MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
ORTA DÖVR ƏDƏBİYYATIMIZ ( XIII ­- XVI əsrlər)
Bölmələr

******

24.12.2024, 06:16

Orta dövr Azərbaycan ədəbiyyat

(XIII əsrdən XVI əsrə qədər)

 

XIII-XVI əsrlərdə baş verən  tarixi –siyasi hadisələrin  axarı anadilli ədəbiyyatımızın inkişafına, doğma dilimizdə kamil sənət əsərlərinin meydana gəlməsi üçün münbit zəmin yaratdı. Doğma dilimizin rəvac tapdığı bu dövrdə yazıb–yaratmış Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli,  kimi görkəmli şairlərin əsərlərində cəmiyətdə baş verən hadisələrə münasibət, fəal həyat mövqeyi, mənəvi-əxlaqi dəyərlərlə bağlı düşüncələr öz əksini tapmışdır. Tənqidi ruhu ilə seçilən, cəmiyyətdəki haqsızlıqlara, insan hüquqlarının tapdalamasına etirazı ifadə edən əsərlər dərin humanist mahiyyətə malikdir.

Orta əsrlər ədəbiyyatında humanizm, xeyir­xahlıq, insana inam, şərə qarşı mübarizənin zəruriliyi  motiv­ləri geniş yer tuturdu. Klassik sə­nət­karların yaradıcılığında bəşəri ideyalar, elmin, biliyin yüksək dəyərlən­diril­məsi, cahilliyin, nadanlığın, eqoizmin mənfi cəhətlər kimi tənqidi,  ibrətamiz həyat hadisələri, insan taleyi,  xalq mənafeyinin müdafiəsi kimi məsələlər öz əksini tapırdı.  Həmin  əsərlər məzmun, ideya baxımından xəlqi səciyyəlidir, xalqın ideallarını, həyatın reallıqlarına  münasibətdə sənətkarın vətəndaş mövqeyini ifadə edirdi.  

XIII-XVI əsrlərdə dünyəvi məzmunlu poeziyanın inkişafı ilə  yanaşı,  sufiliyin, onun panteist qolunun ideyaları  -  humanizm, kamil insan problemi ədəbiyyatın, bədii fikrin  mərkəzinə gətirir, cahillik, mənsəbpərəstlik, acgözlük, müftəxorluğa nifrət aşılanırdı. Sufi panteizmdə insana müqəddəs varlıq kimi yanaşılır, Allah, insan, kainat vəhdətdə götürülür, eyniləşdirilirdi.Sufi poeziya özünə məxsus məcazlar sistemindən, poetik-fəlsəfi mənalardan istifadə edərək  ictimai zülm və haqsızlığa motivlərinə geniş yer verir, insanın mənəvi inkişafında , kamilləşməsində, həqiqət mərtəbəsinə yüksəlməsində söz sənətinin rolu yüksək qiymətləndirilirdi.

Anadilli şeirin ilk nümunələrini yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilindəki şeirlərini Həsənoğlu, farsca şeirlərini “Puri-Həsən” (pur- farsca oğul deməkdir) təxəllüsü ilə yazmışdır. Sağlığında istedadlı sənətkar kimi şöhrət qazanmış şairin əsərləri başqa ölkələrdə də geniş yayılması barədə məlumatlar vardır.  “Apardı könlümü bir xoş qəmər üz , canfəza  dilbər” qəzəlində n aşağıdakı beytdə şair əsərlərinin Misirdə yüksək dəyərləndirildiyindən bəhs edir:

            Şəha şirin sözün qılır Misir bir zaman kasid,

            Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər

Əsərdə sufi “badə”, “məst”, “sürahi”, “qül-qül” rəmzlərindən istifadə, sevgilisinin  surətinin (ilahi surətin) əzələdn  can içində yazılması fikri lirik qəhrəmanın hislərinin ilahi məhəbbət səciyyəsi daşıdığını  göstərir:

