MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
QƏDiM DÖVR ƏDƏBiYYATIMIZ (ƏN QƏDiM ZAMANLARDAN XIII ƏSRƏ QƏDƏR)
Bölmələr

******

24.12.2024, 05:32

QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI

(ən qədinm zamanlardan XIII əsrə qədər)

 

          Azərbaycan ədəbiyyat tarixinin ayrı –ayrı dövrləri, mərhələləri xalqın tarixinin ayrılmaz tərkib hissəsidir.Tarixin ən qədim dövrlərində türk xalqlarının eyni məkanı, coğrafiyanı bölüşdürməsi ortaq ədəbi-bədii dəyərlərin, bədii söz örnəklərinin də yaranmasını şərtləndimişdir. Ədəbiyyatın keçdiyi tarixi yol göstərir ki, bir kökdən olan xalqların coğrafi məkan ümumiliyi, eyni dilin daşıyıcısı olması öz əksini onların dünyagörüşü, təfəkkür, həyat tərzi, adət-ənənə, mənəvi dəyərlər, əxlaqi sifətlərlə yanaşı,  söz sənəti nümunələrinin də ortaqlığında tapmışdır. Bu ortaqlıq türk xalqlarının ədəbiyyatlarının bir-birini qarşılıqlı surətdə zənginləşdirməsinə, humanist, insansevər səciyyə daşımasına, əxlaq gözəlliyini əks etdirməsinə zəmin yaratmışdır. Bu baxımdan Azərbaycan xalqının zoykökündə duran ortaq türk xalqlarının yaratdığı, mifoloji örnəklər, Orxon-Yenisey daş kitabələri öz humanizmi, milli məhdudluq tanımaması ilə seçilir. “Törəyiş”, “Oğuz xaqan”, ”Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” dastanları uzun illər dildən-dilə keçərək yayılmış,  sonradan müxtəlif mənbələrdə qısa məzmunu yazıya alınaraq qorunub saxlanılmışdır.

Eramızdan əvvəl I minilliyin ortalarında yaradılmış “Alp Ər Tonqa” dastanı vaxtilə irihəcmli nəzm əsəri olmuş, ozanlar tərəfindən əzbər söylənilmişdir. Dastanda Turan hökmdarının oğlu,  türklərin ilk əfsanəvi qəhrəmanı Alp Ər Tonqa atasından izn alıb xalqına edilən zülmlərin əvəzini düşməndən çıxmaq üçün ordu ilə İrana hücum edir.Düşməni məğlub edərək hökmdarı əsir alır. Qardaşı Alp Aruzun satqınlıq etdiyinui bilən Alp Ər Tonqa onu öldürür. Yeni müharibədən sonra sülhə razılaşan Alp Ər Tonqa İranin şimal hissəsindəki torpaqları Turana qatır. Lakin sonradan müharibələr davam edir. Kabul padşahı Zal, İran taxtına çıxan Zev, Zalın oğlu Rüstəm,  Keykavusun oğlu Siyavuşla  müxtəlif vaxtlarda döyüşə girən Alp Ər Tonqa qara qayğulu yuxu görəndən sonra sülhə  razılaşır. Alp Ər Tonqaya sığınan Siyavuş onun qızı  Firəngizlə evlənir.  Çuğullar Siyavuşla Alp Ər Tonqanın arasını vuraraq  Siyavuşun  öldürülməsinə nail olur.Rüstəm Turana hücum edərək Alp Ər Tonqanı məğlub etdi, oğlunu öldürdü.  Qisas almağa and içən Alp Ər Tonqa yeni ordu toplayıb müharibədə İranı məğlub etdi.

Keykavus  hökmdarlığı Siyavuşun birinci arvadından olan oğlu Keyxosrova verdi. O, hücum edərək türk-Turan ordusunu məğlub etdi.Alp Ər Tonqanı öldürmək istəsə də, o, qaldığı qaladan ona sadiq bəylərlə Çin padşahının yanına getdi. Ordusu ilə onun ardınca gələn Keyxosrova  təkbətək döyüşməyi təklif etsə də, o razılaşmadı. Döyüşdə türk-Turan ordusu yenə məğlub oldu. Dərin sarsıntı keçirən Alp Ər Tonqa öz ölkıəsinı qayıtdı. Düşmənlər dağdakı mağarada yaşayan Alp Ər Tonqanın türkcə dediyi ağılardan onu tanıyıb Keyxosrova xəbər verdilər. Düşmənin əlinə keçməmək üçün suya atılan Alp Ər Tonqanı hiylə ilə sudan çıxarıb öldürdülər. Vətənpərvər, qəhrəman Turan hökmdarının ölümü xəbərini  türklər böyük faciə kimi qarşıladılar, ağı deyib ağladılar:

 Alp Ər Tonqa öldümü,

İzsiz amin qaldımı,

Ödək öcün aldımı,

İmdi yürək yırtılır.

