MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
İctimai ədalət arzusu.(“Aldanmış kəvakib”povesti)
Bölmələr

******

28.03.2024, 16:33

İctimai ədalət arzusu

“Aldanmış kəvakib”povesti

 

M.F.Axundzadə 1857-ci ildə yazdığı «Aldanmış kəvakib» satirik povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni tipli bədii nəsrin, povest janrının əsasını qoymuş, bədii nəsrimizin inkişaf yolunu müəyyənləşdirmişdir. İctimai-siyasi mahiyyət kəsb edən hadisələrin təsviri müəllifə feodal-istibdad üsul-idarəsini kəskin tənqid etməyə imkan yaratmıdır. Yazıçı tarixi mənbədə təsvir olunan hadisəni olduğu kimi təsvir etməyi qarşıya məqsəd qoymamış, qarşıya qoyduğu niyyətə uyğun olaraq ictimai-siyasi mahiyyətli epizodlar, əlavələr etmişdir.

Povest məzmunca ali dövlət rəhbərlərinin mənəvi puçluğunu, səriştəsizliyini ifşa edən “Hekayəti-vəziri-xani Lənkəran” əsərini xatırladır. Əsərdə istibdad rejiminin nöqsanları Şah Abbas və onun vəzirlərinin nitqində, xasiyyətində, əməllərinin təsvirində üzə çıxarılır. Ədib bu obrazlardan bəhs edərkən təfərrüata, haşiyə və detallara varmamış, həmin surətlərin tipik cəhətlərinin təsvirinə daha çox diqqət yetirmişdir. Ali dövlət rəhbərlərinin tutduğu yüksək mövqe ilə hər birinin səriştəsizliyi, daxili mahiyyəti  arasında ziddiyyət real həyati lövhələrlə, maraqlı  və əlamətdar hadisələrin təsviri ilə  üzə çıxarılır.

Povestdə Şah Abbas obrazı mühüm yer tutur. Bu obrazın  xarakterini, psixologiyasını   açmaq üçün  həm onun fəaliyyətinin təsvir edildiyi səhnələrə, həm də vəzirlərin fəaliyyətinə diqqət yetirmək lazım gəlir. O, yalnız özünü düşünən, dövlət rəhbərliyinə heç bir ləyaqəti, bacarığı olmayan bir hökmdardır. İran  dövlətinin tərəqqisi, xalqın güzəranının yaxşılaşdırılması üçün tədbir görməyən, əlini ağdan-qaraya vurmayan Şah Abbas yalnız öz mənafeyini güdür, günlərini eyş-işrətlə keçirir. Dövlət məmurlarının dərəbəylikdən, vəzifələrindən sui-istifadə edərək xalqa zülm etməsi, ölkədə ticarət və əkinçiliyin süqutu, şəhər və kəndlərin viran qalması müstəbid şərq feodal hakiminin tipik nümayəndəsi olan Şah Abbası düşündürmür.

Şah Abbas xalqa zülm edir,  hakimiyyətini qorumaq üçün hətta öz övladlarına qarşı da ən qəddar üsullara əl atır:” Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu.“ 

Şah Abbasın zülmkarlığına adət etmiş xalq o, hakimiyyətdən getdikdən sonra amansız qətlləri görməyəndə heyrətlənir, bunun səbəini anlamağa çalışır: “Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqallarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət onlara xeyli qərib göründü.”

Baş vəzir Mirzə Möhsün, maliyyə naziri Mirzə Yəhya, Sərdar Ağa Zaman , mollabaşı Axund Səməd povestin satirik surətləridir. Ədib şahın yanındakı məşvərət məclisində bu obrazları öz dilləri ilə ifşa edir.Lakin  nadanlıq, ləyaqətsizlik onların bu tiplərin hər birində özünəməxsus şəkildə üzə çıxır. Bu mənfi tiplərin İran dövlətinin fəlakətə düşməsində fərqli rolunu aydınlaşdırmaq, hər birinə xas olan  mənfi xüsusiyyətləri müəyyənləşdirmək üçün onların nitqinə, öz əməlləri barədə iftixar hissi ilə dediklərinə  diqqət yetirlməsi kifayətdir.

Ədib şahın yanındakı məşvərət məclisində öldürücü satiradan istifadə edərək bu obrazları öz dilləri ilə ifşa edir.  Dövlətin fəlakətə düşməsinə mənəviyyasız hakimiyyət nümayəndələrinin hər biri öz vəzifə səlahiyyətləri və imkanları çərçicvəsində şərait  yaratmış, ağır cinayətlər törətmişdir.  Şah Abbasın hakimiyyəti dövründə boşalmış xəzinəni doldurmaq üçün dövlət qulluqçularının maaşalarına əl uzadılması, rüşvətxorluğun baş alıb getməsi, müharibə zamanı dağılmış kəndlərin, yolların düzəldilməməsi, torpaqlarda əkin aparılmaması xalqı dilənçi vəziyyətinə salmışdır. Ölkənin bu faciəli durumunda Şah Abbasla yanaşı, onun ləyaqətsiz əyan-əşrəfinin də günahkar olduğu üzə çıxır. 

Povestdə Mirzə Sədrəddin və Mövlana Cəmaləddin kimi  yaltaq münəccimlər də ifşa edilir, hökmdar  saraylarında fitnə-fəsad, qarşıdurma, çəkişmə mühiti yaradılmasında onların oynadığı çirkin rol tənqid edilir.Yusif şahın münəccimliyi zərərli bir peşə kimi ləğv etməsi də sənətkarın maaraifçi ideallarından irəli gəlirdi.

Yusif şah xalq içərisindən çıxmış islahatçı hökmdardır. O, hakimiyyət başına keçən kimi sadə insanların  taleyini, ölkənin müqəddəratını düşünərək islahatlara başlayır. Məktəblərin, xəstəxanaların açılması,  yollar çəkilməsi, körpülər salınması, yeni vergi qanununun tətbiq edilməsi, ədalətli məhkəmələrin təşkili və s. zəruri tədbirlər ölkəni abad etmək, xalqın güzəranını yaxşılaşdırmaq məqsədi güdür.O, ölkədə ədaləti bərpa etmək üçün göstərişlər verir: ”Hakimi-vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur.”

Yusif şah haramın, əliəyriliyin kökünü kəsmək üçün rüşvətə alışmış dövlət adamlarının insanlardan hədiyyə, bəxşiş almasını qadağan edir:” Bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və dövlət adamlarına , onların xidmətçilərinə peşkəş versin.” Beləliklə, Yusif şah öz hökmdarlıq fəaliyyətində geniş maarifçi islahatlar aparmaqla  bir ovuc müftəxor hakim təbəqənin deyil, xalqın, sadə insanların mənafeyini düşünür. Lakin onun islahatları əvvəlki hakimiyyətin tərəfdarlarının üsyanı nəticəsində yarımçıq qalır, köhnə üsul -idarə bərpa olunur, Şah Abbas yenidən hakimiyyət başına keçir.

M.F.Axundzadə əsəri yazdıı illərdə  dövlətin başına maarifçi, ədalətli hökmdarın keçəcəyi təqdirdə ölkədə ədalətin, firavanlığın, tərəqqinin bərqərar olacağına inanırdı.  




Copyright Ədəbiyyat dərsliyi © 2024