Taras Şevçenko
(1814-1861)
Vəsiyyət
Mən öləndə, məni basdırarsınız
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna… Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var.
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar.
Mənim Ukraynamdan yuyub aparsa
Dnepr yad qanını mavi dənizə,
Onda mən sözümü deyərəm qısa,
Unudub tarlanı, dağı… nə isə,
Son verib fəğana, son verib aha,
Dua eyləyərəm onda Allaha.
Çiçək açmayınca bax, bu arzular,
Edərəm yenə də Allahı inkar.
Məni basdırınız, üsyan ediniz,
Qırıb yox ediniz o qandalları.
Düşmənin qanını axıtmaqla siz
Azad olarsınız, biliniz barı.
Mən isə gələcək böyük, şən, xoşbəxt,
O azad və yeni ailənizdə
Xatırlayarsız, hər zaman hər vaxt,
Adımı çəkərək şən dilinizdə.
Tərcümə edəni: Abbas Abdulla