Tarixi qaynaqlarda atəşpərəst azərbaycanlıların dini kitabı olan, on iki min öküz dərisi üzərində qızıl hərflərlə yazılmış “Avesta”nın  Midiya dövrünə aid olduğu qeyd edilir. Zərdüştün yaratdığı, ilkin formada 21 hissədən ibarət olmuş bu tarixi-ədəbi, dini –fəlsəfi abidənin üç hissəsi qalmışdır.Vəndidad, Vispered, Yəsna. “Vendidad”da divlərə, düşmən qüvvələrəqarşı qanunar, paklıq və doğruluq, günahlardan üzülüşmək, saflaşmaq  haqqında fikirlər öz əksini tapmışdır. Əkinçliyi müqəddəs sayan Zərdüştililik dininin qaydalarına görə, mömin insan əkin-biçin, bağçılıqla məşğul olmalı, bataqlıqları qurutmalıdır.O, yurd salmalı, ev tikməli, mal-qara saxlamalı, aiə qurmalı, övlad böyütməlidir.

“Yəsna”ya daxil olan 17 “Qat” qurban, ibadət zamanı söylənən alqış, müqəddəs sayılan su, torpaq, ot, abadlıqlara dualar, allahlara tərif, müraciətlərdən ibarətdir.  “Qat”larda dünyanı idarə edən iki qüvvə - xeyir allahı Hörmüz (Ahura-Məzda) və şər allahı Əhrimən (Anqra-Manyu) arasında gedən daimi mübarizədən bəhs edilir.Hörmüz işığı, xeyiri, Əhrimən –qaranlığı, şəri təmsil edir.Zərdüşt insanları xeyirli fikir, xeyirli söz, xeyirli əməllə xeyirin şər üzərində qələbəsinə kömək etməyə səsləyir:

Ey Ahura. Yaxşı fikir, yaxşı əməl insanları

Verdim sənə özün qoru öyrət mənə öz dilinlə,

Öyrət necə olacaqdır, bəs gələcək həyat necə?

 Atəşpərəstlər günəşi Hörmüzün  gözü sayaraq oda sitayiş edir , odun vasitəsilə şərdən, pislikdən qorunmağın mümkünküyünə inanırdılar. “Avesta” dakı odun müqəddəsliyi, Novruz bayramında şam yandırılması,  səməni göyərdilməsi, odun üstündən atlanmaq  və s. bu gün də xalqımızın bayram adətlərində yaşamaqdadır.

Qədim dövrlərdən Azər­bay­can ərazisində yaşayan, köçəri həyat keçirən oğuzlar öz qəh­rə­manlıq tarixini «Kitabi-Dədə Qorqud» da əbə­diləş­dirmişdir. Dastanda xalqımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. Təsadüfi deyil ki, bu dastan özündən sonra yaranan şifahi ədəbiyyatımıza, nağıl və dastan­ları­mıza, orta əsr­lərin yazılı ədəbiyyat nümunələrinə güclü təsir göstərmişdir. Dastanın əlyazması ilk dəfə Almaniyanın Drez­den kitab­xanasından tapılmışdır. 1815-ci ildə alman şərqşünası Frid­rix Dits əsərin əlyazmasının surətini Berlin kitabxanasına gətir­miş­dir. Dastanın ikinci əlyazma nüsxəsi Vatikan kitabxanasından tapıl­mışdır. İtaliya şərqşünası Ettore Rossinin tapıb üzə çıxardığı bu əlyazması bir müqəddimə və on iki boydan ibarətdir. Dastanın hər boyunda bir oğuz igidinin göstərdiyi hünərdən, qəhrəmanlıqdan bəhs edilir.

