MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Yeniliklə köhnəlik üz-üzə. ( “Hekayəti-müsyö Jordan...”) komediyası
Bölmələr

******

23.04.2024, 22:33

Yeniliklə köhnəlik üz-üzə

“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni-məşhur” komediyası

1850-ci ildə yazılmış “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni-məşhur” dramaturqun ikinci  komediyasıdır. Əsər ədibin ilk komediyası olan «Hekayəti- Molla İbrahimxəlil kimyagər»lə mövzu, məzmun baxımından  yaxındır. Hər iki komediyada cəhalət, nadanlıq tənqid olunur, birinci əsərdə yalançı kimyagərlik və onun toruna düşənlər, ikincidə cadugərlik gülüş hədəfinə  çevrilir.

  “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni-məşhur” komediyası müəllifin maarifçilik ideallarını əks etdirir. Əsərin əsas tənqid hədəfi tüfeyli həyat keçirən, fırıldaqçı dərviş Məstəli şahdır. Məstəli şah hiyləgər və ayıqdır. Ələ keçməmək üçün tədbirli hərəkət edir, qarşısındakını şübhələndirməmək üçün hər sözünü, həərəkətini ölçüb-biçir. Lazım gəldikdə ciddi görkəm alaraq fars dilində danışır. Bununla belə ehtiyat tədbirləri görür,  Şərəbanu xanım və Şərəfnisə xanıma təkidlə tapşırır ki, cadunun təsirinin itməməsi üçün  onun işləri barədə heç kəsə danımasınlar.

Məstəli şahın iç üzü köməkçisi Qulaməliyə dediyi sözlərdə açılır: «Bu böyük xanım bu iş üçün mənə yüz təzə bacaqlı verəcəkdir və on gün də cadunun əsər etməsi üçün vaxt var. Bir adam da bu sirri bilmir və bilməyəcək də. Bacaqlılıarı alandan sonra əl- ayaq açıb, on günə qədər özümü Arazın o tayına  sala bilərəm. Məni orada kim  tapacaqdır? Məndən sonra hər nə olacaqsa olsun».

Beləliklə, aydın olur ki, insanların cəhalətindən istifadə edərək cadugərliyi özünün gəlir mənbəyinə çevirmiş dərviş Məstəli şahın  niyyəti  avam qadınları aldadıb qızıllarını ələ keçirmək, sonra da fırıldağının üstü açılanadək özünü Arazın o tayına çatdırmaqdır. Hiyləgər dələduz olan Məstəli şah sadəlövh qadınları inandırmaq üçün özünü məşhur cadugər kimi təqdim edir:” Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Hansı işlərimi söyləyim? On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər. Xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?”

Məstəli şahdan fərqli olaraq, elmi, maarifi, tərəqqini təmsil edən Müsyö Jordan komediyanın müsbət qəhrəmanıdır. O,  dərviş Məstəli şahla üz-üzə gəlməsə də, konflikt məhz bu iki obrazın fərqli dünyagörüşünün, həyat mövqeyinin qarşılaşdırılmasından yaranır. Fransalı nəbatat alimi Müsyö Jordanın məqsədi Qarabağın təbiətini tədqiq etmək, yeni elmi nəticələr almaqdır. Mahir fırıldaqçı Məstəli şah qadınları aldadıb soymaq üçün planlar qurarkən Müsyö Jordan Qarabağın dağlarını, çöllərini gəzərək bitki nümunələri toplayır, elmi araşdırmalar aparır.

Alicənab və xeyirxah Müsyö Jordan Şahbaz bəyin fərasətini, dil öyrənmək, cəmiyyətdə mövqe tutmaq arzusunu təqdir edərək  deyir:” Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvələn, özüm onun tərbiyəsinə mütəvəcceh olub, firəng dilini və ülumunu bəqədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram; çünki mən kralın məxsus öz təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəmədiyəm; amma çün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz, ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağ gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm.”

Nəbətat alimi Müsyö Jordan  Qarabağın zəngin, füsunkar təbiətinə vurğundur. O həm də qonağı olduğu bu ölkənin insanlarına rəğbətlə yanaşır, təbii sərvətlərini qədirbilənliklə qiymətləndirir. Şahbaz bəy Fransaya aparmaq istəyi Müsyö Jordanın  vətənpərvərlik hislərindən, öz xalqının dilini, adət- ənənələrini, mədəniyyətini təbliğ etmək niyyətindən də irəli gəlir. Müsyö Jordanın Parisdə inqilab xəbərini eşidərkən keçirdiyi həyəcan, sarsıntı öz ölkəsinin taleyi üçün narahatlıq keçirən, vətənin dar günündə doğma yurdunda olmaq istəyən bir insanın təbii hisləridir.

Şahbaz bəy əsərdə yeni gəncliyi, maarifçi zadəganları təmsil edir. Dramaturq bu obrazın arzularından söz açarkən sanki özünün Tiflisə səfər ərəfəsində keçirdiyi hisləri ifadə edir. Müsyö Jordan Şahbaz bəyin qəlbində yeni həyata başlamaq, “bataqlıq”dan, “qamışlıq”dan qurtulmaq, cəmiyyətdə layiqli yer tutmaq, təhsilini artırmaq arzusunun həyata keçəcəyinə ümid hissi oyadır.  M.F.Axundzadə bu gəncin simasında yeni həyat, yaşayış tərzi, yeni adətlər barədə düşünən, qərb mədəniyyəti ilə tanış olmaq istəyən müasir düçüncəli Azərbaycan gənclərinin xüsusiyyətlərini canlandırmışdır.

Komediyada Hatəmxan ağa obrazı da özünəməxsus cəhətləri ilə diqqəti cəlb edir. Bacarıqlı mülkədar olan Hatəmxan ağa çar hakimiyyətinin yerli məmurları ilə dil taparaq  təəsərrüfatını uğurla idarə edir. Şahbaz bəyin təhsilli bir gənc kimi yetişməsində onun əməyi böyükdür. Hatəmxan ağa Müsyö Jordana münasibətdə qonaqpərvərliyi, alicənablığı ilə  xalqımıza xas olan mənəvi dəyərlərin daşıyıcısı kimi çııxış edir. Bununla yanaşı, dramaturq onun qüsurlarını – vaxtı keçmiş dədə-baba adətlərinə bağlılığını, fransız xalqının həyat  tərzi  haqında  məhdud təsəvvürə malik olduğunu da göstərir.

Şərəbanu xanım və Şərəfnisə xanım əsərdə komik planda verilib. Onlar avam, köhnəlmiş adət-ənənəlrlə yaşayan, fırıldaqçı cadugərin toruna düşən nadan qadınları təmsil edirlər. Müsyö Jordanın Qarabağda oturub Parisi dağıtmasına inanmaları onları gülünc vəziyyətə salır, zahiri qələbələrinin gülünclüyünü göstərir.




Copyright Ədəbiyyat dərsliyi © 2024