Ənvər Əlibəyli
(1916 – 1968)
Azərbaycanın tanınmış şairlərindən olan Ənvər Əlibəyli 1916-ci il
aprel ayının 1-də bakıda doğulmuşdur. Orta təhsilini bu şəhərdə almış, Bakıdakı
Tibb Texnikumunda təhsilini davam etdirmişdir. Sonralar Azərbaycan Pedaqoji
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil alaraq, müəllimlik
sənətinə yiyələnmişdir. Ə.Əlibəyli müxtəlif peşələrdə çalışsa da, ömrününün
sonuna kimi ədəbi yaradıcılıqla məşğul olmuşdur. Onun "Qaranquş”, "Sənin adınla”, "Dostluq körpüsü”, "Dalğalar
arasında”, "Elə xoşbəxtəm ki”, "Nəğmələr” və digər şeir kitablarında insanlara
kədər və fəlakət gətirən müharibə pisləninilir, Vətənimizin füsunkar təbiəti,
insanlarımızın əməksevərliyi, xalqımızın gələcəyi olan uşaq və gənclərin həyatı
tərənnüm edilmişdir. Bir
neçə şeirini sizə təqdim edirik.
Azərbaycanım!
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
"Yurdum, yuvan, məckənimsən”,
Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım
El bilir ki, tükənməyən sərvətin vardır.
Sinən üstə ağ pambıqlı göy tarlalardır,
Buruqların dənizdə də qatar-qatardır,
"Yurdum, yuvan, məckənimsən”,
Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!
Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
Sənə kövrək qəlbim deyim,
"Yurdum, yuvan, məckənimsən”,
Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!
Sənin Vurğununam, Bahar, Ay Bahar
Sənin gəlişinlə düzəndə, dağda
Qarlar selə dönüb axar, ay bahar!
Ətirli güllərdən qızlar, gəlinlər
Dərib sinəsinə taxar, ay bahar!
Yaşıla bürünər çəmən, dağ, meşə,
Ayılar yuxudan nərgiz, bənövşə:
Qışın şaxtasında, inan, həmişə
Həsrətin qəlbləri yaxar, ay bahar!
Yaşıl reyhanların, qızıl güllərin
Ətrini gətirər əsən yellərin.
Mən də bülbülüyəm bu şad ellərin,
Sənin vurğununam, bahar, ay bahar!