ALDANMIŞ KƏVAKİB
(ixtisarla)
Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, baş əyərək ərz elədi ki:
– Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü.
Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki:
– Mirzə Sədrəddini çağır gəlsin!
Münəccimbaşı şahın hüzuruna daxil olub baş əydikdən sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki:
– Mirzə, nə var?
Münəccimbaşı ərz elədi ki:
– Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvl xəbər verməyi özümə borc bildim.
Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən yüksək bir mənsəbdə və səltənən taxtının üstündə olanlar üçün.
Bu səbəbdən münəccimbaşının xəbəri cavan şahı qorxuya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki:
– Xub, mürəxxəsən, get!
Münəccimbaşı baş əyib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə getdi, sonra xacə Mübarəki səslədi. Xacə hüzura daxil olduqda buyurdu ki:
– Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın!
Xacə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buyruğunu gözlədilər. Şah münəccimbaşının dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki:
– Aya, sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?
Məclisdəkilər hamısı heyrət içində qaldı. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:
– Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Qərar qoydum ki, şah qapısının nökərlərindən hər kəs bir vəzifəyə və ya bir vilayətin hökumətinə mənsub olsa, gücü çatdığı qədər, tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxşiş olaraq xəzinəyə təslim etsin və əlavə nə zaman ki qibleyi-aləm bir əmirin evini öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi, şükür olsun Allaha, pul ilə doludur. Vəzirlik işlərinin irəli getməsində kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz, amma ulduzların müqabilində tədbir göstərməyə, həqiqətən, acizəm.
Bundan sonra sərdar Zaman xan başladı:
– Bu sədaqətli nökəriniz, saqqalımın tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Məsələn, on il bundan qabaq Osmanlı tayfası Bəkir paşa Dəmirçi oğlunun sərkərdəliyi altında yetmiş min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Qibleyi-aləmin böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Əgərçi bizim qoşunumuz da say-hesabla Osmanlı tayfasından kəm deyildi, ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yoldan azmışların qarşısında tələfə verdirim. Ona görə əmr etdim ki, Azərbaycan mülkündə bütün kəndlilərin əkin yerlərini xarab etsinlər və mal-qaralarını qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Bəkir paşa sərhədimizə daxil olduğu zaman hərçənd qarşısında bizim qoşundan bir nəfər görmədi, amma yollar o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə böyük zəhmətlə Təbrizə varid oldu. Hər tərəfə dəstə göndərib, azuqə toplamağa başladı. Əlinə nə taxıl dənəsi, nə bir öküz, nə də bir qoyun düşdü. Əlacsız qalıb üç gündən sonra taqətsiz, ac və pərakəndə düşərək köçmək təbilini döydü. Təbrizdən qaçdı. Bu tədbir ilə İran mülkü yad tayfaların hücumundan salamat qaldı. Yolları dağıtmaq, körpüləri yıxmaq hökmdarın o dərəcədə xoşuna gəldi ki, bundan sonra düşmən hücumundan qorunmaq üçün onların bərpasını məsləhət bilmədi. Belə işlərdə sarayınızın qoca iti faydalı tədbir göstərməkdə aciz deyil. Amma ulduzların qarşısını almağa heç bir çarə tapa bilmir…
Şahın qorxusu çox şiddətləndi. Sonra müstövfi Mirzə Yəhya danışmağa başladı:
– Bəllidir ki, qoşunun və orta dərəcəli qulluqçuların məvacibi qibleyi-aləmin fərmanına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən verilir; çünki dövlət xəzinəsində nəğd pul, necə ki vəzir söyləmişdi, çatışmırdı. Ona görə də mən bu cəhətdən çox qəmgin idim. Hərçənd mən məvacib fərmanlarını imza edib, vilayətlərə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzərində etibarsız görünməsin, amma ondan qabaq hər bir vilayət hakiminə gizli məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış haman fərmana əsasən məvacib verməsinlər. Haman tədbir səbəbi ilə dövlət xəzinəsinin mədaxili çox artmışdır. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, amma sülh və asayiş zamanı olmaq səbəbi ilə və İranın ucuzluğuna görə məvacibə çox möhtac olmayıblar. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Lakin ulduzların təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə ağlım çatmır.
