MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Qasım bəy Zakir. Gözəlliyin tərənnümçüsü, haqqın müdafəçisi
Bölmələr

******

29.03.2024, 10:59

Gözəlliyin tərənnümçüsü, haqqın müdafiəçisi

Qasım bəy Zakir

Həyatı haqqında

 

         Çoxcəhətli yaradıcılığı ilə XIX əsr ədəbiyyatımızın zənginləşməsində böyük xidmətləri olan Qasım bəy Zakirin satirik cərəyanın yaranmasında müstəsna xidmətləri vardır. Füzuli və Vaqif şeir ənənələrini davam etdirən şair orijinal əsərləri ilə həm müasirlərinin, həm də sonrakı nəsillərin diqqətini daim cəlb etmişdir.

           O, 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində dünyaya gəlmişdir. Zakir Şuşa şəhərinin binasını qoyan Pənah xanın qardaşı Hüseynəli ağanın nəticəsidir. Bu nəsil Azərbaycanda “Cavanşir” adı ilə tanınmışdır. Zakir kiçik yaşlarında doğma yurdunun keşməkeşli günlərini – Ağa Məhəmməd şah Qacarın Qarabağa, onun əhalisinə tutduğu divanı, M. P. Vaqifin öldürülməsini, xanlıq üstündə gedən didişmələri görmüş, bütün bunlar onun xarakterinin, dünyagörüşünün  formalaşmasına güclü təsir etmişdir.

          O, mükəmməl mollaxanada təhsili almış, almış, ərəb və fars dillərini öyrənmişdir. Çox sevdiyi aşıq poeziyası ilə bərabər, Yaxın Şərqin böyük klassiklərinin – Firdovsinin, Nizaminin, Sədinin və b. əsərlərini  sevə-sevə oxumuş, ilk şeirlərini Füzuli yardıcılığının təsiri altında yazmışdır. Onun daha çox müraciət etdiyi ikinci şair Vaqif olmuşdur.

        Gənclik illərində o, müsəlman könllü atlı dəstəsinin sıralarında çar ordusunda xidmətdə olmuş, Rusiya-İran müharibələrində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyi üçün medalla təltif edilmişdir. Ömrünün sonrakı illərində də Zakir çar hakimiyyətinə dost mövqedə olmuşdur. Lakin rus hakimiyyəti şairə qoça yaşlarında böyük haqsızlıq etdi. Bu, həmişə belə olub: Rusiya dövlətinə sədaqətlə xidmət edən övladlarımız sonda həmin dövlətdən hörmətsizlik və xəyanət görüblər. Bu aqibəti Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov və yüzlərlə başqaları yaşayıb... 

Tanınmış ədəbiyyatşünas Firudin bəy Köçərli xatirələrə əsaslanaraq yazır ki, Zakir xoşsurət, zoşsima, uca qamətli, rəhmli və mürüvvətli bir adam imiş... Ağıllı, göy rəngə  mail gözləri var imiş. Bir az tündməcaz olduğu üçün tərpənişində dəxi çəpiklik görünərmiş. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb onun qeyz və hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə edərmiş. Adəti halında həlim, rəhmli və mürüvvətli bir adam imiş...

Şair ömrünün çoxunu Xurşidbanu Natəvanın  atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan adlı kiçik kənddə yaşamış, təsərrüfatla məşğul olmuşdur. O, bu kəndin cüzi gəliri ilə sadə həyat sürmüşdür.

