MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Viktor Hüqo. Səfillər
Bölmələr

******

17.11.2017, 22:21

Viktor Hüqo

(1802 –  1885)

  “Səfillər”

(Romandan parça)

         Jan Valjan qulaq asdı. Heç bir səs-səda yox idi. O, qapını itələdi. Qapını gizlicə otağa girmək istəyən pişik kimi barmağının ucu ilə yavaşca itələdi. Qapı səssizcə aralandı. O, bir saniyə gözlədikdən sonra, qapını ikinci dəfə daha cəsarətlə itələdi. Qapı səssizcə açılmaqda davam edirdi. İndi qapı keçmək üçün kafi dərəcədə genişaçılmışdı. Lakin qapının yanında kiçik bir masa var idi ki, onun küncü keçməyə mane olurdu. Jan Valjan bu maneəni gördü. Necə olursa olsun qapının arasını bir qədər də açmaq lazım idi. O, qət etdi və qapını üçüncü dəfə, əvvəlki iki dəfədən daha bərk itələdi. Bu dəfə pas tutmuşrəzələrdən biri birdən qaranlıqda bərk və uzun-uzadı cırıldadı.

Jan Valjan titrədi. Bu rəzənin cırıltısı onun qulağında qiyamət günündə çalınan suri-İsrafil kimi qulaqbatırıcı və dəhşətli bir qüvvə ilə səsləndi. Qeyri-təbii bir dəhşət içərisində ilk dəqiqələrdə ona elə gəldi ki, bu rəzə yatanlara xəbərdarlıq etmək və bütün evdəkiləri oyatmaq üçün qəflətən cana gəldi, dəhşətli canlı bir məxluqa çevrildi və it kimi hürdü. O, titrəyə-titrəyə, özünü itirmiş halda dayandı, barmaqları ucunda yeriməkdə ikən, bütün ayağını yerə basdı. Ona belə gəldi ki, gicgahlarında damarlar iki dəmirçi çəkici kimi taqqıldayır. Nəfəsi isə mağaradan əsən külək kimi vıyıltı ilə çıxır. Qəzəblənmiş rəzənin bu dəhşətli fəryadının şiddətli bir zəlzələ kimi bütün evi titrətməyəcəyi ona mümkün olmayan bir şey kimi görünürdü; onun itələdiyi qapı haray salmışdı və köməyə çağırırdı; bu saat qoca oyanacaq, qadınlar bağıracaq, adamlar gələcəklər; on beşdəqiqə keçməmiş şəhərdə gurultu qopacaq, bütün polis ayağa qaldırılacaqdır. Bir an o özünü məhv olmuş hesab etdi.

O, daş kimi yerindəcə donub qalmışdı, barmağını belə tərpətməyə cürət etmirdi. Bir neçə dəqiqə keçdi. Qapı taybatay açıq idi. O, başını uzadıb otağın içinə baxmağa cürət etdi. Orada heç bir şey tərpənmirdi. O, diqqətlə qulaq asdı. Evin içindən heç bir səs-səmir gəlmirdi. Paslı rəzənin cırıltısı heç kəsi oyatmamıŞdı. Birinci təhlükə keçmişdi, amma Jan Valjanın ürəyi yenə böyük bir vəlvələ içində idi. Lakin o, geri qayıtmadı. Hətta özünü büsbütün məhv olmuş zənn etdiyi dəqiqədə geri çəkilmək fikrində olmadı. İndi o, yalnız bir şey istəyirdi – qərarını yerinə yetirib qurtarmaq. O, irəliyə doğru bir addım atdı və otağa girdi.

Otaqda tam sakitlik hökm sürürdü. Qaranlıqda bəzi şeylərin tutqun, qeyri-müəyyən cizgilərini seçmək olurdu, – gündüz bunların masa üstünə dağılmıŞkağız parçaları, açıq kitablar, üzərinə paltar sərilmiş kreslo və ibadət fəhləsi olduğunu görmək olardı, indi isə, gecənin bir qaranlığında bütün bunlar tutqun bir kölgəyə və ya ağımtıl ləkəyə bənzəyirdi.

Jan Valjan mebelə toxunmadan, qorxa-qorxa, ehtiyatla irəliyə doğru yeriyirdi. Otağın bir tərəfində yatmaqda olan yepiskopun yavaş-yavaş və sakit nəfəs aldığı eşidilirdi. Jan Valjan birdən dayandı. O, artıq çarpayının yanında idi. O, buraya gözlədiyindən tez çatmışdı. Bəzən təbiət öz effektləri və hadisələri ilə qorxunc və təsiredici bir məharətlə tam vaxtında bizim işimizə qarışır, sanki, bizi fikirləşməyə vadar edir. Yarım saat olardı ki, bütün göyün üzünü böyük bir bulud bürümüşdü.

