QÖNÇƏ KİMİ ÜRƏK
İlk dəfə varlığını hiss eliyəndə bir yaşını təzəcə ötmüşdü, boyu körpə Qəmərin yumruğu boydaydı. Ona kimi özünü tanımırdı, tanımadığına görə də varlığından xəbərsiziydi. Sadəcə onu sinəsində gəzdirən, anasının böyrünə qısılıb yatan qızcığazla birgə dincini alırdı, sanki tumurcuq ağacın gövdəsinə bitişmişdi. Qəmər tez yeridiyinə görə, hərdən evin ortasında atılıb-düşürdü, ürəksə aramla döyünürdü, mürgüləyirdi.
Gecənin bir vaxtıydı, birdən o, göynəməyə, daha sonra çırpınmağa, axırda şişməyə başladı və sinəsinin içində yatdığı balaca Qəməri də yuxudan oyatdı. Yuxu pis yuxuydu. Qızcığaz yuxuda nə gördüsə möhkəmcə qorxdu. Onun bu qorxusunu birinci ürək hiss elədi. Anası Qəməri qucaqladı, onu tovlamağa, sakitləşdirməyə başladı. "Mənim şirin balam, noğul balam" dedi və Qəmərin acımış sifəti şirinləşdi. Birdən ürək hiss elədi ki, Qəməri qucaqlayan anasının da sinəsində ona oxşar birisi var və bu doğmalıq onu sakitləşdirdi, ona görə də Qəmərin əllərini məcbur elədi ki, anasını daha bərk-bərk qucaqlasın.
Bir günsə ürək bərk sevindi. Balaca Qəmər həyət qapalağını açan atasının qabağına yüyürdü. Atılıb-düşməyə başladı, ürək də sevincindən yerə-göyə sığmadı, az qaldı ki, yerindən qopsun, göylərə uçsun. Həmin gündən o, tam hiss elədi ki, Qəmər onsuz, o isə Qəmərsiz yaşaya bilmir.
Sevmək hissini dadandan sonra Qəmər ürəyində doğmalarına yer elədi, ürəksə buna məmnuniyyətlə razı oldu. Onlar üçün otaq ayırdı. Ata-anası üçün arzular, xəyallar qurmağa başladı. Onun xəyallarında anası paltar yumurdu, bazarlıq eləmirdi, səhərdən-axşama kimi qonşulara və Qəmərə deyinmirdi, ağappaq royalın arxasında oturub, gözəl-gözəl mahnılar çalırdı, o isə evin ortasında qırçınlı qaraçı paltarında dövrə vururdu, atası işdən yorğun-ağrın yox, gümrah gəlirdi, Qəməri səhərdən axşama kimi dizinin üstündə oturdurdu, boynuna alırdı, atıb-tuturdu, sonra isə gəzməyə aparırdı. Onlar bərbəzəkli maşında, alabəzək şəhərdə gəzirdilər, ürəksə bundan fərəhlənirdi.
Ancaq ürək həmişə sevinmirdi, kədərli günləri də olurdu. Anası Qəməri tək qoyub dükan-bazara gedəndə ağlayırdı, göz yaşları axıdırdı.
Vaxtı çatanda Qəmər məktəbə getdi. Məktəbə gedəndə Qəmərin dərsinə hazır olub-olmamasını birinci ürək hiss eliyərdi. Çünki Qəmər dərsini biləndə o rahat idi, bilməyəndə isə həyəcanlı.
Günlər bir-birini əvəz etdi, Qəmərin də həyatı adi ritmə düşdü. Bir gün ürək hiss elədi ki, üstünü örtmüş sinədən balaca bir qönçə çıxır, o qönçə pardaqlanmağa, böyüməyə can atırdı, ürək də onun bu canatımına qoşulurdu, onunla birgə ona məlum olmayan bir həyata qovuşmağa çalışırdı.
