Nizami Gəncəvi
(1141-1209)
Nizami Gəncəvi
yaradıcılığa lirik şeirlərlə başlamışdır. İlk əsərlərindən insana böyük dərin
məhəbbət bəsləyən şair dövrünün hökmdarlarını ədalətli olmağa səsləmişdir.
Həyatda ən çox görmək istədiyi haqq-ədaləti əsərlərində qələmə almışdır. Nizami
Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında
irəli sürdüyü mütərəqqi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, insan taleyi haqqında humanist
düşüncələri ilə seçilir. Onun ədəbiyyatına 5 poemadan ibarət "Xəmsə”
("Beşlik”) müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvi üçün şəxsiyyətin
ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə
rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli,
zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik.
Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Fitnə
Bəhram şahın ayüzlü, çöhrəsindən min bir gözəllik yağan Fitnə adlı bir kənizi vardı.
Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti qızılgül kimi zərif, yerişi göy zəmi üzərində əsən meh kimi aram, xoş idi. Üzündən, gözündən, nur yağırdı. Fitnə kaman çalar, və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi vardı. Kaman ilə səs-səsə verib oxuyanda quşlar göydə qanad saxlardı. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
Çalğı məclisində, ovda şah Fitnəni dinləməkdən ləzzət alar, könlü rahatlanardı. Fitnə cəng çalardı, şah ov vurardı. Bir gün şah çöldə ov etmək istədi, Fitnəni də özü ilə götürdü, maraldırnaqlı qara atını minib çapdı.
Şah ov görəndə nərə çəkib dağa-daşa səs salır, ox ilə çeyranları vurub yıxırdı. Şahın atlıları da hər tərəfdən ovlağı əhatə etmişdilər, çeyranları şah olan tərəfə qovurdular.
Bəhram şahın atı altında oynayır, şahə qalxır, əli ceyranların başına ox yağdırırdı. Tez-tez kirişi boşaldıb, kamanını doldururdu. Oxun polad ucu ceyranları yerə sərir, bəzən də daşa dəyib ətrafa od saçdırırdı. Şah oxu dəyən ov yerindəcə kabab olurdu. Şah qabağına çıxan ovu əldən vermir, ya vurur, ya da diri tuturdu.
Ovun qızğın vaxtı çöldən bir neçə ceyran çıxdı. Şah qızmış şir kimi kamanı əlinə aldı, atın başını buraxdı, ceyranlara çatdıqda hədəfi tuşlayıb atdı. Ox ceyranın buduna sancıldı, ceyran ağzıüstə yıxılıb torpağı öpdü. Beləliklə şah ceyranların bir neçəsini vurub yerə yıxdı, bir neçəsini də tutdurdu. Onun bu şücaəti nökər-naib içində dostları heyran qoyur, bədnəzərlərin isə gözünü tökürdü.
Bəhram şahın sevimli kənizi Fitnə isə öz hökmdarının bu igidlik və qoçaqlığına susur, nədənsə şahı tərifləmirdi. Fitnənin bu rəftarı şahı düşündürsə də hələlik səbirlə gözləyir və susurdu.
Birdən uzaqdan bir ceyran qaçmağa baçladı. Şah qıza dedi:
- Deyəsən bizim ovçuluq şücaətimizi görmürsən. Belə olar, dargözlər məharəti çətin seçər. Odur ki, bax o səmtdən bir ceyran gəlir, harasını deyirsən nişan alım.
Fitnənin inci dodaqları tərpəndi:
- Şah saq olsun ,- dedi,- indi ki məharətdən söz saldın, onda gərək oxu elə atasın ki, həmin ceyranın dırnağını başına tikəsən.
Şah onun dediyini yerinə yetirmək üçün tez kaman tələb etdi, ağır və yuvarlaq mazını kamana qoyub atdı. Mazı ceyranın beynini qızışdırdı. Yazıq ceyran dırnağını başına qaldırdı ki, ağrıyan yerini qaşısın, bu zaman şahın parlaq oxu ceyranın dırnağını gicgahına tikdi. Ceyran üzüstə yıxıldı. Şah Fitnəyə sarı dönüb soruşdu:
- Hə, necə atıram?
Qız özünü itirməyib qürurla dedi:
- Şah bunu vərdiş etmişdir. Adət edilən şey çətin olmaz. Adam vərdiş ilə hər bir şeyi edə bilər. Şahın düz vurması güc və məharətdən deyil, ancaq vərdişdəndir.
