Qıratdı mənim dirəyim,

Əriyər, qalmaz ürəyim.

Sən olasan duz-çörəyim,

Həmzə, incitmə Qıratı!

 

Eşidər paşalar, bəylər,

Şadlıq xəbərin söylər.

Koroğlu iltimas eylər

Bala, incitmə Qıratı!

 

Həmzə dedi:

– Koroğlu, igidliyin var, – adın-sanın var. Mərd adamsan. Bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilə gətirib başımıza vurursan? Heç sənə yaraşan sifət deyil. Bir də bir at nədi ki, onun üçün bu qədər yalvarıb-yaxarırsan?

Koroğlu dedi:

– Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyilsən. Düzünü de görüm, səni kim öy­rə­dib göndərib?

Həmzə dedi:

– Koroğlu, eşit, agah ol! Mən Çənlibeldə ənə nə demişəmsə, hamısı doğrudu. Bu keçəl baş bu gen dün­yanı mənə dar eləyib. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparıram Toqatda verəm Hasan paşaya, bəlkə bu yolla bir ağ günə çatam.

Koroğlu dedi:

– Ayə, bu tədbir Hasan paşanındı, ya elə sən özün bu fikrə düşmüsən?

Həmzə dedi:

– Xeyr, Hasan paşanındı. Məni o göndərib.

Koroğlu dedi:

– Bala, indi ki, belədi, düş atı ver özümə, dünya malından nə deyirsən, nə qədər pul istəyirsən sənə verim.

Həmzə güldü, dedi:

– Koroğlu sən dünyagörmüş adamsan. Niyə, sən bilmirsən ki, keçəli Allah da aldada bilməz. Yaxşı, mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan? Yox, aşna, üz vurma! Keçəl suya getməz.

Koroğlu dedi:

– Ayə, Kaloğlan, indi sən elə atı mənim əlimdən alıb, aparıb Hasan paşaya verəcəksən?

Keçəl Həmzə dedi:

– Koroğlu, keçəl mərd olar. Mən nəinki sənin atını, heç bir tükünü də qıyıb Hasan paşaya vermərəm. Mən bilirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ gü­nə çıxam. Nə vaxt ki, Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm. İndi day məni bağışla, getdim. Yolum uzaqdır.

Koroğlu gördü ki, Həmzə atı aparır, dedi:

– Həmzə, indi ki, yola gəlmirsən, atı aparırsan, barı əylən, onun qiymətini deyim, aldanıb ucuz vermə­yə­sən.

Bunu deyib, Koroğlu sazı basdı döşünə, dedi:

Əylən, deyim Qıratın qiymətini,

Səksən min sərkərdə, mala da vermə!

Səksən min ağ tüklü qəmər öyəcə,

Səksən min xəzinə pula da vermə!

 

Səksən min ilxıya, səksən min ata,

Səksən min mahaldan gələn barata

Səksən min kotana, səksən min cütə,

Səksən min kotanlı kala da vermə!

 

Həmzə dedi:

– Koroğlu, arxayın ol, mən atı dünya malına verməyəcəyəm, Hasan paşa ilə şərtim var. Atı ona verib onun kiçik qızı Dona xanımı alacağam.

Koroğlu dedi:

– A zalım, belə atı da bir qıza verərlərmi?

Sazı döşünə basıb, aldı sözün axır xanəsini, dedi:

Koroğlu dövlətin endirsin dizə,

Say götür hamısın səksən min yüzə.

Səksən min gəlinə, səksən min qıza,

Səksən min ərgənə, dula da vermə!

 

Həmzə dedi:

– Koroğlu, mən işin olanını sənə dedim. İndi özün bil. Mənə nə ad verirsən, ver! Day mən gedirəm.

Koroğlu dedi:

– Həmzə, indi ki, belə oldu, apar get, muradına çat! Ancaq mən gəlincə atı yaxşı saxla! Qoyma incit­sinlər. Sən ki bilirsən. At ki, var igidin qardaşıdı.

Bu sözdə Koroğlunun ürəyi kövrəldi. Sazı yenə də döşünə basdı, dedi:

Həmzə, atı yaxşı saxla!

At igidin qardaşıdı.

Gündə muğyat olub yoxla!

At igidin qardaşıdı.

 

Yay olanda dağa yollat!

Yaz olanda ifçin nallat!

Qış olanda məxmər çullat!

