MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
“Leyli və Məcnun” (ixtisarla)
Bölmələr

******

24.12.2024, 05:47

M. Füzuli. LEYLİ VƏ MƏCNUN

 

Kitabın yazılmasının səbəbi

 

Bir neçə zərifi-xütteyi-Rum,

Rumi ki, dedin, qəziyyə məlum.

Yəni ki, qamu dəqayiq əhli,

Hər məsələdə həqayiq əhli,

Həm elm fənində nüktədanlar,

Həm söz rəvişində dürfəşanlar.

Kim eylər idi həqayiqi-raz,

Şeyxidənü Əhmədidən ağaz.

Kim söylər idi ögüb kəlami,

Övsafi-Cəliliyü Nizami.

Bilmişlər idi ki, hüsni-göftar,

Qədrim qədərincə məndə həm var.

Mən xəstəyi etdilər nişanə,

Bir rəng ilə tiri-imtəhanə.

"Lütf eylə! - dedilər, - ey süxənsənc!

Faş eylə cəhanə bir nihan gənc!

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu əski bustanı".

Bildim bu qəziyyə imtəhandır,

Zira ki, bu bir bəlayi-candır,

Sevdası dirazü bəhri kytah,

Məzmunu fəğanü naləvü ah.

Bir bəzmi-müsibətü bəladır

Kim, əvvəli qəm, sonu fənadır.

Əmma necə etmək olur ikrah?

Bir vaqeədir ki, düşdü nagah,

 

 

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

Hər kimdə ki, vardır istitaət,

Dərdü qəmü möhnətü qənaət,

Oldur bu müsafirətdə yarım,

Zövq əhlinə yoxdur etibarım.

Əzm eyləyəlim, təəllül etmən!

Mənzil kəsəlim, təğafül etmən!

Ey bəxt, vəfasız olma sən həm!

Həmrahlıq et, bizimlə bir dəm!

 

Məcnunun anadan olması və uşaqlığı

Dehqani-hədiqeyi-hekayət,

Sərrafi-cəvahiri-rəvayət,

Məni çəmənində gül dikəndə,

Söz riştəsinə gühər çəkəndə,

Qılmış bu rəvişdə nüktədanlıq,

Gülrizligü gühərfəşanlıq

Kim: xeyli-ərəbdə bir cavanmərd,

Cəmiyyətü izzü cah ilə fərd,

Müstəcməi-cümleyi-fəzayil,

Bulmuşdu rəyasəti-qəbayil,

Əmvalı cəmii-cinsdən çox,

Əmma bu cəhanda varisi yox.

Gər qılsa onu tələf həvadis,

Yox bir xələfi ki, ona varis.

Fərzəndsiz adəmi tələfdir,

Baqi edən adəmi xələfdir.

Çox nəzrlər etdi hər məzarə,

Çox qıldı niyaz girdigarə,

Təsir qılıb fəğanü ahi,

Övn etdi inayəti-ilahi,

Bir gecə açıldı babi-rəhmət,

Buldu əsəri-dua icabət.

Bər verdi nihali-baği-məqsud,

Açıldı güli-hədiqeyi-cud.

Çün vədə irişdi, doğdu bir ay,

Xurşid rüxiylə aləmaray.

Şad oldular ondan ata-anə,

Şükranə verildi çox xəzanə.

Əlqissə, ədəmdən oldu peyda

Bir tifli-müzəkkərü müzəkka.

Xurşid kimi kəmalə qabil,

İsa kimi tifllikdə kamil.

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yəni ki: "Vücud, dami-qəmdir;

Azadələrin yeri ədəmdir.

Hər kim ki, əsir olur bu damə,

Səbr etsə gərək qəmi-müdamə".

Olmuşdu zəbani-hali guya

Söylərdi ki: "Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!”

Dayə onu pak qaldı qandan,

Qaldırdı bu tirə xakdandan.

Qüslün verib abi-çeşmi-tərdən,

Süd yerinə verdi qan cigərdən.

Əqvamü qəbaili olub şad,

Ol növrəsə Qeys qoydular ad.

Can ilə qılırdı dayə ezaz,

Əsbabi-kəmali-tərbiyət saz.

Lakin, ol edib həmişə nalə,

Xoşnud deyildi heç bu halə.

Əzasın edib əlilə əfkar,

Eylərdi müdam naləvü zar.

Bir gün onu gəzdirirdi dayə,

Dərdini yetirməyə dəvayə,

Bir evdə məgər ki, bir pərivəş,

Ol tifli bəsi görüb müşəvvəş,

Rəhm etdi, əlinə aldı bir dəm,

Tifl onu görüncə, oldu xürrəm.

Hüsnünə baxıb qərar tutdu,

Fəryadü fəğanını unutdu.

Olduqca əlində, oldu xəndan;

Düşdükcə əlindən, oldu giryan.

Mahiyyətini çü dayə bildi,

Ol mahı ona ənis qıldı.

Oldu bu dəxi, onunla mötad,

Nə dayə, nə ana eylədi yad.

