MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Söz sənətimiz, mənəvi sərvətimiz
Bölmələr

******

24.12.2024, 06:24

Söz sənətimiz – mənəvi sərvətimiz...

Onuncu sinifdə ədəbiyyatımızı tarixi-ədəbi prin­sip əsasın­da öyrənə­cək­siniz. Yəni qədim dövrlərdən başlayaraq, söz sə­nə­tinin müxtəlif tarixi dönəmlərdə inkişafı, görkəmli nü­mayəndələrinin yaradı­cılığı barədə təsəvvür qazanacaq, yeni bacarıqlara yiyələnəcəksiniz. Araşdıra­ca­ğınız problem və sual­larla bağlı dərslikdə geniş məlumat verilmə­miş­dir. Dərs­likdəki yığcam məlumatları hər mövzu üzrə göstərilmiş mənbə­lərdən əldə et­dik­lə­rinizlə zən­ginləşdirəcək və tamamlayacaqsınız. Həmin mən­bələrin sırasında göstərilən bu vəsait sizin üçün hazırlanmışdır. Öyrənə­cəyiniz mövzu­larla bağlı öncə oradakı məlumatı mənimsəməyiniz digər mənbələrlə işinizi asan­laş­dıra­caqdır. Vəsaitə X sinifdə öyrənilən bədii əsərlər də daxil edilmişdir. Bu, vaxt itkisinin qarşısını alacaq, bütün bədii əsər­­ləri bir mən­bədən oxuma­ğınıza imkan yaradacaqdır. Unutmayın ki, bədii əsərlərin hər birini hələ sinifdə öyrənməyə başlamazdan əvvəl müstəqil oxumalısınız.

Ədəbiyyatımız öz mənşəyini türk xalqları üçün ortaq olan qədim türk, ya­xud ümum­türk ədə­biyyatından almışdır. Ulu babalarımız olan qədim türklərin bir neçə min il ər­zində yaratdığı ortaq ədəbiyyat ən qədim zamanlar­dan islam dininin qəbuluna qədərki dövrü əhatə edir. Ortaq türk ədəbiyyatının əsasında tanrıçılıq dün­ya­görüşünü, etnik-mlli düşüncəni əks et­dirən qədim türk eposu dayanır. Qə­dim türk eposu nümunələri olan “Dünyanın yaran­ması”, “Türk­lərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Ton­qa”, “Ər­gə­nə­kon”, “Köç” das­tanları zaman keçdikcə dəyişikliyə uğramış, bizə yığcam for­mada gəlib çat­mışdır. İlk yazılı ortaq ədəbi-tarixi abidələr VII yüzil­liyin məhsulu olan Orxon-Yenisey kita­bələri hesab olu­nur.

İslamiyyətdən öncə Azərbaycan torpaqlarında yaradılmış qədim dövr yazılı abidələrinin mükəmməl nü­munəsi olan “Avesta” təkcə xalqımızın deyil,  Ön və Orta Asiya xalqlarının ortaq dini-fəlsəfi, ədəbi abidəsi sayılan bu əsərin müəllifinin Zərdüşt olduğu barədə məlumat vardır. Atəş­pərəst­lik dinini təbliğ edən bu əsər Azərbaycan ərazisindəki tayfa bir­ləşmələri üçün əsrlər boyu müqəddəs and kitabı olmuşdur. Mənbələr göstərir ki, o, çoxcildli əsər olmuşdur. 21 hissədən ibarət olan bu əsər on iki min inək gönü, yaxud lövhə üzərində yazılıbmış. İlk nüsxəsi məhv edilən “Avesta” yaddaşlara əsasən bərpa edilmişdir. Təbiidir ki, bu, onun məzmununda müəyyən dəyişikliyə də səbəb olmuşdur. Əsərdən  “Vendidad”, “Vispered”, “Yasna” adlanan üç hissə qalmışdır. Lakin onlar da tam deyildir. “Yasna” adlanan hissədə on yeddi şeir kimi qəbul olunan qatlarda müəllif daha çox yeni din uğrunda gedən döyüşlərdən danışır.