At igidin qardaşıdı.

 

Atı sevib bəslə körpə,

Hayqıranda çıxsın sarpa.

Hər yeyəndə qırx tas arpa,

At igidin qardaşıdı.

 

 

Sərin-sərin yu suyunan,

Quyruğun bağla muyunan,

Qoç Koroğlu çox öyünən

At igidin qardaşıdı.

Həmzə dedi:

– Koroğlu, arxayın ol! İnşallah gələrsən, görərsən.

Koroğlu dedi:

– Həmzə, get. Amma mənim bu sifarişimi də Hasan paşaya çatdır:

Get de o paşaya, köç eləməsin,

Qıratı gətirrəm, qala qoymaram!

Qoşunu qıraram, varın talaram,

İlxısında bir day qala qoymaram!

 

İşmişəm badəni indi meyxoşam,

Qıratın dərdindən dəli, sərxoşam,

Sözlərimi eşit, yaxşı bil, paşam,

Dağıdıb ölkəndə qala qoymaram.

 

Həmzə dedi:

– Gözüm üstə. Çatdıraram. Ancaq sən tez gəl!

Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi. Qıratı əlindən verdi. Dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi:

Çünki oldun dəyirmançı,

Çağır gəlsin dən, Koroğlu!

Verdin Qırı, aldın Dürü,

Döy başına yan, Koroğlu!

Qırat əldən getdi barı,

Canda qaldı intizarı.

Üyüd arpa, buğda, darı

Al şahadın sən, Koroğlu!

 

Qırat burdan getdi büyün,

Sinəmə vurdu dağ, düyün.

Gedim dəllərə nə deyim?

Öl, burada qal, Koroğlu!

Koroğlunun özü ac idi, atı da arpasız. Dəyirmançı da suyu sovub qaşmışdı. Koroğlu gecəni ac-susuz yatdı. Elə ki sabah açıldı, bir də baxdı ki, budu, bir kişi qabağında da iki yüklü öküz gəlir. Kişi gəlib yetiş­di. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi:

– A qardaş, dəyirmançı hanı?

Koroğlu dedi:

– Dəyirmançı yoxdu. İndi dəyirmanda mən dururam.

Kişi inanmadı. Amma Koroğlu da macal vermədi. Bayaq ha öküzlərin üstündən çuvalları düşürüb də­yir­mana apardı. Sonra kişidən soruşdu:

– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı. Qorxuram damaq ola. Bir az ona ar­pa verim, yesin.

Kişi dedi:

– Çuvalların ikisi arpadı, ikisi buğda.

Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı. Tez ikisini qarışdırıb bir çuval elədi. Düratın qabağına qoy­du. Kişi istədi qoymasın. Koroğlu ona tərs baxdı. Kişi gördü ki, bu, o dəyirmançılardan deyil. Bir az da o yan-bu yan  eləsə, çəkib çənəsini ayıracaq. Yavaşca çəkilib bir tərəfdə durdu. Koroğlu özü də yaman ac idi. Dürat arpanı yeyənə qədər buğdanı da töküb üyütdü. Unluğa bir az su buraxıb tez xamır qatdı, ocaq çatdı, çörək bişirdi. Öküzün də birin kəsdi, kabab çəkdi. Yeyib toqqanın altını bərkitdi. Doyandan sonra dönüb kişiyə baxdı. Gördü kişi kirimişcə durub maddım-maddım baxır onun üzünə. Dedi:

– Əmi, özünü itirmə, bu şeyləri ki, mən yedim, pulu neçə eləyir?

Kişi dinmədi. Koroğlu gördü ki, kişi ondan qorxub, çıxartdı taxılın da, öküzün də pulunu ikiqat verib onu razı saldl. Sonra Düratı minib yola düşdü.

Dəlilər, xanımlar  Koroğludan çox nigaran idilər. Gözlərini yola dikib onu gözləyirdilər. Bir də gör­dü­lər ki, budu Koroğlu gəlir. Gəlir, amma necə gəlir? Dürat yedəyində, başın dikib aşağı. Özü də elədi, elədi ki, elə bil dəyirmançıdı. Dəlilər, xanımlar o saat başa düşdülər ki, Keçəl Həmzə dəyirmanda Ko­roğlunu al­dadıb, Qıratı qaçırdıb. Hamı başını saldı aşağı. Nə bir salam, nə bir kəlam. Heç kefini, halını da so­ruş­ma­dılar.

