MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Qədim və zəngin xalq yaradıcılığı
Bölmələr

******

28.03.2024, 18:49

QƏDİM VƏ ZƏNGİN XALQ  YARADICILIĞI

 

Azərbaycan şifahi xalq ədəbiyyatı bədii cəhətdən kamil, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər öz janr, dil-üslub əlvanlığı, poetik siqləti, xəlqiliyi, yığcamlığı ilə seçilir. Xalqımızın şifahi ədəbiyyatı janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, bədii təsvir və ifadə vasitələri baxımından zəngin, rəngarəngdir.

Şifahi xalq ədəbiyyatının kökləri tarix baxımından daha qədimlərə  - ümumtürk mədəniyyətinə gedib çıxır. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Həmin dövrdən etibarən xalqımızın şifahi ədəbiyyatı böyük tarixi inkişaf yolu keçmişdir. Folklor xalqımızın tarixini, məişətini, əməyini, arzu və istəklərini, inkişaf prosesində əldə olunmuş mənəvi dəyərlərini  geniş şəkildə əks etdirir. Xalqımız özünün şifahi yaradıcılığında həmişə  ədəbiyyatın tərbiyəedicilik imkanlarına xüsusi fikir vermiş, böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanların obrazını yaratmışdır. Tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və s. mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün genişliyi ilə təsvir edən şifahi xalq ədəbiyyatı insanları həmin qüsurlardan təmizləməyə, mənən, ruhən müalicə etməyə çalışmışdır.  Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər vardır:

  •  şifahi ədəbiyyat daha qədim zamanlardan etibarən meydana çıxmış, yazının mövcud olmadığı uzun əsrlər, hətta minillər boyu şifahi yolla, dildən dilə, ağızdan-ağıza keçərək yayılmış, inkişaf etmiş, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir;
  • şifahi ədəbiyyat nümunələrinin konkret müəllifi olmur, o, bütövlükdə xalqın ümumi yaradıcılığının məhsuludur, yazılı ədəbiyyatsa müəllifli ədəbiyyatdır;
  •  şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyatsa təkvariantlıdır. Məsələn, «Koroğlu» dastanının türk, kürd, özbək, tacik, türkmən variantları da mövcuddur.  Bir sıra atalar sözləri, nağıl, lətifələrin də müxtəlif variantları vardır.

Azərbaycan folklorunu üç ədəbi növdə yaradılmışdır: Lirik növ,  epik növ, dramatik növ.

Lirik folklorun janrları

Şifahi xalq ədəbiyyatında lirik növ əsasən nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. Buraya nəğmələr, mahnılar, bayatılar, ağılar və s. daxildir.

Əmək nəğmələri folklorun ən qədim növü sayılır. Qədim dövrlər insanlar ovçuluq, əkin-biçinlə, heyvandarlıla məşğul olmuş,  əmək mərasimləri keçirmişlər. Əmə prosesində yaranan ovqat, söz və ifadələr poetik forma alımış, holavarlara, sayaçı sözlərə çevrilmişdir. Əkinçi, cütcü nəğmələri olan holavarlar hodaqçı-cütçünün dilindən öküzə, kələ müraciətlə söylənilir. Bu nəğmələrdə cütçü öz qayğılarından söz açır, ağır əmək prosesini yüngülləşdirən, ruzi, bərəkət yaradan heyvanları tərifləyir, əkin-biçin işlərinə həvəsləndirir:              

 Boynunu mən yağlaram,

 Yaman gözü dağlaram,

 Tez çək, maral öküzüm,

 Geri qalsan ağlaram.

          Qoyunçuluqla bağlı  nəğmələr olan sayaçı sözlərində əmək adamının onu ruzi, bərəkətlə bol-bol təmin edən qoyuna,keçiyə qayğıkeş münasibəti ifadə olunur:

Nənəm, a şişək qoyun,

Yunu bir döşək qoyun,

Bulamanı tez yetir

Gözləyir uşaq qoyun.

 

Qədim dövrlərdə təbiət hadisələri ilə bağlı ifa edilən nəğmələr mərasim folklorunun yaranması ilə nəticələnmişdir. Mövsüm mərasimləri müxtəlif fəsillərlə  bağlıdır. Xalq öz müşahidələrindən, müxtəlif fəsillərdə təbiət hadisələrinin xarakterindən çıxış edərək fəsillərə, aylara öz münasibətini poetik bir dillə ifadə etmişdir:

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır,

Üçü yığıb gətirir,

Biri vurub dağıdır.