Gün ötdü, vədə yetişdi və bir gün ona məlum olmayan bir hadisə baş verdi. Ürək ona yad bir ürəyin böyür-başında fırlandığını duydu. Ürək onu tanımırdı, ancaq onda özünə oxşar nəysə vardı. Ürək o nəysəni axtara-axtara gəlib ona yapışdı, qopmaq istəmədi, yad ürəklə dostlaşdı, sonra bu dostluğu sevdi. Axırda onlar tam birləşdilər.
O, hər gün səhərdən axşama kimi pəncərə ağzında dayanıb, bir zamanlar ona yad olan, indi isə doğmalaşan ürəyin işdən qayıtmasını gözləyirdi. Ona dadlı yeməklər bişirirdi, dost ürəyi gəzdirən qaba, lakin sevimli adamın qulluğunda dururdu, bəzən az qalırdı ki, girib onun ürəyində otursun, ancaq qorxurdu ki, saçları və ayağının dırnaqları onun zərif ürəyini qanadar, onu incidər.
Bir gün Qəmər ürəyinin altında balaca bir ürəyin bitdiyini hiss elədi. Onu sevməyə, qorumağa başladı, o ürək yekəldi və yekəldikdən sonra ayrılmaq istədi, çünki o ürək də həyatı sevirdi, qaranlıq mağaradan işıqlı dünyaya çıxmaq istəyirdi. Böyük ürək bunu istəmirdi, ancaq belə lazımıydı. Bu hadisə düz səkkiz dəfə baş verdi, çünki böyük ürək balaca ürəkləri yetişdirməyə öyrəşmişdi, çünki ona təmənnasız sevgi lazımıydı.
Ürək sinəsinin altından qopan körpələrinin sevincinə şərik çıxırdı, qəmlərini bölüşürdü, beləcə yarı rahat, yarı narahat yaşayırdı.
Balaca bir ürək həyətdə oynayanda qayğılı olurdu, axşama kimi Qəmərlə birgə pəncərədə durub uşaqlarının oyununa baxırdı, birdən Allah eləməmiş bir axmağa rast gələrlər, ya elə köntöy maşın sürənlərin nadanlığının qurbanı olarlar. Ürək onlarla birgə dərs hazırlayırdı, balaca ürəkləri ürəkləndirirdi, məktəbə bir gedib, bir gəlirdi.
Ürəklər ali məktəbə gedəndə onların yolunu gözləyirdi, nazlarına dözürdü, şıltaqlıqlarını tumarlayırdı. Yavaş-yavaş onun özünə olan sevgisi o birilərinə keçirdi, təki ondan qopanlar sağ olsunlar.
Bir gün onun narahat ürəyi dayandı, çünki döyünməkdən yorulmuşdu. İndi o, uçmaq istəyirdi. Ürək göyə qalxdı. Qönçə kimi qırmızıydı, göyləri gəzməyə başladı. Aşağıda - yerdə isə bir həssas ürək böyük, işıqlı salonda ağ royal çalırdı, daha bir ürək «Mersedes»də gəzirdi. O, villaları geniş, qulluqçuları bol ürəkləri gördü. Onlar hamısı rahat idi, ora-bura qaçışmırdılar, vuruşmurdular. Ürək düşündü ki, bəlkə o da onlar kimi ola bilərdi, lakin nədənsə bunun fərqinə varmayıb, ürək heç bunu istəməyib də, çünki belə olsaydı, bəlkə o, həyatı istədiyi kimi yaşaya bilməzdi, doyunca sevə bilməzdi.
Ürək birinci dəfə yuxuda qorxduğu günləri, varlığını tanıdığı anı xatırladı və güldü, aşağıda isə ona oxşar balaca ürəklər qaçışırdı, hamısı onun zərrəcikləriydi… Və birdən o, qönçə kimi pardaqlanmış, sevən ürəyini gördü. Həmin ürək bombalamboş boşluqda ona tərəf uçurdu.
Yaz havasıydı. Yağış Qəmərin göz yaşlarını, günəş isə şaqraq gülüşlərini xatırladırdı…
20 iyun 2005