Növbət yetişdi mollabaşıya. O söylədi:
– Bu qüdrətli dövlətin davam etməsi üçün bu dua edənin böyük və uca olan Səfəviyyə nəslinə səmimiyyət və sədaqəti tərifə sığmaz. Bu halda ki qibleyi-aləmin vücudu ulduzların təsirindən qorxu altındadır, mənim ürəyim tavadakı balıq kimi büryan olur. Qüsurlu ağlıma belə yetişir ki, o məlum münəccimbaşının özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, ulduzların təsirini bildirib, əlbəttə, bir pis fikrə görə dəfinin çarəsini göstərməyib. Necə ola bilər ki, zəhəri göstərə, zəhərin təsirini yox edən dərmanı göstərməkdən özünü kənara çəkə! Qibleyi-aləm onun özünü çağırsın. Bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boynunu vurdursun.
Mollabaşının münəccimbaşı ilə köhnə ədavəti var idi. Bu əhvalat mollabaşı üçün çox yaxşı vasitə göründü ki, onun və başqa münəccimlərin atalarının gorunu yandırsın. Hər halda, haman uğursuz xəbərə görə şahın münəccimbaşıdan zəhləsi getmişdi. Xacə hazır olduqda buyurdu:
– Bu saat xidmətçi göndər, münəccimbaşını mənim hüzuruma gətirsin!
Bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb müraciət etdi:
– Pədərsüxtə, ulduzların bəlasından məni qorxudarsan və əlacını gizlərsən?! Cəllad!
Dərhal üz-gözündən dəhşət yağan cəllad belində xəncər, əlində ip içəri girdi. Biçarə münəccimbaşının ruhu uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu:
– Apar, bu itin bu saatda boynunu vur!..
Sərdar Zaman xan, hərçənd qılınc əhli idi, amma çox qəlbiyumşaq adam idi. Münəccimbaşının halına rəhmi gəlib, ayağa durub söylədi:
– Sənə qurban olum, bu itin boynu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacağıq? Mən fağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər istədiyimizə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir.
Şah münəccimbaşıya müraciət edib dedi ki:
– Məlun, bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər.
Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmədi. Söylədi:
– Qurban olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin. Gedim “Zici-Uluğbəy”i nəzərdən keçirim, qayıdım söyləyim.
Şah icazə verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib söylədi:
– Mövlana Cəmaləddin mübarək hüzurunuza icazə istəyir.
Mövlana otağa daxil olub, şaha lazım olan sitayişi əmələ gətirdi. Şahın işarəsi ilə oturub söylədi:
– Qibleyi-aləm sağ olsun, bu bəndəniz qocalıq səbəbindən şah sarayından kənar olub, guşənişin olmuşamsa da, lakin bu vəziyyət, yəni Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə yaxınlaşmasından qibleyi-aləmin zati-mübarəkinə böyük zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim, qabaqcadan hadisəni elan edim və aradan qaldırılmasına tədbir göstərim. Bu məqsədlə ki, bəlkə də, bu keyfiyyət cavan münəccimlərin iti gözlərindən gizli qalmış olar.
Şah kifayət dərəcədə xoşhal olub buyurdu ki:
– Mövlana, biz elə o xüsusda söhbət edirdik. Hadisə məlumdur, tədbirinizi söyləyin.
Mövlana söylədi:
– Bu nəhs günlərdə, yəni Novruzdan on beş gün keçənədək gərək qibleyi-aləm şahlıqdan əl çəkə və taxt-tacı bir günahkar və ölümə layiq bir nəfərə təslim edə, özü də xalqın gözündən gizlənə. Belə olduqda ulduzların təsiri haman günahkarın başında çatlayacaq, çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə baş verdi və taxta outran o günahkar fəlakətə yetişdi, o zaman qibleyi-aləm gizləndiyi yerdən çıxıb yenə taxt-taca malik olar, tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm taxt-tacdan müvəqqəti əl çəkir, taki taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padşah bilələr. Gərək hərəmxana xatunlarının da talağı verilib, kəbin kağızları cırıla. Sonra onlara təklif oluna ki, dəxi padşah deyil, adi camaatdan biri olan Abbas Məhəmməd oğluna ikinci dəfə kəbin kəsdirsin. Kasıblığa və qənaətə razı olarlarmı? Hansı birisi ki, razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla, hər kəs ki razı olmasa, həmin saat buraxıla.