Başımdam getmədi hərgiz, səninlə içdigim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Qəzəlin lirik qəhrəmanın sevgilisinə bəslədiyi saf məhəbbət hisləri, onun gözəlliyinə heyranlığı tərənnüm olunmuşdur. Sadiqlik , məhıbbətdə sabitqədəmli olmaq nəcib insana  xas olan    məziyyət kimi dəyərləndirilir:

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Qəzəlin sənətkarlıq xüsusiyyətləri müəllifin yetkin şair olduğunu göstərir. Qəzəlin hər misrasının sonunda işlədilən  sözün ikinci misranın əvvəlində  sual-cavab  şəklində təkrarı orijinal bədii üsul kimi diqqəti cəlb edir. Əsərdə “xoş qəmərüz”, “apardı könlümü”, “başımdan getmədi,” “mən ölsəm” kimi xalq danışıq dilinə xas olan ifadələr əsərin dilində axıcılığı, məzmunun daha asan qavranılmasını təmin edir.

    Hökmdar və şair kimi şöhrət qazanmış Qazi Bürhanəddinin (1314-1398) yaradıcılığını ingilis şərqşünası E.Braun türk ədəbiyyatında dünyəvi poeziyanın ilk örnəyi kimi dəyərləndirir. Şairin ana dilində “Divan”ı həmin dövrdə Azərbaycan dilinin yüksək bədii səviyyəyə çatdığını göstərir. “Divan”a daxil edilmiş şeirlərdə məhəbbət və qəhrəmanlığın tərənnümü, şairin humanist, fəlsəfi düşüncələri öz əksini tapmışdır. Şair sırf türk poetik janrlarından olan tuyuğları “Divan”a daxil etməsi də də mühüm poetik yenilik idi.

 Qazi Bürhanəddinin  tuyuğlarında üzünü elin igid oğullarına tutur, dünyada on­ların tayı-bərabəri olmadığını, hətta günəşin də öz cövlanında belə cəsurları görmədiyini söyləyir. Belə ərənlər meydanında deyi­lən hər söz hərb meydanında sübut edilməli, əsl igid döyüş mey­danında bəlli olmalıdır. Şair belə bahadırlardan iftixarla danışır, onların mərd­liyini yüksək insani məziyyət kimi dəyərləndirir:

            Gün necə ki, cövl edir cövlanında,

            Görməmiş siz tək cəvan dövranında.

            Ərənlər cərgəsində deyilən söz,

            Yerinə yetmək gərək meydanında.

Lirik qəhrəmanı düşmənin sayca çoxluğu, qüvvəsi qay­ğı­landır­mır. Çünki o, elə aslandır ki, adını eşidəndə düşmən qor­xu­dan titrəyəcəkdir. Şairin poeziyasında qeyrət, namus, yaxşı ad xal­qı­mızın uzun illərin sınağından çıxmış mənəvi dəyərləri kimi təsdiq və təbliğ edilir. Mənasız, ali məqsədsiz əməllər yox, xalq işinə səda­qət, haqq yolunda vuruşmaq, yeri gəlsə, baş qoymaq əsl hünər sayılır.

  Seyl axar hələ bu dəm yaşum  bənüm,

  Yürəgüm qanıyladır aşum bənüm.

   Qeyrət üçün bir quşax quşanalum,

   Anın üçün gedərsə başum bənüm.

Şairin bahadırlıq tuyuğlarında  həyat və ölüm haqqında düşün­cələri dini – fəlsəfi məzmun daşıyır. Tuyuğlarda lirik qəhrəman dünyada ölümdən qorxmadığını bəyan edir, "insana canı  Allah əma­nət vermişdir, onun izni olmadan insanın canını heç kim ala bil­məz" fikri ilə yaşayır:

Qorxmazam bu dünyada heç kişidən,

 Canumun əmanəti Allahadur.

Tuyuğlarda atalar sözünü xatırladan ifadələr geniş yer tutur: "Hər zaman bir yigidin dövranıdur", "Əldə beş barmağı kim görmüşdür", " Mərd olan yerdə labüd na­mərdi var", "Yola çıxanın işin Allah bilür", "Məhəkə tutmayınca kim nə bilə, Safimüdür, yaxud qatıxlumı zər", "Ömür ilə əcəl həmkasədür", "Aləmdə min qarğaya bir sapan bəs", "Təngri sax­lasun anı yaman gözdən" və s. Ədibin "Yemək-içmək, yaxşılıx günün görən ər günündə gər dönə namərd ola" aforistik misraları "Dost dar günündə sınanar" atalar sözünü xatırladır.

