HEKAYƏTİ-MÜSYÖ JORDAN HƏKİMİ-NƏBATAT
VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH CADUKÜNİ-MƏŞHUR
(dörd məclisdə; ixtisarla)
Əfradi-əhli-məcalis |
Müsyo Jordan – Həkimi-nəbatat, parisli, qırx yaşında. Hatəmxan ağa – Təklə-Muğanlı obasının bəyi, qarabağlı, altmış beş yaşında. Şərəfnisə xanım – onun böyük qızı, on altı yaşında. Gülçöhrə – onun kiçik qızı, doqquz yaşında. Şəhrəbanu xanım – onun arvadı, qırx beş yaşında. Şahbaz bəy – onun qardaşı oğlu, böyük qızının nişanlısı, iyirmi iki yaşında. Xanpəri – Şərəfnisə xanımın dayəsi, qırx yaşında. Dərviş Məstəli şah– caduküni-məşhur, iranlı, əlli yaşında. Qulaməli– onun şagirdi, iranlı, otuz yaşında. |
Birinci məclis
Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə ondan niyə ağladığını soruşur. Şərəfnisə xanım ağlamağının səbəbini demir, Gülçörəni itələyir. Gülçöhrə yıxılıb, durub ağlaya-ağlaya anası olan dama gedir. Şəhrəbanu xanım gəlib Şərəfnisə xanımdan ağlamağının səbəbini soruşur.
Şəhrəbanu xanım. Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlın gözün qabağında. Yeməyin bol, geyimin bol, dəxi niyə ağlayırsan?
Şərəfnisə xanım. Ana, vallah ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım?
Şəhrəbanu xanım (gülə-gülə). Niyə demirsən ki, adaxlım da gözümün qabağında?
Şərəfnisə xanım. Adaxlım kimdir?
Şəhrəbanu xanım. Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra, Allah qoysa sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin.
Şərəfnisə xanım. Bıy, anam nələr söyləyir. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm, atam kimə töy tədarükü görür.
Şəhrəbanu xanım (təəccüblə). Şahbaz gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevirsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan da, ağlayırmışsan. Gerçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?
Şərəfnisə xanım (başın aşağı salmış). Özü.
Şəhrəbanu xanım. Yaxşı, hara gedir?
Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parisəmi, adı batsın, dilim də yovuşmur.
Şəhrəbanu xanım. Yaxşı, Şahbaz kiminlə Parisə gedir?
Şərəfnisə xanım. Qonağımız müsyö Jordan ilə.
Şəhrəbanu xanım. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdir?!
Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyö Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzüaçıq oturub-dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o də dəli-divanə olub deyir ki, gərək gedəm bir Parisi görəm. Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa, gecə atımı minib, Arazı o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Parisi görüb seyr edəcəyəm.
Şəhrəbanu xanım (toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzün tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə sözdür.
Gülçöhrə qaçır. Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.
Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola?
Şəhrəbanu xanım (qaşqabağın tökmüş). Şahbaz, eşidirəm ki, Firəngə, Parisə gedirsən? Bu necə sözdür?
Şahbaz bəy (gülümsəmiş). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirərəm də.
Şəhrəbanu xanım. Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var?
Şahbaz bəy. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmənəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır.
Şəhrəbanu xanım (acıqlı). Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parisə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parisə gedirsən?!
Şahbaz bəy başını aşağı salıb gedir.
Şəhrəbanu xanım (üzün kiçik qızına tutub). Gülçöhrə, get, atan damın dalında çobanlar ilə danışır, de ki, bir tez bura gəlsin, vacib işi var.
Gülçöhrə qaçır.
Pərdə salınır
İkinci məclis
İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllacı samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün, nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
Hatəmxan ağa. Həkim-sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana aparırsan, bu necə sözdür?
Müsyö Jordan. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünki heyifdir, Şahbaz bəy kimi cavan və zirək və sahib-savad oğlan firəng dilini bilməyə; mən təəhhüd edirəm ki, onu Parisə aparıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər. İndi də mənim ilə durub-oturmaqdan bir para kəlimatı hifz edibdir.