Münəccimbaşı qorxudan qurtardı, şahın üzündən tamamilə qorxu əsəri çəkildi, ağarmış rəngi özünə gəldi. Məclis əhlindən mövlananın ağlına və kamalına afərin sədası göyə qalxdı. Şah gülər üzünü mollabaşıya tutub sual etdi:
– Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkar və öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt-tacı ona həvalə edək?
Mollabaşı cavab verdi:
– Pərvərdigari-aləm qibleyi-aləmə uzun ömür kəramət etsin. Bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan çox günahkar və ölümə layiq nəfər tapılmaz. Adına Yusif Sərrac deyərlər. Məlum deyildir ki, harada tərbiyə tapıbdır. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işi-peşəsi məlum olmayan oğru-quldurdan özünə mürid cəm edib, həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdır.
Bu məlun həmişə öz başına toplananlara aşkar söyləyir ki, guya möhtərəm ruhanilər avamları aldadırlar. Məsələn, onun əqidəsicə, guya dini hökmləri yerinə yetirmək lazım deyil; xüms və imam malı vermək doğru deyildir. Bundan əlavə, ali və yüksək dövlətə zidd mübahisələr də edir. Deyir ki, guya kəndxudalardan tutmuş padşahadək bütün mənsəb sahibləri zülmkar və quldurdular. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Həmişə öz nəfslərinin həvəsi ilə biçarə xalqı cərimə edib sıxışdırır və təqib edirlər. Öz rəftarlarında heç bir qanun və qaydaya əsaslanan deyildirlər. Bu cür rəftar ancaq zülm və yolkəsənlərin əməlidir.
Bəndəniz belə məsləhət görür ki, qibleyi-aləm səltənəti və taxt-tacı bu məluna təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib, cəhənnəmə vasil olsun.
Məclis əhli bu rəyi təsdiq edib, uca səslə dedilər:
– Yusif Sərrac pədərsuxtə ölüm və göyün bəlasına layiqdir...
Şah xoşhal olub buyurdu:
– Onun həlakına razıyam. Sabah bu tədbir tamam-kamal icra olunacaqdır.
Şah məclisdəki şəxsləri azad etdi. Məclis dağıldı. İndi biz Yusif Sərracın kim olduğunu tanımalıyıq. Bu şəxs Qəzvin kəndlilərindən Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlim mömin və dindar bir adam olduğu üçün istədi ki, oğlu molla olub, ruhanilər təbəqəsinə daxil olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoydu. Bir neçə il sonra Yusif Sərrac həddi-büluğa yetişib, gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana getdi. Ruhanilərin bir çox işlərdə qəlpliyini müşahidə edirdi, o, bu sinfə nifrət bəsləyib, istəmədi ki, özünü onların zümrəsinə daxil etsin.
Kərbəladan qayıdıb Həmədana gəldi. Orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə qayıtdı. Bu şəhər paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verilirdi. Qəzvinə gəldikdən sonra evləndi, dükan açdı. Öz qazancı ilə özünü və ailəsini saxlamağa məşğul oldu. O, safürəkli və xeyirxah adam olduğundan həmişə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xatirinə toxunur, onları tənqid və töhmət etməkdən dilini saxlamağa qadir ola bilmirdi. Hərçənd bu növ fədakarlıq ona sadiq və xeyirxah dostlar topladı, lakin, nəhayət, bədbəxtliyinə bais oldu.
Sabahısı gün şahın buyuruğu ilə günortaya iki saat qalmış tamam əyan-əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kəndxudadan tutmuş vəzirlərə kimi, şahın sarayında hazır oldu. Bu halda şah başında tac, əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzənmiş qılınc zahir oldu. Üzünü sarayda hazır olanlara tutub xitab elədi:
– Camaat, indi yeddinci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə padşaham. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm, sizdən də çox razı və xoşnudam, çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbi ilə həmişə mənə məhəbbət və sədaqət göstəribsiniz. İndi sizə açıb deməyi lazım bilmədiyim bir para səbəblərə görə, mən səltənətdən əl çəkib, taxt-tacı bu rütbəyə məndən layiq və münasib olan bir kəsə həvalə etməyə məcburam. Haman şəxsi mollabaşı, sərdar Zaman xan, vəzir, müstövfi, Mövlana Cəmaləddin, münəccimbaşı sizə göstərəcəklər. Gərək hamınız gedib təntənəli və calal ilə onu gətirib bu taxtın üstünə oturdasınız və özünüzə şah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdə səhlənkarlıq edib, o şəxsin itaətində qüsur göstərə!