XIII yüzillikdə yazılmış, kamil sənət əsəri olan  “Dastani-Əhməd Hərami” məsnəvisi quruluşca müxtəlif hadisələrin təsvir olunduğu məclislərdən ibarətdir. Əsərdə nağıl və dastanlar üçün səciyyəvi olan məzmun və forma xüsusiyyətləri diqqəti cəlb edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi quldurluqla məşğul olan, həyatda şər qüvvələri təmsil edən Əhməd Həramidir. Əhməd Həraminin  başlıca düşməni Bağdad sultanının qızı mübarizliyi, igidliyi ilə seçilən Güləndamdır. Güləndam Bağdad sultanının xəzinəsini oğurlamağa cəhd edən  Əhməd Həramini yaralayır,  doqquz yoldaşını öldürür, xəzinəni ələ keçirməyə imkan vermir. Beləliklə, o, özünə Əhməd Hərami kimi qisas almaq arzusu ilə alışıb-yanan, təhlükəli bir düşmən qazanır. Bu hadisədən sonra Güləndam üçün çətin günlər  başlayır. Şahzadə Güləfruxa ərə gedən Güləndam Şirazda böyük bir sarayda yaşayır. Qırx igid  və iki arslan gecə-gündüz onun keşiyini  çəksə də, Güləndam  bilir ki, hiyləgər və kinli Əhməd Hərami harada olsa, onu axtarıb tapacaq,  öldürməyincə sakitləşməyəcəkdir. Lakin Əhməd Hərami onun yaşadığı sarayı tapıb igidləri və arslanları öldürsə də, özü Güləndam tərəfindən öıdürülür.

Əsərdə Güləndamın keçirdiyi həyəcanlar,  doğmalarından ayrılıq həsrəti, zəmanədən şikayəti “Yalvarış” adlı şeirdə təsirli bir dillə ifadə olunur:

Görün imdi bana netdi zamanə,

Əlimi aldı uş, atdı yabanə.

Nədir bunca bənə cövrü cəfalar,

Məgər qəhr üçün bəslədi anə.

Suçum nədir, cəb netdim, nə qıldım,

Qara bağrım bənim qərq oldu qanə.

Hənuz dəxi qızıl gül qönçəsindən

Açılmadan nə tez döndü xəzanə.

Cəfa imiş bu dünyanın vəfası

Ki, bin yaxşı işi dəyməz yamanə.

Görün bu çərxi-gərduni  ki, bəni

Sapana qoyuban atdı yabanə.

XV-XVI əsrlərdə yaşayıb –yaratmış qüdrətli sənətkarlardan olan Həbibi Göyçayın  Bərgüşad kəndində anadan olub. Uşaq yaşlarından çobanlıq edən Həbibinin hazırcavablığı, iti ağlı Ağqoyunlu hökmdarı Sultan Yəqubun diqqətini cəlb etmiş, saraya gətirilərək burada təlim-tərbiyə almışdır. Burada şair kimi ad-san qazanan Həbibi Ağqoyunlu hakimiyyətinin süqutundan sonra Şah İsmayıl Xətayinin  sarayına dəvət olunmuşdur. Ş.İ.Xətayi onun istedadını, şeirlərini yüksək dəyərləndirərək saraydakı şairlərin başçısı kimi  “Məliküş-şüəra” (şairlərin məliki) adlandırmışdır.

1514-cü ildə baş vermiş Çaldıran döyüşündən sonra Həbibi Türkiyədə yaşamış, burada elm, mərifət sahibi, aiqanə şeirlər yazan istedadlı şair kimi nüfuz qazanmışdır. Həbibinin mükəmməl “Divan”ı haqqında məlumatlar olsa da, ədəbiyyatımız üçün böyük hadisə ola biləcək bu şeirlər toplusu tapılmamışdır. Şairin “Tövhidnamə” sində , peyğəmbərə həsr etdiyi “Ya Nəbi” nətində dini görüşləri, Allaha və Məhəmməd peyğəmbərə məhəbbəti böyük sənətkarlıqla ifadə olunb. Şairin yaradıcılığında həm ilahi, həm də dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş şeirlər mühüm yer tutur.