Fitnənin cavabı şaha çox ağır gəldi, iti balta ağacı kəsən kimi onu kəsdi və qəzəbləndirdi. Şahın ürəyində Fitnəyə qarşı dərin bir kin doğdu.
Şahlar ürəklərindəki intiqam hissini yalnız qan ilə söndürərlər, ova acıqlandıqda atın üzəngisini qoparar və ov itinin dərisini soymaqla ürəklərini soyudarlar.
Fitnənin sözü də şahı yaman qəzəbləndirmişdi, buna görə də ürəyində deyirdi: ”Bu heyfi kənizdə qoymaq olmaz, onu cəzalandırmaq lazımdır”. Ancaq kənizi öldürməyə şahın əli gəlmirdi, çünki qadın öldürməyi özü üçün əskiklik sayırdı. Onun fikrincə qadın kişiyə tay deyil və ola da bilməz.
Şahın böyük bir sərkərdəsi vardı. Onu yanına çağırdı:
- Get, bu kənizin başını bədənindən üz. Bu bizim sarayımızın fitnəsidir. Fitnəni saraydan uzaqlaşdırmaq vacibdir.
Sadə və adilxasiyyətli sərkərdə Fitnəni qabağına salıb öz evinə apardı, əvvəl onun başını bədənindən ayırmaq istədi. Qız ağladı, yalvardı və dedi ki:
- Ey sərkərdə, belə çirkin işi özünə layiq bilmə. Öz şərəfinə düşmən deyilsənsə, günahsız bir qızın nahaq qanını boynuna götürmə. Mən şahın ən yaxın adamı, müsahibi, kənizlərinin seçilmişiyəm. O, məclislərində məndən başqa heç kimlə maraqlanmazdı. Ərköyünlük məni aldatdi, şeytan məni yoldan çıxartdı. Kiçik bir hərəkətim şaha xoş gəlmədi. O, mənə qəzəbləndi və ölmümə hökm verdi. Sən gəl məni öldürməyə bu qədər tələsmə. Bir neçə gün səbr et, döz. Şaha de ki, onu öldürdüm. Şah bu xəbərdən sevinsə qayıt məni öldür, qanımı sənə halal edirəm, əgər mənim ölüm xəbərimdən şah qüssələnsə sən məni öldürmədiyindən qorxma, sənə heç nə olmaz. Sən şahın qəzəbindən qurtararsan, mən də ölümdən xilas olaram. Doğrudur, layiqli bir adam deyiləm, lakin bir gün gələr ki, bu yaxşılığının əvəzini görərsən. Sənin yanında xəcalətli olmaram.
Qız bunu deyib balaca bir düyünçə açdı. Sərkərdənin qabağına yeddi ləl qoydu. Bu daşların hər birinin qiyməti bir ölkənin gəlirinə bərabərdi. Ümmanların bütün gəliri o daşların yarı qiyməti qədər olmazdı....
Sərkərdə Fitnənin ağıllı məsləhətini dinləyib qərarını dəyişdi.
- Amandır, söz aramızda qalsın. Heç kəsin yanında şahın adını şəkmə,- dedi. Qoy səni mənim evimdə qulluqçu bilsinlər.
Onlar beləcə şərtləşəndən sonra bir-birinə and içdilər. Sərkərdə zülm əməlindən, qız isə ölümdən qurtardı.
Bir həftə sonra şah sərkərdəni görüb ondan Fitnənin haqqında məlumat istədi. Kənizin aqibətini soruşdu.
- Ay necə oldu?
Sərkərdə cavab verdi ki:
- Ayı əjdahaya tapşırdım, ancaq qan bahasını göz yaşımla verdim.
Şah Fitnənin ölüm xəbərindən qüssələndi, gözü yaşardı. Sərkərdə şahın bu halını görüb sevindi, qızı öldürmədiyi üçün ürəyi sakit oldu.
Şəhərdən kənar yerdə sərkərdənin abad, göyün bir qatına yüksəlmiş köşkü vardı. Sərkərdə altmış pilləli sarayın eyvanında Fitnəyə yer vermişdi. Həmin günlərdə sərkərdənin inəyi qəşəng bir buzov doğmuşdu. Fitnənin buzovdan xoşu gəlirdi; hər gün onu boynuna alıb pilləkənlərdən qaldırıb, eyvana aparırdı. Buzov isə get-gedə böyüyür, kökəlirdi. Fitnə isə adətindən əl çəkmirdi. Gün o gün oldu ki, buzov altı yaşlı böyük bir öküz oldu. Fitnə onu yenə pillələrlə dama qaldırır, buna adət etdiyi üçün əziyyət çəkmirdi. Öküz kökəlib ağırlaşdıqca, Fitnənin də qüvvəti artırdı.
