MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Qasım bəy Zakir. “Badi-səba, mənim dərdi- dilimi”
Bölmələr

******

24.12.2024, 06:17

 

BADİ-SƏBA, MƏNİM DƏRDİ-DİLİMİ...

 

 

Badi-səba, mənim dərdi-dilimi

Ol büti-zibayə dedin, nə dedi?

Ahü naləm asimanə yetdiyin

Gərdəni minayə dedin, nə dedi?

 

Düşüb ayağına sən o zalımın

Söylədinmi necəliyin halımın?

Onun həsrətindən rəngi-alımın

Döndüyün heyvayə dedin, nə dedi?

 

Görsə idin, varmı məni bimarə

Nüsxeyi-hüsnündə onun bir çarə;

Dildə iztirabə, təndə buxarə,

Sərimdə sevdayə dedin, nə dedi?

 

Qəm əlindən payi-bəstə olduğum,

Hal pərişan, dil şikəstə olduğum,

Bəstəri-möhnətdə xəstə olduğum,

Gözləri şəhlayə dedin, nə dedi?

 

Sərasər fələyin şəmsü mahına,

Tamam yer üzünün qibləgahına,

Zakirin əhvalın xublar şahına

Ağlaya-ağlaya dedin, nə dedi?




Copyright Ədəbiyyat dərsliyi © 2024