Məhəmmədhüseyn Şəhriyar
(1906-1988)
Bir
uçaydım bu çırpınan yelinən, Bağlaşaydım
dağdan enən selinən, Ağlaşaydım
ayrı düşən elinən, Bir
görəydim ayrılığı kim saldı, Ölkəmizdə
kim qırıldı, kim qaldı...
Onun müəllifinin Şəhriyar olduğunu, əlbəttə, xatırladınız. Amma şair haqqında məlumatınız hələ azdır. O, düşmənlər tərəfindən iki yerə bölünən vətənimizin cənubunda (Cənubi Azərbaycanda) – Təbriz şəhərində anadan olub. Atası ədəbiyyatı ona sevdirmiş və təhsili ilə ciddi məşğul olmuşdur. Bir müddət Xoşginab mahalında – atasının yurdunda yaşayan kiçik Məhəmmədhüseyn bu yerlərin gözəlliyini duymuş və sevmişdir. Əvvəl kənd məktəbində, sonra isə Təbriz mədrəsəsində, Tehranda təhsilini davam etdirən Məhəmmdəhüseyn atasının zəngin kitabxanasındakı əsərləri oxumuş, bilikli, məlumatlı bir gənc kimi yetişmişdir. Şeir yazmağa lap gənc yaşlarından başlamış, tezliklə məşhurlaşmışdır. Onun şeirləri gözəl hisləri ifadə etdiyinə, insanları düşündürdüyünə görə sevilir. Doğma vətənində – Cənubi Azərbaycanda və onun qatıldığı İranda zülmün, ədalətsizliyin, yoxsulluğun hökm sürməsi, təhsilə, məktəbə diqqət yetirilməməsi, elm və sənət adamlarına qayğı göstərilməməsi şairi həmişə narahat etmiş və əsərlərində bu barədə daha çox danışmışdır.
Şəhriyarın şeirləri gözəl musiqi əsəri kimi səslənir, ahəngdarlığı ilə seçilir.
İran bu gözəl türk şairini – Azərbaycan türkünü layiqincə qiymətləndirmədi. O, ömrünün çox hissəsini yarıac-yarıtox yaşadı. Şairin anası haqqında yazdığı şeiri ətraflı öyrənəcəksiniz. Bu şeirdə şair anasının ölümündən sonra doğan kədəri ifadə etməklə kifayətlənməmişdi.
Ey vay, anam!..
(İxtisarla)
I
Pillələrin yanında yenə ahəstə keçdi,
Ürəyi səksəkəli, qulağı səsdə keçdi.
"Balam oyanmasın qoy”, – deyə çatıldı qaşı,
Xəyalında xəstənin yenə səbzəsi, aşı.
Onun məhzun baxışı dolmuş buludlar kimi,
Sinəsində ürəyi alovlar, odlar kimi.
Xeyr, alov deyildir, mənim anamdır,
O eyvanda dolanan, o alışan, o yanan!
Ölmüssə də, bu evə yenə gəlib-gedir o,
Yenə ayrıla bilmir, yenə xidmət edir o.
O bizim ömrümüzün hər anında yaşayır,
O yenə paltar yuyur, yenə odun daşıyır.
Ölümündən sonra da özü görür hər işi,
Anam! Biçarə anam! Evimizin günəşi!