MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Nəcəf bəy Vəzirov. Zəmanəsinin dərdlərinin, problemlərin bilicisi
Bölmələr

******

20.04.2024, 16:48

Nəcəf bəy Vəzirov

Zəmanəsinin dərdlərinin, problemlərin bilicisi

 

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin baharında Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarından həyatın ədalətsizlikləri ilə qarşılaşan Nəcəf məktəbdə üç ayda “Quran” oxumağı və yazı yazmağı öyrənmişdi. Anasının göz yaşına baxmayıb təhsil almaq üçün Bakıya gələrək təhsilini burada davam etdirmişdir. Burada teatr tamaşalarının və M.F.Axundzadənin komediyalarının təsiri ilə onda dramaturgiyaya , pyes yazmağa həvəs yarandı.Gimnaziyanın son siniflərində oxuyarkən ilk pyeslərini (“Əti sənin, sümüyü mənim”, “Qara günlü”) yazmışdır. N.Vəzirov “Əkinçi” qəzetinin redaktoru H.Zərdabinin rəhbərliyi ilə Bakıda “Hacı Qara” komediyasının tamaşaya qoyulmasında fəal iştirak etmişdi.

N.Vəzirov həyatının həmin dövrü haqqında öz tərcümeyi-halında yazır:”1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına mürfciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlanşırdıq...Tamaşa günü çox adam var idi... Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi.haman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramı göndərdi.M.F.Axundzadənin iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi:”Bu gün “Hacı ara”nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız.”

H.Zərdabi, M.F.Axundzadə kimi böyük şəxsiyyətlərin onun fəliyyətini təqdir etməsi N.Vəzirovu yaradıcılığa həvəsləndirdi.

Orta təhsili uğurla başa vuran Nəcəf bəy Rusiyanın nüfuzlu ali məktəblərində ali təhsil fikrinə düşür. Məktəbdə oxuyarkən başqalarına dərs deməklə topladığı pullarla Peterburqa gedərək universitetə daxil olur. Lakin buranın rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Peterburqdan Moskvaya köçməyi məsləhət görür. Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı  və Meşəçilik Akademiyasına daxil olan N.Vəzirova qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün təqaüd təyin olunur.

Ədib qırx il sonra həyatının həmin dövrünün çətinliklərini  xatırlayaraq yazırdı:”O vaxt ancaq səksən manat param qalmışdı. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək  bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palasımı çəkərdim...Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün akademiya mənə təqaüd verdi. Indi özümü dörd il müddəti təmin edilmiş bildim. Üç ayın parasını qabaqcadan alıb özümə bəzi şeylər aldım. Palasımdan əl çəkdim. əgər bu palas indi əlimə keçərsə, çox baha qiymətə alardım.”

Akademiyada Rusiyanın inqilabçı-demokratlarının təsiri güclü idi və bu tələbələrə siyasi yetkinlik, demokratik  baxışlar, mübarizlik ruhu aşılanmasına öz təsirini göstərirdi. Sənətkarı “xalqın gözçüsü” adlandıran N.Vəzirovun bir dramaturq, publisist kimi fəal vətəndaşlıq mövqeyinin formalaşmasına yeni mühitdəki ədəbi və siyasi mübarizələrin böyük təsiri oldu.

Aldığı təqaüdlə dörd illik təhsili təmin edən N.Vəzirov Moskva, Peterburqda ali təhsil aldığı illərdə o, teatr tamaşalarına həvəslə gedir, bədii əsərlər yazır, “Əkinçi” qəzetində məqalələrlə fəal çıxış edirdi. Bu dövrdə o, təhsilini başa vurub  vətənə qayıtmaq, xalqının tərəqqisi, mədəniyyəti yolunda çalışmaq arzusu ilə yaşayırdı. Vətənə qayıtdıqdan sonra o, ali məktəbdə aldığı ixtisasa uyğun olaraq, Gəncə quberniyası Dilicanda, Tərtərdə meşəbəyi işləyir,  gözəl təhsil və tərbiyə almış Xurşud xanımla evlənir. Gənc meşəbəyi kimi öz işinə məsuliyyətli münasibəti, sadə insanlarla rəftarı ona böyük hörmət qazandırır.  Lakin Petrovski akademiyasının  məzunları hökumətin nəzərində siyasi cəhətdən etibarsız sayıldığı üçün, günahı olmadığı halda işdən azad edilir.

Meşəbəyi işədiyi dövrdə həyatı, cəmiyyətdəki vəziyyəti dərindən öyrənir. Apardığı müşahidələrin, ailə-məişət problemlərinin öyrənilməsinin nəticəsi olaraq,  “Daldan atılan  daş topuğa dəyər”, “Sonrakı peşmançılıq  fayda verməz”(1890), “Adı var, özü yox” (1891)  pyeslərini yazır.