“Avesta”aya görə, dünyanı  Ahuraməzda (Hörmüz) və Anqramanyu (Əhriman) adlı iki allah idarə edir. Bunlardan birincisi xeyiri, ikincisi isə şəri təmsil edir. Əsərdə bəşər tarixi üç dövrə bölünür. Bunlardan birincisi bəşəriyyətin keçmiş olduğu qızıl dövrüdür. Bu dövrdə şər, ölüm, xəstəlik yox imiş. İkinci dövr müəllifin yaşadığı dövrdür. Bu dövrdə xeyirlə şər arasında aramsız mübarizə gedir. Üçünc dövr xeyirin şər üzərində qəti qələbəsindən sonra başlanacaq.

Azərbaycan ərazisində Manna, Midiya kimi ilk dövlətlərdən  sonra yaranan Alban-Aran dövlətinin mövcud olduğu dövrdə ədəbiyyatın, incəsənətin xeyli inkişaf etməsi barədə mənbələrdə məlumatlar var. Yunan və Roma ədəbiyyatı nümunələrinin yayldığı bu ərazidə orijinal bədii əsərlərin də meydana gəldiyinə şübhə etməmək olar.

Türklərin islam dinini qəbul etməsi ictimai-mədəni həyatın bir çox sahələri kimi, ədəbiy­yatın da mövzu, ideya, dil, üslub, janr, vəzn xüsusiyyətlərinə öz tə­sirini göstərmişdir. İs­la­miyyətdən sonra türklərin yaratdığı divan ədəbiyyatı əsrlər boyu davam etmişdir. Di­va­n ədəbiyyatına əruz vəznində yazılmış qəzəl, qəsidə, məs­nəvi, rübai, mü­xəm­məs, qitə və s. janrlarda şeir­lər daxil edilmişdir. Bu əsər­lərdə bir çox qədim türk sözləri əvəzinə, ərəb, fars sözləri işləndiyi üçün həmin şeirlərin dili nisbətən ağırdır.

Türk divan ədəbiyyatının ilk nümunələri “Ku­tad­qu bilik” (“Xoşbəxtlik kitabı”) və “Diva­ni-lüğət-it türk” (“Türk dillərinin divanı”) əsərləridir. On­ların müəllifləri XI yüzillikdə yaşayıb-yaratmış Y.Balasaqunlu və M. Kaş­qarlı olmuşdur. M.Kaşqarlı öz əsərinə – “Divani-lüğət-it türk”ə dastan süjet­ləri ilə yanaşı, atalar sözləri, xalq nəğmələri (tür­külər) də daxil et­mişdir. Əksə­riy­yəti döyüş mövzusunda olan türkülərdə düş­mənə qarşı mübarizədə göstəri­lən hü­nərdən bəhs edilir.

Türk dünyasının ilk ensiklopediyası sayılan “Divani-lüğət-it türk” kitabına ortaq türk ədə­biy­yatı nü­mu­­nələri daxil edilmişdir. Bu nümunələri toplamaq üçün M.Kaşqarlı türk­lər yaşayan bölgələri on ildən artıq bir müddətdə gəzib do­laşmışdır. Kitab türk dünyasının bö­yük gələcəyini görən Məhəm­məd pey­ğəm­bərin bu hədisi ilə başlayır: “Türk dilini öyrənin, onların uzun sürən haki­miyyəti vardır ”.

Mədinə və Məkkədə yaşayıb-ya­ra­dan Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhə­vat, İsmayıl ibn Yəsar, Əbdül Abbas, Əl-Əma kimi şairlərimiz  öz əsərlərini təhsil aldıqları ərəb dilində yazmışlar. Onların əsərləri ideya-məzmunu, bədii sənət­kar­lıq xüsusiyyətləri, eləcə də azərbaycanlı – türk təfəkkürü, milli ruhu ilə döv­rün ərəb poeziyasından seçilirdi.

IX əsrdən başlayaraq, fars dili şərq ölkələrində poeziya dili kimi geniş yayıl­mağa baş­ladı. Hökm­darların öz saraylarında farsdilli poeziyaya üstünlük ver­mə­si də bu məsələyə təsirini göstərdi. Azər­baycan ədəbiyyatında XI əsrdən başlayan fars dilində yazmaq ənənəsi bir neçə əsr davam etmişdir. Fars­dilli poezi­yamız coğrafi sərhədlərlə məhdud­laşmamış, öz ideya-bə­dii xüsusiy­yətləri ilə fərqlənən ədəbi məktəb səviyyəsinə qalxmışdır.