«Kitabi-Dədə Qorqud» dastanının formalaşma dövrü 10-11-ci əsrlərə aiddir. Əsərdə təsvir edilən hadisələr real şəkildə 6-9-cu yüzilliklərdə baş vermişdir. Burada Gəncə, Bərdə, Naxçıvan, Şə­rur, Əlincə qalası, Dərbənd, Qaraçuq dağı, Göyçə, Qaradağ, Bayat, Dərəşam və başqa Azərbaycan torpaqlarının adı çəkilir. Əsərdə ulu babalarımız olan oğuzların doğma Vətənimizə göz dikmiş düşmənə qarşı mübarizəsindən, yurdumuzun hər qarış torpağını şərəflə qorumasından söz açılır. Soykökünə bağlı oğuz igidləri mərd, cəsarətli, hünərlidir. Dədə Qorqudun qarı düşmənin dost olmaması nəsihətini unutmayan oğuzlar düşmənin hiyləsinə uymur, Vətənin keşiyində ayıq-sayıq dururlar. Güclü düşmən qarşısında geri çəkilmək, ölümdən qorxub təslim olmaq, öz canını Vətəndən əziz tutmaq oğuz qəhrəmanları tərəfindən şərəfszlik sa­yı­lır. Onlar oğuz qəbilələri arasındakı birliyi, əmin-amanlığı göz bəbəyi kimi qoruyurlar. Dastanın on bir boyunda bu birlik qorunub saxlanılsa da,  sonuncu – on ikinci boyda Qazan xanın dayısı, at ağızlı Aruz Qoca birliyi pozmağa cəhd edir. Lakin onun bu səyi nəticəsiz qalır. Oğuz elinin məşhur qəhrəmanı Bey­rək xaincəsinə öldürülsə də, Qazan xan bu qanı yerdə qoymur. O, doğma dayısı olsa da, Oğuz birliyinə əl qaldıran, Beyrəyi qətlə yetirən, düşmən dəyirma­nı­na su tökən Aruz Qocanı döyüşdə məğlub edib öldürür.

Dastanda oğuzların düşmənlərinin də obrazları yaradılıb. Şöklü Mə­lik, Qara Tükən Məlik, Buğacıq Məlik, Trabzon və Düzmurd təkur­ları oğuzların tarixi düşmənləri olan qıp­çaqlardır. Qıpçaqların oğuzlardan çox sonra, ancaq XII əsrin ikin­ci yarısından etibarən islam dinini qəbul etməyə başla­dıq­ları mə­lumdur.

Əsərdə Bayat soyundan olan Dədə Qorqud el ağsaqqalı, keçmişdən, gələcəkdən xəbər verən müdrik bir şəxsiyyətdir. Dədə Qorqud ozandır, el aşıqlarının ümumiləşmiş obrazıdır. Əsərdə hər boyun öz süjet xətti vardır. Lakin Dədə Dorqud dastandakı bütün boyları birləşdirən obraz kimi çıxış edir.  Bəziləri Dədə Qorqudu əfsanəvi şəxsiyyət olduğunu söyləyir. Bir sıra mənbələrdə isə onun tarixi şəxsiyyət olması söylənilir. Mənbələrdə onun Məhəmməd peyğəmbərin zamanında yaşadığı qeyd edilir.  Alman səyyahı Adam Oleari  1637-ci ildə Dərbənddə Dədə Qorqudun qəbrini gördüyünü bildirir.

VII-IX əsrlərdə yaranan ərəbdilli saray ədəbiyyatı sonrakı yüzilliklərdə yaranan ədəbiyyatımız üçün zəmin yaratmışdır. Ərəb mühitində yaşayan azərbaycanlı şair İsmayıl ibn Yəsarın coşqun ruhlu, döyüşkən poeziyasında vətəndaşlıq hislərinin tərənnümü mühüm yer tutmuşdur. Siyasi məzmunlu şeirlərinə görə o, dəfələrlə sürgünə göndərilmiş, xəlfənin əmri ilə qamçılanmışdır. Şairin məhəbbət mövzusunda əsərlərində, qəsidələrində təbiilik, həyatilik, bədii ümumiləşdirmə güclüdür.

Musa Şəhəvat vətənindən uzaqlarda – Mədinədə yaşasa da, tez-tez Azərbaycana səfər etmiş, öz doğma yurdu ilə sıx əlaqə saxlamışdır.  O, öz əsərlərində ictimai həyatda müşahidə etdiyi nöqsanlara, hakimlərin zülmkarlığına, özbaşınalığına, valilərin, qazilərin rüşvətxorluğuna, riyakarlığına barışmaz münasibət bəsləmişdir.Əbül Abbas –Əl Əma azərbaycanlı şairlər arsında öz fərdi üslubu, yaradıcılıq özünəməxsusluğu ilə seçilən sənətkar olmuşdur. Qüdrətli şair kimi nüfuz qazanmış Əma Məkkədə yaşamış, daha çox mədh və həcvlər yazmışdır. Onun  yaradıcılığında saxtakar, fırıldaqçı din xadimlərini, hakimlərin ədalətsizliyini tənqid edən şeirlərlə yanaşı, əxlaqi mövzuda əsərlər də diqqəti cəlb edir.