Günlərin birində Fitnə ilə sərkərdə əyləşib dərdləşirdilər. Qız qulağındakı cavahirlərdən dörd dənəsini sərkərdəyə verdi.
- Apar,- dedi,- bunları sat, puluna gülab ilə suvarılan kök qoyunlar al. Dünyanın naz-nemətindən ürəyin nə istəyirsə seç: şərab, çərəz, şirni, noğul. Həyətində bir məclis düzəlt. Şahın bu tərəflərə yeri düşəndə üzəngisindən asıl, onu məclisə dəvət elə. Belə bir tədbir baş tutsa, hər iş düzələr.
Sərkərdə Fitnənin məsləhətini bəyəndi. Ancaq cavahirləri götürmədi, çünki onun min o qədər dövləti vardı. O, gizli xəzinəsinin ağzını açdı, şaha layiq şeylər tədarük etdi: quş, balıq, erkək, quzu ətindən bişirilmiş növbənöv ləzzətli xörəklər, şərbətlər, ətirli şirnilər, məclis bəzəyən gül və çiçəklər...
Bəhram şah adəti üzrə ova çıxmışdı. Ancaq görün Fitnə onun özünü necə ovladı...
Şah sərkərdənin sarayı olan kənddən ötəndə çox münasib bir istirahət yeri gördü. Hər yan başdan-başa yaşıllıq və kölgəlikdi. Şah soruşdu ki, bu yer kimindir? Sərkərdə baş əyib şahın üzəngisindən tutdu və dedi:
- Şahım sağ olsun, qulunuza bağışladığınız kənddir. Şahım o kəndi xoşlasa, qulunun başını ucaldar. Sayənizdə başı göylərə dəyən bir köşküm var. Dörd ətrafı başdan-başa sıx bağlar, güllər, çiçəklər, meyvə ağaclarıdır. Sarayımla müqayisədə cənnət bağları və behişt otaqları yalandır.
Şah sərkərdənin xahişini qəbul edib dedi:
- Get hazırlaş, ovdan qayıdanda sənin sarayına düşəcəyəm.
Sərkərdə baş əyib sevincək qayıtdı. Sarayını qiymətli fərşlərlə döşətdirdi, rum parçaları, çin qumaşları ilə bəzədi. Sarayın hər tərəfi par-par parıldayırdı.
Bəhram şah saraya yaxinlaşanda ev sahibi şahın qədəmlərinə cavahirat səpdi. Şah altmış pilləli eyvana çıxanda başı göylərə dəyən, kainata şəfəq salan, xəvərnəqin (ən gözəl qəsr) bütün gözəlliklərini əks edən bir eyvan gördü. Sarayda şadlıq məclisi quruldu.
Şah üzünü ev sahibinə tutub dedi:
- Ey mənim qızıleyvanlı qonaqcıl sərkərdəm! Sarayın genişdir və yeri çox xoşdur. Lakin de görüm, göylərin bir qatına qalxan bir bu eyvana necə çıxıb düşə bilərsən? Sənin ki yaşın altmışı keçmişdir?
Sərkərdə dedi:
- Şahın ömrü uzun olsun, mənim çıxıb düşməyim təəcüblü deyildir. Mən kişiyəm, bu pillələrdən yorulmuram. Təəcüblü mənim ayüzlü qızımdır ki, özü qumaş kimi zərif və incə ola-ola, hər gün dağ boyda bir öküzü başıma götürüb yemləmək üçün bu eyvana çıxarır. Öküz nə öküz, fil kimi! And içə bilərəm ki, bu qoşundan heç kəs onu bir nəfəsə yerindən qaldıra bilməz. Qız isə bu altmış pilləni yaydan qurtarmış ox kimi çıxır, pillələrin birində də dayanıb nəfəsini dərmir. Əsil təəcüblü iş budur!
Sərkərdənin sözündən şah heyrətə gəldi:
- Bu necə ola bilər, gözümlə görməsəm, inanmaram.
Şah sərkərdədən tələb etdi ki, dediyini sübut eləsin. Sərkərdə aşağı enib əhvalatı Fitnəyə söylədi.