Zakir Qarabağ mahalında baş verən bütün mühüm hadisələri izləyir, haqsızlığın baş alıb getməsinə dözə bilmirdi. Elə buna görə də çar hakimiyyətinin rüşvətxor məmurları, ədalətsiz bəy və mülkədarlar, ikiüzlü ruhanilər onun amansız satirasının tənqid hədəflərinə çevrilirdilər. Şairin düşmənləri gündən-günə çoxalırdı. Fitnəkarlığı ilə Qarabağda ad-san çıxaran Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasım, xüsusən çar hakimi Konsantin Tarxan-Mouravov bu nəcib, həqiqəti müdafiə edən insanın qəddar düşməninə çevrilmişdilər. Konsantin Tarxan-Mouravov şairdən intiqam almaq üçün bəhanə tapdı; onu hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəyi evində saxlamaqda günahlandırdı. Böyük bir atlı dəstəsi ilə Xındırıstana hücum edən bu çar hakimi kəndi qarət etdi, Zakiri ailə üzvləri ilə birlikdə Şuşaya gətirib həbsxanaya saldı. Oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy Rusiyaya sürgün edildi. Bir ilə qədər Şuşada həbsdə qalan Zakir isə Bakıya sürgün olundu. Üç aya qədər sürgün həyatı yaşayan şair dostlarına – M.F.Axundzadəyə, İ.Qutqaşınlıya və başqalarına məktub yazaraq kömək istədi.    Dostlarının, xüsusən də M.F.Axundzadənin səyi ilə sürgündən azad olub Şuşaya qayıdan şair sonrakı həyatını  polisin nəzarəti ilə yaşamalı olur. Oğlu və qardaşı oğlu isə uç il Rusiyada sürgün həyatı yaşadıqdan sonra vətənə dönə bildilər.

Keçirdiyi mənəvi sarsıntılar, çəkdiyi əzab-əziyyət şairi əldən salır. O, 1857-ci ildə Şuşada vəfat edir və Mirzə Həsən qəbiristanlığında dəfn olunur.

 

Yaradıcılığı haqqında

 

Q. Zakirin lirik və epik növdə yazdığı əsərlərlərdən ibarət zəngin bədii irsi vardır.  Onun lirikası klassik və aşıq şeiri üslubunda qələmə aldığı qoşma, gəraylı, təcnis, qəzəl, müxəmməs, müstəzad və s. ibarətdir. Poeziyamızı mövzu və ideya cəhətdən zənginləşdirən bu şeirlərin bir qismində insan gözəlliyi və həqiqi aşiqin saf məhəbbətindən söz açılır, digər qismində isə dövrün ictimai eyibləri, əxlaqi-mənəvi qüsurlar tənqid olunur.

Zakir Vaqifin qoşmalarından təsirlənmiş, onun bəzi şeirlərinə nəzirə də yazmışdır. Lakin Zakirin qoşmaları özəlliyi, orijinallığı ilə diqqəti dərhal cəlb edir. Bu iki sənətkarın qoşmalarında ideya-məzmun baxımından müəyyən fərqlərin olduğunu da görmək mümkündür. Məsələn, Vaqifin qoşmalarında fərəh, nikbin ruh aprıcı olduğu halda, Zakir qoşmalarında həm də fələkdən, dövranın zülmündən şikayət motivləri güclüdür.

Şairin qoşmalarında tanış olduğumuz lirik qəhrəman son dərəcə səmimi, mənəviyyatca pak, eşqində sədaqətlidir. O, ayrılığa çətinliklə tab gətirir:

 

Gözümün yaşına qərq oldu tənim,

Bu hal ilə işim müşküldür mənim,

  Səndən ayrılandan, ey gülbədənim,

Həq bilir, qalmışam sel arasında.

 

Ayrılıq, vüsal həsrəti  onu üzür. Dərdə-qəmə batan, intizar içində qovrulan  aşiq  şikayətini dilə gətirməyə məcbur olur:

 

Düşəndə yadıma vəfalı dilbər,

Sərasər od tutub alışır cigər.

Qəm tünlük, mən yalqız, yüz yana çəkər,

Zakirəm, böyüyüb başım, ağlaram.

 

Çəkdiyi əzablar böyük olsa da, aşiq vüsal həsrətinin sona yetəcəyinə inanır,  sevdiyi gözəlin başına gündə yüz yol dolanmağa hazır oduğunu bəyan edir:  

 

Sürmə çəksin gözlərinə, qaşına,

Gündə yüz yol mən dolanım başına.

Zakir tək yanmağa eşq atəşinə

Cürəti var isə, pərvanə gəlsin.