Sufiyanə şeirlərində şair bütün hikmətlərin, gözəlliklərin, sevginin Allahın neməti, onun varlığının nişanəsi olduğunu söyləyir.  Şair məhəbbət  mövzusunda əsərlərində lirik qəhrəmanın həqiqət mərtəbəsinə çatmaq, kamillik, vəhdət məqamına yetişmək istəyindən söz açır. “Xərəbat, “Edəlim”  şeirlərində mey, saqi, cam, xərəbat kimi rəmzi məna daşıyan sufi terminlərindən istifadə edərək  insanı mənəvi saflığa, azad olmağa, kamilləşməyə dəvət edir.

Dünyəvi məhəbbəti, gözəlliyi tərənnüm edən şeirlərində şair lirik qəhrəmanın sevmək-sevilmək arzusuna, həyəcanlarına, sevinc və kədərinə insanın təbii hiss, duyğularının ifadəsi kimi yanaşır:

                Düşdü şəbnəm bağə, gəl ta gük nisar etsün sana,

                Səbzənin hər  bərginə bir dür ki, tapşurmuş çəmən...

Necə dinlənsin Həbibi sənsiz , ey əndamı gül.

Çün batar cisminə təndə hər tük, olmuş bir tikən.

Dirili Qurbaninin   təravəti və səmimiliyi ilə seçilən, real həyat hadisələrinin təsiri ilə yaranan  qoşma və gəraylılarında insan və təbət gözəllikləri sənətkarlıqla tərənnüm edilmişdir. Sənətkarın “Bənövşə”  qoşmasında təbiətin gözəlliyindən vəcdə gələn insanın real duyğuları əks etdirilmişdir.

Qurbani irsinin tədqiqatçısı Q.Kazımov yazır:”Qurbani insanı, insanın daxili, ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək şair istedadının gücü ilə onları ustalıqla mənalandıra bilmişdir. Təbiətin gözəl guşəsində doğulan Qurbaninin təsvir etdiyi sevgili obrazı – Pəri bu təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani Pərisi bahar nəsimi kimi xoş,  dağ çiçəkləri kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də.  Küsməyi də var, barışmağı da... Təbiətin  və gözəlin həmahəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin ən mühüm keyfiyyətidir. Bu müqayisədə  təbiət, əfsunlu bir aləmə çevrilir.

Şairin lirik poeziyasında sevgili ğz yerişi, duruşu, geyimi, hərəkətləri, boy-buxunu, ədaları ilə  canlı və təbii insandır, real el gözəlidir:

                              Sallana-sallana gələn Salatın,

                              Gəl belə sallanma, göz dəyər sənə.

                              Dəstələ, zülflərin yerə dəyməsin.

                              Yollar qubarlanar, toz dəyər sənə.

(Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı, 2004, s.535, 537)

Həbibinin istər klassik Şərq şeiri, istərsə də xalq şeiri üslubunda yazılmış əsərləri anadilli ədəbiyyatımızın  parlaq səhifələrindən birini təşkil edir. O, dilimizin zəngin bədii təsvir və ifadə imkanlarından məharətlə istifadə edərək yazdığı şeirlərləhəm öz dövründə yaşayıb-yaratmış  şairlərə, həm də özündən sonrakı ədəbiyyatımıza təsir göstərmişdir.

XIII-XVI yüzilliklər Azərbaycan ədəbi və fəlsəfi fikrinin ən böyük nümayəndələri, mütəfəkkir şairlər İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl  Xətayi yaradıcılığı anadilli ədəbiyyatımızın zirvəsini təşkil etməklə istər öz dövrlərində, istərsə də sonrakı mərhələlərdə söz sənətimizin inkişafına güclü təsir  göstərdi.  




Copyright Ədəbiyyat dərsliyi © 2024