Zatında çü var idi məhəbbət,

Məhbubu görüncə tutdu ülfət,

Eşq idi ki, oldu hüsnə mail,

Hüsnü nə bilirdi tifli-qafil.

Çün tərbiyəti-ədibü dayə

Verdi əsəri-təmam ol ayə

Gün-gündən edib kəmal hasil,

Ol mahi-növ oldu bədri-kamil.

Çün sürət ilə dönüb zəmanə,

On yaşına yetdi ol yeganə.

 

Məcnunun Leylini məktəbdə görməsi

 

Məktəbdə onunla oldu həmdəm,

Bir neçə mələkmisal qız həm,

Bir səf qız oturdu, bir səf oğlan,

Çəm oldu behiştə hurü qılman.ara qızlar olsalar yar,ə bunur r

Ol qızlar içində bir pərizad,

Qeys ilə məhəbbət etdi bünyad.

Bir türfə sənəm ki, əqli-kamil

Gördükdə onu, olurdu zail.

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,

Başdan-ayağa təmam qəmzə,

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli,

Qeys onu görüb həlak oldu,

Min şövq ilə dərdnak oldu.

Ol nadirə həm ki, Qeysi gördü,

Min zövq bulub, özün itirdi,

Gördü ki, bir afəti-zəmanə,

Misli dəxi gəlməmiş cahanə.

 

Anasının  Leyliyə nəsihəti

 

Dildən-dilə düşdü bu fəsanə,

Faş oldu bu macəra cəhanə

Kim: "Qeys oluban əsiri-Leyli,

Leyli dəxi salmış ona meyli".

Tədrici-məbadi ilə nagah,

Leylinin anası oldu agah,

Odlara tutuşdu, yasə batdı,

Ol qönçədəhanə dil uzatdı.

Yanar od olub, çəkib zəbanə,

Ol gülrüxə dedi yanə-yanə:

- "Key şux! Nədir bu göftügulər?

Qılmaq sənə tənə eybculər?

Nəyçün özünə ziyan edirsən?

Yaxşı adını yaman edirsən?

Nəyçün sənə tənə edə bədgu?

Namusuna layiq işmidir bu?

Nazik bədən ilə bərgi-gülsən,

Əmma nə deyim ikən yünülsən!

Təmkini cünunə qılma təbdil!

Qızsan, ucuz olma, qədrini bil!

Hər surətə əks kimi baxma!

Hər gördüyünə su kimi axma!

Mey gərçi səfa verər dimağə,

Axdığı üçün düşər ayağə,

Sayə kimi hər yerə üz urma!

Heç kimsə ilə oturma, durma!

Sən sadəsən, özgə əhli-neyrəng,

Cəhd eylə verilməsin sənə rəng,

Derlər səni eşqə mübtəlasən,

Biganələr ilə aşinasən.

Sən qandanü eşq zövqi qandan?

Sən qandanü dust şövqi qandan?

Oğlan əcəb olmaz olsa aşiq,

Aşiqlik işi qıza nə layiq?

Ey iki gözüm, yaman olur ar!

Namusumuzu itirmə, zinhar!..

Biz aləm içində niknamız,

Mərufi-təmami-xasü amız,

 

Neylərsən əgər atan eşitsə?

Qəhr ilə sənə səyasət etsə?

Minbəd gəl eylə tərki-məktəb,

Bil əbcədini həmin cədü əb.

Büt kimi bir evdə eylə mənzil,

Olma dəxi hər yanayə mail.

Gərçi adın ola dildə məzkur,

Görmək səni ola qeyri-məqdur,

Xoş ol ki, qızı həmişə gizlər,

Xud gizli gərək həmişə qızlar".

 

Leylinin anasına cavabı

Leyli bu itabı çün eşitdi,

Öz könlündə müqərrər etdi

Gülzari-itabə ab verdi,

Giryan-giryan cəvab verdi:

- "Key, munisi-ruzigarım ana!

Dürci-düri-şahvarım ana!

Sözlər dersən ki, bilməzəm mən,

Məzmununu fəhm qılmazam mən.

Dersən məşuqü eşqü aşiq,

Mən sadəzəmir tifli-sadiq;

Bilməm, nədir ol hədisə məzmun?

Söylə! Necə olmayım digərgun?

Eşqin qılmazdı kimsə yadın,

Ha səndən eşitdim indi adın.

Həm dersən sən ki: "Məktəbə var!"

Həm dersən sən ki: "Getmə zinhar!"

Qanğı sözə etiqadım olsun?

Sənə necə etimadım olsun?

Ayrıq bu sözü mükərrər etmə,

Lütf eylə, məni mükəddər etmə!"

Çün ana eşitdi bu cəvabi,

Tərk etdi şikayətü itabi.

Şəksiz ona rövşən oldu kol mah.

Aşiqlikdən deyildir agah.

Bihudədir ol qamu fəsanə

Kim, aşiqdir filan, filanə.

 

Leyli həm oturdu evdə naçar,

Düzdü sədəfinə dürri-şəhvar...