Saraylarla bağlı olan ədəbiyyatda qəsidə mühüm yer tuturdu. Minacat, nət, mədhiyyə, mər­siyə, fəxriy­yə janrlarında əsərlərə geniş yer verilir, məzmun və ifadə gözəlliyi ilə seçilən nümunələr yaranırdı. Bu dövrdə şairlər saray mühi­tinin təsiri ilə ənənəvi mövzulara müraciət etməklə yanaşı, müxəmməs, qitə, rü­bai və s. janrlarda yazdıqları əsərlərdə təbiəti tərən­nüm edir, fəlsəfi düşün­cələrini, əxlaqi-nəsihətamiz fikirlərini əks etdirirdilər.

X əsrdə Azərbaycanda sufi  ədəbiyyatının ilk nümunələri yaranır. Sufi ideya­ları ədəbiy­yatın sonrakı inkişaf mər­hə­lə­lərində, xüsusən orta əsrlərdə ayrı-ayrı şairlərin əsərlərində dərin iz burax­mışdır. Lakin tanınmış sənət­karlarımızın yara­dı­cılığındakı sufilik meyilləri və motiv­ləri tər­ki-dünyalıqdan uzaq olmuş, insanın real həyati gözəllikdən zövq almaq, yaşayıb-yarat­maq istəyinə kölgə salmamışdır.

XI–XII əsrlərə aid ədəbiyyatımızda Qətran Təbrizi, Məhsəti Gən­cəvi, Xaqa­ni Şirvani, Fə­­ləki Şirvani, Mücirəddin Beyləqani, xüsusən də Niza­mi Gəncə­vinin yaradıcılığı Azərbaycan ədəbiy­ya­tın­da ciddi yüksəlişə səbəb oldu.

Təsadüfi deyildir ki, bu dövrdə yaranan ədəbiyyat Azərbaycan intibahı ədəbiyyatı kimi dəyərləndirilir.

Başlanğıcını qədim zamanlardan alan şifahi xalq ədəbiyyatı janrlarının bu dövrdə zənginləşdiyi də məlumdur. Yaranma tarixi çox qədimlərə gedib çıxan “Kitabi-Dədə Qor­qud” eposunun məhz bu dövrdə yazıya alındığı barədə məlu­mat vardır.

XI əsrdə mütəfəkkir şair Qətran Təbrizi Azərbaycanda fars dilində divan ya­rat­mışdır. Farsdilli Azər­baycan poeziyasının ilk görkəmli nümayəndəsi olan Q.Təbrizinin yaradıcılığı ilə şeirimizin yeni inkişaf mərhələsi başlanır. Bir müddət saraylarda yaşayıb-yaradan şair mədhiyyələrlə məhdudlaşmamış, əsərlərində vətən sevgisi, həyat, ölüm, insan haqqında fəlsəfi düşüncələrə geniş yer vermişdir. XII əsrdə yazıb-yarat­mış Əfzələddin Xaqani­nin yaradıcılığı ideya istiqamətinə, ictimai motivlərinin genişliyinə, bədii key­fiyyətinə görə ədəbiyyatımızda dərin iz buraxmışdır. Gənc yaşlarından Şirvanşahlar sarayına düşən, çox tez məşhurlaşan Xaqani ilə saray arasında dərin ziddiyyət yaranır. Bu, onun yaradıcılığında da əksini tapır. “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) Azərbaycan ədəbiyyatı tarixində ilk poema sayılır.

Həmin dövrün və sonralar yaranan ədəbiyyatın inkişafını Nizami­siz təsəvvür etmək qeyri-mümkündür. Humanizm ideyaları XII əsrdə yalnız Azərbay­canda de­yil, bütün Yaxın və Orta Şərq ictimai-bədii fikir tari­xində öz parlaq bədii təcəssümünü Nizami poeziyasında tapdı.