Koroğlu gəlib çatdı. Eyvaz onun qabağına çıxdı.

Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə etsinlər, amma bu dəfə... Hələ o bir tərəfə dursun, xanımlar onun üzünə baxmırdılar, dəlilər salam vermirdilər. Eyvazın töhmətli sözləri Koroğluya dağdan ağır gəlmişdi. Koroğlu elə bir hala düşmüşdü ki, az qalırdı gözlərindən yaş gəlsin. Sazı sinəsinə basıb qəmli-qəmli dedi:

Keçər dövran belə qalmaz,

Şad ol, könül, nə məlulsan?!

Dəlilərim salam almaz,

Şad ol, könül, nə məlulsan?!

Koroğluyam, deyim sənə,

Od tutub alışdı sinə,

Aşıqlığım bəsdi mənə,

Şad ol, könül, nə məlulsan?!

Dəlilər o qədər incimişdilər ki, bu sözlər də ürəklərini yumşaltmadı. Heç birisi Koroğlunun üzünə baxmadı. Hələ bəziləri də başladı dinib-danışmağa. Birisi dedi:

– İndi ki, biz dəlilərin sözü Koroğlunun yanında bir çürük qozdur, day bizim burada qalmağımızdan nə çıxsın?

Söz Koroğluya acıq gəldi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi; indi də dəlilər belə deyirdilər.

Özünü saxlaya bilməyib birdən qayıtdı ki:

– Mən heç kəsi burada güclə saxlamıram. Kim getmək istəyir, çıxıb getsin. At mənimdir vermişəm, özüm billəm.

Bu söz dəliləri götürdü. Hamısı vəlvələyə düşdü. Getmək üçün hazırlaşmağa başladılar. Nigar işi belə görəndə ayağa durdu. Dəlilər dayandılar. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, bir sözünü iki eləməzdilər. Dəli Həsən qayıdıb oturdu. Eyvaz oturdu. Dəmirçioğlu oturdu. Dəlilər bir-bir qayıdıb otur­dular. Nigar özü də onların arasında oturub, üzünü də Koroğludan o yana çevirdi.

Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini lap qubarlandırdı. Üzünü ona tutub de­di:

Uca dağların başına

Çıxmağı kimdən öyrəndin?

Sən mənim dəli könlümü

Yıxmağı kimdən öyrəndin?

 

Koroğlu sözünü qurtarıb sazı çiyninə saldı. Yavaş-yavaş gəlib Hasan paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu... gəl görəsən. Məclis paşa, bəy, xan, tacirlərlə doludu.

Bəli eşitdilər ki, aşıq gəlib, hamı sevindi. Koroğlunu çəkib məclisə apardılar. Amma baxdılar ki, bu aşıq onlar görən aşıqlardan deyil. Boy uca, kürəklər enli, süysün elədi ki, gəl süysünü kimi... Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi. Sirindən-sifətindən zəhm tökülür. Məclisdəki paşalardan biri de­di:

– Aşıq, hara aşığısan?

Koroğlu dedi:

– Qafın anrı tayındanam, ağrın alım!

Paşa dedi:

– Koroğlunu tanıyırsanmı?

Koroğlu dedi:

– Çox yaxşı tanıyıram. Bir dəfə o mənim başıma elə bir iş gətirib ki, dünya durduqca yadımdan çıxmayacaq.

Hasan paşa soruşdu:

– Nə iş?

Koroğlu dedi:

– Paşa sağ olsun, o Koroğlunun bir çər dəymiş atı var. Adına da Qırat deyərlər.

Paşalardan biri istədi danışsın, Hasan paşa qoymadı, Koroğluya dedi:

– Danış! Danış!