Hərdəm çəkib ol qəm içrə min ah,

Səbr etdi zərurət ilə ol mah.

 

Məcnunun Leyliyə səhrada rast gəlməsi

Bir gün ki, bahari-aləməfruz.

Vermişdi cəhanə feyzi-novruz.

Salmışdı niqab çöhrədən gül,

Çəkmişdi sürudi-nalə bülbül.

Şəbnəm meyi-nabı ilə lalə,

Doldurmuş idi qızıl piyalə.

Olmuşdu gül ilə səbzeyi-tər,

Firuzəfüruz, ləlpərvər

Bir neçə müsahibi-vəfadar,

Məcnuni-şikəstəyi görüb zar,

Hər yan dedilər ki: "Ey bəlakəş!

Gül çağıdır, olmagil müşəvvəş!

Bu fəsldə adəmi gərək şad,

Ənduhü bəlavü ğəmdən azad!

Səhra tutalım, mey içəlim şad,

Ənduh ilə olma böylə mötad!

Ey qönçədəhanü sərvqamət,

Gül, oyna, zamani et fərağət!

Pakizə vücudə heyfdir qəm,

Böylə dəxi qalmaya bu aləm,

Seyr üzrə bu novbahar fəsli,

Şayəd buluna nigar vəsli".

Məcnuni-həzin əyağə durdu,

Səhralərə seyr üçün üz urdu.

Giryan-giryan qılırdı seyran,

Heyran-heyran gəzərdi hər yan,

Bir mənzilə düşdü rəhgüzari

Kim, seyrdə idi onda yari,

Bir neçə pərirüx ilə həmdəm,

Məcnuni-şikəstədən müqəddəm

Leyli güzər etmiş ol fəzayə,

Salmış gülü lalə üzrə sayə.

Məcnunə müqabil oldu Leyli,

Bəhri-qəmə yetdi dərd seyli.

Leyli demə - şəmi-məclisəfruz,

Məcnun demə - atəşi-cigərsuz.

Leyli demə - cənnət içrə bir hur,

Məcnun demə - zülmət içrə bir nur…

Leylidə visali-dust meyli,

Məcnunda həm arizuyi-Leyli.

Ol iki səhiqədü səmənbər,

Bir-birinə oldular bərabər…

Məcnunda qərar tutmayıb huş,

Dəryayi-təhəyyür eylədi cuş,

Bir dəm baxa bilmədi-ol ayə,

Döşəndi yer üzrə misli-sayə.

Leyli həm itirdi ixtiyarın,

Bir dəm görə bilmədi nigarım,

Heyranlığı ol məqamə yetdi

Kim, düşdü ayaqdan usu getdi.

Gül suyu səpib rəvan üzünə,

Leylini gətirdilər özünə,

Ondan götürüb büsatü xərgah,

Ol mahliqayi xahü naxah

Öz bürcünə qıldılar rəvanə,

Ta olmaya vaqif ata-anə.

Söz demədilər bu macəradən,

Nə gəncdənü, nə əjdəhadən.

Məcnuni həm etdi çeşmi-xunbar

Sular saçıban üzünə, bidar.

Gördü ki, nigardan nişan yox,

Bir cismi-füsürdə var, can yox.

Həmdəmlərə üzr qıldı ağaz:

- "Key bir neçə həmnişinü həmraz!

Seylabi-hücumi-əşk yetdi,

Mən şiyftəhalı qərq etdi.

Olman məni-xəstə ilə həmdəm

Ta batmayasız bu suya siz həm,

Mən, rəngi-məlamətə boyandım,

Sövdazədəlik oduna yandım,

Sizdən sorar olsa ata halım,

Keyfiyyəti-möhnətü məlalım,

Söylün ki: "Fənayə verdi rəxtin,

Əyyam siyah qıldı bəxtin.

Ey piri-şikəstəhalü naşad,

Tanriçün əlimdən eyləmə dad!

Demə ki, "nədir bu macəralər?"

Səndən mənə yetdi bu bəlalər!

Mən bilməz idim qəmi-cəhanı,

Təşvişi-zəminü asimanı.

Asudə səraçeyi-ədəmdə

Nə qüssədə idimü, nə qəmdə.

Bilməzlik ilə xoş idi halım,

Nə hüsn, nə eşq idi xəyalım.

Sən vasiteyi-vücudim oldun!

Sən manei-feyzi-cudim oldun!

Umdun ki, mənimlə olasan şad,

Dərda ki, ümidin oldu bərbad.

Mən yox olubam, sən indi var ol!

Özgə xələfə ümidvar ol!

Məzur tut, ey əziz, məzur!

Mən qəsd ilə səndən olmadım dur

Çox sidq ilə eylədim ona əzm

Kim, dövləti-vəslinə edəm cəzm,

Su saldı yoluma əşki-həsrət,

Damanımı tutdu xari-möhnət".

 

Məcnunun atasının Leyli üçün elçiliyə getməsi və rədd cavabı alması

 

Söz cövhərinə olan xiridar,

Bu növ ilə qıldı gərm bazar

Kim, aciz olub qəm içrə ol pir,

Məcnununa qıldı fikri-zəncir.