Hatəmxan ağa (üzün Şahbaz bəyə tutub). Şahbaz, doğrudur ki, Parisə getmək istəyirsən?
Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm.
Hatəmxan ağa. Nədən ötrü, balam?
Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi!
Hatəmxan ağa. Firəng dili nəyinə lazımdır, əzizim?! Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əliyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən.
Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavücudi ki, firəng və türki dilindən başqa, özgə dil bilməzdi.
Hatəmxan ağa. Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa, filcümlə fəhm və zəmanə əhlinin adət və xəvassından mütəlle olsun; öz işin yola aparsın.
Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Paris əhlinin adət və xəvassından xəbərdarsınız?
Hatəmxan ağa. Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas.
Müsyö Jordan (vüqar ilə). Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvələn, özüm onun tərbiyəsinə mütəvəcceh olub, firəng dilini və ülumunu bəqədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram; çünki mən kralın məxsus öz təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəmədiyəm; amma çün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz, ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim, (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağ gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm.
Hatəmxan ağa (bir az fikir edib). Həkim-sahib, nə müddətə Şahbaz Parisə gedib qayıda bilər?
Müsyö Jordan. Bir il çəkər gedib-gəlməyi, ziyadə çəkməz. Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bilkülliyyə hüsula gəlməz; çünki ümdəsi firəng dilini öyrənməkdir.
Hatəmxan ağa (üzün arvadına tutub). Arvad, dəxi nə eləyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. Uşaqdır, könlü istəyir, getsin, Parisi görsün. Həkim-sahib də bir yaxşı adamdır, onun hüzurunda bir para mərifət kəsb edər; yaxşı, yamanı görər. Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədarükünə məşğul olluq, gələn kimi toyun başlarıq.
Şəhrəbanu xanım (yerindən qalxıb çığıra-çığıra). Kişi, nə danışırsan, sənin fikrin haradadır? İstəmirəm onun Parisə getməyin də, mərifət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağın da! Bu sözlər tamam bəhanədir. Şahbaz istir getsin Parisə, məclislərdə, yığıncaqlarda üzüaçıq gəzən qız, gəlinlər ilə kef etsin, danışsın, gülsün, vəssəlam!
Pərdə salınır
Üçüncü məclis
Üçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.
Şəhrəbanu xanım Xanpəriyə deyir ki, Şahbazın Parisə getməsinin qarşısını almaq üçün bir əlac tapsın. Xanpəri qonşuluqdakı Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş Məstəli şahı xəlvətcə çağırıb onun cadusunun gücündən istifadə etməyi məsləhət bilir. Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.
Şahbaz bəy. Şərəfnisə, qadan alım, görürsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi.
Şərəfnisə xanım (tez yeriyib, əlin uzadıb hanasının dalısından bir neçə yarım səhifə kağız çıxardıb açır). Şahbaz, bu şəkilləri sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, gör Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə, yığıncaqlarda oğlanlar ilə bir yerdə oturub-dururlar? Hələ mən bu şəkilləri utandığımdan əmidostuna göstərməmişəm.
Şahbaz bəy. Vallah, yox, səbəbi olar deyil, sən bilmirsən. Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqla adsız, sansız.
Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim bizlərdən mərifət ilə, qulluq ilə xoşbəxt olubdur? Bu gördüyünüz xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. İkinci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orda qulluq elə. Bir azdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parisə bizlərdən nə gedən var, nə gələn var!
Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanıyır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdandan sonra hər yerdə yerim olar.
Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır. Şahbaz bəy tez damdan gedir.
Pərdə salınır
Dördüncü məclis
Məstəli şah. Səlam-əleyküm!
Şəhrəbanu xanım (başın yuxarı qovzuyub). Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur.
Məstəli şah(oturub). Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!
Şəhrəbanu xanım. Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb: bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun addaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, aparmasın.
Məstəli şah. Xanım, bu cüzvi, yüngül iş deyilmiş, bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Parisin, ya müsyö Jordanın başında çatlasın?
Məstəli şah. Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki çox uşaqdır, cavandır.
Şəhrəbanu xanım. Bıy, Allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq?!