Hakimiyyət  tərəfindən siyasi cəhətdən etibarsız sayılaraq, işdən azad edildikdən sonra Bakıda imtahan verərək vəkil işləmək hüququ alır, məhkəmələrdə vəkil kimi çalışır. Şəhər mühitində o, bədii  yaradıcılıqla daha ciddi məşğul olur, Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanani-zəmanə” kimi məşhur əsərlərini yazır, dramaturgiyanın ən yaxşı nümunələrinin teatr səhnəsində  tamaşaya qoyulmasında yaxından iştirak edir.

1913-cü ildə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi təntənəli yubiley məclisi keçirildi. “Nəcəf bəy Vəzirov” adlı  xüsusi kitabça nəşr olundu.Tağıyev teatrında böyük təntənə ilə keçirilən yubiley gecəsində M.Rəsulzadə ədibun həyat və yaradıcılıq yolu haqqında  məruzə ilə çıxış etdi.

Çar hakimiyyətinin devrilməsi xəbərini böyük sevinc hissi ilə qarşılayan ədib “Getsin, gəlməsin” adlı məqaləsini yazır. Sonrakı illərdə o, “Təzə əsrin ibtidası”, “Pul düşkünü Hacı Fərəc” pyeslərini yazmış, teatrla yaxından əməkdaşlıq etmiş, Kən Təsərrüfatı Texnikumunda müəllim işləmişdir.

N.Vəzirov 1926-cı ildə Şamaxı yaxınlığındakı Çuxuryurd kəndində  vəfat etmiş, Bakı şəhərində dəfn olunmuşdur.

 

Yaradıcılığı haqqında

 

Ədəbiyyatımızın xəlqi, realist istiqamətdə inkişafında, feodal-patriarxal quruluşun dayaqlarını sarsıdıb milli azadlıq, maarifçilik ideallarını təbliğ edən mühüm vasitəyə çevrilməsində dramaturq, publisist kimi N.Vəzirovun böyük xidmətləri vardır. O, M.F.Axundzadənin yaradıcılıq ənənələrini davam və inkişaf etdirərək silsilə komediyalar yazmiş, “Müsibəti-Fəxrəddin”lə ədəbiyyatımızda faciənin əsasını qoymuşdur.  N.Vəzirov XIX əsrin 70-ci illərində - orta məktəb şagirdi ikən   bədii yaradıcılığa başlamış, “Əti sənin, sümüyü mənim” adlı üç pərdəli komediya və “Qaragünlü” adlı dörd pərdəli faciə yazmışdır. Bu əsərlər müəllifin sağlığında itib-batmışdır.

Ədibin bizə gəlib çatmış ilk pyesi eybəcər ailə münasibətlərinin, valideynlərlə övladlar arasında çəkişmələrin tənqid edildiyi “Ev tərbiyəsinin bir şəkli”  komediyasıdır. Əsərdə mülkədar ailələrindəki tərbiyə üsulu tənqid edilir. Komediyanın konflikti varlı, amma qaba, mədəniyyətsiz ata – Bayraməli bəylə tənbəl və tərbiyəsiz oğullar – Rəsul və Səfdərqulu arasında müasir həyat qaydalarına, məktəbə münasibətdən doğan ziddiyyətlər üzərində qurulmuşdur.

İki yüz min manatdan artıq var-dövləti olan Bayraməli bəy xəsisdir, ailəsinin daha çox qatıq-çörək yeməklə güzəran keçirməsi, ağır, əziyyətli həyat keçirən nökərinin doyunca yeməyə çörək  tapmaması onu narahat etmir. Bayraməli bəyin  verdiyi əzab-əziyyətlərə dözməyən nökər Əsgər deyir:”Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır... qatıq çörək, qatıq çörək, tut qurusu çörək,bir az kefi kök olanda  bozbaş... bir deyən gərək: ay kişi,  milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir...”

Amma Bayraməli bəy oğullarının təhsil alması üçün pul xərcləməyə, müəllimə yüksək haqq verməyə,  hətta onları xarici ölkədə oxutdurmağa hazırdır. Zəhmətsiz, tüfeyli həyat sürən, tənbəl  Səfdərqulu və Rəsulun tərbiyəsi,  mənəviyyatı pozulmuşdur. Bunu onların etirafları da sübut edir. Səfdərqulu atasından şikayətlənən nökər Əsgərə deyir:”Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə  Allahı var...” Rəsul isə atasını nəzərdə tutaraq, “Ölsə də, əlimə kitab almayacağam. Mən oxuram özüm billəm, oxumuram özüm billəm... Heş kimə borc deyil” söyləyir.  