 

Günəşi çağırmaq mərasimində “Gün çıx” mövsüm nəğməsi ifa edilmişdir:

Gün çıx, gün çıx,

Kəhər atı, min çıx.

Oğlun qayadan uçdu,

Qızın təndirə düşdü.

Keçəl qızı qoy evdə

Saçlı qızı götür çıx.

 

İl quraqlıq keçəndə yağışçağırma mərasimi vasitəsilə nəğmələr oxunmuşdur:

 

Göydən, göydən nə gələr?

Damla-damla yağmur gələr.

Anbarlar dolu-dolu.

Sənəklər sulu-sulu,

Bizdən bərəkət,

Göydən yağmur,

Ver, tanrım, ver.

 “Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsilməsi, dumaın, buludun qovulması məqsədilə ifa edilmişdir:

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı gün gördünmü?

Toy mərasimi nikbin, şənlik əhval-ruhiyyəli məişət mərasimidir. Bu mərasimdə oxunan nəğmələr musiqi, oyunun müşayiəti ilə ifa edilir. Elçilik, nişan  mərasimində qız evinin razılığı alındıqdan sonra oğlan evi nişan üzüyüny təqdim edir. Məclisə  şirniyyat, şirin çay  gətirilir:

Bizdə olan gözəllər,

Bağ-bağçanı bəzərlər,

Nişan günü süfrəyə

Şirni, şərbət düzərlər.

 

Toy mərasiminin hər mərhələsinin  xarakterinə uyğun nəğmə ifa edilir:

                              Qismətinmiş sənin güllər butası,

                              Sən olasan doqquz oğul atası,

                              Dursun xələt versin bəyin atası,

                              Görüm, a bəy, oyun mübarək olsun,

                              Sağdışın, doldışn, elin var olsun!

                              Yol açın gəlin gəlir.

         

Ağılar ölüm hadisəsi baş verəndə keçirilən yas mərasimlərində ifa edilib. Bu nəğmələrdə əzizini itirmiş insanların sonsuz kədəri, keçirdiyi ağrılı-acılı hislər öz əksini tapıb:

                                       Bu dağlar, ulu dağlar,

                                       Çeşməli, sulu dağlar,

                                       Burda bir qərib ölüb

                                       Göy kişnər, bulud ağlar.

 

Qəhrəmanlıq nəğmələri düşmənə qarşı mübarizədə mərdlik, hünər göstərən igidlərin şəninə ifa edilib. “Koroğlu” dastanında Koroğlu qəhrəmanlıq nəğməsini ifa edərək öz dəlilərini düşmən üstünə hücum  çəkməyə, igidlik göstərməyə səsləyrir:

                                       Hoydu, dəlilərim, hoydu
Yeriyin meydan üstünə!
Havadaki şahin kimi,
Tökülün al qan üstünə!
 

Laylalar və oxşamalar uşaq folklorunun geniş yayılmış janrlarıdır. Laylalar ananın öz körpəsini yuxuya vermək, əzizləmək məqsədilə söylədiyi nəğmələrdir. Bu nəğmələr dördlük şəklində, dörd misradan ibarət olur. Laylalar heca vəznində, yeddi hecalı olur. Laylaların bir qismində iki misradan ibarət nəqərat verilir. Əksər hallarda «lay-lay» və «balam» sözləri  təkrar olunur:  

Lay-lay dedim həmişə,

Karvan gedər enişə,

Yastığında gül bitsin,

Döşəyində bənövşə.

Lay-lay, balam, a lay-lay,

Körpə balam, a lay-lay.

Laylaların bir qismində - arzulamalarda  ana öz arzularından, övladının gələcəyinə bəslədiyi ümidlərdən, qəlbindəki ülvi istəklərdən söz açır. Bu, övladını dünyalarca sevən, onun yolunda hər cür fədakarlığa hazır olan ananın  təbii arzulardır. Dünyaya övlad gətirən hər bir ananın  qəlbində körpəsinin dil açması, ayaq tutub yeriməsi, gəzib oynaması, deyib - gülməsi, boya-başa çatıb qız sevməsi, toy etməsi, ailə qurması arzusu var. Ana övladının toy gününü görmək arzusundadır. Axı, bu, onun həyatında ən əziz br gündür:

                                       Lay-lay, a gəlin bala,

                                       Yuxusu dərin bala.

