MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
YENİ DÖVR ƏDƏBİYYATIMIZIN I MƏRHƏLƏSİ (XVII –XVIII ƏSRLƏR)
Bölmələr

******

24.12.2024, 06:04

Yeni dövr Azərbaycan ədəbiyyatı

I mərhələ (XVII-XVIII əsrlər)

 

Azərbaycanda mürəkkəb, ziddiyyətli hadisələrlə zəngin olan XVII- XVIII əsrlər ədəbiyyat tariximizin yeni dövrünün birinci mərhələsidir. Xalqda milli müstəqillik düşüncəsinin artdığı bu dövr şifahi xalq ədəbiyyatının güclənərək, yazılı ədəbiyyata təsirinin artması, ənənələrin davam etdirilməsi ilə yanaşı, yeni meyillərin yaranması, poeziyanın xəlqiləşməsi ilə səciyyələnir.  Aşıqların yaratdığı “Koroğlu”,  “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s. qəhrəmanlıq və məhəbbət dastanları bu dövrün dəyərli bədii söz örnəkləridir.

Azərbaycan aşıq ədəbiyyatının yüksəliş dövrünün – XVI – XVII əsrlərin məhsulu olan «Koroğlu» qəhrəmanlıq dastanında xalqımıza xas olan vətənpərvərlik, qəhrəmanlıq, humanizm motivləri ön planda durur.  Dastan yarandığı dövrdən bəri müxtəlif xalqlar içərisində yayılmış,  müxtəlif variantları yaradılmışdır. Buna baxmayaraq, xalqımızın  şifahi ədəbiyyatının bu nadir incisi öz ideya- bədii kamilliyi ilə bütün variantların fövqündə durmuş, onların yaranması üçün qaynaq, zəmin rolu oynamışdır.

Dastanının baş qəhrəmanı xalqın arzu və istəklərinin daşıyıcısı olan Koroğludur. Onun ədalətsiz yerli hakimlərə və xarici işğalçılara qarşı mübarizədə əsas dayağı xalqdır, xalqın içərisindən çıxmış igid oğullardır. Əsərin əvvəlində qisasçı təsiri bağışlayan Koroğlu sonradan xalq qəhrəmanına çevrilir. Xalq Azərbaycanın müstəqilliyi ilə bağlı arzularını Koroğlu obrazında əks etdirmişdir. Bu baxımdan yenilməz fiziki gücə, düşmən bağrını yaran dəli nərəyə malik Koroğlu mükəmməl obrazdır, xalqın qəhrəman idealıdır. Koroğlu  namərdliyin, müxənnətliyin düşmənidir.

Dastana daxil edilmiş şeir parçaları, qoşma və gəraylılar aşıq şeirinin kamil nümunələridir. Bu şeirlər öz poetik təravəti, məcazlar sisteminin zənginliui ilə diqqəti cəlb edir. Dastanın nəsr dili də xalq danışıq dilinin bütün zənginliyini, şəhdini-şəkərini əks etdirir, obrazlılığın dəyərli nümunələridir. Dastan aşıq ədəbiyyatının oyanış, intibah dövrünün məhsulu olduğu üçün həmin dövrün zəngin ifadə imkanlarını da özündə əs etdirir.

Nizaminin, Füzulinin epik poeziya ənənələrini davam etdirən Məsihinin “Vərqa və Gülşa” poemasında mülki bərabərsizlik, şər qüvvələr bir-birini böyük məhəbət bəsləyən gənclərin səadəti yolunda sədd çəkir. Lakin Vərqa və Gülşa xoşbəxt olmaq, üarzularına çatmaq üçün qarşılarına çıxan bütün maneələri aşırlar. Sevgilisinə sadiq olan Gülşa, Əmr, Əntər,Pələngər kimi şər qüvvələrlə mübarizədə qalib gələn, “Qovğa günü Rüstəmi-zəmanəm”  deyənVərqa əhdə vəfa, iradə, qəhrəmanlıq  nümunəsi göstərir. Vərqa ömrünün sonuna qədər sevgilisinə içdiyi anda sadiq qalır.

Əsərdəki Möhsün şah obrazı da alicənablığı, mərdliyi, xeyirxahlığı ilə diqqəti cəlb edir. Vərqa və Gülşanın məhəbbətindən xəbər tutan Möhsün şah Gülşaya olan məhəbbətini bir qardaş sevgisinə çevirir, hər iki gəncin bir-birin qovuşması üçün çalışır.

Klassik ədəbiyyatımızın ənənələrini davam  və inkişaf etdirən Saib Təbrizi Şərq ölkələrində mütəfəkkir  şair kimi tanınmış, zəngin bir irs qoyub getmişdir.  Yeni səpkidə əsərlər  yazan Saibin poeziyasında yenilik ruhu güclüdür. Tədqiqatlarda onun 300 min beytə qədər  əsəri olması barədə məlumat vardır. Ana dilində yazdığı şeirlər şairin yaradıcılığında mühüm yer tutsa da, bu  böyük irsdən bizə 17 şeir gəlib çatmışdır. Lakin həmin əsərlər Saibin sənətkar qüdrəti, ana dilinin zəngin bədii təsvir və ifadə  vasitələrindən istifadə məharəti  haqqında dolğun təsəvvür yaradır.

