MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Nisgillə qovuşan vətən sevgisi (“Dağlar” qoşması)
Bölmələr

******

18.04.2024, 05:13

Nisgillə qovuşan vətən sevgisi

“Dağlar” qoşması

 

Aşıq Ələsgər öz vətənini , xalqını  böyük məhəbbətlə sevmiş, doğma yurdun mərd, ləyaqətli, igid oğullarından, gözəlliyi, ədəbi, mərifəti ilə seçilən el qızlarından  qürurla, heyranlıqla  söz açmışdır. Vətənin, xalqın sevinci ilə sevinən, kədərin şərik olan aşıq Ağkilsə kəndini, Göyçə mahalını  Vətənin rəmzi kimi tərənnüm edir, bu qədim yurd yerlərimizin ağır günlərindən ürək ağrısı ilə bəhs edir.

Aşıq Ələsgərin vətənpərvərliyi onun “Dağlar rədifli iki qoşmasında özünü qabarıq şəkildə biruzə verir. “Dağlar” rədifli birinci qoşmasında aşıq vaxtilə gəzib dolandığı, qoynunda xoşbəxt günlər keçidiyi “qüdrətdən səngərli,” “ağ xələt geyinən”,  yaşıl meşələri, çül-çiçəkli çəmənləri, buz kimi  bulaqları, səfalı yaylaqları olan dağlardan böyük məhəbbətlə söz açır. Çoban tütəyi çalınan,  qoyun-quzunun mələşən,  yaz-yay aylarında el-obaya qucaq açan dağlar  şairin ilham , zövq mənbəyidir:  

Bahar fəsli, yaz ayları gələndə,

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı,

Tutmaz bir-birindən aralı dağlar.

         

Dağlara həsr etdiyi digər qoşmasında nisgil, kədər motivləri əsas yer tutur.

Göyçə mahalında el-obanın etrməni daşnaklarının soyqırımına məruz qalması,  igidlər məskəni olan dağların, yaylaqların qoyun sürülərinin mələşməməsi, atların kişnəməməsi , əvvəlki büsatı görməməsi həssas aşıq qəlbini kədərləndirir, ruhdan salır.

Bir ay yarım nobahardan keçəndə

Car olur köysündən sellərin, dağlar!

Çalxanır sonalar, çığrışır qazlar,

Zəmzəm zümzüməli göllərin, dağlar!

 

Hanı mən gördüyüm qurğu-büsatlar!?

Dərdməndlər görsə, tez bağrı çatlar;

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar!?

 

El-obasız, ərənlərsiz, türfə gözəllərsiz, məclissiz, şənliksiz  qalan dağların kədərli görkəmi aşığı sarsıdır. Hər il bu yaylaqlara köçən elləri  soraqlayıb tapan aşıq qubarlanır, göz yaşları sel kimi axır.

 

Hanı bu yaylaqda yaylayan ellər!?

Görəndə gözümdən car oldu sellər.

Seyr etmir köysündə türfə gözəllər,

Sancılmır buxağa gullərin, dağlar!

 

Aşıq dəfələrlə şəmənlərində, meşələrində gəzib dolaşdığı, sərin bulaqlarından su içdiyi, çeşmə başında el şənliklərində iştirak etdiyi, yayın ortasında üstünə qar yağan  Kəpəz, Murov, Musa dağlarının adını çəkir,  dəli Qoşqara alqış deyərək üstünə nur yağmasını arzulayır:

 

Kəpəz, Murov, Musa- gör neçə dağ var…

Üstünə nur  yağsın, ay dəli Qoşqar!

Yayın orta ayında yağdırırsan qar,

Səf çəkib üstündə salların, dağlar!

 

Aşıq  dağların şər qarışanda aldığı vəziyyəti də təsvir edir. Qaş qaralanda  dağlara qaranlıq çökür, meşələr, zirvələr dumana qərq olur, sürüyə soxulan canavarla itin  savaşı, itlərin  hürərək, canavarların ulaşaraq dağların sükutunu pozur:  

 Elə ki, şər gəldi, qaraltdı qaşı,

 Dumana qərq olur dağların başı.

 Düşəndə gürg ilə kəlbin savaşı,

 Uzaq çəkir qilü-qalların, dağlar!

 

Klassik irsimizin tədqiqtçısı, folklorşünas alim Məmmədhüseyn Təhmasib yazır ki, aşıq Ələsgərin ikinci dağlar şeirində birincidən fərqli olaraq “topların, tüfənglərin  atılmasından, pulların xəzəl olmasından” danışılmır. Burada artıq gözəllər çeşmədən su götürmür, mərd igidlər məclis qurmur. Müharibədir, ellər yaylağa qalxa bilməyib, türfə gözəllər seyrə çıxmır, buxaqlara güllər sancılmır, bu hal aşıqın gözündən  damla-damla yaş yox, sel axıdır”

                             

 

Həsənnənə, Həsənbaba qoşadı,

Xaçbulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz necə yaşadı?

Ölsün Ələsgərtək qulların, dağlar!

 

Göründüyü kimi,  bir-birinin tamam əksindən ibarət olan bu iki “Dağlar”da mücərrəd, qeyri-real heç nə yoxdur. Hər iki dağlar aşığın hər il gəzib dolandığı, hər fəslinə bələd olduğu doğma yaylağıdır, oylağıdır, yurdudur, seyrəngahıdır. Qoşmaların hər iri gözəl işlənmiş  bir tablodur. Bu tabloların insana sevinc, fəərəh verəni də, dərd, kədər verənləri də var, üzü gükdürənləri də var. Ancaq  hər biri  bir sənət əsəri olmaq mənasında özünə görə gözəldir. Bunların heç biri  ancaq bir dağ kimi,  bir çeşmə kimi, bir çəmənzar kimi təsvir edilmir. Hamısı insanla, insanın gündəlik məişəti, arzu və istəkləri, sevinc və kədəri ilə bağlıdır. Aşığın elə bir təbiət təsvirinə rast gəlmək mümkün deyil ki, rada insan əsas olmasın. Ələsgərə görə, dünyada nə varsa, ancaq insanla bağlı olduğu üçün gözəldir. (Aşıq Ələsgər. Birinci kitab. Bakı:Elm, 1972, s. 12-13.)

         

 “Dağlar” şeirində aşıq  hər sözü, ifadəni zərgər dəiqliyi ilə seçmişdir. Bədii təsvir və ifadə vasitələrindən sənətkarlıqla istifadə əsərin təsir gücünü qat-qat artırmışdır. Əsərdə  epitet (dəli Qoşqar) , bənzətmə (Ölsün Ələsgərtək qulların, dağlar! ) inversiya (Tutmaz bir-birindən aralı dağlar.Car olur köysündən sellərin, dağlar! Çalxanır sonalar, çığrışır qazlar  və s. ) bədii suallar ( Hanı mən gördüyüm qurğu-büsatlar!?  Hanı bu yaylaqda yaylayan ellər!? Arsız aşıq elsiz necə yaşadı?) kimi rəngarıng məcazlar şairin təsvir etdiyi lövhənin göz önündə canlandırır, əsərin ideya-məzmununun dərindən qavranılmasını təmin edir.  




Copyright Ədəbiyyat dərsliyi © 2024