MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Sehirbazın şagirdi
Bölmələr

******

25.04.2024, 01:02

Avropa Xalqları Əfsanələrindən

Sehirbazın Şagirdi

(ixtisarla)

İngiltərənin şimalında, Yorkşir qraflığında qədim zamanlarda böyük bir sehrbaz yaşayırdı. O, bütün dillərdə danışırdı və dünyanın bütün sirlərinə bələd idi. Onun qara buzov dərisindən üzü və dəmir cəftələri olan böyük bir kitabı var idi. Sehrbaz oxumaq istəyəndə dəmir ağacla onu açırdı. Ruhların qaranlıq dünyasının sirləri toplanan bu kitabı təkcə o başa düşürdü.

Bu sehrbazın bir şagirdi var idi. O, öz müəlliminə qulluq edirdi. Ancaq ona bu qara kitabı açmaq və müəllimin sirli otağına girmək qəti qadağan olunmuşdu.

Bir dəfə, sehrbaz evdə olmayanda, şagird özünü saxlaya bilmədi və gizlicə onun otağına girdi. O, orada müxtəlif qəribə şeylər gördü: sehrbazın misi qızıla və ya qurğuşunu gümüşə çevirmək üçün istifadə etdiyi kolba və qəlibləri; sehrbazın dünyada nə baş verdiyini görmək üçün baxdığı cahannüma güzgüsünü onun istədiyi şeyi eşitmək üçün qulağına qoyduğu və hər şeyi eşitdiyi sehrli balıqqulağını...

Lakin şagird boş yerə kolba və qəliblərlə əlləşirdi; o, nə misdən qızıl, nə də qurğuşundan gümüş ala bildi.

- Kitabda yazılan tilsimləri bilmədiyim üçün heç nə alınmır. Kitab isə bağlıdır – deyə şagird fikirləşdi.

O, geri döndü – aman Allah – kitab açıq idi: müəllim gedərkən açarı çıxarmağı unutmuşdu. Şagird kitaba tərəf cumub onu açdı. Burada sözlər qırmızı və qara mürəkkəblə yazılmışdı. Gənc oğlan heç nə başa düşmürdü. Ancaq o, bir sətirdə barmağını gəzdirib oxudu:

Otaq birdən birə qaranlığa qərq oldu, ev titrədi, şimşək gurultusu bütün otaqlara yayıldı və sehrbazın şagirdinin önündən ağzından od püskürən, gözləri yanan məşələ bənzəyən çox qorxunc bir əcinnə peyda oldu. Bu, sehrbaza tabe olan iblis Velzevulun özü idi. Gənc özü də bilmədən tilsim oxuyub onu çağırmışdı.

- Əmr et! – deyə gurultulu səslə bağırdı.

Gənc yerində donub qalmışdı. Onun bədəni əsirdi, saçları biz-biz durmuşdu.

- Əmr et, yoxsa mən səni boğaram!

Lakin gənc danışa bilmirdi. Belə olanda acıqlı əcinnə onun boğazından yapşdı və öz odlu nəfəsi ilə onu yandıraraq çağırdı:

- Əmr et!

- Bax, o gülü sula, - deyə özünü itirən gənc ağlına gələn ilk fikri dedi və yerdəki dibçək gülünü göstərdi.

Əcinnə o dəqiqə yox oldu və bir an sonra bir çəllək su ilə qayıdıb onu gülün dibinə boşaltdı. Sonra o, yenə yox oldu və yenə çiynində bir çəllək su ilə qayıtdı. Beləliklə o tez-tez yox olur, qayıdır və gətirdiyi suyu gülün dibinə tökürdü. Nəhayət, otaqda su adamın topuğuna çatdı.

- Bəsdir! Bəsdir! – deyə oğlan yalvardı.

Əgər sehrbaz kitabı bağlamadığını yadına salıb qayıtmasaydı, iblis bəlkə bu gün də su daşıyıb gülü sulayacaq və yəgin ki, bütün Yokşiri də su basacaqdı. Su artıq zavallı şagirdin çənəsinə çatanda sehrbaz öz otağına girdi və tilsim oxuyub Velzevulu cəhənnəm alovlarının yanına göndərdi.




Copyright Ədəbiyyat dərsliyi © 2024