Bildi ki, gər olmaz olsa Leyli,

Mümkün deyil olmağı təsəlli,

Qıldı tələbin özünə lazim,

Cəm etdi əaliyü əazim.

Ümmid ilə bağladı umub kam,

Ol kəbeyi-arizuyə ehram.

Çün Leyli atası bildi hali,

Uydurdu əkabirü əali,

Qarşılarına olub rəvanə,

Qıldı olar ilə əzmi-xanə

Çün şəm sifət olar oturdu,

Ol sərv kimi ayağa durdu.

Ortaya buraxdı türfə xanlar,

Ta kami-dil ala mehmanlar.

Hər kim qərəzin bulurdu xandan,

Bu mümkün olurmu asimandan?

Xanlar götürüldüyündə ol pir,

Təqrib ilə dərdin etdi təqrir:

- "Key, qədrlə qibleyi-qəbail!

Səndən qamunun muradı hasil,

Əslü nəsəbim sənə əyandır,

Hökmüm neçə min evə rəvandır.

Nəxli-əməlim səmər veribdir,

İyzəd mənə bir gühər veribdir.

Hala dilərəm bu türfə lölu,

Bir ləl ilə ola həmtərazu,

Ta lölö olanda lələ vasil,

Tərkib qılam müfərrihi-dil.

Hər kanda əgərçi ləl çoxdur,

Bir ləl ki, layiq ola yoxdur.

Bir ləlin eşitmişəm sənin var

Kim, lölöümə odur səzavar.

Lütf eylə, inayətü kərəm qıl!

Ol ləl ilə dürrü möhtərəm qıl!

Fəhm et sözümü, təğafül etmə!

Bir xeyr işidir, təəllül etmə!

Gər hasil olur bu kam səndən,

Hər nə ki, dilərsən, istə məndən!”

Ol sərvi-səmənbərin atası,

Ol gənci-nihanın əjdəhası,

Lütf ilə dedi ki: "Ey xirədmənd!

Mən kimi əsiri-dami fərzənd!

Qürbün bilirəm mənə şərəfdir,

Əmma xələfin əcəb xələfdir.

"Məcnun" deyə tən edər xəlayiq

Məcnuna mənim qızım nə layiq?

Div ilə pəri olurmu həmdəm?

Olmaz, sözü açma, əbsəm, əbsəm!

Tədbir ilə döndərib mizacın,

Sövdasının eyləsən əlacın,

Leyli onun olsun, eylədim əhd,

Var indi, sən et əlacına cəhd!"

 

 

 

Məcnun biçarənin Kəbəyə üz tutması və Allaha müraciəti

 

Ol pir bu xeyr işə qılıb cəhd,

Məcnuna mürəttəb etdi bir məhd.

Aldı onu əzmi-rah qıldı,

Əzmi-hərəmi-ilah qıldı.

Çün Kəbəyə girdi ol nikuxu

Məcnuna dedi ki: - "Ey bəlacu!

Tut Kəbəyə ruy, taət eylə!

Təmkinü ədəb riayət eylə!

Təzim şəraitin əda qıl!

İxlası dürüst edib dua qıl!

Ola ki, qəbul ola niyazın,

Həq şəfqəti ola çarəsazın.

Bu yerdə qəbul olur dualər,

Bu büqədə bəxş olur ətalər.”

Məcnun bulub ol məqamdən zövq,

Saldı ünü çərxə nəşəyi-şövq.

Suz ilə çəkib cigərdən avaz,

Ərz etdi binayi-Kəbəyə raz:

“Ya rəb, bu hərəmsəra həqiçün!

Bu məbədi-pürsəfa həqiçün!

Qıl məndə binayi-eşqi daim,

Manəndi-əsasi-Kəbə qaim!

Sal könlümə dərdi-eşqdən qəm,

Hər ləhzəvü hər zamanü hər dəm!

Eşq içrə müdam şövqüm artır,

Şövq ilə həmişə zövqüm artır!

Hər qanda ki, aləm içrə qəm var,

Qıl könlümü ol qəmə giriftar!

Əndişeyi-əqldən cüda qıl,

Eşq ilə həmişə aşina qıl!

Artır mənə zövqü şövqi-Leyli,

Daim mənə onda qıl təcəlli!

Çoxdur bəni-adəm içrə bidad,

Et könlümü vəhşət ilə mötad,

Bir mülkdə ver mənə qərari

Kim, yetməyə adəmi qübari".

 

Novfəlin Məcnunla söhbəti

Kim, var idi bir xücəstəfərcam,

Ol əsrdə adilü nikunam,

Tiğilə müsaf müşküli həll,

Mərufi-zəmanə, adı: Novfəl,

Həm eşq yolunda çox yügürmüş,

Həm çox sitəmi-zəmanə görmüş.

Bəzmində misali-dürri-məknun,

Bir gün oxunurdu şeri-Məcnun,

Qayətdə bəyəndi tərzi-pakın,

Məzmuni-kəlami-suznakın.