                                       Tanrıdan əhdim budur:

                                       Toyunu görüm, bala.

Oxşamalar öz körpəsini atıb-tutan, əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Son dövrlərdə elmi ədəbiyyatda oxşama əvəzinə nazlama terminindən də istifadə olunur. Oxşamalar iki misralı və dörd misralı, əsasən yeddi və beş hecalı olur. İki misralı oxşamalarda  birinci misra səkkiz, ikinci misra yeddi hecalı olur. Ana  birinci misrada heyvanları, quşları, əşyaları balasına qurban deyir. İkinci misrada körpənin dil açması, iməkləməsi, əl çalması, oynaması kimi arzulardan söz açılır:

Balama qurban inəklər,

                                                 Balam haçan iməklər.

         

                                                 Balama qurban sərçələr,

                                                 Balam haçan əl çalar.

Dördlük şəklində olan oxşamaların qafiyə sistemi a a  b a ( birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst)  və ya a a  a b şəklində (birinci, ikinci, üçüncü misralar həmqafiyə, dördüncü misra sərbəst) olur.

                                                 Çaydır, dənizdir,

                                                 Quldur, kənizdir.

                                                 Balam hər nədir,

                                                 Mənə əzizdir.

Şifahi xalq ədəbiyyatının geniş yayılmış lirik janrlarından olan bayatılar insanın həyatın müxtəlif məqamlarında keçirdiyi  fərqli duyğuları, düşüncələri əks etdirir. Mövzuca müxtəlif olan,  bayatılarda sevgi, ayrılıq, vətənpərvərlik, qəriblik, mərdlik, haqsızlığa etiraz və s. motivlər əsas yer tutur:

                                         Yol vermə yada, Təbriz.

                                          El gedər bada, Təbriz.

                                           Sənin həsrətindəyəm,

                                           Can sənə fəda, Təbriz!

 

Əzizim, baxtı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,

Sənə kim baxdı yarım?

Lirik xalq mahnıları folklorun kütləvi janrlarındandır. Şeir-musiqi folkloruna aid edilən xalq mahnıları nəğmələrdən fərqli olaraq musiqisi, havası olur. Xalq mahnılarından insanların gündəlik həyatında istifadə olunur.Mahnılarda insanın sevgi, həsrət, ayrılıq hisləri, vətənpərvərliyi, təbiətə məhəbbəti  öz əksini tapır.

Apardı sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.

Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
 

Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.

 

Epik folklorun janrları

          Azərbaycan xalqının yaratdığı şifahi söz sənətinin mühüm bir qolunu  epik folklor təşkil edir. Folklorun epik növünə aid olan əsərlərdə hadsələrin nağıl edilməsi, təhkiyə əsas yer tutur. Epik növ əsasən nəsrlə olub həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet geniş, çoxşaxəlidir. Buraya xalq nağılları, dastanları, tapmaca, yanıltmac və s. daxildir.

Epik folklor nümunələrinin məzmunu öz həyatiliyi, xəlqiliyi ilə seçilir. Bu əsərlərdə xalqın həyatı, məişəti, arzu və istəkləri, mübarizəsi, onu düşündürən məsələlər öz bədii əksini tapır. Həmin əsərlərdə xalq üçün  əhəmiyyətli olan mətləblər – mühüm tarixi hadisələr, xalqın gündəlik qayğıları, azadlıq, haqq, ədalət uğrunda mübarizəsi, adət-ənənələri, ailə münasibətləri işıqlandırılır. Bu əsərlərin qəhrəmanları da əksər hallarda xalqın nümayəndələri –  sadə insanlardır.

Epik növün ən qədim və çox yayılmış janrlarından əfsanələr  xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı surətdə yaranmışdır. Əfsanələri epik növün başqa janrlarından  fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri- adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə insan asanlıqla quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, güllər, çiçəklər dil açıb danışır, Tanrı öz bəndəsinin səsini eşidib, dərhal onun istədiyini yerinə yetirir və s.

