MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Əhməd Camil
Bölmələr

******

24.12.2024, 17:09

Əhməd Cəmil

(1913 – 1977)



Azərbaycan tanınmış şairlərindən olan Əhməd Səttar oğlu Cəmilzadə (Əhməd Cəmil) 1913-cü ildə anadan olmuşdur. Çox erkən yaşlarında atasını itirmiş, anasının himayəsində böyümüşdür. İbtidai və orta təhsilini Gəncə şəhər məktəblərində almışdır. Sonralar Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirərək müəllimlik sənətinə yiyələnmişdir. Bir müddət Şəmkir rayonunda və Gəncə şəhərində müəllimlik etmişdir.Müəllimliklə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Ə.Cəmil ömrü boyu qələmi əlindən yerə qoymamış, çoxlu bədii əsərlər, uşaqlar üçün bir-birindən maraqlı şeirlər yazmışdır.



Gülür günəş, gülür çəmən 

Gülür günəş, gülür çəmən,
Açır bənövşə, yasəmən,
Pıçıldayır axan sular:
Baharın özgə hüsnü var…
Vurulmuşam bahara mən!

Yaşıl yamacda qumru tək,
Ötür yanıqlı bir tütək.
Haray salır kamançalar:
Al örpək örtdü bağçalar.
Yuyundu şehlə gül-çiçək!

Güləndə axşamüstü gül,
Üfüq geyir narıncı tül.
Yanır hər evdə bir ocaq.
Fərəhlənir oğul, uşaq…
Baxanda şad olur könül.

Yananda göylərin şamı,
Gözəl olur yaz axşamı…
Dinir hər evdə tar, qaval,
Gülür min arzu, min xəyal…
Gülür baharda el – hamı!

Görüb zəfər baharını,
Silib könül, qubarını,
Uçan bulud, əsən külək,
Dilində nəğmə sübhədək
Gəzir Vətən diyarını!

 
 Vətən

Ey Vətən, ana Vətən,
Heyranam, sənə, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var:
Dağların baş-başadır
Düzlərin tamaşadır.
Dərələrin dərindir,
Yaylaqların sərindir.

Nə gözəldir qucağın,
Doğma odun, ocağın!
Kəndlərin gül-çiçəkdir,
Şəhərlərin göyçəkdir!

 

 

 

 

 




Copyright Ədəbiyyat dərsliyi © 2024