Fərsiz oğullarının təhsilə biganəliyi cəmiyyətdə öz  ictimai mövqeyini qorumaq istəyən atanı sarsıdır. Lakin müasir davranış qaydalarına yiyələnməyən  Bayraməli bəyin özünə də yeni düşüncə tərzi yaddır. O, ətrafındakıları yerli-yersiz təhqir edir, alçaldır. Təsadüfi deyil ki, əsərin ekspozisiyasında Bayraməli bəyin söyüşləri ilə başlanan  hadisələr finalda ata və oğulun əlbəyaxa döyüşü ilə qurtarır.

“Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz” komediyalarında da konflikt ictimai  həyatda olan ziddiyyətlərdən doğur. Milli məişətdə mövcud olan naqisliklər -cadugərlik, nadanlıq, fanatizm, vaxtı keçmiş gəlin-qayınana münasibətləri həmin əsərlərdə əsas tənqid  hədəfləridir.

“Daldan atılan daş topuğa dəyər” pyesində Əbdürrəhman bəy ev, ailə qayğısından uzaqdır, günü yeyib-içmək, qumar  məclislərində keçirir. Onun arvadı məhdud dünyagörüşlü, avam Xırda xanım on səkkiz yaşına çatmış qızı Səkinə xanımı nəyin bahasına olursa-olsun, ali savadlı şəxsə ərə vermək üçün əl-ayağa düşür. Əbdürrəhman bəyi qızının ərə genmək məsələsinə laqeyd yanaşmaqda təqsirləndirən Xırda xanım  öz niyyətini həyata keçirmək üçün qolunu çırmayıb işə girişir. Səkinəni şəhərə yeni gəlmiş gənc həkim İsgəndər bəyin sorağınə aldıqda qərarını qətiləşdirir. O, bu işdə “ara arvadı” Nurcahanın  məsləhəti ilə İrandan gəlmiş dərviş Heydərəlinin cadusuna ümid bəsləyir.

Əsərin sonunda arzusuna çatmayan, Heydərəli və Nurcahan tərəfindən aldadılıb soyulan Xırda xanım gülünc vəziyyətə düşür. Məlum olur ki, onun cadu yolu ilə qızını ərə vermək istədiyi İsgəndər bəy evlidir.

“Sonrakı peşmançılıq fayda verməz” komediyasında Fatma xanım təzə gəlini özünə tabe etmək üçün hər gün evdə söz-söhbət yaradır, dava-dalaş salır. O, gəlinini köhnə qaydalara uyğun olaraq qayınana və ərin qulu kimi görür:”Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik bir evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, san alma qul kimi...Əlimiz əlimizin üstə, üzüörtülü. Kimsənin cürəti nəydi  bir kəlmədən artıq danışsın! Bəli, xeyr... Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yel örtsün.”

Əsər onun hərəkətlərindən bezən gəlini Səlibnaz xanımın ata evinə qayıtması, oğlu Salman bəyin  isə baş götürüb evdən qaçması ilə bitir.

“Adı var, özü yox” komediyasının mövzusu XIX əsrin 70-ci illərində  kəndli islahatından sonra iflasa uğrayan, ictimai mövqeyini itirmək təhlükəsi ilə qarşılaşan mülkədar həyatından götürülmüşdür. İslahat mülkədarlarda bədbin əhval-ruhiyyə yaratmış, “polojeniya qoyulandan sonra” təsərrüfatın isarə edilməsi çətinləşmişdi. Pyesin əsas qəhrəmanı Cənnətəli ağa mülkədar hüquqlarının  məhdudlaşdırıldığı, kəndlilərə cüzi sərbəstlik verildiyi yeni dövrün tələblərinə uyğunlaşa bilmir. Müasir həyatın gətirdiyi yenilikləri qəbul etmək düşüncəsi ona yaddır. 

Sərbəstliyi əlindən alınan, hökumət vergilərindən göz açmayan Cənnətəli ağanın yaxası borclular əlində qalmışdır: ”İşə bax ki, nalbənd Poqos 17 manat pul istəyir. Keçən vaxtlar olsaydı belə borclar aamın gözünə mu qədər  görünməzdi... Hanı o günlər ki, kəndin üstünə bulud kimi çöküb bunu byrada süpürləyirdim, onu orada... İndi qoyublar polojeniye. Rəiyyətə demək olmayır buradan dur, orada otur... Bir yandan da saldat pulu,  desyatin pulu, dəyirman pulu,  mən başıma nə çarə qılım? Vallah, az qalğmışam  dərdəsər olum.”