XIII–XVI əsrlərdə yaranan ədəbiyyatımızda ən mühüm hadisə farsca yaz­maq ənə­nə­sinin getdikcə zəifləməsi, ana dilində yaranan ədəbiyyatın güclən­mə­sidir. Bu dövr də xalqımızın hə­ya­tında təzadlı, mürəkkəb bir mərhə­lədir. Yadelli işğalçı­ların ölkə­mizə hücumları, dağıntı, talan, ha­ki­miyyət uğrunda çəkişmələr şə­raitin­də ədəbiyyatımız öz inkişafından qalmamışdır. Bu dövrdə bütün Yaxın Şərq ölkələrində olduğu kimi, Azər­baycan poeziyasında da sufizmin təsiri aydın hiss olunur.

XIII əsrdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlunun qəzəlləri doğma türk­cəmizdə bizə çatan ilk nümunələrdir. Lakin bu nümunələrin yüksək bədii keyfiyyəti on­lar­dan çox-çox əvvəl ana dilimizdə əsərlərin yazıldığını deməyə əsas verir. Bu dövrdə ədə­biyyatımızın inkişafı Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Kiş­vəri, Həbibi, Hamidi, Şah İsmayıl Xətayi kimi gör­kəmli sənət­karların adı ilə bağlıdır. Müəllifi məlum olmayan “Dastani-Əhməd Hərami” poeması ana di­lin­də ilk epik poeziya örnəyidir. Nizami ənənələrini davam et­dirən Övhədi Marağainin “Divan”ı, “Dəhnamə,” “Ca­mi-Cəm” (“Cəmşidin ca­mı”) poemaları XIII–XIV əsrlərdə yaranmış ədəbiy­yatımızın dəyərli nümunə­ləri­dir. Arif Ərdəbili Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin təsiri ilə “Fər­had­namə” adlı poema yazmış, əmək adamını əsas qəhrəman kimi götür­müşdür.

Nizami ənənələrinin davamçılarından olan Əssar Təbrizi “Xosrov və Şi­rin” əsərinə cavab olaraq ori­jinal poetik xüsusiyyətləri ilə seçilən, epik şeiri­mizin nailiyyətlərini özündə əks etdirən “Mehr və Müştəri” poemasını yaz­mış­dır.

XIV əsrin son rübündə Azərbaycanda yeni cərəyan – hürufuzm  ya­ranmış­dır. Hürufilik fəlsəfi təlimi İmadədin Nəsiminin yaradıcılı­ğında yük­sək bədii ifadəsini tapmışdır.

XV–XVI əsrlərdə Azərbaycan ərazisində müxtəlif sülalələrin hakim dairələ­rinin Azərbay­can türk dilinə bö­yük dəyər verməsi, Qaraqoyunlu hökmdarı Mir­zə Cahanşahın “Həqiqi”, Səfəvi hökmdarı Şah İsmayılın “Xə­tayi” təxəllüsü ilə doğma türkcəmizdə əsərlər yazması, Ağqoyunlu hökmdarı Sultan Yaqubun ana dilində ya­zan sənətkarlara qayğı göstərməsi  anadilli ədəbiyyatın inkişa­fına səbəb olmuşdur. Sivas hökmdarı Qa­zi Bürhanəddinin ana dilində divan ya­rat­ması ana dilimizin şeir-sənət dili kimi imkanlarını üzə çıxar­mışdır. Ədəbi mühitdə yaxşı tanınan Həbibi, Kişvəri, Həqiqi, Hamidi kimi sənət­kar­ların yaradıcılığı anadil­li poeziyamızın güclənməsində əhəmiyyətli rol oynamışdır.

Orta əsr türk dünyasının poeziya zirvəsini öz yaradıcılığı ilə Məhəmməd Füzuli fəth etmişdir. O özündən əv­vəlki poeziyanın bütün müsbət keyfiy­yət­lərini mənim­sə­yərək parlaq istedadı ilə anadilli epik və lirik şeirimizi yeni mə­na, üslub tapıntıları ilə zənginləşdirdi. Füzuli lirika­sının ən dəyərli inci­ləri mə­həbbət və gözəlliyi tərənnüm edən qəzəlləridirsə, süjetli əsərləri içərisində möcüzə sayılanı “Leyli və Məcnun” poema­sıdır.

Yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsi olan XVII–XVIII əsrlərdə coğ­rafi və stra­teji ba­xımdan mühüm mövqeyə malik olan Azərbaycan ərazisi qonşu dövlətlər tərəfindən döyüş meydanına çev­rilmiş,  ölkədə vəziyyət son dərəcə ağır­laş­­mışdı. Bütün bu çətinliklərə baxmayaraq, ədəbiyyatımız ənənələrdən faydalanmaqla ya­naşı, yeni key­fiy­yətlərlə də zənginləşmiş, inki­şafını dayandırmamışdır. XVI əsrin sonu, XVII əsrin əv­vəllə­rində real tarixi hadisələr əsasında yaranmış “Koroğlu” eposu mühüm ədəbi hadisə idi.

XVII–XVIII əsrlərdə aşıq sənəti sürətlə inkişaf etmiş, maraqlı məhəbbət dastanları yara­dılmışdı. Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım kimi ustad sənətkarlar aşıq şeirinin inkişafında, zənginləşməsində böyük rol oynamışlar. Bu yüzil­liklərdə Əmani, Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi, Fədai, Molla Vəli Vidadi, Molla Pənah Vaqifin yara­dıcı­lığı ədəbiyyatımızın yük­səlişinə təkan ver­di. Əgər XVII əsrdə romantik əhvali-ruhiyyə aparıcı idisə, XVIII əsrdə ro­man­­tik və realist üs­lub üstün idi. XVIII əsrdə ölkədə baş verən mühüm ictimai-siyasi hadisə­lərin, xalq yaradıcılığının yazılı ədəbiyyata təsiri realist meyil­lərin güc­lən­­mə­sinə səbəb olur. Bu baxımdan Vaqifin yaradıcılığı diqqəti daha çox çəkir.

Yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində – XIX əsrdə icti­mai-mədəni həyatın bü­tün sahələrində olduğu kimi, ədəbiyyatda da köklü dəyi­şik­liyə, yeniləşməyə meyil özünü göstərməyə baş­ladı. Bu dövrdə ədəbiyyatı­mızda həm klassik poeziya ənənələri əsasın­da təşəkkül tapan romantik poezi­ya, həm də xalq şeiri ənənələri davam və inkişaf etdirilmiş­dir. Abbasqulu ağa Ba­kıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əbülqasım Nəbati, Mirzə Baxış Nadim ki­mi istedadlı şairlər qəzəl, qəsidə, məsnəvi, müxəmməs, poema kimi klassik şeir janrlarında bədii cəhətdən mükəmməl əsərlər yaratmışlar. Bu sənətkarlar dərin ictimai-siyasi və satirik məzmunlu şeirlər də yazmış, onlarda hakim tə­bəqənin özbaşınalığına, zülm və haqsızlığa etiraz et­miş, humanist ideyaların təbliğinə geniş yer vermişlər. İsmayıl bəy Qut­qaşınlının “Rəşid bəy və Səadət xanım” he­kayəsi ilə Azər­baycan ədəbiyyatında yeni tipli bədii nəsrin təməli qoyulmuş­dur.

XIX əsrin ikinci yarısında M.F.Axundzadənin yaradıcılığı ilə Azərbaycanda və Yaxın Şərq xalqlarının bədii fikrində fərqli bir ədəbi məktəbin əsası qoyulur, milli ədəbiyyat öz inkişafında yeni zir­vələrə yüksəlir. Azər­bay­can və Şərq, rus və Qərbi Avropa ədəbiy­yatındakı humanist ənənələri də­rin­dən mənimsəyən M.F.Axundzadə sənətin qarşısında duran yeni tələbləri düzgün müəy­yən­ləşdirmiş, dramaturgiyanın əsasını qoy­muş­dur. Nəcəf bəy Və­zirov, Əbdür­rəhim bəy Haqverdiyev və b. onun yaradıcılıq ənənələrini da­vam və inki­şaf etdir­mişlər.

Azərbaycan xalqının mədəni-siyasi tarixində mütərəqqi ideyaların və inkişafın dərinləş­məsi ilə seçilən XIX əsrdə milli teatr və milli mətbuatın yaranması mühüm ha­disə idi. Görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zər­dabinin re­dak­tor­luğu ilə “Əkinçi” qəze­tinin nəşrə başlaması ölkənin sosial-mədəni hə­yatında bir canlanma əmələ gə­tirmiş, demok­ratik ideyaların yayıl­ma­sına güclü təkan vermişdir. Qəzetdə Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə və b. məktub və məqalələr dərc etdirirdilər.




Copyright Ədəbiyyat dərsliyi © 2024