 

Zakirin qoşmalarında təsvir edilən gözəllər  şairin həyatda gördüyü, tanıdığı insanlardır. Şair onların cazibədar zahiri görünüşünü, geyim və bəzəklərini təsvir etməklə kifayətlənmir. Onlarla bağlı arzu və istəklərini də bildirir. Şairin fikrincə, təbii gözəllik olan yerdə süni bəzəyə əl atmaq yersizdir:

 

Sən sadə gözəlsən, qoyma, sevdiyim,

Məşşatələr bəzək taxa üzünə,

Bərgi-gülə bənzər üzari-alın,

Nə lazımdır ənlik yaxa üzünə.

 

Gözəlin mənəvi aləmindən danışarkən Zakir Vaqiflə eyni fikirdə olur; o, ağıllı-kamallı, yerişini-duruşunu bilən, sədaqətli, vəfalı el gözəli olmalıdır. Bu gözəllər “məkr” və hiylədən uzaq, səmimi və həyalı olmaları ilə seçilməlidirlər.

Zakirin lirikasında ictimai məzmunda olanlar da az deyildir. Bu qəbildən şeirlərdə həqiqəti, insafı hər şeydən uca tutan nəcib bir qəlbin həyəcanını açıq-aşkar duymaq olur. Zəmanədən şikayət, haqsızlığa etiraz, insan təbiətindəki qüsurların tənqidi və s. belə şeirlərin ideya-məzmununu təşkil edir. Belə ki, “Gözüm yolda qaldı, könül intizar”, “Dost yolunda cəfa çəkdim, can üzdüm”, ”Gecə-gündüz həsrət çəkər gözlərim” və s. qoşmalarında şair qəm-qüssə, kədər ifadə edən söz və ifadələrə geniş yer verir. Kədər, narazılıq ruhu onun sürgündə olarkən yazdığı “Durnalar” rədifli qoşmasında daha güclüdür.

Zakir əruz vəznində yazdığı şeirlərdə də uğur qazanmışdır. Bir çox şairlərə nəzirələr yazsa da, bu, yaradıcılığında əhəmiyyətli yer tutmamışdır. Qəzəllərində daha çox Füzulinin yolunu tutan şairin lirik qəhrəmanı sevgilisinin cövrü cəfasından şikayətlənsə də, günlərini kədər içində keçirsə də, vüsal ümidini itirmir, ruhdan düşmür.

Şairin digər janrlarda ( məsələn, tərcibənd, tərkibbənd ) yazdığı əsərlərin bir qismində saf məhəbbəti, bir qismində isə müasiri olduğu həyatı əks etdirmişdir.

Zakirin yaradıcılığı satiraları ilə daha qiymətlidir. Başqa sözlə, ona ədəbiyyat tarixində şərəfli mövqe qazandıran, onu realist sənətkar kimi tanıdan daha çox satiralarıdır. Satiralarının tənqid hədəfləri çoxdur: ədalətsiz, rüşvətxor çar hakimləri, zalım mülkədar və bəylər, cəhalət, mövhumat mənbəyi olan ruhanilər, cəmiyyətin digər təbəqələri onun ifşaedici qələmindən yayınmamışlar. Maraqlıdır ki, bu satiraların çoxunu şair müasirlərinə məktub şəklində yazmışdır.

Şairi təbdən çıxaran,  daha çox qəzəbləndirən qəza hakimlərinin, çar məmurlarının özbaşınalığı, rüşvətxorluğu, oğru və quldurlarla əlbir olmaları idi. Qarabağın o zamankı hakimlərindən Xandəmirovun, K. Tarxan-Mauravovun xalqa qarşı çevrilmiş çirkin əmələrini çəkinmədən ifşa edən şair yuxarı dairələrdən kömək gözləyirdi.

 

Görsən tanımazsan Yarımsaqqalı,

Çıxıb əndazədən dövləti, malı.

Xandəmirov çaldı,çapdı mahalı,

O ki var tutub özün keçəl qurumsaq.

 

Çar idarələrində, məhkəmələrdə rüşvətxorluğun baş alıb getdiyini yaxşı bilən şair dövlət adamının – “dövlət xadiminin” külli miqdarada rüşvət almayınca adi bir dərdə belə çarə etmədiklərini dilə gətirirdi:

 

Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət,

Verməz bir içim su sana, ta almaya dərya.