Sordu sifətin, dedilər: - "Ey şah!

Aşüftə qılıbdır onu bir mah.

Rüsvalıq edib özünə pişə,

Damü dəd ilə gəzər həmişə".

Novfəl qılıb arizuyi-Məcnun

Əshab ilə qıldı əzmi-hamun.

Məcnuna yetişdi ol vəfadar,

Asari-tələttüf etdi izhar:

- "Key xəstə, nədir bu çəkdiyin rənc,

Viranədə zaye etdiyin gənc?!

Vəhşi nə bilir sənin məqamın?

Həmcinslərindən istə kamın!

Hal əhlisən, istə əhli-hali,

Səhralarə düşmə laübali!

Dövlət diləsən, hümadən istə,

Gənc istəsən, əjdəhadən istə!

Qəm çəkmə ki, mən olunca ğəmxar,

Yarın sənə ənqərib olur yar.

Gər olsa zər ilə iş sərəncam,

Yük-yük tökəlim zər, alalım kam,

Vər olsa ğərəz müsafə möhtac,

Biz qan tökəlim, sən eylə tarac,

Ancaq ola gör mənimlə həmdəm,

Mən kim səninəm, sənindir ol həm".

 

Məcnunun Novfələ öz dərdini izhar etməsi

Məcnun dedi: - "Ey yeganeyi-əhd!

Tədbirimə çoxlar etdilər cəhd,

Çox əhli-əzaim etdi tədbir,

Olmadı pəri bu divə təsxir.

Topraqlərə töküldü çox zər,

Olmadı bu kimiya müyəssər.

Səndə bilirəm ki, lütf çoxdur,

Nə sud, çü məndə bəxt yoxdur,

Sürmə bilirəm ki, artırır nur,

Nə faidə, göz əgər ola kur?

İqbalıma yoxdur etimadım,

Müşkül görünür mənim muradım.”

 

Novfəlin Leyli qəbiləsi ilə vuruşması və sülh istəməsi

Bir sübh ki, qıldı xosrovi-Rum,

Şam əhlinə Hind fəthini şum;

Səyyarədən aldı mehr meydan,

Çaldı qılıcın, götürdü qalxan,

Gün xəncəri oldu aşikarə,

Gərdun zirehini etdi parə,

Şətrəncsifət ol iki ləşkər

Bir-birinə durdular bərabər.

Gəh nizə qılırdı cavsitanlıq,

Gəh navək edərdi xunfəşanlıq.

Göstərdi güzar gürzü peykan,

Qalxanda zireh, zirehdə qalxan.

Məcnun olara qılıb nəzarə,

Çəkmişdi özünü bir kənarə,

Fəth onlara cüstcuy edərdi.

Bu ləşkər ona müinü qəmxar,

Ol talibi-fəthi-ləşkəri-yar,

Gər öz sipəhində görsə məqtul,

Şükr eyləməyə olurdu məşğul.

Vər görsə qətili-qövmi-dildar,

Dərd ilə qılırdı naləvü zar.

Bir kimsə dedi ki: - "Ey siyəhruz!

Xəsmini dilərmi kimsə firuz?

Biz can qılırız yolunda pamal,

Sən düşmən üçün dilərsən iqbal?

Əqlə bu iş eyləməz dəlalət,

Gər aqil isən, nədir bu halət?"

Məcnun dedi: - "Mən fədayi-yarəm,

Vəslinə onun ümidvarəm.

Çün ləşkəri-yardır qılan rəzm,

Ol rəzmə nə layiq eyləmək əzm?

Çün dust sipahidir edən cəng,

Düşmənliyə xoş deyildir ahəng.”

Gəldikcə olub ziyadə aşub,

Az qaldı ki, Nofəl ola məğlub,

Əlqissə, müyəssər olmayıb kam,

Ol gün cədəl oldu sübh ta şam.

Asayişə hasil oldu fürsət,

Can almağa verdi mərg möhlət.

Hər səf bir arada tutdu mənzil,

Bir-birinə qondular müqabil.

Həmdəmlərə razın açdı Novfəl,

Kim: - "Müşküli-halımı, qılın həl!

Mən əşcəi-əhli-ruzigarəm,

Xurşidi-sipehri-karzarəm.

Yox kimsədə tabi-tiği-tizim,

Əndişeyi-taqəti-sitizim.

Bu rəzmdə bilməzəm nədir hal

Kim, fəthimə nüsrət eylər ehmal?

Əlbəttə ki, həq rizasıdır bu,

Bir əhli-həqin duasıdır bu".

Ərz eylədilər ki: - "Ey cəhandar!

Məcnundan olubmusan xəbərdar?

Biz can qılırız onun fədası,

Ədamızadır onun duası.

Biz qəsd edəriz onun muradın,

Ol düşmənə bağlar etiqadın".

Novfəl ki, eşitdi ol kəlamı,

Qalmadı ol əmrə ehtimamı,

Bilmişdi ki, sahibi-nəzərdir,

Əlbəttə, duası mötəbərdir.