Jan Valjan çarpayının yanında dayandığı zaman, bu bulud, sanki, qəsdən parçalandı və ay işığı hündür pəncərədən içəri düşərək, birdən-birə yepiskopun solğun üzünü işıqlandırdı. Yepiskop sakitcə yatırdı. Aşağı Alp dağlarında gecələr soyuq olduğundan, yepiskop əynində paltar yatırdı, darçını rəngdə yun donunun qolları əllərini biləklərinə qədər örtmüşdü; barmağında yepiskop üzüyü olan, bu qədər xeyirli və mərhəmətli işlər görmüşəli çarpayıdan aşağı sallanmışdı. Üzündən, sanki, bir məmnuniyyət, ümid və sakitlik yağırdı. Bu üz gülümsəmirdi, nur saçırdı. Onun alnında gözə görünməyən bir işığın qəribə inikası vardı. Qəlbi pak olan adamlar yuxuda əsrarlı göyləri seyr edirlər. Bu göyün parıltısı yepiskopun üzündə əks etmişdi. Bu işıq eyni zamanda içəridən də parıldayırdı, çünki bu göy onun özündə təcəssüm edirdi. Bu, onun vicdanı idi. Ayın işığı yepiskopun üzünə düşdüyü və sanki, bu daxili nurla birləşdiyi zaman o, bir nur haləsi arasında yatmış kimi göründü. Lakin təsvirəgəlməz bir toranlıq bu mənzərəni bir qədər yumşaltmışdı. Bu göydəki ay, bu yatan təbiət, yuxuya dalmış bu bağ, bu sakit evciyəz, gecənin bu vaxtı, bu sükut – bütün bunlar bu insanın müqəddəs istirahətinə ifadə edilə bilməyəcək bir ehtişam verir, bu ağ saçları, bu qapalı gözləri, ümid və inam ifadə edən bu üzü, bu qoca başı və bu uşaq yuxusunu əzəmət və sakitlik haləsi ilə əhatə edirdi. Özü də bilmədən bu qədər əzəmətli olan bu insanda ilahi bir şey hiss olunurdu.

Jan Valjan əlində dəmir şamdan, kölgədə hərəkətsiz dayanmışdı və çaşqın halda bu nurani qocaya baxırdı. O, ömründə belə bir şey görməmişdi. Bu etibar onu dəhşətə gətirirdi. Mənəviyyat aləmində cinayət əməli qarşısında dayanıb pak bir adamın yuxusunu seyr edən pərişan və natəmiz bir vicdandan əzəmətli bir mənzərə ola bilməz. Bu yalqızlıqda, onun kimi bir adamın yaxınlığında yatanın yuxusunda xüsusi bir ülviyyət vardı.

Jan Valjan dumanlı olsa da yenilməz bir qüvvətlə bunu duyurdu. Onun qəlbindən nələr gəlib keçdiyini kimsə, hətta o özü belə söyləyə bilməzdi. Onun nələr hiss etdiyini təyin etmək üçün ən amansız bir şeylə ən mülayim bir şeyin qarşı-qarşıya durduğunu təsəvvür etmək lazımdır. Gözlərində də müəyyən bir ifadə görmək mümkün deyildi. Onlarda yalnız ələmli bir heyrət görünürdü. O baxırdı. Lakin o nələr düşünürdü? Bunu kim başa düşə bilərdi? Onun həyəcan keçirdiyi və dərindən mütəəssir olduğu hiss olunurdu. Lakin bu həyəcanın mənası nə idi? O, nəzərini qocadan ayıra bilmirdi. Üzündən və ümumi görünüşündən yalnız bir şey aydın bilinirdi – o, qəribə bir tərəddüd içində idi. Sanki, o, iki uçurum arasında tərəddüd edirdi; bu uçurumlardan biri həlak edən, o biri qurtuluş gətirən idi. Sanki, o, bu başı əzməyə, yaxud bu əli öpməyə hazır idi. Bir neçə saniyə sol əlini yavaş-yavaş qaldırıb, şapkasını çıxartdı; sonra əli yenə yavaşca aşağı endi. Jan Valjan sol əlində şapkasını, sağ əlində isə dəmir parçasını tutaraq yenə tamaşaya daldı. Qısa saçları qırışmış alnı üzərində biz-biz durmuşdu. Yepiskop bu dəhşətli nəzərlər altında yenə də sakitcə yatırdı. Ayın işığında, buxarının üstündə tutqun bir şəkildə İsanın surəti görünürdü: sanki, o, birisinə xeyir-dua verir və ya birisini bağıŞlayaraq, hər ikisinə öz ağuşunu açırdı.