Şah bu sözləri tamam edib, tacı başından götürdü, taxtın üstünə qoydu, tamam qiymətli paltarlarını soyunub, qılınc və kəmərini açdı, bir köhnə paltar əyninə geydi və xalqa üz tutub dedi:
– İndi mən adi camaatdan olan bir fəqir kişiyəm: Abbas Məhəmməd oğlu. Daha məni axtarmayın ki, görə bilməzsiniz. Xudahafiz!
Deyib taxtdan düşdü, hərəmxanaya getdi. Məclisdəkilərin hamısı heyran qaldılar, bilmədilər ki, bu əhvalatı nəyə isnad etsinlər... Hərəmxanada hərəmlərin hamısı şahın əmri ilə bir otağa yığışmışdı. Şah üzünü hərəmlərə tutub xitab elədi:
– Mənim əziz arvadlarım! İndi böyük təəssüflə məcburam ki, sizə bir yaman xəbər elan edəm. Sizə məlum olsun ki, indi mən dəxi İran padşahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və bəzəkdə, gözəl otaqlarda saxlayam. Mən adi camaatdan bir fəqir və yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı verib hamınızı azad edim ki, hər kəsə meyliniz olsa, ona gedəsiniz.
Sonra üzün Molla Rəsula tutub buyurdu:
– Buların boşanmaq siğələrini oxu!
Talaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək cırdı. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üz tutub dedi:
– Əgər sizdən hər biriniz fəqirliyə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən ona nigah oxutduraram.
Hərəmlərin hamısı təzədən razı oldular ki, şaha arvad olsunlar. Amma oların hamısından iki nəfər gözəl dilbər ki, razılıqları olmadan şahın hərəmxanasına düşmüşdü, çox utancaqlıqla və ahəstə səslə söylədilər:
– Biz şaha arvad olmuşduq, öz bəxtimizdən və dərəcəmizdən çox xoşhal idik. İndi ki bu bəxtəvərlikdən məhrum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik.
Haman saat bu iki nəfər azad edildi. Başqa hərəmlərin nikahı təzədən Abbas Məhəmməd oğluna oxundu. Xacə Mübarəkə əmr olundu ki, haman saat hamısını Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanadan çıxıb uzaqlaşdı, gözə görünməz oldu.
Yusif Sərracın dükanı Şah məscidi meydanının şərq tərəfində yerləşirdi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac vacib olan günorta namazını qıldıqdan sonra oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri cilovun o gün hazır olmasını tapşırmışdı. Bu halda meydanın qərb tərəfindən bulud kimi toz qalxdı. Mollabaşı, sərdar Zaman xan, vəzir, müstövfi, Mövlana Cəmaləddin, münəccimbaşı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan-əşrəf, mənsəb sahibləri, bir dəstə piyada və bir dəstə atlı cah-calal və aram ilə gəlirdi.
Yusif Sərracın dükanına çatdıqda hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca baş əyərək salam verdilər. Yusif Sərrac ayağa durub təzim elədi. Amma olduqca təəccübləndi. Sonra mollabaşı danışmağa başlayıb dedi:
– Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan! İranın səltənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Bizləri sərəfraz, xoşbəxt eləyin, şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun.
Yusif Sərrac çox heyrətə düşdü. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşdular. Bu sözləri ona İranda mətin bir şəxs hesan olunan mollabaşı deyirdi. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gördüyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi:
– Mənim ağam, mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm. Bilmirəm ki, aya dəli olubsunuz, ya tiryək atıbsınız, bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam, mən hara, taxt-tac hara!..Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə isnad verim... Mat və heyran qalmışam. Acizanə təvəqqe edirəm ki, mənə sataşmayasınız.
Sərdar Zaman xan başladı:
– Usta Yusif, bu gün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mollabaşının sözünə əsasən şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe olsun.