Kirdarını görmədi münasib,

Nəzr etdi ki: gər olursa qalib

Zikr etməyə dəxi Leyli adın,

Tərk edə bu əmr üçün inadın.

 

 Novfəlin ikinci dəfə vuruşub qalib gəlməsi və əhdinə yalançı olması

 

Çün tiğ çəkib mübarizi-Rum,

Şam əhlini etdi əmrə məhkum.

Fəth oldu sipahi-türkə mənsub,

Oldu ərəbin sipahi məğlub,

Adətcə yenə ol iki ləşkər,

Rəzm etməyi etdilər müqərrər:

Tiğ aldı əlinə pəhləvanlar,

Başlar kəsilib töküldü qanlar.

Əlqissə, xilafi-rəzmi-əvvəl,

Ədayə müzəffər oldu Novfəl,

Xəsm etdi qəbul hökmi-taət,

Başlandı təzərröü şəfaət.

Leylinin atası açdı başın,

Doldurdu gözünə qanlı yaşın,

Əcz ilə dedi ki: - "Ey xudavənd!

Şahənşəhi-adilü xirədmənd!

Gər Leyli üçündür iztirabın,

İkrah ilə verməzəm cəvabın.

Əmma rəhü rəsmdir müqərrər,

Bir övrətə eybdir iki ər.

Leyli bu həşəmdə namizəddir,

Əqd ilə müqəyyədi-əbəddir.”

Novfəl dedi: - "Ey güzidə əşraf!

Yox məndə xilafi-ədlü insaf!

Mən məhz mürüvvətü vəfayəm,

Gəncineyi-gövhəri-ətayəm!

Bidadü sitəm deyil şüarım,

Ədl içrə təmamdır əyarım.

Mən həm xəciləm bu macəradən,

Acizlərə qıldığım, cəfadən.

Həqqa bu deyildi etiqadım

Kim, hasil edəm mən öz muradım.

Bir sınmışa mumiya dilərdim,

Bir xəstə üçün şəfa dilərdim.

Gördüm görünür bu əmr müşkil,

Bimar deyil əlacə qabil.”

Bunu dedi, açdı aləti-rəzm,

Öz məmləkətinə eylədi əzm.

 

Leylinin İbn Səlama nikah edilməsinin Məcnuna xəbər verilməsi

Sahibxəbəri-fəsanəpərdaz,

Bu tərz ilə qıldı qissə ağaz:

Kim, var idi bir nədimi-nadir,

Zeyd adlı, vəfayi-əhdə qadir.

Olmuşdu əsir bir nigarə,

Büt ziybli Zeynəb adlı yarə.

Çəkmişdi məhəbbətin cəfasın,

Görmüşdü məlamətin bəlasın.

Ol aşiqi-müstəməndi-məhzun,

Eylərdi həmişə meyli-Məcnun,

Söylərdi ona kəmali-eşqin,

Ustadına göstərərdi məşqin.

Leyli ərə getdiyindən ol zar,

Təhqiq ilə oldu çün xəbərdar,

Məcnuna özün yetirdi filhal,

Rəngi-rüxi-zərdi əşkdən al.

Məcnun dedi: - "Ey vəfalı yarım!

Qəm mərhələsində qəmgüsarım!

Adətcə görünməz ixtilatın,

Hər günküyə bənzəməz nişatın

Noldu sənə, söylə, zar olubsan?

Bitaqətü biqərar olubsan!?

Qandan bu küdurət oldu hasil?

Noldu səbəbi-məlaləti-dil?"

Zeyd ol xəsi-xüşkə urdu atəş,

Suz ilə dedi ki: - "Ey bəlakəş!

Dün əxtəri-bəxtin oldu tirə,

Dövran sitəm etdi sən fəqirə.

Yar, İbni Səlamə ruzi oldu,

Ruzi sənə dərdü suzi oldu.

Yar özgəyə oldu şəmi-məhfil,

Qaldı sənə tabi-atəşi-dil.

Əğyar ilə oldu yar Leyli,

Var, indi sən ondan ol təsəlli.”

Məcnun ki, xəbərdən oldu agah.

Gərdunə yetirdı şöleyi-ah,

Vəhşilər içində ol giriftar

Bir dərd ilə qıldı naləvü zar.

Yazdı alıban əlinə xamə,

Dildarına bir itabnamə.

 

Leyli İbn Səlama ərə gedəndən sonra Məcnunun ona göndərdiyi məktub

Ey əhdə vəfası olmayan yar!

Əğyarıma gül olan, mənə xar!

Noldu sənə nəqzi-əhd qıldın!

Sındırmağa əhdi cəhd qıldın!

Tənhalığamı gətirmədin tab

Kim, eylərin arizuyi-həmxab?

Aya nə idi bu bivəfalıq?

Biganələr ilə aşinalıq?

Məndən idi möhnətü məlalın,

Xoş oldu ola onunla halın?