Malkanəsindəki hərc-mərcliyin öhdəsindən gəlməyən Cənnətəli ağa işini-gücünü atıb “dünya beş gündür, büşı də qara” fəlsəfəsi, köhnə qayda-qanunların həsrəti ilə yaşayır: “Ağzımda dişim yoxsa da, at belinə minib , quş ovlayanda gəl tamaşa elə də! Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə , tərlan boylananda elə bil ki, bir laçın oğlan oluram. Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən. Pəh!Pəh! Pəh! Ləzzət, nə ləzzət!”

Vaxtilə böyük mülkədar olan Cənnətəli ağanın çürük həyat fəlsəfəsi ona gətirib çıxarır ki, hərc-mərcliyin, əxlaqi normaların pozulduğu malikanəsi ilə yanaşı, ailəsində də mənəviyyatdan, nizam-intizamdan əsər -əlamət qalmır. Arvadı Xanpərvər bəyim bunu nəzərdə tutaraq deyir: Bizim  dərdimiz var ki, borc onun yanında toy kimi bayramdır.” Cənnətəli ağanın  kobudluğu, nalayiq hərəkətlər etməsi ailədə hamının tərbiyəsinə öz təsirini göstərir. “Boyuna ip ölçüm”, “qırışmal oğlu”, “qara köpəyi sənin kimi yüzünə vermərəm”, “quduz dəysin”, “vələdəzzinna” kimi söyüşlər onun dilindən düşmür. Belə bir mühitdə oğlu Heydərqulunun da tərbiyəsi pozulmuşdur. O, avara həyat tərzi keçiri, vəhşi hərəəkətlərə, əyyaşlığa adət etmişdir. Atası direktora bir at vəd edib məktəbə qoysa da, Heydərqulu bir həftədən sonra məktəbdən qaçır. Cənnətəli ağanın Şahqulunun başına qapaz vurmasını eşidəndə Mirzə Əsgərə dediyi sözlər “Ot kökü üstə bitər” atalar sözünü təsdiqləyir: “Xa, xa, xa! Xalis öz dədəsidir ki, durubdur... mən özünm də çox elə pəstahələr kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nəql eylərəm  bir kağız gətirənin kağızın necə özünə çeynətdirib uddurtdum, getdin xəbər aparsın, gülməkdən qəşş  eylərsən.”

Bütün ailə üzvləri – arvadı, uşaqları, nökərlər, qulluqçular bir-birini aldadır, yalan danışır, günahlarını bir-birinin üstünə atırlar. Nəticədə istər iflasa uğramış Cənnətəli ağa, istərsə də ailə üzvləri miskin vəziyyətə düşür.

  Dramaturq əsərdə Cənnətəli ağanın və ailəsinin mənəvi qüsurlarını, eybəcər həyat tərzini, vaxtı ötmüş qanunlarla yaşamasını tənqid hədəfinə çevirmişdir. O, bununla müasir həyatla ayaqlaşa bilməyən qüvvələrin  yaşamağa qadir olmadığını göstərmək istəmiş, vaxtı ötmüş cəmiyyətin islah olunması, maarifçilik ideyalarını təbliğ etmişdir.

 “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”)  komediyasının mövzusu tacir həyatından  götürülmüşdür. Süjet komediyanın mənfi qəhrəmanı Hacı Qəmbərin sövdəgərlik və cavan qızla evlənmək macərası üzərində qurulmuşdur. Hacı Qəmbər kapitalizmin inkişafı ilə meydana çıxan ticarət burjuaziyasının tipik nümayəndəsidir. Xarici ölkələrlə ticarət edən, “qaz vurub qazan doldurmaq” sevdasına düşən Hacı Qəmbər bütün qazancını qoyub barama alverinə girişir. Lakin barama yüklənmiş gəminin  dənizdə batması xəbərini eşidəndə dəli vəziyyətinə düşür, nə danışdığını bilmir,  ayaqyalın, başıaçıq evdən çıxıb küçələri dolaşır, gülüş obyektinə çevrilir. Baramanın sığorta olunması, pulunun qaytarılacağı xəbərini eşidəndə isə ağlı başına gəlir, sağalır. Lakin bu dəfə onun başqa bir mənəvi eybəcərliyi üzə çıxır. O, qızı Cavahiri ərə verdikdən sonra arvadı Dilbər xanımı boşamaq, körpə vaxtından qulluqçu saxladığı Yetəri almaq fikrinə düşür:”Paho, ayy!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram...Belə rüzgarı uzun çəkmək olmaz...Hər saat, hər dəqiqə, vaxt-bixaxt Yetər durub gözümün qabağında. Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq?”