 XI-XII əsrlərdə Azərbaycanda mədəni yüksəliş  şəraitundə farsdilli saray ədəbiyyatı inkişaf etmiş, Şəddadilər və Rəvvadilər sarayında Qətran Təbrizi, Eldəgizlər sarayında Mücirəddin Beyləqani, Şirvanşahlar sarayında Əbül-üla Gəncəvi kimi şöhrəti Yaxın Şərqə yayılmış sənətkarlar yazıb-yaratmışlar. Təsadüfi deyil ki, tədqiqatlarda XI-XII yüzilliklər öz poetik kamilliyi, mövzu-süjet əlvanlığı, həyatın müxtəlif sahələrini əhatə etməsi, mühüm ictimai problemləri sənətin predmetinə çevirməsi baxımından yazılı Azərbaycan ədəbiyyatının ilk məhsuldar və zəngin mərhələsi sayılır, Azərbaycan renessansı ədəbiyyatı kimi səciyyələnir.

 Saray ədəbiyyatında qəsidə janrı mühüm yer tuturdu. Hökmdarlara yazılmış mədhiyyələrlə yanaşı,  ölkədə gedən abadlıq, quruculuq işləri, sadə insanlara qayğı, vətənpərvərlik mövzusunda yazılmış əsərlərə geniş yer verilirdi. Saraylarda tez-tez ədəbi məclislər təşkil edilir, poeziya nümunələri dinlənilir, müzakirə edilirdi. Saray şeirinin bir istiqamətini də təbiətin gözəlliklərinin tərənnümü, hökmdarları vətənpərvər, ədalətli olmağa, xalqa qayğı ilə yanaşmağa çağırış motivləri təşkil edirdi. Mütəfəkkir şairlərin yaradıcılığında vətənpərvərlik, insanpər­vər­lik, xeyirxahlıq, mərdlik, əməksevərlik, dostluq, mənəvi saflıq yüksək insani dəyər kimi tərənnüm edilir, şər əməllərə, alçaqlığa, riyakarlığa nifrət hissi oyadılırdı.

XI yüzillikdə ədəbiyyatımızı zənginləşdirmiş Qətran Təbrizi Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrində qüdrətli şair kimi tanınmışdır. Təbriz yaxınlığındakı Şadiabad-Pinəşalvar kəndində əkinçi ailəsində doğulan Q.Təbrizi Azərbaycan, ərəb, fars ədəbiyyatı ilə yanaşı, bir sıra ülmləri öyrənmiş, gənc yaşlarından şeir yazmağa  başlamışdır. Bir müddət Təbrizdə Rəvvadilər sarayı ilə bağlı olmuş, sonra Şəddadilər saryında yaşayıb-yaratmış şair zəngin yaradıcılıq yolu keçmişdir. Şairin lirik şeirlər “Divan”ı,  fars dilində mənası çətin anlaşılan sözlərin ilk  izahlı lüğətindən ibarət olan “Ət- təfasir” (Şərhlər) kitabı onun yaradıcılığının bizə gəlib çatan hissəsidir.

Saray mühiti ilə bağlı olan  Q.Təbrizi bir çox tarixi hadisələrin şahidi olmuş,  mənzumə səciyyəli əsərlərində həmin hadisələrdən söz açmışdır.Təbriz zəlzələsi haqqında şairin doğma şəhərinə məhəbbəti, zəlzələdən sonrakı dağıntıları, insan faciələrini gördükdə duyduğu kədər hissi əks etdirilmişdir:

              Bu varda, həm də gözəllikdə söylə kim görmüş

              Cahanda Təbrizə tay qeyri yerdə özgə mahal.

 

Fənaya uğradı Təbriz qəzanın əmri ilə,

Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval.

 

Şəhərdə hər tərəfin döndü altı üst oldu,

Kiçildi qum kimi dağlar, qum oldu dağ misal.

Şəhərdə bircə nəfər yoxdu söyləsin yemə qəm,

Bu yerdə kim deyəcəkdir ki, səbri bir yada sal.