Zoonimik əfsanələr heyvan və quş, toponimik əfsanələr müxtəlif yer – şəhər, kənd, qala, dağ, bürc və s. adları ilə bağlı əfsanələrdir. «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik» zoonimik, «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmirqaya» isə toponimik əfsanələrdir. Bu əfsanələrdə adları çəkilən heyvan, quş və yer adlarının yaranmasından danışılır. Folklor yaradıcıları əfsanə qəhrəmanlarının timsalında Xeyirə, Gözəlliyə məhəbbət, Şərə və Eybəcərliyə nifrət hissi oyadırlar.Etnonimik əfsanələr – tayfa, xalq, el, nəsil adları ilə əlaqədar yaranmışdır. Belə əfsanələr içərisində «Oğuz» və «Bayat» çox məşhurdur. Həmin əfsanələrin birincisində Azərbaycan türklərinin ulu babası sayılan oğuzların yaranması təsvir edilir.Kosmoqonik əfsanələr – səma cisimləri haqqında olan əfsanələrdir. Xalqın qədim kosmoqonik təsəvvürləri ilə bağlı yaranan belə əfsanələrin qəhrəmanları Ay, Günəş və müxtəlif  ulduzlardır. Xüsusilə Ayın üzərində görünən ləkələr, onun gecələr, Günəşin isə gündüzlər çıxması qədim insanları maraqlandırmış və onlar bu iki  səma cismini insaniləşdirərək, onlar haqqında müxtəlif əfsanələr yaratmışlar. Bu baxımdan «Günəşlə Ay» əfsanəsi çox səciyyəvidir.

Əsərdə Ay səmimi, fədakar bir aşiqdir. O, Günəşi dərin bir  məhəbbətlə sevir. «Öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünür, bədənini parça- parça edir. Bəzən də həsrətdən o qədər nazilir ki, Günəşin özü də onu görəndə xəcalət çəkib gizlənir». Sevgilisi yolunda bütün fədakarlıqlara hazır olan Ay Günəşin istəyinə əməl edərək üzündəki xalı qoparıb ona verir. Lakin Günəş aşiqinin bu  fədakarlığını lazımınca qiymətləndirə bilmir:- Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm, - deyə qürrələnir. Ay sevdiyi qızın sözlərindən elə heyrətlənir ki, üzünə tökülən qan sifətinədəcə donur və elə o vaxtdan Ayın üzündə ləkə qalır. Sevgilisinin hərəkətindən qəlbi sınan Ay ondan uzaqlaşaraq bir daha Günəşi görmək istəmir. Əməlindən peşman olan Günəş nə qədər Ayı çağırırsa da cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün.

Rəvayətlərdə keçmişdə  real şəxsiyyətlə bağlı, baş vermiş həyat hadisələri yığcam şəkildə əks etdirilir. Rəvayətlərin süjeti sadə, obrazların sayı az olur. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Nəsimi, Xətayi, Makedoniyalı İskəndər, Teymurləng, Nadir şah rəvayətlərində tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti iə bağlı hadisələr əks olunub. “Bibiheybət”, “Şuşa” rəvayətləri yer adları ilə bağlıdır.

Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Məsəllər müəyyən əhvalat, hadisə ilə bağlı olur. Atalar sözü və məsəllər xalqın əsrlər boyu topladığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir:

          -  Ağac bar verəndə başını aşağı salar.

          -  Vaxtını itirən bəxtini itirər.

          - Yüz ölç, bir biç.

          - Görünən dağa bələdçi lazım deyil.

Məsəldə söylənilən mfikri başa düşmək üçün dinləyənin həmin əhvalatı bilməsi lazım gəlir: “Karın könlündəki”, “Qələt yağ küpəsindədir”, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu” və s.