Bu niyyətinə çatmaq üçün o, otuz il birgə yaşadığı arvadı Dilbər xanımı evdən qovmaq, qohum-əqrəba ilə əlaqələrini kəsmək qərarına gəlir. Dilbər xanım ərinin cavan qız almaq niyyətini biləndə öz hüquqlarını müdafiə edərək dediyi sözlərlə ərinin iç üzünü açır: “Bu  saat qaçaram bazara başı açıq, ayağı yalın; çağırram aləmi, tökərəm başıma ki,  camaat, Hacı Qənbər təzədən dəli olub, məni beş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz evindən qovur. Səni bir saatda rüsvayi-cahan elərəm.”

Komediyanın süjet xəttinin ikinci tərəfində cəmiyyətin sağlam qüvvələrini təmsil edən, mütərəqqi qaydalarla yaşamaq istəyən Əşrəf bəy, Cəvahir xanım, Dilbər xanım, Mahmud durur. Bu xeyrixah qüvvələrin birliyi yazıçının arzu etdiyi cəmiyyətin qurulacağına  inam  hissi yaradır.  Əşrəf bəy maarifçi ziyalıdır. O, bütün müsəlman dünyasının həmrəyliyi, cəmiyyətdəki cəhalət və tənəzzülün, maddi və mənəvi yoxsulluğun səbəbləri barədə düşünür. Əşrəf bəylə Cavahir xanımın münasibətləri timsalında  dramaturq yeni həyat, ailə  idealını ifadə edir.

“Pəhləvanani-zəmanə” komediyası N. Vəzirovun yaradıcılığında maarifçi realizmdən tənqidi realizmə keçid kimi qiymətləndirilir. Əsərin mövzusu XIX əsrin sonunda neft sənayesinin inkişafı dövründə torpaq alqı-satqısı ilə milyonara sahib olmaq uğrunda mübarizədən götürülüb. Pyesin dramatik münaqişəsinin əsasında neft torpaqlarının alqı-satqısında iştirak edən fırıldaqçı dəllallar,  kələkbaz nökərlər, işbazlarla avam kəndlilər arasında gedən mübarizə durur.

Əsərin əsas ideyası kapitalizm burulğanına düşən, sərvət hərislərinin qurbanına çevrilən kəndlilərin hüquqlarının müdafiəsindən ibarətdir. Dramaturq var-dövlət hərisliyini, mənəviyyatsızlığı həyat normasına çevirən kapital dünyasını kəskin satira atəşinə tutur. Əsas tənqid hədəfi  Aslan bəy, Cahangir bəy, Laçın bəy kimi dələduzlardır.

Aslan bəy dələduzluq yolu ilə başqalarının əmlakını ələ keçirən dəstənin başçısıdır. Əvvəllər sahibkarlardan neft, mazut oğurlayıb satmaqla məşğul olan  Aslan bəy sonradan daha qazanclı işə - xam neft yeri alverinə başlayır. O, vəkil Cahangir bəy, Laçın bəy, Əhməd, Qulu, nalbənd Paşa kimi fırıldaqçıları başına toplayıb sadəlövh kəndliləri tora salır, neftlə zəngin torpaqlarını ucuz qiymətə alöb baha satmaqla soyğunçuluq edir, milyonlar qazanır. Bu işdə Bakıya axıb gələn kapitalistləri özünə rəqib sayan, haram yolla ələ keçirdiyi milyonlardan gözü doymayan Aslan bəy deyir:” Hay-hay!.. Hacı Sadığın dövləti məndə olsaydı, onda görərdilər analar necə oğul doğublar!.. Qoyardımmı ki, mənsiz belə işlər olaydı?! Qoyardımmı ki, firənglər, ya ingilslər özbaşına burada iş götürəydilər?! Heç vaxt!”

Komediyanın finalında fırıldaqçıların toruna düşüb aldanmış insanlar prokurora şikayət etmək istəyəndə kapital dünyasının qanunları onların yolunu kəsir: “Hərgah iş başlamaq istəsən gərək vəkil tutasan. Sən beş verərsən, o, həmin vəkilə on min verər. Nə itirir? İşi puç elər, hələ artıq xərc də sizə qalar.”

XX əsrin əvvəllərində cəmiyyətdə insanlar arasında münasibətlərin dramatizmi də N. Vəzirovun diqqətini cəlb etmiş, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası” dramlarını yazmışdır.




Copyright Ədəbiyyat dərsliyi © 2024