 

Əzildi çoxları. Onlar cahanı tərk etdi,

ölənlər öldü , qalan qaldı çox pərişan. (Tərc edəni X.Yusifli)

O, əsərlərində hökmdarların fikir və düşüncələrindən, apardığı müharibələrdən, xalq üsyanlarından, o dövrdəki xalq adət-ənənələrindən, insanların dini baxışları, həyat tərzi, məişəti  və s. məsələlərdən  də  bəhs etmişdir. Şairin məhənbbət, təbiət  lirikası da yüksək ideya-bədii dəyərə malikdir. Qəsidələrinin girişində verdiyi “Bahariyyə” lərdə təbiətin füsunkar gözəlliklərini tərənnüm etmiş, təbiəti şəxsləndirərək gözəllik aşiqi bülbülün gülün qarşısında fəryad etməsindən, nərgizin  oğrun aşiq kimi çəmənə boylanmasından söz açmışdır.

Q.Təbrizi real, dünyəvi səciyyə daşıyan sevgi şeirlərində vüsal  sevinci və ayrılıq yanğısından, özünün hicrana dözməyə taqəti olmamasından söz açır. Şair mənzumələrində olduğu kimi, lirik şeirlərində də ictimai-siyasi mətləblərə toxunmuş, elmə, idraka yüksək qiymət vermiş, zəmanəsinin hökmdarlarını zülmdən əl çəkməyə, xalqa münasibətdə ədalətli olmağa səsləmişdir.

XII yüzillikdə ədəbiyyatımızın inkişafında mühüm xidmətləri olan şair Məhsəti Gəncəvinin həyatı haqqında günümüzə qədər  az məlumat gəlib çıxmışdır. Mənbələrdə əsl adı Mənicə xatın olan Məhsətinin Gəncə şəhərində yaşaması, Atabəy Məhəmmədin sarayına yaxın olması haqqında məlumat verilir. Əsərlərindən göründüyü kimi, o, kamil təhsil almış, bir sıra elmləri  dərindən  öyrənmişdir. Sənətkarların, elm, incəsənət adamlarının məskəni olan  Xərabat məhəlləsində yaşayan  Məhsəti yığıncaqlarda, el şənliklərində məclis aparmış, bədahətən şeir demiş, müxtəlif musiqi alətlərində çox gözəl çalmışdır. Gözəlliyi, ağlı, şairliyi ilə məşhurlaşn Məhsəti Gəncə hökmdarının sarayına dəvət edilmiş, yaradıcılığı hökmdar tərəfindən yüksək qiymətləndirilmişdir. Saray mühitinin ab-havasında da, yenilikçi, insansevər şairə öz azadlığını, sərbəstliyini, düşüncə müstəqilliyini qorumuşdur.

Məhsəti rübainin böyük ustadıdır. Onun məhəbbət və ictimai mövzuda qəzəlləri haqqında məlumat olsa da, yalnız bir qəzəli və bir neçə qəzəlindən parçalar üzə  çıxarılıb. Şairin məhəbbət mövzusunda, fəlsəfi düşüncələrini əks etdirən rübailəri daha məşhurdur. Sənətkarlar məhəlləsi olan Xərabatın sakinləri –dərzi, papaqçı, dülgər, çəkməçi və digər peşə sahiblərindən şair əsərlərində rəğbətlə söz açmış, onların zəngin daxili aləmini tərənnüm etmiş,  öz sənətinin  kamil ustası olmasını , sərbəstliyiniyüksək dəyərləndirmişdir:

        Xərabat yeridir igid ərlərin,

        Burda yeri yoxdur bədgövhərlərin.

        Hörmətlə qədəm qoy bu yola, çünki

        Yeri deyil bura hiyləgərlərin.

Sarayda mədhiyyə səciyyəli əsərlər yazsa da, bütün yaradıcılığı xalq tərəfdarı, haqq-ədalət tərəfdarı olmuş, həyatın sərt  həqiqətlərini cəsarətlə əks etdirmişdir:

                            Xalqının başında olsan da, bir tac,

                            Ağladar səni də bir gün ehtiyac.

                            Xalqın dərdinə qal, ona yaxın ol,

                            Qorx o gündən özün olasan möhtac.

Məhsətinin məhəbbəti, gözəlliyi tərənüm edən rübailərində hıssas, sevən qəlbin keçirdiyi təzadlı hislər, duyğular öz əksini tapır:

                            Toxunma könlünə biçarə gülün,

İncitmə qəlbini avarə gülün.