Birdən Jan Valjan şapkasını başına qoydu, sonra yepiskopun üzünə belə baxmadan, tələsik yatağın yanından keçdi və onun baŞtərəfində görünən rəfə tərəf getdi, qıfılı qırmaq üçün şamdanı qaldırdı, lakin açarın qıfılın üstündə olduğunu gördü, şkafı açdı: birinci gördüyü şey gümüşlərin qoyulduğu səbət idi, səbəti götürüb, heç bir ehtiyat eləmədən, hərəkətlərindən əmələ gələn gurultuya fikir vermədən iri addımlarla otaqdan keçdi, qapıya çatdı, ibadətxanaya girib, pəncərəni açdı, əsasını götürdü, pəncərədən aşdı, gümüşləri çantasına qoydu, səbəti yerə tulladı, yüyürə-yüyürə bağdan keçdi və pələng kimi hasardan sıçrayaraq, yox oldu.

Ertəsi gün, səhər tezdən monsenyor Benvenü bağçada gəzinirdi. Birdən madam Maqluar böyük bir təşviş içərisində onun yanına gəldi: – Monsenyor, monsenyor, – deyə o bağırdı, – siz gümüş çəngəl-bıçağı saxladığım səbətin harada olduğunu bilirsinizmi?

Yepiskop: – Bilirəm, – deyə cavab verdi.

 – Allaha Şükür, – deyə qadın sevindi, – yoxsa onun harada olduğunu başa düşə bilmirdim.

Yepiskop elə indicə çiçəkliyin içində səbəti tapmışdı. O, səbəti madam Maqluara verərək dedi:

– Budur. Bu nədir? – deyə madam Maqluar təəccüb etdi.

 – Bu ki, boşdur. Bəs gümüşlər hanı?

Yepiskop:

– Ax, sizi gümüŞlər narahat edir? Gümüşlərin harada olduğundan xəbərim yoxdur, – dedi.

Zirək bir qarı olan madam Maqluar bir anda yataq otağına gedərək ibadətxanaya baxdı və yenə sürətlə yepiskopun yanına qayıtdı. Yepiskop əyilərək, səbətin əzmiş olduğu qatıqotu şitilinə baxırdı. Madam Maqluarın bağırtısını eşitdikdə yepiskop dikəldi.

 – Monsenyor! O adam getmişdir! Gümüşlər oğurlanmışdır!

Madam Maqluar bu sözləri söyləməkdə ikən, birdən gözləri bağın o biri başında qaçanın izlərini gördü. Divarın üzərindən bir neçə daş düşmüşdü.

 – Baxın, baxın! O buradan aşmışdır. Birbaş Koşfile döngəsinə düşmüşdür! Bu nə alçaqlıqdır! O bizim gümüş çəngəl-bıçağımızı oğurlamışdır! Yepiskop bir dəqiqə susdu, sonra ciddi bir nəzərlə madam Maqluara baxaraq, mülayimliklə etiraz etdi:

– Harada deyilmişdir ki, o gümüşlər bizim idi?

 Madam Maqluar heyrətindən donub qaldı. Yenidən sükut çökdü, sonra yepiskop yenə sözünə davam edərək dedi:

 – Madam Maqluar, bu gümüş çəngəl-bıçaqdan, həm də bu qədər uzun müddət istifadə etməkdə mən haqlı deyildim. Onlar yoxsulların malı idi. Bu adam kim idi? Şübhəsiz, yoxsul.

 Madam Maqluar:

 – Aman, ya rəbbi! – dedi. – Mən nə özüm üçün deyirəm, nə də madmazel üçün. Bizim üçün hamısı birdir. Mən sizin üçün deyirəm, monsenyor. İndi zati-aliniz nə ilə yemək yeyəcəkdir?

Yepiskop madam Maqluarın üzünə heyrətlə baxdı.

– Nə olar? Məgər qalay çəngəl-bıçaq yoxdur? Madam Maqluar çiyinlərini dartdı. – Qalayın pis iyi olur.

– Bəs dəmir? Madam Maqluar üzünü turşudaraq:

 – Dəmir də pis dad verir.

Yepiskop: – Elə isə ağacdan düzəltdirərik, – dedi.

Bir neçə dəqiqə sonra yepiskop dünən axşam Jan Valjanın oturduğu masanın arxasında oturaraq səhər yeməyi yeyirdi. Yemək zamanı o, dinməzcə qulaq asan bacısına və öz-özünə deyinən madam Maqluara gülə-gülə isbat edirdi ki, çörəyi südə batırmaq üçün nə qaşığa, nə də çəngələ, hətta ağac qaşığa və çəngələ belə ehtiyac yoxdur, bunlarsız da keçinmək olar. Madam Maqluar masanın başında vurnuxaraq, öz-özünə donquldanırdı:

– Heç adamın ağlına gələn işdirmi? Belə bir adamı evə buraxmaq, gecə də öz yanında yatırmaq olar? Allaha Şükür ki, o, ancaq oğurluq etmişdir! Aman, ya rəbbi! Nə ola biləcəyini yada saldıqca adamın bədəni əsir!..