Simu zər ilə doldurasan ta gərək ovcun,

Ondan sora, zahir qıla şayət yədi-beyza.

Hər kimsə ki, düşdü tora, müşküldü xilası,

Çəkməzlər əl ondan şirəsin sormayalar ta.

 

      Mahalda – Qarabağda vəziyyətin gündən-günə pisləşməsi, oğurluğun, quldurluğun artması şairi narahat edir, vətənpərvər şairi qəzəbləndirir. Ölkəni idarə edənlərə qarşı çıxır, səsini ucaldır:

 

Nəçidir, məmləkəti çala-çapa dana-doluq,

Əhli-divan ona hərgah desə kim, dincəl.

 

Şair tədricən başa düşmüşdür ki, ucqarlarda baş verən ədalətsizliyin, haqsızlığın aradan qaldırılması üçün Qafqaz canişinindən, yaxud padşahın – rus çarının özündən kömək gözləmək mənasızdır. Elə buna görə də “dövləti-ali”yə nifrət etməyə başlayır.   

Şairin yaradıcılığında mənzum hekayələr də mühüm yer tutur. Bu əsərlərin bir qismində (“Məlikzadə və Şahsənəm”, “Aşiqin təam bişirməyi” və s.) məhəbbət, evlilik məsələlərindən danışılır, digər qismi (“Dəvəsi itən kəs”, “Tərlanlar və elçilər” və s.) tərbiyəvi, bəziləri isə (“Dərviş ilə qız”, “Həyasız dərvişlər haqqında” və s.) satirik-tənqidi mahiyyət daşıyır. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair maraqlı təmsillər  (“Tülkü və Qurd”, “Aslan, Qurd və Çaqqal” və s.) yaratmışdır. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxır, hiylə, satqınlıq, mənəm-mənəmlik kimi cəhətləri pisləyir. Şairin təmsilləri gənclərə mərdlik, fədakarlıq, sədaqət kimi gözəl sifətlər aşılayan qiymətli sənət nümunələrdir.

 

 

Sənədlərdən, mənbələrdən məlum olur ki, Q. Zakir əsərlərinin üzərində dönə-dönə işləmiş, daha tutarlı söz seçmək, misrada onun yerini tapmaq, məqamında işlətmək üzərində yorulmadan çalışmışdır. Dilinin sadəliyinə, aydınlığına xüsusi diqqət yetirən şairin canlı danışıq dilindəki söz və ifadələrdən ardıcıl, həm də məharətlə  istifadə etməsi onun əsərlərinə xüsusi rəng, ayrıca təravət bəxş etmişdir. O, atalar sözlərindən, zərb-məsəllərdən yerli-yerində istifadə etməklə aydın, axıcı, şux qoşmalar yaratmışdır. Bütün bunlar onun şeirlərini bədii cəhətdən qüvvətləndirdiyi kimi, məna dərinliyinə də səbəb olmuşdur.

Şairin yaratdığı məcazlar orijinallığı ilə seçilir. O, məcazlardan vəziyyətə uyğun istifadə edir. Başqa sözlə, aşiqin kədərli vəziyyətinin təsvirində “qəm ləşkəri”, “Məcnuni-şeyda tək”, “sızlaram misli-əndəlib” işlədirsə, məşuqənin təsvirində “günəş camallı”, “ yanağı lalə”, “sərv qamət”, “üzü gül” və s. məcazlardan istifadə edir.

Əsərlərində  qoşa sözlərə ( “sallana-sallana”, “baxa-baxa”, “xumar-xumar” və s.), daxili qafiyələrə geniş yer verən şair epitet, bənzətmə, təzad, mübaliğə və s. tez-tez müraciət etmiş, yüksək obrazlılığa, mükəmməl bədiiliyə nail olmuşdur.

Şair həm heca, həm də əruz vəznində yazdığı əsərlərdə yüksək sənətkarlıq nümayiş etdirmiş, böyük uğur qazanmışdır.




Copyright Ədəbiyyat dərsliyi © 2024