MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Musiqiyə, sənətə vurğunluq (“Guş qıl...” müxəmməsi)
Bölmələr

******

24.04.2024, 14:03

Musiqiyə, sənətə vurğunluq

“Guş qıl...” müxəmməsi

 

          “Guş qıl...” müxəmməsi şairin nikbinliyini, həyat eşqini, dünyəvi gözəlliyi duymaq, dəyərləndirmək arzusunu əks etdirən əsərdir. Əsərdə şair musiqidən zövq alan insanları “əhli-bəsər”, zövq almayanları isə daş adlandırır. O, oxucunu musiqidən həzz almağıa çağıraraq yazır ki, vətəni qamışlıqdan ayrıldığı üçün nalə çəkən neyi, tarın nəğməsini, quru ağacdakı ah-zarı dinlə,  insanın səbrü-qərarını əlindən almasının, mənəvi aləminə möcüzəli  təsirinin sirrinə agah olmağa çalış:

 

Guş qıl, ey ki, bilirsən özüvi vaqifi-kar,
Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir ol xüşk olan cubdə bu naleyi-zar
Ki sədasından onun qarət olur səbrü qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

 

XİX əsr ədəbiyyatımızın görkəmli tədqiqatçısı  F. Qasımzadə yazır:”Seyid Əzimin belə lirik şeirlərində qüvvətli ictimai motivləərə rast gəlirik.  Musiqinin tərifinə həsr olunmuş şeirlərində o, tar çalmağı, rəqs etmyi, musiqiyə qulaq asmağı şəriətcə haram sayan  ruhanilərin əleyhinə çıxaraq onların öz əqidələrinə əsasən musiqini  Allahın qüdrətindən yaranmış bir nümunə və ən gözəl  nemət kimi qiymətləndirir. Peyğəmbərdən belə bir hədis vardır ki, bir saat Allahın yaratdığı  şeylərin  bədiiliyi haqqında fikirləşmək yetmiş illik ibadətdən artıqdır. Həmin hədisdən xəbəri olan  şair musiqinin  haram olması haqqında fitva verən  vaizə deyir:” Tarı əsbabi-mənahi demə, böhtandır bu.”

          Şair insanı qanadlandıran, ona yeni ruh verən musiqini dünyanın ən gözəl nemətlərindən biri hesab edir. Musiqi insana xoş ovqat  bəxş edir, hər pərdəsində gizli sirlər olan musiqini dərk eləmək, duymaq üçün insan qəflətdən ayılmalı, müğənninin səsini, tarın naləsini bəsirət qulağı ilə dinləməli, ondan həzz almalıdır. Can qulağından qəflət pərdəsini çəkib musiqini huş –guşla  dinləyən, dərindən duyan insan vəcdə gələrək özünü xoşbəxt hiss edir, huşunu itirir:

 

Qoymaz ol tarı müğənni niyə ağuşindən,
Düşməz ol xanəbərəndazlərin duşindən,
Huş ilə guş edə hər kimsə, gedər huşindən,
Pənbeyi-ğəfləti çək sən dəxi can guşindən,
Ta ki, əsrari-nihanə olasan bərxurdar.

 

 Quranda bildirilir ki, qiyamət günü sur çalınacaq, ölülər bu surun səsinə diriləcəklər. Deməli, musiqi və səs diriltmək, oyatmaq qabiliyyətinə malikdir. Sufilər musiqiyə mənəvi oyanış, ruhun dirilməsi üçün müraciət edirlər. Seyid Əzim də müxəmməsdə müğənninin nəfəsini dini rəvayətə görə, öz nəfəsi ilə ölüləri diriltməyə qabil olan İsa peyğəmbərin nəfəsinə bərabər tutur. Şairə görə, musiqi insanın ölmüş ruhunu yenidən diriltməyə qadirdir. Şair müğənni səsini “ləhni-Davud” adlandırır. Dini rəvayətə görə, Davud peyğəmbərin səsi elə gözəl imiş ki, o oxuyanda hətta heyvanlar və quşlar da heyran qalırmış.( Bax: http://kulis. az/ print/6631) Şair musiqinin insana təsirini  İsa peyğəmbərin nəfəsi ilə müqayisə edərək yazır:

 Tut bərabər dəmi-İsayə müğənni dəmini,
Qılıb ehya özüvi, seyr elə ruh aləmini.
Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,
Çəkmə aqilsən əgər, dəhri-müxalif qəmini,
Şurə gəl nəğmə ilə çək qəmi-dünyayə həsar.

Musiqi məclisinin əhli gərək əhli-bəsər,
Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,
Kim ki, zövq əhli degil, anı hesab eylə həcər,
Ləhni-Davud eləməz növi-cəmadatə əsər,
Məni ərbabı edər guş-suxən, ey huşyar.

Tədqiqatçılar şairin sufi baxışlarının da bu əsərdə öz əksini tapdığını qeyd edirlər. Bir çox sufilərə görə, musiqi allaha yaxınlaşmaq vasitələrindən biridir.Şair sufilərin məcazi mənada işlətdiyi  məclisi –irfan, mey, saqi, gövsəri-ğılman  sözlərindən  istifadə edərək musiqi vasitəsilə Allaha qovuşmağın, onun  nurunu görməyin mümkünlüyünü söyləyir:

 

Zahida,tarıya bax, məclisi-irfandır bu,
Tarı əsbabi-mənahi demə, böhtandır bu,
Meyi gör, saqiyə bax, gövsərü ğılmandır bu,
Cümləsi pərtövi-ruxsareyi-sübhandır bu,
Meydə həq nurunu gör, səhvinə qıl istiğfar.

 

Şair musiqini haram sayan zahidə üz tutaraq, öz səhvini dərk etməyə, böhtandan əl çəkməyə səsləyir.

          Müxəmməsdə səntkarın klassik ədəbiyyatımız üçün səciyyəvi olan  bədii təsvir və ifadə vasitələrindən istifadə məharəti diqqəti cəlb edir. Neyin nalə çəkməsi  güclü metafordur.  Əsərdə işlənilmiş bənzətmələr (“Tut bərabər dəmi-İsayə müğənni dəmini”, “Kim ki, zövq əhli degil, anı hesab eylə həcər”), inversiyalar (“Qılıb ehya özüvi, seyr elə ruh aləmini,” “Qoymaz ol tarı müğənni niyə ağuşindən, Düşməz ol xanəbərəndazlərin duşindən,” ) və s. şeirin bədii təsir gücünü artırır, ona ifadə gözəlliyi gətirir.

          S.Ə.Şirvaninin oxucular arasında geniş yayılmış “Guş qıl...” müxəmməsi musiqiçilər,  xanəndələr  tərəfindən  bu gün də həvəslə  ifa edilir. 




Copyright Ədəbiyyat dərsliyi © 2024