Koroğlu dedi:

– Hə, paşa, at çox yaxşı atdı. Amma ki, dəlidi.Günlərin bir günü yolla gedirəm, elə bax bu saz da çiy­nimdə. Bir də onu gördüm ki, məni qamarladılar. Gözümü bağlayıb dik götürdülər. Hara getdik, necə get­dik, bilmədim. Bir də gözümü açdılar, baxdım ki, bir dağın üstündəyəm, qabağımda da bir kəlpeysərin biri dayanıb. Sən demə, bura Çənlibel imiş, o kəlpeysər də Koroğlu. İndi denən məni buraya niyə gətir­di­lər? Sən demə, bu atın yenə dəliliyi tutub. Nə qədər dava-dərman eləyirlər, bir şey çıxmır. Yanına adam qoy­mur ki, qoymur. Girinə kim keçirsə şil-küt eləyir. Axırda Koroğlunun bir kimyagər həkim dostu var, onu tapırlar. Həkim gprbagor deyir ki, bəs bu atın cini var. Gərək bunun yanında üç gün, üç gecə saz çalı­na, söz oxuna ki, bəlkə bunun cini yata. O vaxtlar hələ Koroğlu çalıb-oxumaq bilməzdi. Sən demə, mən başıdaşlını bunun üçün gətiriblərmiş. Qərəz, başağrısı olmasın, məni itələyib saldılar bu atın yanına. O üç gündə mən nə çəkdim, Allah bilir. Day, o necə deyərlər, anadan əmdiyim süd burnumdan gəldi.

Hasan paşa tez soruşdu:

– At necə oldu? Sağaldımı?

Koroğlu dedi:

– Sağaldı! Elə Koroğlu da ondan sonra çalıb-oxumaq binasını qoydu. Deyirlər, indi genə də beşdə, on beşdə atın cini tutur. Day Koroğlu özü çalıb-oxuyub onu sağaldır.

Yenə paşalardan biri istədi danışsın. Hasan paşa gözünü ona ağartdı. Sonra aşpazı çağırdı ki:

– Apar, aşığı yedirt, içirt, doydur, sonra buraya gətir.

Aşpaz Koroğlunu götürüb aşpazxanaya apardı. Hasan paşa o qədər gözlədi ki, onlar məclisdən çıx­dılar, ondan sonra paşalara dedi:

– Qoy yesin, doysun, gəlsin. Atın dərdini dedi, dərmanını da özünə elətdirəcəyəm.

Paşalar hamısı onun bu fikrinə əhsən dedilər. Kef başlandı. Paşalar kef eləməkdə olsunlar, biz görək Koroğlu necə oldu.

Aşpaz Koroğlunu gətirdi aşpazxanaya. Bir böyük sini plov çəkdi, bir qab da şərab tökdü qoydu qa­ba­ğına. Koroğlu soruşdu:

– Bu nədi?

Aşpaz dedi:

– Sənin üçün qoymuşam da... ye!

Koroğlu dedi:

– Ayə, bu heç mənim dişimin dibində qalmaz. Burada nə var ki, mən nə yeyim?

Aşpaz dedi:

– Evin yıxılsın, day ondan da artıq yeməyəcəksən ki? Gör bir nə qədərdir?

Koroğlu dedi:

– Ayə, zarafat eləmə! Bəri elə görüm!

Əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir pəncə, iki pəncə, üçüncü pəncədə aşpaz baxdı ki, çıx­dı qazmağa. Tutdu Koroğlunun əlindən ki:

– Sən olasan o inandığın, bir mənə de görüm sən kimsən? Hara adamısan?

Koroğlu elə bildi ki, aşpaz onu istəyən adamdı. Dedi:

– Koroğlunun adını eşidibsən?

Söz elə Koroğlunun ağzından çıxcaq aşpaz bağırdı. İstədi havar çəksin. Koroğlu dik qalxıb tutdu onun hulqumundan. Yavaşca belindən iki qatlayıb basdı boş qazanın içinə. Ağzını öptdü, özü də üstündə əy­ləşib o biri qazanı çəkdi qabağına.

Qərəz, neçə qazan boşaltdı, bilmirəm, neçə tuluq boşaltdı, bilmirəm, baxdı ki, day doyub. Özünü dü­zəlt­di. Yağlı əlləri ilə bığlarını da eşib, durdu ayağa, gəldi paşaların məclisinə.

Hasan paşa soruşdu:

– Aşıq, doydunmu?

Koroğlu dedi:

– Bəli, qurbanın olum, doydum.

Hasan paşa dedi:

– De indi bir az şal, oxu, qulaq asaq.

Koroğlu sazı köklədi, dedi:

– Kimdən deyim?

Hasan paşa dedi:

– Sən deyirsən ki, Qıratı görmüşəm. Bir az onun tərifindən de. Xasiyyətindən, nişanından oxu, görək ne­cə at­dı.

Koroğlu dedi:

– Paşa sağ olsun, çər dəymiş çox yaxşı atdı, bircə o cini olmaya.