Şairin poeziyasında vətən mövzusu mühüm yer tutur. “Saib doğdu Təbrizin müqəddəs torpağından” deyən ədib  müxtəlif ölkələrdə yaşasa da, doğma şəhərini heç zaman unutmamış, ömrünün ən xoşbəxt günlərini  bu cənnət guşədə yaşadığını dönə-dönə iftixarla qeyd etmişdir:

 

                    O bahar ömrümüzün günləri düşdükcə yada,

                    Saibin fikri gəzir Təbrizinin cənnətini.

 

Saib yaradıcılığı şifahi  xalq ədəbiyyatı ilə sıx bağlıdır. Xalq bədii təfəkkürününqaynaqlarından yaradıcılıqla  bəhrələnən sənətkar ən dərin fikirləri, mürəkkəb mətləbləri ifadə etmək üçün atalar sözü və məsəllərdən  məharətlə istifadə etmişdir, Şairin həyat, insan taleyi, dostluq, insanpərvərlik mövzularında bir çox beytləri aforizm kimi işlənməkdədir:

 

Küçədə torpaq ilə oynayan o oğlana bax,

Kim ki nadandır bu həyat onu da oynadacaq.

 

Saibin Azərbaycan və fars dilində  əsərlərinin  lirik qəhrəmanı məhəbbəti, gözəlliyi,  sədaqəti, fədakarlığı, qüruru, daxili aləmin zənginliyi ilə seçilir.

XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşayıb-yaratmış Qövsi Təbrizinin  elm aləminə məlum olan lirik şeirlər “Divan”ının bir nüsxəsi   Britaniya muzeyində , digəri Gürcüstan Dövlət Muzeyində saxlanılır.  Qövsi Təbriz ədəbi mühitinin təsiri altında böyümüş, klassik ədəbiyyatımızla yanaşı, Şərq ədəbiyyatını mütaliə etmişdir. Sadə həyat tərzi keçirən Qövsü fikrini elmə, biliyə, bədii yaradıcılığa vermiş,  dövrünün böyük alim və şairləri ilə dostluq münasibətləri onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır.

İnsanpərvərlik, xeyirxahlıq  hisləri ilə yaşayan şairin ictimai motivli əsərlərində cəmiyyətin insanı əzən, qula çevirən qanunlarına  kəskin etiraz vardır. Cəmiyyətdəki bərabərsizlik, ədalətsizlik  daim maddi ehtiyac içində yaşayan insanların həyat tərzi ilə naz-nemət içində yaşayan zənginlərin həyatı arasındakı fərq şairi daim düşündürmüş, narahat etmişdir. Yaşadığı cəmiyyətdə insan azadlığının, ləyaqətinin tapdalanması, ağla qaraya fərq qoyulmaması ilə hər gün qarşılaşması şairin qəlbində kədər, qəzəb, təəssüf hisləri doğurmuşdur. “Zəmanə hər kimi yandırdı, mən kəbab oldum” şair insanı qula çevirən cəmiyyətə qarşı etiraz dolu fəryad səsini ucaltmışdır.

Qövsinin məhəbbət lirikasında da lirik qəhrəmanın məhəbbəti, vüsal həsrəti, ayrılıq əzabları ilə yanaşı, zəmanəsinə münasibəti də öz əksini tapır. O, nakam məhəbbətində yalnız sevdiyi gözəli deyil, fələyii, zəmanəsini də günahlandırır:

 

Gər nalə çəkməsin dili bimar, neyləsin?

Aşiq gözüm gər ağlamasın zar, neyləsin?

...Qövsi, səninmi halına bir əhli-dil demiş:

Qoymaz məni fələk göz açım, yar neyləsin?

 

XVII-XVIII əsrlərdə Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi ustad sənətkarların yaradıcılığı ilə aşıq sənəti çiçəklənməyə başladı. Cənubi Azərbaycanda anadan olmuş Aşıq Abbas Tufarqanlı qoşma, gəraylı, qəzəllərində xalqımızın  mənəvi dəyərlərini, arzu və istəklərini, yurdumuzun təbiətinin gözəlliyini, saf məhəbbəti  tərənnüm etmiş, həyatda gördüyü haqsızlıqlara qarşı etiraz səsini ucaltmışdır. Baharın gəlişinin doğurduğu nikbin əhval-ruhiyyə, tə­biə­tin ğözəlliyi xalq aşığının qəlbində həyat eşqi, heyranlıq hissi oyadır:

 

  Budur gəldi bahar fəsli,

  Dağların lala vaxtıdır.

  Açılıbdır qızıl güllər,

  Bülbülün bala vaxtıdır.