Yusif Sərracı ata mindirdilər, əvvəlki qərar üzrə dəstə şah sarayına yola düşdü. Xidmətçilərin küçələrdə “Çəkilin! Çəkilin!” səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi kişili-arvadlı, kiçikli-böyüklü pəncərələrə və damlar üstünə çıxıb, tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıqları üçün hamısı heyrətdə qaldı. Şah sarayının qapısında xidmətçilər Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb, təzim ilə onu imarətin otağına daxil etdilər və səltənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Ancaq Yusif şah taxtın üstündə oturmuş, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə, xidmətçibaşı Əzim bəy və bir neçə xidmətçi ilə durmuşdular, bayırda isə fərraşlar dayanmışdılar.
Yusif şah xacə Mübarəki yanına çağırıb dedi:
– Sən Allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın...
Xacə Mübarək, həqiqətən, çox saf və sadiq adam idi. Qəziyyəni əvvəlindən-axırınadək Yusif şaha nağıl etdi.
Yusif şah ağıllı adam idi. Ulduzlardan onun heç bir qorxusu yox idi. Əlacsız qalıb səltənət işlərinin icrasına başladı. Əvvələn, fərraşbaşı Əsəd bəyi hüzuruna gətirtdi, buyurdu:
– Bu saat on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşı Axund Səmədi, sərdar Zaman xanı, vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı, münəccimbaşı Sədrəddini və mövlana Cəmaləddini tutub apararsan, Ərkdə olan zindana salarsan, qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söylərsən!
Əsəd bəy baş əyib getdi. Yusif şahı sarayla tanış etməyə başladılar. Zinət otağının qapısını açdılar, şaha göstərdilər.
Yusif şahın üç qızı var idi. Böyüyü on dörd yaşında, ortancılı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında. Qızlarının hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar və bir rizayi şal, arvadı üçün isə bir dəst paltar və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim edib buyurdu:
– Bunları apararsan, Qəzvinin ikinci küçəsində mənim qədim evimdə arvadıma yetirərsən. Deyərsən ki, mən tərəfdən narahat olmasın! Sabah oğlanlarımı hüzura göndərsin!
Xacə Mübarək şeyləri iki nəfər xidmətçi ilə götürüb getdi.
Sabahı gün Yusif şah salam otağına təşrif gətirib, dostları Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili və Mirzə Zəkini çağırtdırdı. Şahın onlara hər barədə möhkəm inamı var idi. Mollabaşılıq mənsəbini Molla Ramazana verdi, sərdarlığı Qurban bəyə həvalə elədi. Vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə tapşırdı. Münəccimbaşılıq mənsəbini bilmərrə ləğv etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elannamə və təkidli hökm göndərilsin ki, bu gündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədilə sıxışdırmağa heç biri cürət etməsin və bacarmasınlar ki, məhz öz kefləri istədikdə bir kəsi cərimə edələr, ya qətlə yetirələr və ya burun-qulağını kəsələr, gözünü çıxardalar. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin etdi ki, gedib vilayətlərin əhvalatından və xalqın ehtiyacından xəbərdar olub, gəlib danışsınlar.
Yusif şah bu baxıcıları hüzura istəyib dedi:
– Vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb-dağıtmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar.
Bu sözləri xatırlatdıqdan sonra şah baxıcıları buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdaradək azaldılsın. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Lazım məqamlarda və mənzillərdə körpülər, karvansaralar tikilsin, hər vilayətdə xəstəxanalar qayrılsın, mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın. Dullara, yetimlərə, şillərə, korlara yardım və himayət göstərilsin. Vilayətlərdə hər kefi istəyən özbaşına özünü ruhani sinfinə daxil etməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq olmasın. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər. Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir, ruhanilərin əlindən alınıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb, təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan dörd nəfərə tapşırılsın, vilayətin füqərasına dəftər üzü ilə sərf olsun və hesabı divana gətirilsin, füqəranın bəzisi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın. Əmr etdi ki, xüms və imammalı verilməsin. Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin.
Bu xüsusda mötəbər ruhanilər Yusif şaha fiqh kitablarından hökmlər çıxarıb göstərdilər. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsi ilə hakimiyyət qazanmağın təmənnasında olmasın. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, tacirlər, bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sinfi əmlakının mədaxilindən şəhərlərdə onda bir, kəndlərdə iyirmidə bir hissə xəzinəyə versinlər. Qoşun xalqının, xidmətçilərin məvacibi əsla çatmamış qalmasın ki, səltənətin nöqsanıdır, bəlkə, həmişə vilayət xəzinələrindən təxirsiz verilsin. Alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi üçün tümənə beş şahı təyin olunsun.
Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atlarını yaylağa aparıb, bəslənmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfa yetirir, onları çapıb- talayır, topxana əmiri topçuların hamısı üçün xəzinədən məvacib götürüb, heç birinə bir qəpik də vermir, xəzinədar padşahlıq pulunun içinə də çox qəlp pul qatıb xalqa dağıdır. Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır, darğa dövlətlilərə füqəraların müqabilində üz görür, kəndxudalar Qəzvinin küçələrini natəmiz saxlayırlar. Onların hamısını vəzifədən çıxarıb, yerlərinə tanıdığı münasib adamları təyin etdi. Mollabaşı Axund Səməd Ərkin zindanında dustaqxana məmurundan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər. Qüssədən birdən-birə həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin. Küçədə açıq olan quyular örtülsün ki, gedib-gələn onlara düşməkdən hifz olsunlar. Xalqın ərzinə qulaq asmağa, dadına yetişməyə qayda-qərar qoydu və buyurdu:
– Bahalıq olduğu üçün Qəzvinin füqərasına padşahlıq anbarından buğda verilsin. Bilikli adamlardan, mahir quyuqazanlardan bir müşavirə məclisi düzəldilib Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir və təkliflər padşaha təqdim edilsin.
Yusif şahın taxta çıxmasından bir həftə keçdi. Hər gün onun xeyirxahlığından və ədalətindən növbənöv əlamətlər xalqa aşkar olurdu. İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başladı. Qəzvin əhli hər gün qala qapılarından adam şaqqalarını asılmış görmədilər. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asmalarını və göz çıxarmalar müşahidə etmədilər. Bu əhvalat onlara xeyli qəribə göründü. Əvvəl dedilər:
– Görünür, bu padşah çox rəhmli, yumşaq təbiətli adamdır!
Sonra onun rəhmli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bunu süstrəyliyə və zəifməcazlığa yozdular. Bundan əlavə, dəxi Yusif şahda min cür özgə eyib tapdılar.
Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq, onu qənimət bilməyə fürsəti fövt etmədilər. Üç-dörd günün müddətində bütün nəzərdə tutulan adamlar görüşdülər. Hamısı üsyana meyil və hazırlıq göstərdi. Fitnəkarlar qərar verdilər ki, sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri girib, Yusif şahı taxtdan yerə salıb həlak etsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Qərara alınmış gün sübh çağında, hələ padşahlıq sarayının qapıları açılmamış çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürüdülər.Yusif şah əhvalatdan xəbərdar olub buyurdu ki, sarayın qapılarını açmasınlar. Bu halda Yusif şahın tərəfdarları dəxi xəbərdar olub, silahlandılar. Qiyamət bərpa oldu. Axırda Yusif şahın tərəfdarları məğlub olub, hər kəs bir növ ilə başını mərəkədən qıraq çəkdi, canını qurtardı.
Fitnəkarlar hücum edib şah sarayının qapılarını sındırdılar, içəri daxil olub, Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Üsyan və qovğa sakit oldu. Sabahısı gün üsyan başçıları tezdən Ərkə getdilər. Sərdar Zaman xan, vəzir Mirzə Möhsünü, müstövfi Mirzə Yəhyanı, Mövlana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardılar. Hamısı ayağa durub gəldilər Şah Abbas gizlənən evə, onu oradan çıxardıb şah sarayına yetirdilər. Taxt-tacına əvvəlki kimi malik oldu. Hər iş köhnə qərar üzrə surət tapdı. Guya ki, heç bir hadisə vaqe olmamışdı.
Bu ulduzların axmaqlığına mən təəccüb edirəm ki, necə bilmədilər İran əhli onları aldadırlar. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub, qırx il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar.
Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqdır. Həqiqi padşahın əvəzinə, süni bir padşahı onların sədəməsinin altına salacaqdır.
Vallah, bu ingilis tayfası qəribə axmaqdır; belə xətərli millət ilə az qalmışdı cəng başlayalar.