Mən əhdü vəfayə aldanırdım,

Əhdində vəfa ola, sanırdım,

…Gül qönçəliyində xar iləndir,

Açılsa bir özgə yar iləndir

Əslində tikan çəkər əzabın,

Fəslində həkim alır gülabın.

Sən gərçi tutub xilafi-adət,

Bir özgəyə bağladın iradət,

Çoxdur sənə mən kimi cigərxun,

Hər kimə ki, baxdın, oldu məcnun.

Peyvəndini qeyr ilə eşitdim,

Billah ki, bəsi təəccüb etdim.

Ey çeşmeyi-abi-zindəgani!

Sən canım içindəsən nihani!

Bir ləhzə gözümdən olmadın dur,

Vəslin necə oldu qeyrə məqdur?

Ey gövhəri-tac taci-tarək!

Məqsuduna yetdiyin mübarək!

Qeyr ilə olanda şadü xürrəm,

Təqribilə yad qıl bizi həm.

 

Leylinin Məcnuna cavab məktubu

 

Hər tənə ki, eyləsən rəvadır,

Səndən xəciləm, üzüm qəradır.

Mən gövhərəm, özgələr xiridar,

Məndə deyil ixtiyari-bazar.

Dövran ki, məni məzadə saldı,

Bilmən kim idi satan, kim aldı?

Olsaydı mənim bir ixtiyarım,

Olmaz idi səndən özgə yarım!

Gər töhmətə olmuşam giriftar,

İkrah ilə məndən olma bizar.

Gər İbni Səlamə dilfiruzəm,

Şəmi-şəbü afitabi-ruzəm,

Qanedir iraqdan ala bir nur,

Mən ondanü məndən ol ola dur.

Dur olsa görər füruğü tabım,

Olduqda yaxın, çəkər əzabım.

Mən bülbüli-baği-firqətəm zar,

Əmma, qəfəs içrəyəm giriftar.

Bilməm bu qəfəsdə nola halim,

Sındırdı bəla pər ilə balim.

 

Atasının Məcnunu səhrada tapması və nəsihətlə yola gətirməkdə aciz qalması

 

Təhrir qılanda əhli-inşa,

Böylə bu misalə çəkdi tuğra

Kim, qüsseyi-dəhr mübtəlası,

Məcnuni-şikəstənin atası,

Qalmışdı məlamət içrə dün-gün,

Nə günü gün idi, nə dünü dün.

Getmiş idi əldən ixtiyari,

Gündüz səbri, gecə qərari.

Qılmazdı tərəddüdündə təqsir,

Bulmazdı bu dərdə hiç tədbir.

Bir gün onu etdilər xəbərdar,

- "Key piri-şikəsteyi-diləfkar!

Dün Leyli atası ol siyəhdil,

Ol münimi-süflə, piri-cahil,

Sərxeyli yanında dad edərdi,

Məcnuni-həzini yad edərdi:

"Kim, bu dəli hökmə olmayıb ram,

Xəlqə bizi eylər oldu bədnam.

Peyvəstə bizə yetər bəlasi,

Novfəl qəzəbindən et qiyasi.

Hər necə ki, təndə canı vardır,

Namusumuza ziyanı vardır.

Çün məhzi-şər oldu zati-əfi,

Vacib görünür müdam dəfi.

Namus bizim deyil, sənindir,

Dəf eyləyə gör ki, düşmənindir.

Çün kim zərərində gördülər nəf,

Əzm eylədilər ki, edələr dəf.

Yadın deyil, eylə oğlunu yad!

Qıl çarə ki, düşmən olmaya şad".

Ol pir düşüb min iztirabə,

Naçar özün verib əzabə,

Səhralərə tutdu seyl tək ru,

Cəhd ilə yüyürdü gəzdi hər su,

Mənzil-mənzil sirişki qanın,

Rəhbər qılıb istədi nişanın.

Sərgəştə gəzərkən eyləyib ah,

Bir şölə ona göründü nagah,

Pərvanə kimi üz urdu narə,

Çün yetdi və eylədi nəzarə,

Gördü ki, bu şölə bir nəfəsdir,

Nə şöleyi-cirmi-xarü xəsdir.

Məcnunundur bu ahi-sərkeş,

Çəkmiş, urmuş cəhanə atəş.

Ol pir çü gördü oğlu halın,

Tökdü rüxi-zərdə əşki-alın.

Yanında oturdu zarü qəmnak,

Əl urdu ki, çöhrəsin edə pak.

Ol şiyftə açdı çeşmi-pürnəm.

- "Kimsən! - dedi, - ey mənimlə həmdəm!

Gər elçi isən, yetir pəyamın!

Ver müjdəsin ol məhi-təmamın!

Vər yolçu isən, oturma qafil!

Əzm eylə, gözət bir özgə mənzil!"

Ol pir təzərrö etdi ağaz:

- "Key nəqdi-həyatə kisəpərdaz!

Mən dürcəmü sən düri-şəbəfruz,

Yəni atanam məni-siyəhruz!

Ey hasili-məzrəi-vücudim!

Vey ömr xəsarətimdə sydim!

