MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Əli haqqında əfsanə
Bölmələr

******

28.03.2024, 16:57

Asiya Xalqları Əfsanələrindən

Əli haqqında Əfsanə

(İxtisarla)

Günlərin bir günü Əli evində oturmuşdu, bir də gördü ki, ona sarı bir adam gəlir. Həmin adam Əliyə yaxınlaşıb dedi:

- Mənim yeddi qızım var. Onların hamısı nişanlıdı və onların hamısını ərə vermək lazımdı. Mən isə kasıbam. Kömək elə.

Əli onun sözlərinə qulaq asdı və nökəri Qəmbərə dedi:

- İri çalma gətir və bu adamın başına qoy.

Qəmbər dükançıdan bir çalma tapdı, gətirib Əliyə ağız açan adamın başına qoydu.

- Gedək, mən sənə pul verəcəyəm, - deyə Əli həmin adama müraciət elədi.

Əli həmin adamı şəhərdən çıxartdı. O adam soruşdu:

- Pul şəhərdə olar, sən isə məni şəhərdən çıxartdın. İndi sən pulu haradan tapacaqsan!

- Mənim özümdən başqa heç nəyim yoxdu, - deyə Əli dilləndi. – Məni sat, qazandığın pullara qızlarını ərə ver.

Onlar parslar şəhərinin bazarına yolandılar.

Əli dedi:

- Məni yüz adamın qiymətinə alana satarsan.

Şəhərlilərdən biri:

- Sənin adın nədi, əlindən nə iş gəlir ki, sənə belə baha qiymət qoyublar? – deyə Əlidən soruşdu.

Əli cavab verdi:

- Mənim adım Heydərdi, sənin istədiyin bütün işləri görə bilərəm.

Həmin adam Əlini aldı, əvəzində yüz adamın pulunu verdi.

Günlərin bir günü sahibkar Heydərin əlinə balta verdi, eşşəkləri də götürüb odun dalınca getməyi tapşırdı. Əli gəlib meşəyə çatdı və odun kəsməyə başladı. İşlədi, işlədi, axırda yoruldu. Dincini almaq üçün yanını yerə qoydu və bərk yuxuya getdi. Elə bu zaman pələnglər özlərini yetirdilər, eşşəklərə hücum elədilər və onları parçaladılar. Əli yuxudan oyandı, baxıb gördü ki, dörd pələng eşşəklərin axırına çıxhaçıxdadı. O, pələnglərin üstünə atıldı, onların qulağından yapşdı, hərəsinin belinə bir şələ odun qoydu. Bir-birilərinə bağlayıb şəhərə yollandı. Əli pələngləri bazara gətirdi. Pələnglər nərildədilər, Əli qışqırdı. Yaxınlıqdakı heyvanlar torpağın altında itib batdılar, parslar şəhərinin hökmdarı isə dedi:

- Mən müsəlman dinini qəbul edirəm.

Hökmdardan sonra bütün şəhər əhli müsəlmançılığı qəbul etdi. Pələngləri şəhərə Əlinin gətirdiyi hamıya məlum oldu.

Əli min dəvəni qızılla yüklədi və Qəmbərə dedi:

- Mən bu karvanı Mədinəyə aparacağam.

Karvan yolu yarıladı, onlar yarı yolda gecələdilər, səhərisi yenidən yola düzəldilər.

Yolun qırağında oturmuş kor dərviş soruşdu:

-         Karvan sahibinin adı nədir?

-         Mənim adım Əlidi, - deyə sahibkar cavab verdi. Sonra Qəmbərə dedi:

-         Dərvişə çörək ver.

-                     Çörək torbalardadı, torbalar isə dəvəyə yüklənibdi. Mən yükdən çörək çıxarda bilmərəm, - deyə Qəmbər dilləndi.

Əli dedi:

-         Elə isə dəvəni çörəklə birlikdə dərvişə ver.

-         Axı bu dəvə karvanın başına gedir, - deyə Qəmbər cavab verdi.

Əli dedi:

- Onda bütün karvanı dərvişə ver.

Qəmbər tələsik yerə hoppandı. Əli gülümsəyib soruşdu:

-         Nə oldu, Qəmbər, dəvənin üstündən niyə düşdün?

Qəmbər cavab verdi:

-         Ağa, mən qorxdum ki, sən məni də kor dərvişə verəsən.

Qəmbər birinci dəvənin başını döndərib bütün karvanı kor dərvişin yanına gətirdi.

Dərviş soruşdu:

-         Mən səndən çörək istədim, sənsə mənə kəndir verdin. Nə elədiyindi?

Əli cavab verdi:

-         Gözünü aç, bax!

Dərvişin gözləri açıldı, baxıb gördü ki, müxtəlif mallarla yüklənmiş min dəvə karvanının sahibidir. Bu dərviş Sakxi Sərvər idi. O, malları götürdü və kasıblara payladı. Malların bir qismini satdı, onların puluna kasıb-kusubdan ötrü ev tikdirdi.

Qəmbərin nəsli Braquy xanına çevrildi, onların indinin özündə də qəmbərilər deyirlər.




Copyright Ədəbiyyat dərsliyi © 2024