Yepiskop ilə bacısı süfrədən qalxmaq istəyirdilər ki, birdən qapı döyüldü. Yepiskop:

 – Buyurun, – dedi.

 Qapı açıldı. Qapının astanasında bir dəstə qəribə və həyəcanlı adam göründü. Üç nəfər birisinin yaxasından tutmuşdu. Bu üç nəfər jandarm, dördüncü isə Jan Valjan idi. Jandarmların başçısı, kiçik zabit, qapıda ayaq saxladı. Sonra içəri girib, yepiskopa yaxınlaşdı və ona əsgəri salam verdi.

 – Monsenyor... – deyə o, sözə başladı.

Məyus və pərişan bir halda dayanan Jan Valjan bu sözü eşitdikdə, heyrətlə başını qaldırdı.

 – Monsenyor! – deyə o pıçıldadı. – Demək bu, sadə keşiş deyilmiş... Jandarmlardan biri:

 – Sus, – dedi, – bu monsenyor cənab yepiskopdur. Bu zaman monsenyor B’envenü qocalığının müsaidə etdiyi qədər sürətlə onlara yaxınlaşdı və Jan Valjana müraciətlə dedi:

– Ah, sizsiniz? Sizi görməyimə çox şadam. Ancaq niyə belə edirsiniz? Axı, mən şamdanları da sizə vermişdim, onlar da gümüşdəndir, onlara iki yüz frank ala bilərsiniz. Bəs nə üçün onları da çəngəl-bıçaqlarınızla birlikdə götürməmişsiniz? Jan Valjan gözlərini geniş açaraq, təsvir edilməsi mümkün olmayan bir nəzərlə hörmətli yepiskopa baxdı.

 Kiçik jandarm zabiti dedi:

 – Monsenyor, demək bu adamın bizə söylədikləri doğrudur? Biz yolda ona rast gəldik. Görünüşündən o, qaçağa bənzəyirdi. Hər təsadüfə qarşı onu tutduq, bu gümüşləri də onda tapdıq.

 Yepiskop gülümsəyərək, zabitin sözünü kəsdi:

 – O da sizə dedi ki, gecə evində yatdığı qoca bir keşiş bu gümüşləri ona bağışlamışdır, eləmi? Başa düşürəm, başa düşürəm. Siz də onu tutub buraya gətirdiniz, deyilmi? Bu, anlaşılmazlıqdır.

Kiçik zabit:

– Elə isə onu buraxa bilərik? – deyə soruşdu.

– Əlbəttə, – deyə yepiskop cavab verdi.

Jandarmlar Jan Valjanı buraxdılar. Jan Valjan qeyri-iradi olaraq geri çəkildi. Yuxuda danışırmış kimi boğuq bir səslə:

– Məni doğrudanmı buraxırlar? – dedi.

Jandarmlardan biri: – Bəli, əlbəttə, səni buraxırıq, eşitmirsən nədir? – deyə cavab verdi.

Yepiskop:

 – Dostum, – dedi, – getməmişdən əvvəl şamdanlarınızı götürməyi unutmayın. Budur, götürün.

 O, buxarıya yaxınlaşıb gümüş şamdanları götürdü və Jan Valjana uzatdı. Qadınların ikisi də hərəkətsiz bir halda dinməzcə dayanaraq, heç bir şeylə yepiskopa mane olmamağa çalışırdı. Jan Valjanın bütün bədəni titrəyirdi. O, ixtiyarsız və çaşqın bir halda hər iki şamdanı əlinə aldı.

Yepiskop: – İndi sağlıqla, gedin, – dedi, – həm də, dostum sizə bir şey söyləyim: bir də mənim yanıma gələndə bağdan keçməyə heç bir ehtiyac yoxdur. Siz hər zaman baş qapıdan girib çıxa bilərsiniz. Bu qapı nə gecə, nə də gündüz, heç bir zaman bağlanmır. Sonra jandarmlara tərəf dönərək:

 – Cənablar, siz gedə bilərsiniz, – dedi.

Jandarmlar getdilər. Jan Valjan, sanki, bu dəqiqə özündən gedəcək idi. Yepiskop ona yaxınlaşdı və yavaş bir səslə dedi:

– Unutmayın, heç bir zaman unutmayın ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəyinizi mənə vəd etmişdiniz.

Jan Valjan çaşqın bir halda durmuşdu, o belə bir vəd vermiş olduğunu qətiyyən xatırlamırdı. Yepiskop bu sözləri xüsusi bir qətiyyətlə dedi və təntənə ilə davam etdi: – Jan Valjan, qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyirin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram.

           

Tərcümə edəni: Mikayıl Rəfili




Copyright Ədəbiyyat dərsliyi © 2017