M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Lakin ədib tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşmış, ona əlavələr edərək genişləndirmiş, dərin ictimai-siyasi məzmuna, bədii dəyərə malik əsər yaratmışdır.
Sənətkar mühafizəkar feodal cəmiyyətinin, onun ədalətsiz üsul-idarəsinin ictimai eyiblərini Şah Abbasın və vəzirlərinin simasında ifşa etmişdir.
Müəllif əsərdə qaldırdığı ictimai-siyasi, mənəvi-əxlaqi problemlərin bədii həllini verməklə öz maarifçilik görüşlərini yaymaq, ölkədə mədəni tərəqqinin inkişafına təkan vermək niyyətini izləmişdir.
Povestdə surətlərin tipik cəhətlərinin təsvirinə daha çox diqqət yetirilmiş, ali dövlət rəhbərlərinin zahiri görünüşü ilə daxili aləmləri arasında ziddiyyət real təsvirlərlə diqqətə çatdırılmışdır. Bunları araşdırmadan əsərdəki obrazların həqiqi simasını aşkara çıxarmaq mümkün deyildir.
Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxrılmasına imkan yaradır. Onları vətənə, xalqa, dinə, din xadimlərinə, dövlət adamlarına, dövlətin idarə edilməsinə münasibətlərinə görə müqayisə etməklə yazıçının mövqeyini, əsərin ideya-məzmununu daha dərindən başa düşmək mümkündür. Vətənin, ölkənin taleyi Şah Abbası az maraqlandırır, əhalinin ağır güzəranı, ölkənin xarabaya çevrilməsi onu düşündürmür. Hələ sərraclıqla məşğul olduğu dövrdə ölkənin ağır vəziyyətindən şikayətlənən Yusif Sərrac isə şahlığa keçən kimi bütün bölgələrdə abadlaşdırma işlərinin aparıması barədə göstərişlər verir.
Xalqa münasibətlərinə görə də onların arasında böyük fərq vardır; əzici qanunları, ağır vergiləri ilə xalqa zülm edən Şah Abbasın əksinə olaraq, Yusif Şah yeni qanun və göstərişlərlə, xüsusən vergiləri azaltmaqla xalqın güzəranının yaxşılaşmasına çalışır.
Baş vəzir Mirzə Möhsün, maliyyə naziri Mirzə Yəhya, hərbiyyə naziri Sərdar Zaman xan, mollabaşı Axund Səməd povestin satirik surətləridir. Ədib şahın yanındakı məşvərət məclisində bu obrazları öz dilləri ilə ifşa edir. Onların oxşar cəhətləri çoxdur: yaltaqlıq, səriştəsizlik, vətənə, xalqa münasibətdə biganəlik və s. Araşdırma aparmaqla bu mənfi tiplərin dövlətin fəlakətə düşməsindəki fərqli rollarını aydınlaşdırmaq, hər birinə xas olan mənfi xüsusiyyətləri müəyyənləşdirmək mümkündür.
M.F.Axundzadə hökmdara, ali mənsəb sahiblərinə zidd mövqedə dayanan Yusif Sərrac surətini yaratmaqla dövlətin idarə olunması barədəki mütərəqqi ideyalarını əks etdirmişdir. Xalqın arzu və ideallarının ifadəçisi olan Yusif Sərrac həm Azərbaycanın, həm də İranın istibdadla barışmayan, mütərəqqi ziyalılarına xas olan müsbət xüsusiyyətlərə malikdir. O, ölkənin tərəqqisinə nail olmaq, xalqın güzəranını yaxşılaşdırmaq istəyən, ağıllı, ədalətli hökmdardır.
Mirzə Fətəli Axundzadə Yusif Sərracın dili ilə kəndxudadan tutmuş padşahadək bütün hakimlərin zalım və yolkəsən olduğunu, ölkə və millətə heç bir fayda vermədiyini, heç bir qanuna, qaydaya riayət etməyərək xalqı soyub-taladıqlarını söyləyir, tüfeyli həyat sürən ikiüzlü, yalançı ruhaniləri kəskin tənqid edir.
Yusif Sərrac obrazı, onun ölkədə həyata keçirmək istədiyi islahatlar müəllifin 50-ci illərdə dövlət, onun idarə olunması ilə bağlı qənaətlərini əks etdirir.