Sonra sazı basdı döşünə, dedi:

Paşa, sənə nişan verim Qıratı,

Əbrişim ipəkdən yalı gərəkdi.

Bir mina boyunlu, uca sağrılı,

Bir yarım hoqqadan nalı gərəkdi.

 

Armıdı dırnaqlı, hündür boyunlu,

Meydana girəndə yüz min oyunlu,

Dəyirman mədəli, ac qurd yeyimli,

Ortası qolana dolu gərəkdi.

 

Qaranlıq gecədə yol çaşırmayan,

Düşman qabağında ər düşürməyən,

Üstündə əl-ayaq yığşırılmayan

Koroğlunun atı dəli gərəkdi.

Söz tamama yetdi. Hasan paşa dedi:

– Aşıq, dediyin haman o Qırat bu sat mənim tövləmdədir. İndi de görüm, mən ki, onu Koroğlunun əlindən çıxarmışam, mən igidəm, Koroğlu?

Koroğlu dedi:

– Paşa, əgər doğurdan da belədirsə, onda sən igid adamsan. Ancaq paşam, igidlik ondu. Sən onun birini eləmisən. Qulaq as, o birilərini də sənə deyim.

Sənə deyim qoç igidin nişanın:

Aça yağılarla meydan gərəkdi.

Nərə çəkib atılanda ortaya

Qaça qabağından düşman gərəkdi.

 

Təslim deyib qəniminə enməyə,

Əcəl çağı yoldaşından dönməyə,

Düşman qabağında heç vaxt sinməyə,

Meydanlarda qızmış aslan gərəkdi.

 

Qoç Koroğlu meydan açıb öyünü,

Namərd sinəsinə çəkər düyünü.

Ac qurdlardan saldırmağa qoyunu

Qurd ağızlı qoçaq oğlan gərəkdi.

Hasan paşa dedi:

– Aşıq, birini eləmişəm, doqquzunu da görərsən. İndi səni aparacağam Qıratın yanına. Bir bax gör odu, ya yox?

Koroğlu bunu eşitcək sazı basdı bağrına dedi:

Canım Qırat, gözüm Qırat,

Yarəb, Qırat dururmu ola?!

Hasan paşa mehtərləri

Otun, suyun verirmi ola?!

 

Qırata xələt biçəndə,

Üstündə badə içəndə,

Şeşpər yalmandan keçəndə,

Sərxoş-sərxoş yerirmi ola?!

 

Qoş Koroğlu hanı, hanı?

Dostunla düşmanın tanı!

Qırat ilə Eyvaz xanı

Bir də gözüm görürmü ola?

Söz tamam oldu. Hasan paşa durdu ayağa, dedi:

– Gedək, aşıq!

Koroğlu dedi:

– Paşa, gedək! Amma bu başdan şərtimi sizə deyirəm. Hamımız belə gedək tövlənin ağzına. Siz də qapının deşiklərindən baxın. Əgər manım çalmağım, oxumağım ata əsər elədi, sözüm yoxdu, girirəm. Yox, əgər eləmədi, onda lap istəyir boynumu vur, mən onun yanına girən deyiləm. Mən ondan gör­dü­yümü görmüşəm.

Paşa razı oldu. Koroğlu qabaqda, paşalar dalda düzəldilər yola.

Hasan paşa üzdə razı olmuşdu. Amma daldada adamlarına tapşırmışdı ki, göz eləyəndə aşığı itələyib Qıratın yanına salsınlar. Qapını da bağlasınlar ki, bəlkə öz canının qorxusundan atı sağalda.

Bəli, gəlhagəl hamısı bir yerdə gəlib çıxdılar tövlənin qabağına. Koroğlu qapının deşiyindən baxdı, gördü vallah, Qırat elə bil qoxu alıb. Gözlərini dikib qapıya. Elə baxır, elə baxır ki, adamın ürəyi yanır. Tez geri çəkildi, dedi:

– Hə, paşa, indi mən çalıb oxuyacağam. Siz ata baxın.

Paşalar arı kimi suvaşdılar qapının çatlarına. Koroğlu başladı, dedi:

Bizim elin dəliləri

Girər meydana, mərd olu,

Ölüncən meydandan qaçmaz,

Girəndə meydan gərd olu.