Səbanın eşqiylə olmuşdur, ey dost,

O qanlı köynəyi sədparə gülün.

          XII əsrdə yazıb-yaratmış böyük Azərbaycan şairi Xaqani Şirva­ni  Şamaxıda dülgər ailəsində anadan olmuş­dur. Anası Rabiə onun tərbiyəsi ilə ciddi məşğul olmuş, öz öyüdləri ilə oğluna həyatda doğru yol  tutmağın, şərə qarşı mübariz olmağın vacibliyini başa salmışdır. Əmisi, görkəmli alim Ömər Osman oğlu Kafiyəddinin onun təlim –tərbiyəsində böyük əməyi olmuş, gənc İbrahimə dərs deyərək bir çox elmləri öyrətmişdir. Dərin bilikli alim olan əmisi oğlu, Vəhidəddin Osman Ömər oğlu da ona böyük qayğı göstərərək  bir alim, şair kimi yetişməsinə nail olmuşdur. Xaqani Şirvanşah Mənuçehr və Axsitanın sarayı ilə bağlı olmuş, saraydakı çəkişmələri, riyakarlığı  gördükdən sonra oradan uzaqlaşmaq qərarına gəlmişdir. Bunun bir səbəbi də şairin hökmdarları zülmdən çəkinməyə, ədalətə dəvət edən şeirləri hakim təbəqənin narazılığına səbəb olması idi.

          Xaqaninin “Divan” ına humanist ideyalatını əks etdirən qəsidə, qəzəl, qitə, rübailəri  daxildir.“Töhfətül İraqeyn” (İki İraqın töhfəsi)  poemasında və “Mədain xərabələri” qəsidəsində  şair saraylara, zalım hökmdarlara, hakim təbəqəyə tənqidi münasibətini, cəmiyyətdə haqq-ədalət tərəfdarı olduğunu açıq bildirmişdir.

Şairin vətən möv­zu­sun­da, gənclərə xitabən  yazdığı əsərlərdə xalqımıza xas olan mənəvi də­yərlər bədii dillə əks olunmuşdur. O,  Vətənə bağlılıq hissinin vacibliyini, insanın yalnız öz vətənində xoşbəxt olması  fikrini dönə-dönə vurğulayır. “Şirvanın tərifi” şeirində şair rastlaşdığı haqsızlıqları, şər xislətli insanların fitnə-fəsadını unudub öz vətənindən, onun gözəl təbiətindən, alicənab insanlarından iftixar hissi ilə söz açır, doğma yurdun şəninə təriflər yağdırmaqdan yorulmur:

Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır,

Onun hər cür səhər yeli dərdlərimin davasıdır.

Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə,

Bağdadı da dolandıran onun bollu qidasıdır.

Şirvan əhli alicənab yaranmışdır başdan-başa.

O yer gözəl təbiətli bir lətafət məvasıdır.

... Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,

Gözləri tox, ürəkləri sanki kərəm dəryasıdır.

Çörəkləri arpadan da olsa, yenə qanedirlər,

Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

Ana saydığı doğma şəhərini- Şamaxını tərk etməyə məcbur olan şair Təbrizi ata, özünün «ümidi, pənahı» adlandırır:

  Şamaxı! Ey mənim sevimli yurdum,

  Mən sənin qoynunda xaniman qurdum.

  İndisə acığın tutmuşdur mana,

  Sənin qucağından ayrılsam, ana, –

Ümidim, pənahım Təbrizdir, Təbriz,

O şəhər də mənə mehriban, əziz.

Siz mənə həyatı etdiniz əta,

Sən mənə anasan, Təbrizsə ata.

Anasından küsən körpə bir uşaq –

Ata ağuşunda yer tapar ancaq!

 

«Savalan dağının tərifi" şeirində şair Savalan dağını səadət qib­ləsi, müqəddəs sayır, onu Kəbə ilə müqayisə edir:

 

Səadət qibləsi Savalan dağı,

Kamalda Kəbətək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,

Çünki ehram tutan geyər ağ xələt.

Bir yerdə oxudum fəzilətindən,

Üç ildir çəkirəm görməyə həsrət.

 

Azərbaycan yazılı ədəbiyyatımızın ilk məhsuldar və zəngin dövrü sayılan XI-XII yüzilliklərdə bədii-estetik fikir intibahı –renessans  Nizami Gəncəvinin  yaradıcılığı ilə öz yüksək zirvəsinə çatdı.

 

            




Copyright Ədəbiyyat dərsliyi © 2024