MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Nizami Gəncəvi. “İkəndərnamə”(ixtisarla)
Bölmələr

******

20.04.2024, 12:38

İSKƏNDƏRNAMƏ

(ixtisarla)

 

 

 

                    Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi

 

Mən elə başladım bu şux dastanı,

Coşdurar sazımın səsi dünyanı.

Ən doğru sözlər ki oyadır maraq,

Tarixdən onları bir-bir alaraq

Düzdüm dastanıma, əsər yaratdım,

Ağla sığmayanı büsbütün atdım.

Dastanı düzərkən fikrim açıqdı,

Söz səlis olsa da, yol dolaşıqdı.

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəsrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq, məğzini aldım.

Müxtəlif dillərdən yığdım çox sözlər,

Bunlardan düzüldü yazdığım əsər.

Şerimdən atsaydım bəzəkli donu,

Azacıq zəhmətlə yazsaydım onu,

Bu böyük fatehin sərgüzəştindən

Bir vərəq yazmaqla bitirərdim mən.

Dünyanı dolaşan böyük İskəndər

Yorulmaq bilmədən edirdi səfər.

Dünyanı dolaşıb dörd yanı gəzdi,

Bilmədiyi mülkü fəth eyləməzdi.

Hansı bir dövlətə verdi nəhayət,

Kəyan adətinə göstərdi hörmət.

Sildi şurişləri köhnə dünyadan.

Taxt aldı, tac aldı qoca Daradan.

Ömründən keçirkən tam iyirmi il

Şahlığa ucadan vurdurdu təbil.

İyirmi yeddiyə çatınca yaşı

Peyğəmbər olaraq, ucaldı başı.

İskəndər o gün ki peyğəmbər oldu,

Onun tarixinə naxış vuruldu.

Dinə yol göstərən bir hikmət oldu,

Dünyada mübarək bir dövlət oldu.

Dünyanı gəzərkən döndü hər yana,

Elədi çox böyük şəhərlər bina.

Hinddən başlayaraq Yunana qədər –

Hər yerdə tikdirdi böyük şəhərlər.

Dərbəndi, deyirlər, İskəndər qurdu,

Əqliylə o şəhrə böyük səd vurdu.

Çox bina salmışdır bunlardan başqa,

Onları saymaqla çatmaz ki başa.

Birisi uzanmış Şimali qütbə,

Bir kökü uzanıb getmiş Cənubə.

İskəndər hər yerə atını çapdı,

O yerlər şənləndi, səadət tapdı.

Dağlara, çöllərə tapdı min çarə,

Ölümün əlində qaldı biçarə…

Qələmə gərəkdir elə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

Parlaq inci kimi düzülən sözlər

Ağıla sığmazsa, yalana bənzər.

Doğruya azacıq bənzəyən yalan

Yaxşıdır yalana bənzər doğrudan…

 

 

 

Dastanin başlanğıcı

 

Yunan ölkəsinin padşahlarından

Vardı bir gənc dövlət, böyük hökmüran,

Şöhrətli şah idi, adı Feyləqus,

İtaət edərdi ona rum və rus.

Yunanıstan idi onun məskəni,

Makedoniyaydı doğma vətəni.

Qanunlar qoyardı yeni və parlaq,

Ulu babasıydı Eys ibn-İshaq.

Ədalət o qədər yaxınmış ona,

Qurdları bağlarmış qoyun buduna.

Zülmün boğazını elə sıxmışdı,

Dara həsədindən rəqib çıxmışdı.

Üstün olmaq üçün qılıncı, tacı,

Bir elçi göndərdi, alsın xəracı.

Ağıl sahibiydi rumlu hökmüran,

Xəracı göndərdi, olmadı düşman.

Bəxşişlər göndərdi böyükdərbara,

Düşmənlik yolundan əl çəkdi Dara.

İskəndər başlarkən fəthə hər yeri,

Döndü birdən-birə çərxin işləri.

Daraya nə dövlət qoydu, nə dövran,

Süngüsü keçirdi çaxmaq daşından.

Bu dastan haqqında rəvayət çox­dur,

Hər kəsi dinlərəm, inadım yoxdur.

Feyləqus qəsrində bir gözəl varmış,

Bəzəkli gəlintək azad yaşarmış.

Rum şahı vurulmuş ayüzlü qıza,

Dilinin əzbəri parlaq ulduza.

Keçdi bu vəqədən doqquz ay ancaq,

Ananın bətnində tərpəndi uşaq.

Padşah əmr etdi ki, münəccimlər

Baxıb ulduzlara versinlər xəbər.

Bir xəbər versinlər bu gizlin işdən,

Rahatlıq versinlər bu tərpənişdən.

Bilikli münəccim başladı işə,

Baxdılar fələkdə olan gərdişə.

Taleyi göründü nurdan da parlaq,

Nə deyim, o yaman gözlərdən iraq.

Belə xoş fal ilə dünyaya gəldi,

O bağda belə bir fidan yüksəldi.

O sərvin budağı bəsləndi nazla,

Turactək səkərək səsləndi nazla.

Meydan axtarırdı beşikdə ikən,

Yəhərə atıldı öz beşiyindən.

Dayədən istədi ox ilə kaman,

Kağızı, ipəyi hey aldı nişan.

Böyüdü, öyrəndi qılınc vurmağı,

Qızmış aslanlara qarşı durmağı.

At minmək zövqündən ləzzət alınca

Düşdü şəhriyarlıq, şahlıq dalınca.

 

 

(Tərcümə edən: A.Şaiq)




Copyright Ədəbiyyat dərsliyi © 2024