Şifahi xalq ədəbiyyatının maraqla danışılan və dinlənilən janrlarından biri lətifələrdir. Onlar ictimai həyatdakı və məişətdəki  qüsürları əks etdirən yığcam və gülməli hekayələrdir. Lətifələrin əsasında gülüş dayanır. Xalq öz dünyagörüşünə, mənəviyyatına, əxlaqına zidd olan pis  xüsusiyyətlərə gülməklə onların islahına çalışır. Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqa lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir. Azərbaycan lətifələrinin çoxu onun adı ilə bağlıdır. Qədim zamanlardan bəri xalq arasında gəzən bir çox əhvalatlar biçimlənərək lətifə şəklinə salınmış və Molla Nəsrəddin adı ilə  əlaqələndirilib, onun ətrafında cəmləşmişdir.Molla Nəsrəddin ümumiləşdirilmiş surətdir. Öz ağlı, hazırcavablığı, təmkinli və tədbirli olmasına görə o, əhatə olunduğu mühitdə hamıdan yüksəkdə dayanır və hökm sahiblərinə qalib gəlir; xan da, qazı da, hakim də onun biliyi, müdrikliyi qarşısında aciz qalır, gülünc vəziyyətə düşürlər.

Tapmacalar uşaq folkorunun geniş yayılmış əyləncəli səciyyə daşıyan janrlarındandır. Tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanin məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur.

Tapmacalar mövzu baxımından geniş, rəngarəng, həcmcə yığcam olur. Bu janrda bənzətmə, təzad, epitet, kimi məcaz növlərinə geniş yer verilir. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, tapmacalarda da xalqın dünyagörüşü, tarixi, mənəvi baxışları öz əksini tapır.

Tapmaca termini əvəzinə bilməcə də işlədilir. Bu, onların qarşıya qoyulan məqsədlə - tapmaq, bilmək tələbi ilə bağlı olmasından irəli gəlir. Tapmacanın cavabını bilmək asan deyildir. Bunun üçün düşünmək, fikirləşmək lazım gəlir. Çünki burada fikir birbaşa, açıq şəkildə deyilmir, məcazi mənada, metaforik yolla, köçürmə vasitəsilə çatdırılır. Məsələn, aşağıda nümunə gətirilən tapmaca metaforadan (köçürmədən) ibarətdir:

                                                 Qırmızı nar,

                                                 Hər evdə var ( Od )

Odun qırmızı olmaq əlaməti  narın üzərinə köçürülmüş, lakin adı çəkilməmişdir.

Tapmacanın cavabını tapmaq üçün qarşıdakı tərəfdən obrazlı - assosiativ, poetik təfəkkür, məntiqi fikirləşməklə çətinlikləri dəf etmək, hazırcavab olmaq tələb edilir. Tapmacanı hərfi mənada  anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə səhv yoldur.

Tapmacalar həm nəzm, həm də nəsr şəklində olur. Nəzm şəklində olan tapmacalar qafiyəsi, ölçüsü, ahəngi olan mənzum parçalardır.  Bu nəzm parçaları  a aa a b aa a a a  şəklində qafiyələnir:

                                                 Qara toyuq qaqqıldar,

                                                 Qanadların şaqqıldar ( Bulud, göy gurultusu).

Epik folklorun yanıltmac janrı səs oyunu üzərində qurulmuşdur. Məumdur ki, uşağın  dilinin açılması, nitqinin inkişafı bütün valideynləri düşündürən problemlərdəndir. Yanıltmaclar eyni səsin, yaxın səslənən  sözlərin, söz birləşmələrinin fonetik sırası, əvəzlənməsi prinsipi üzərində qurulur. Bu janrda əsərlər yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Yanıltmaclar həm nəzm, həm də nəsr şəklində olur:

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.

Yorğana yorul yorğun.

Küp qulpu, xub küp qulpu.

Ağa evinin dar aralığı.

Ay dəyirmilənməyə nə qalıb?

Epik folklorun ən qədim janrlarından olan nağıllar bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Nağılda bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək əsərin sonunda öz arzusuna çatır. Nağıllarda geniş epik lövhələr, dramatik gərginlik, hadisələrin dinamik inkişafı, insana xas olan xüsusiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, şəxsləndirmə, fantastika elementləri, nikbin sonluq mühüm yer tutur. Nağıllarda çox zaman dəhşətli, qeyri-adi. sirli hadisələrdən söz açılır, əhvalatlar macəra səciyyəsi kəsb edir.Nağıllarda hadisələr sürətlə cərəyan edir, onları ləngidən təbiət və məişət təsvirlərinə geniş yer verilmir, əsas diqqət hadisələrin dinamik inkişafda təsvirinə yönəldilir. Bu janrda olan əsərlərdə qeyri – adi hadisələrin təsviri, fantaziya, bədii uydurma geniş yer tutsa da, həmin hadisələr real varlığa uyğun olur, inandırıcı mahiyyət kəsb edir.