 

Cənubi Azərbaycanın Tikmədaş kəndindən olan Xəstə Qasım qoşma, gəraylı, deyişmə və ustadnamələrində xalq mənəviyyatı,  xeyirxahlıq, dostluqda sədaqət və s. nəcib keyfiyyətlərdən söz açmışdır:

   

Xəstə Qasım kimə qılsın dadını,

Canı çıxsın özü çəksin odunu,

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdır.

 

Zəngəzur mahalının Güləburd kəndindən olan Sarı Aşıq  dərin mənalı, sevən, ayrılıq həsrəti çəkən qəlbin çırpıntılarını əks etdirən bayatıları ilə məşhurdur. Sarı Aşıq  Yaxşı adlı bir qızı sevmişdir.  Yaxşının da ona könül verməsinə  baxmayaraq, ailələrin razılığı olmadığı üçün o, öz sevgilisinə qovuşa bilməmidir:

Mən Aşıq bu dağınan,

Gül sınmış budağınan.

Sənə Yaşı deməzlər

Mən ölsəm bu dağınan.

 

XVIII əsrdə yazılı ədəbiyyatımızın inkişafında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin böyük rolu olmuşdur. Görkəmli şair M.V.Vidadi klassik poeziya və folkor ənənələrindən bəhrələnərək qoşma və gəraylılar, əruz vəznli şeirlər –qəzəllər, müxəmməslər yazmışdır. Vidadinin məhəbbət lirikasında Füzulinin təsiri hiss olunur.  Şairin məhəbbəti əlçatmaz, ülvi bir hiss sayan lirik qəhrəmanı sevgi əzablarını, ayrılıq dərdini, vüsal arzusunu təbii bir hal kimi qarşılayır. Dünyəvi eşqi tərənnüm edən şeirlərində həyati lövhələrə yer verməsi isə aşıq poeziyası ilə bağlılıqdan irəli gəlir:

Gecə-gündüz oda düşüb yanaram,

Siyah telli bir sonanın ucundan.

Nə dil deyə bilir, nə qələm yazır

Hər nə ki çəkmişəm onun ucundan.

         

Lirik qəhrəman aylar, illərlə həsrətini çəkdiyi sevgilisinin vüsalını şükranlıqla  qarşılayır,  onda həyat eşqi,  sevinci, fərəh hisləri oyadır:

 

Aylar, illər həsrətini  çəkərdim,

Şükür yetdim vüsalına , sevdiyim!

Müştaqinəm, çanı qurban eylərəm,

O xəttinə, o xalına, sevdiyim!

Eşqin elə bu könlümə fənd elər,

Danışdıqca göftarını qənd elər,

Zülfün ilə hüsnün birdən bənd elər,

Xəyalımı xəyalına, sevdiyim!

 

Yaşadığı dövrün keşməkeşli, qanlı-qadalı hadisələri,  xalqın  düşdüyü çətin durum, cəmiyyətdə sadə indsanların ağır vəziyyəti şairin ictimai motivli şeirlərində öz əksini tapmışdır.  Vətənin, xalqın taleyinə həssaslıqla yanaşan şairin əsərlərində qabarıq şəkildə əks olunan dərd ictimai kədərdir. “Durnalar”, “Gördüm”, “Dəli könül, gəl əylənmə qürbətdə” şeirlərində şairin humanist duyğulları, vətən  məhəbbəti, yurdundan ayrılmış qəriblərin kövrək duyğuları səmimi bir dillə əks olunub. Vaqiflə deyişməsində Vidadi “Toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı” deyən, nikbin ovqatlı yaşayan dostunu naz-nemətə, cah-cəlala uymamağa çağırır, dünyanın faniliyini,   ümidi Allaha  bağlamağın vacibliyini xatırladır.

“Müsibətnamə” müxəmməsində Şəki xanı Hüseyn xan Müştaqın hakimiyyət uğrunda çəkişmələr nəticəsində öz əmisi Hacı Əbdülqadir tərəfindən öldürülməsinin  Vidadidə doğurduğu kədər hisləri öz əksini tapmışdır. Şair Hüseyn xan Müştaqın insani keyfiyyətlərindən, “haqpərəst” , “pak dil”, “əhli-təbəkkül” olmasından  söz açır, intiqam hissi, hakimiyyət həvəsi ilə ittifaq bağlamış düşmənləri tərəfindən təkləndiyindən yanıqlı bir dillə, kədərlə söz açır.

Bu dövr ədəbiyyatımızın ən qüdrətli nümayəndəsi olan Vaqif həm görkəmli dövlət xadimi , həm də şair kimi şöhrət tapmışdır. Klassik poeziya ənənələri və şifahi xalq ədəbiyyatı, aşıq şeirinin  nailiyyətlərindən yaradıcılıqla bəhrələnməsi, realistik meyillər  şairin yaradıcılığının yenilikçi mahiyyət  kəsb etməsinə səbəb olmuşdur.

 




Copyright Ədəbiyyat dərsliyi © 2024