Ayüzlü qız fürsətdən istifadə edib qabaqcadan hazırlaşmışdı. Başını əyib öküzü boynuna götürdü və ildırım kimi pillələri çıxdı. Bəhram şahın taxtı qarşısına yeridi, ayaq üstə ədəblə dayandı.
Bəhram şah öküzü görüb heyrətindən ayağa qalxdı. Ancaq öz kənizini tanımadı. Fitnə, öküzü boynundan yerə qoydu və dedi:
- Mən sənin bütün məclisin hüzurunda bu hünəri göstərdim. Əgər bacarırsınızsa düqnyada bir güclü igid tapın ki, bu öküzü eyvandan aşağıya düşürə bilsin.
Şah dedi:
Bu sənin güclü olduğunu göstərmir, əvvəldən adət etdiyin üçün bacarırsan. Bu bir hünər deyil, uzun illər yavaş-yavaş vərdiş etmisən, odur ki, əziyyət çəkmirsən.
Ayüzlü, gümüşbədənli Fitnə baş əyib şaha dua oxudu və dedi:
- Çox qəribədir ki, öküz adət ilə olur, ceyran isə hünər ilə. Nədəndi, mənim öküz götürməyim adət sayılır, şahın ceyran vurmasına adət deyənlər cəzalanırlar?
Şah kinayəli sözündən Fitnəni tanıdı. Qızın yanına gəldi, rübəndini açdı, onun gül camalına baxdı qucaqlayıb ağladı. Göz yaşları ay üzünə milvari təki səpildi. Fitnə isə nərgiz gözlərindən gülab yağdırdı.
Şah qızdan üzr istədi:
- Səni zindana saldırmağıma min dəfə üzr istəyirəm. Bağışla məni, ağılsızlıq edib, yandırdığım odda özüm qovruldum, sən isə şükür ki, salamatsan.
Fitnə də ürəyinin sözünü dedi:
- Sevimli şahım! Sən ovlaqda ceyranın qulağını dırnağına tikəndə hünərinə yerlər deyil, göylər də afərin dedi. Mən şahı tərifləməkdə qəsdən gecikdim, səbr elədim. Bədnəzəri şahdan uzaqlaşdırmaq üçün tərifə dil açmadım. Tərifli şeyə hər zaman bədnəzərin gözü dəyə bilər.
Fitnənin bu sözü şaha çox xoş gəldi və dedi:
- Haqqın var! Sənin vəfana inanıram. Bu hünərə sahib olan qızın dünyada əvəzi yoxdur. Sərkərdə qorumasaydı məni bu gövhərimi daşlar parçalamışdı. Şah sərkərdəni çağırıb razılıq etdi, qolunu onun boynuna salıb, şaha layiq xələt və bəxşişlər verdirdi.
Ayüzlü, gümüşbədənli Fitnə baş əyib şaha dua oxudu və dedi:
- Çox qəribədir ki, öküz adət ilə olur, ceyran isə hünər ilə. Nədəndi, mənim öküz götürməyim adət sayılır, şahın ceyran vurmasına adət deyənlər cəzalanırlar?
Şah kinayəli sözündən Fitnəni tanıdı. Qızın yanına gəldi, rübəndini açdı, onun gül camalına baxdı qucaqlayıb ağladı. Göz yaşları ay üzünə milvari təki səpildi. Fitnə isə nərgiz gözlərindən gülab yağdırdı.
Şah qızdan üzr istədi:
- Səni zindana saldırmağıma min dəfə üzr istəyirəm. Bağışla məni, ağılsızlıq edib, yandırdığım odda özüm qovruldum, sən isə şükür ki, salamatsan.
Fitnə də ürəyinin sözünü dedi:
- Sevimli şahım! Sən ovlaqda ceyranın qulağını dırnağına tikəndə hünərinə yerlər deyil, göylər də afərin dedi. Mən şahı tərifləməkdə qəsdən gecikdim, səbr elədim. Bədnəzəri şahdan uzaqlaşdırmaq üçün tərifə dil açmadım. Tərifli şeyə hər zaman bədnəzərin gözü dəyə bilər.
Fitnənin bu sözü şaha çox xoş gəldi və dedi:
- Haqqın var! Sənin vəfana inanıram. Bu hünərə sahib olan qızın dünyada əvəzi yoxdur. Sərkərdə qorumasaydı məni bu gövhərimi daşlar parçalamışdı. Şah sərkərdəni çağırıb razılıq etdi, qolunu onun boynuna salıb, şaha layiq xələt və bəxşişlər verdirdi.