Nağılların üç növü var: sehrli, məişət, qəhrəmanlıq nağılları. Bu növlərin hər birinin öz süjet xətti, qəhrəmanları, bədii xüsusiyyətləri, üslubu vardır.

Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, sehrli şər qüvvələrlə mübarizə aparmalı olur. Burada cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələr iştirak edir.  Lakin onlar köməkçi rol oynayır. Şər qüvvələrlə mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr ( simurq quşu, at, uçan xalça və s.) kömək edir. «Məlikməmməd”, “Cırtdan», «Ağ atlı oğlan» nağılları belə sehrli nağıllara nümunə ola bilər. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağıllarda qəhrəmanlar çox zaman adi, sadə, lakin xeyirxah və fərasətli insanlardır. Onlar həyatda çətinliklə qarşılaşır, yoxsul həyat keçirirlər. Məsələn, “Daşdəmirin nağılı”, «Yalançı çoban», «Yeddi nar çubuğu», «Yoxsul qocayla vəzir» nağılları məişət nağıllarıdır.

Bu nağılların qəhrəmanlar öz arzularına çatmaq üçün mətinliklə mübarizə aparır, dara düşən insanların dadına yetişir, çətin sınaqlardan üzüağ çıxaraq öz ağlı, cəsarəti, fərasəti ilə şər qüvvələrə qalib gəlirlər. Haqqın qələbəsi, xeyrin şərə qalib gəlməsi bu nağılların başlıca xüsusiyyətlərindəndir.

 

Heyvanlar haqqında nağıllarda əxlaqi baxımdan  iki əsas ideya qabarıq şəkildə özünü göstərir: yoldaşlığın, dostluğun yüksək qiymətləndirilməsi və birlik, sədaqət nəticəsində zəiflərin güclülərə qalib gəlməsi. Belə nağıllarda məhz dostluq, yoldaşlıqda sədaqət nəticəsində gücsüzlər güclülərə - fağır qoyun canavara, dinc dovşan şirə, tülkü qurda, aslana qalib gəlir.Bu nağıllarda heyvan, quş obrazları özündə həm də insana xas olan xüsusiyyətləri birləşdirir. Həm insana, həm də heyvana  xas olan cəhətlərin qorunub saxlanılması nağılın bədii - estetik təsirini artırır. Belə nağıllara nümunə olaraq "Pıspısa xanım və Siçan Solub bəy", "Şəngülüm, Şüngülüm, Məngülüm", "Ac qurd", "Aslan və dovşan", "Tülkü ilə canavar", "Qoca aslan", "Hiyləgər keçi" və s. göstərmək olar.

 Qədim və zəngin inkişaf yolu keçmiş aşıq yaradıcılığı müasir dövrdə də uğurla davam etməkdədir. Aşıq musiqi, şeir, rəqs, nağıletməni birləşdirən sənətkardır. El şənliklərində, bayram və toylarda aşıqlar saz çalıb mahnı oxumuş, şeir demiş, nağıl, dastan danışmışlar.  Dədə Qorqud  ənənələrini yaşadan  Aşıq Alı, Aşıq Ələsgər,  Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani  kimi ustad aşıqlar həmişə xalqın içində olmuş, onun sevincinə, dərdinə şərik olmuşlar.

Aşıq şeirində vətənpərvərlik, xalqın mənəvi dəyərlərinə  bağlılıq, təbiətə məhəbbət motivləri, insan taleyi ilə bağlı düşüncələr mühüm yer tutur. Aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs,  və s. janrlarında ustad aşıqlar tərəfindən söz sənətimizin dəyərli  nümunələri yaradılmışdır. Azərbaycan folklorunun irihəcmli janrlarından olan dastanlar aşıq yaradıcılığının  məhsuludur.