 

Sal qayalarda yurd olmaz,

Müxənnətə söz dərd olmaz,

Çaqqal əniyi qurd olmaz,

Yenə qurd oğlu qurd olu.

 

Dəlilərin fovçu-fovçu,

At minib düşmən qovucu.

Belində Misri qılıncı,

Koroğlu kimi mərd olu.

Qırat Koroğlunun səsini eşitcək, az qaldı ki, tövləni başına götürsün. Elə oynadı, elə oynadı ki, gəl görəsən. Hasan paşa yanındakı adamlarda sağ-islahat qoymadı. Sevindiyindən onu dürtmələdi, bunu dirsəklədi. Hamını çimdikdən keçirdi. Koroğlu qurtarcaq Hasan paşa özün atdı onun üstünə ki:

– Aşıq, tez ol, gir içəriyə. Səni dünya malından qəni edəcəyəm. İndi Koroğlu tanıyar ki, biz kimik. Qoy indi beş özündən deyəndə, on da bizdən desin.

Qapını açdılar. Koroğlunu itələyib saldılar Qıratın yanına. At Koroğlunu görcək kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə gəldi. Koroğlunun ürəyi atlandı. Sazı basdı döşünə, dedi:

Çənlibeldən səni deyib gəlmişəm,

Alma gözlüm, qız birçəklim, Qırat, gəl!

Dəmir libas, polad geyib gəlmişəm,

Alma gözlüm, qız birçəklim, Qırat, gəl!

Əzəldən biləydim sənin halını,

Əşrəfindən kəsdirərdim nalını,

Yüz gözələ toxudaram çulunu,

Alma gözlüm, qız birçəklim, Qırat, gəl!

 

Mənim atım atım-atım atılar,

Qulaqları qarğı kimi çatılar,

Ucuzluqda min tümənə satılar,

Alma gözlüm, qız birçəklim, Qırat, gəl!

Koroğlunun sözləri ata elə bil qol-qanad verdi. Odu ha üzüb çaydan çıxdı. Koroğlu gördü Hasan paşa hə­lə də bürcdədi. Çağırıb dedi:

– Hasan paşa, bu dəfə bürcə çıxdın, əlimdən qurtardın. Görüm gələn dəfə haraya çıxacaqsan. Eybi yoxdu. Borclu borclunun sağlığını istər. Görüşərik.

Sözünü deyib Koroğlu yol başladı. Gəlhagəl, gəlhagəl, gəlib Çənlibelə çatdı. Qırat Çənlibelin qoxu­sunu alcaq elə kişnədi ki, dağlar, daşlar dilə gəldi. Dəlilər töküldülər. Atı tutdular. Koroğlunu düşürdüb gətirdilər. Hamı yığıldı.

Soruşdular ki:

– Koroğlu, danış görək nə elədin? Atı necə gətirdin?

Koroğlu ta dəyirmanda Həmzə ilə olan söhbətdən Tona çayınacan bütün əhvalatı danışdı. Dəlilər onu incitdiklərinə peşman oldular. Başlarını aşağı saldılar.

Korolu dedi:

– Utanmayın! Siz haqlı idiniz! Mən gərək etibar eləyib açarları ona verməyəydim, ancaq bir işdi oldu. Amma siz də yadınızdan çıxarmayın ki, mən Koroğluyam.

Nigar xanım gördü Koroğlu yenə qızışır. Tez söhbəti zarafata çevirdi. Dəlilərə göz basıb dedi:

– Koroğlu, biz sənin Koroğlu olmağını bilirik. Əgər bilməsəydik, sənin başına yığılmazdıq. DüzdüŞ igidsən, qoçaqsan, iş üzü bilənsən. Amma belə sir-sifətdən çox qarasan ey!..

Dəlilər hamısı gülüşdü. Koroğlu özü dəgüldü. Sonra sazı döşünə basdı, dedi:

Mənə qara deyən gözəl,

Qaşların qara deyılmi?

Tökülübdü dal gərdənə,

Saçların qara deyilmi?

 

Çənlibeldə qurdum binə

Bənzəyirsən aya, günə.

Ağ üzündə dənə-dənə

Xalların qara deyilmi?

 

Koroğlu mayıldı sizə,

Qulaq verin saza, sözə.

Siyah sürmə ala gözə

Çəkibsən, qara deyilmi?




Copyright Ədəbiyyat dərsliyi © 2024