Məstəli şah. Bu surətdə gərəkdir ki, divlərə, ifritələrə əmr edim ki, Parisi xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.
Şəhrəbanu xanım. Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı?
Məstəli şah. Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Hansı işlərimi söyləyim? On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldııb yer ilə yeksən etdilər. Xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?
Şəhrəbanu xanım (təəccübdən əlin dodağına aparıb). Allah, dərdini əsirgə...
Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, müsyö Jordan havaxt gedəcək?
Şəhrəbanu xanım. On gündən sonra.
Məstəli şah.Çox yaxşı, indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parisin heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritələrə hökm edəcəyəm ki, haman dəqiqə Parisi yıxsınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün.
Şəhrəbanu xanım. Vallah, bilmirəm hansına razı olam? Amma dəxi necə eyləyək? Şərəfnisə də doğru deyir, müsyö Jordan yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi beyninə salıbdır. Məlum ki, Parisdə yaman adamlar var imiş. Qəza bu dərvişi bizə yetiribdir ki, bunun cadusu ilə oranı yıxdırıb xarab edirik. (Üzün Məstəli şaha tutub). Baba dərviş, buyur divlərə, ifritələrə Parisi qaldırıb altını üstünə çevirsinlər!
Məstəli şah. Baş üstə, xanım! (Üzün Xanpəriyə tutub). Xanpəri xala, çıx çölə, mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, gətirsin gəlsin.
Xanpəri tez qalxıb çıxır. Qulaməli əlində xurcun Xanpəri ilə məclisə daxil olur. Məstəli şah ətrafdakıların başa düşməməsi üçün Qulaməli ilə farsca danışır.
Şəhrəbanu xanım. Baba dərviş, nə danışırsınız?
Məstəli şah. Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikrdəyəm. (Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvər çızıq çəkir, deyir). Bu Paris şəhərinin dairəsi. (Sonra taxtaparaları bir-birinə yapışdırıb on-on iki böyük, kiçik hücrə və otaq şəklində cızığın içində evlər yapıb deyir). Bu da Parisin imarətlərinin və evlərinin şəkli. (Sonra üzün Şəhrəbanu xanımə çevirib). Xanım, buyurursunuzmu Parisi gün-gəyəkün etdirim, altını üstünə çevirtdirim?
Şəhrəbanu xanım. Bəli, dəxi necə edək, Allah səbəbkara bəla versin! Qurunun oduna yaşlar da yanacaq, biçarə parislilər bizə bir zad etməmişdilər. Bunun babalı olsun oların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üzüaçıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırlar. Baba dərviş, işinə məşğul ol.
Məstəli şah. Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin!
Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş! Nə qədər gərək divlərə ənam verək?
Məstəli şah. Artıq istəmirəm, nə qədər ki vədə edibsiniz, xanım, yüz bacaqlı.
Şəhrəbanu xanım. Baba dərviş, çox olmazmı?
Məstəli şah. Xub, min-min tümənə dəyən şəhəri xarab etdirirsiniz, yüz bacaqlı versəniz çoxdur?
Şəhrəbanu xanım (üzün qızına tutub). Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. (Şərəfnisə xanım tez qalxıb yükdən pul sandıqçasını alıb anasının qabağına qoyur, Şəhrəbanu xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır, deyir). Balam, Şərəfnisə, toy xərcinə dəxi heç pul qalmadı.
Şərəfnisə xanım. Neynək, ana, bir-iki yüz toğlu satarıq, genə pul olar.
Şəhrəbanu xanım. Doğru deyirsən, balam, burun-qulaq başa sədəqə. (Üzün çevirir). Al, baba dərviş!
Qızılları verir Məstəli şaha. Dərviş qızılları alır, qoynuna qoyur, tez biləklərini çırmayıb xurcundan bir kitab çıxardır, kitabı açıb vərəqləyir, bir para naxışlı səhifələrinə baxır, başını qovzuyur.