Dastan epik –lirik növün janrıdır. Qəhrəmanlıq dastanlarında əsasən, xalqın, onun igid övladlarının  yadlarla, düşmənlərlə vətən, azadlıq uğrunda fədakarlıqla döyüşü əks olunur. Qıhrəmanlıq dastanlarının kamil nümunəsi olan «Kitabi-Dədə Qorqud» da qədim dövrlərdən Azər­bay­can ərazisində yaşayan oğuzların vətənpərvərliyi, düşmənə qarşı mübarizədə göstərdiyi igidlik əbə­diləş­dirilmişdir. Dastanda xal­qımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur.  “Koroğlu” dastanında isə  həm də ədalətsiz yerli hakimlərə,  xalqa zülm edən bəy və xanlara qarşı mübarizə motivləri mühüm yer tutur.”Qurbani”,  “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”  məhəbbət dastanları nın kamil nümunələridir. “Tahir və Zöhrə” dastanın müxtəlif variantları var. Bir varianta görə,  Tahirin əmisi Hatəm Sultan Qaraman hökmdarıdır. Onun qızı Zöhrə ilə   Tahir bir-birini sevir. Zöhrəni öz oğluna almaq istəyən Qara vəzir hiylə qurub Hatəm Sultana Tahirin atasını öldürtdürür, özünü isə sürgün etdirir. Xanverdi sövdəgərin qızı Nərgiz  qərib həyatı keçirən Tahirə aşiq olur. Lakin Tahir Zöhrəyə olan məhəbbətinə sadiq qalıb  vətənə qayıdır. Zöhrə onun gizlənməsinə kömək edir.Tahirin gizləndiyi sandığı su Çinə aparıb çıxarır. Çin şahzadəsi Banu məsələni bilib sevgililərə kömək etmək qərarına gəlir. O, Hatəm Sultanı öıdürüb sevgililəri bir-birinə qovuşdurur.

Dramatik növün janrları

 

Azərbaycan şifahi xalq ədəbiyatının dramatik növünə xalq oyunları, xalq tamaşaları, şəbihlər  daxildir. Xalq dramlarının bir növü olan xalq oyunları vaxtilə toy, bayram  şənliklərində oynanılıb. Novruz bayramında  ifa edilən “Xan oyunu”nda xan, vəzir, vəkil, fərraşlar iştirak edir. Xan “günahkarları” cəzalandırır, onlara cərimə kəsir. Xalq tamaşalarına xalq dramları da deyilir. ”Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşasında hadisələr üç səhnədə cərəyan edir. Əkinçilik fikrinə düşən iki qardaş yeri şumlayanda, suvarılanda, taxıl xırmanda döyüləndə birinci qardaş özünü xəstəliyə vurur. Məhsul hazır olanda zəhmətkeş qardaş ona heç nə vermək istəmədiyi üçün aralarında dava düşür.Kənd hakimi çalışqan qaraşı haqlı sayır. Tənbəl qardaş arıqlayıb əsa ilə gəzir, arvadı ondan ayrılıb, nə özünün, nə də  arvadının yaxın durmadığı uşaqlarını çalışqan qardaş götürüb saxlayır. Əsərin sonuncu səhnəsində çalışqan qardaş yenə tarlada işləyir, qardaşının uşaqları ilə birlikdə əkin-biçinlə məşğul olur. Peşman olmuş tənbəl qardaş gəlib duz-çörəyə and içir ki, daha tənbəllik etməyəcək. Qardaşlar barışıb şərikli işləməyə başlayırlar.

Uşaq oyunları da dramatik növün janrlarındandır. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunların yaranma tarixi daha qədimdir, insan­ların ilk əmək fəaliyyəti ilə bağlıdır. Hərəkətli oyunlarda əşyalardan istifadə olunması mühüm yer tutur. "Dəsmalı ver", "Xəndəyə düşmə", "Pula-pula", "Dəyirman" və s. əşyalarla oyun­lardır.  "İynə-iynə", "Barmaq", "Əl üstə kimin əli", "Bənövşə", "Ən­zəli", "Yol­daş, səni kim apardı?", "Siçan-pişik" və s. əşyalarsız oyun­lar­dır.

Oyun uşaqlarda müstəqillik, fəallıq tərbiyə edir. Onlar oyun va­sitəsilə həyatı dərk etməyi, əməli işlə məşğul olmağı öyrənir, es­tetik zövq alırlar. Bu da öz növbəsində uşaqların dünyagörüşünün inki­şa­fına, fiziki, mənəvi tərbiyəsinə müsbət təsir göstərir.

 




Copyright Ədəbiyyat dərsliyi © 2024