Məstəli şah. Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindədir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz... (Sonra qalxır ayağa, əlində bir dəyənək, üzün Şəhrəbanu xanıma və qızına tutub). Xanımlar, qorxmuyun, ürəyinizi bərkidin! (Sonra gözlərin çevirir, surətin heybətli edir, bu məntəri oxuyur. Sağına-soluna üfürür, heybətli səs ilə divləri, ifritələri adları ilə çağırır, buyuruq verir). Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki mən bu heykəli vurub zirü zəbər edirəm. (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu?
Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyülür. Az qalır, qapı sınsın. Müsyö Jordanın səsi iztirab halətində qapının dalısından məlum olur.
Dərviş Məstəli şah cəld taxtaparaları döşürüb tökür xurcuna, atır çiyninə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir.
Müsyö Jordan qapını taraq-taraq döyür, az qalır, qapını sındırsın, çağırır.
Müsyö Jordan. Hatəmxan ağa, Şahbaz bəy, qapını açın!
Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səs ilə.
Xanpəri. Dədəm vay, nənəm vay!
Şəhrəbanu xanım qapını açır.
Müsyö Jordan (nəfəsi tutula-tutula). Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy?
Şəhrəbanu xanım (qorxa-qorxa). İkisi də Şərəfnisənin damında yatırlar, bu gün ilxıya baxmağa getmişdilər, çox yorulmuşdular. Axşamdan yıxılıb yatıblar.
Müsyö Jordan (qaim bir səs ilə, təngnəfəs). Xanım, gərək bu saatda onlar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyif sənə, Paris, heyif sənə Tülyeri, heyif sənə, gözəl paytaxt, gözəl səltənət! Fransa bədbəxt oldu! Dimaj, Paris! Mon diyö! Mon diyö!
Şəhrəbanu xanım. Həkim-sahib, nə var, nə olub?
Müsyö Jordan. Paris dağıldı, Tülyeri yıxıldı, Fransa xarab oldu. Dimaj Paris! Dimaj Tülyeri!
Şəhrəbanu xanım. Allah, sənə şükür, yəni, Allah, dərdini əsirgə!
Müsyö Jordan. Gözəl şəhər, gözəl səltənət! Bir türfətüleyndə viran, kəan ləm-yəkün olubdur. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehrdir! Setefre, mon diyö, mon diyö!
Şəhrəbanu xanım. Bu necə sehrdir? Məhər sehr ilə Paris yıxılıb? Nə deyirsiniz, həkim-sahib?
Müsyö Jordan. Əlbəttə, sehrdi, mat qalmalı işdir. Bir türfətüleyndə qəflətən Paris xarab olubdur.
Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan oyanıb, dəstpaça, köynəkcək müsyö Jordanın səsinə yüyürürlər.
Müsyö Jordan (onları görən kimi). Ax, gəldiniz! Hatəmxan ağa, Şahbaz bəy, sizi tarı, tez mənə at hazır edin, gərək bu saatda gedəm, dayana bilmənəm, özünüz də atlanın, məni Arazdan keçirdin, qayıdın!
Hatəmxan ağa (heyrətlə). Həkim-sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir?
Müsyö Jordan (qaim səs ilə). Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə outran ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi; konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar kedir. Arazın kənarında mənə müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm. Liu Filipp ingilisə qaçıbdır. Mon diyö, mon diyö!
Hatəmxan ağa (təhəyyür ilə). Həkim-sahib, Parisi kim dağıdıbdır, kim yıxıbdır?
Müsyö Jojdan (iztirabla). Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq mümkün deyil!
Şəhrəbanu xanım (üzünü müsyö Jordana tutub). Həkim sahib, bizim Şahbazı da aparırsınızmı?
Müsyö Jordan. Nə söyləyirsiniz, xanım, özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacağam! Hatəmxan ağa, amandır, tez olsun, atlanın, məni ötürün! Gərək səhərdən Araz qırağına çatam.
Hatəmxan ağa. Şahbaz, gəl gedək, görək necə edirik, bu necə iş idi oldu?
Hər ikisi damdan çıxır, dallarınca müsyö Jordan, onlardan sonra yavaş, pərdənin dalısından dərviş Məstəli şah xurcun çiynində çıxır, gözdən itir.
Pərdə salınır, tamaşa tamam olur.