Ey cövhəri-canımın həvası,

Vey dideyi-bəxtimin ziyası!

Derdim olasan mənim pənahim!

Fəxrim, şərəfim, ümidgahim.

Məndən bu sərir olanda xali.

Sən olasan əhli-mülkə vali.

Xəlq edə səni görəndə yadım,

Baqi sənin ilə ola adım.

Şərm eylə, bu eşqbazlıqdan,

Bifaidə cangüdazlıqdan!

Vəqt oldu səfər qılam cəhandan,

Avarə olan bu xakidandan;

Vəqt oldu verəm fənayə təxtim,

Qədr ilə çəkəm bəqayə rəxtim.

Gəl yanıma, eylə fikri-halım!

Biganəyə vermə mülkü malım!

Çün onu yığınca çəkmişəm rənc.

Qıyma ki, nəsibi-qeyr ola gənc.”

Çün pəndi tükətdi ol xirədmənd,

Məcnuna təfavüt etdi ol pənd.

Dövlətli sözünə oldu mail,

Bir fikr elədi ki, ola aqil,

Qət edə səlasili-cünuni,

Sövdasının olmaya zəbuni,

Tərk eyləyə arizuyi-dildar,

Eşqə dəxi olmaya giriftar.

Əmma yenə eşq şəhriyari

Fərmaninə çəkdi ol fikari:

- "Key vari, olan mənim cahanda!

Nən var sənin, bu cismü canda?

Canə təmə etmə kim, mənimdir!

Tərk eylə təni ki, məskənimdir!

Məndən keçü canü təndən ayrıl!

Qoy varlığın, özünlə sən bil!"

Gülbün kimi qanı cuşə gəldi,

Bülbül sifəti xüruşə gəldi:

“Gərçi sözünə qulaq tutdum,

Nə sud, eşitdimü unutdum.

Sən demə ki, tut xəbər sözümdən

Kim, yox xəbərim mənim özümdən.

Eşq aldı dərunimü birunim,

Getdi yelə səbr ilə sükunim.

Mən əqlə təvəccöh eylərəm çox,

Sövda yolumu tutar ki: - Yox, yox!

Sən qandanü tərki-eşq qandan?

Eşqi-əzəli çıxarmı candan?”

Ol pir çü vaqif oldu halə,

İnsaf gətirdi ol kəmalə.

Bildi ki, deyil bu nəqş batil,

Olmaz hiyəl ilə eşq zayil.

Minbəd nəsihət etməz oldu,

Tən ilə fəzihət etməz oldu.

Tərk etdi təriqeyi-nizain,

Nomid olub eylədi vidain.

 

Məcnunun atasının vəfatından xəbərdar olması və məzar üstünə getməsi

 

Bir gün axıdıb sirişki-gülgun,

Nəcd üzrə oturmuş idi Məcnun,

Min tən ilə bir cəfaçı səyyad,

Ol zarə yetişdi qıldı fəryad:

“Yox səndə nişani-namü namus,

Əfsus ki, arsızsan, əfsus!

İnsaf deyil sitəmdə israf.

İnsafsız olduğuna, insaf!

Dirlikdə atanı etmədin şad,

Bari qıl onu öləndə bir yad!

Can verdi məhəbbətində ol pir,

Yad eyləmədin, nədir bu təqsir?

Yoxdurmu cibillətində azərm?

Allahdan eyləməzmisən şərm?"

Məcnunə buraxdı ol səda suz,

Artırdı fəğanın ol siyəhruz.

Baran kimi daşə urdu başın,

Mey kimi əyağə tökdü yaşın.

Qəbrin sorub istədi nişanə,

Oldu gözü yaşı tək rəvanə.

Çün gördü atasının məzarın,

Şəm eylədi ona cismi-zarın.

Lövh eylədi köksünü məzarə,

Dırnaq ilə qıldı parə-parə.

Əfğan ilə tazə qıldı matəm,

Əfğanı içində derdi hər dəm:

“İrşadını bilmədim qənimət,

Yüz vay ki, fövt olundu fürsət.

Yüz heyf ki, tutmadım təriqin,

Bir neçə gün olmadım rəfiqin.

Feyzin mənə olmadı müyəssər,

Sən xeyr dedin, mən eylədim şər.

Cövr ilə sənə cəfalər etdim,

Yanlış vardım, xətalər etdim.

Olsam ğəmi-aləmə giriftar,

Ancaq sən idin ənisü qəmxar.

Həmrazim idin şikayətimdə,

Dəmsazim idin hekayətimdə.

Noldu ğəmimə gətirmədin tab?

Qorxutdu məgər səni bu girdab?

Bildim işimi, günahkarəm!

Gəldim sənə xarü şərmsarəm.

Dünyadə səni mən eylədim zar,

Üqbadə məni sən eyləmə xar!

Yaxdın məni atəşi-cəfayə!

Saldın qəmü möhnətü bəlayə!

Sən meyli-fəraqü rahət etdin,

Bir künci tutub fərağət etdin!

Kim eylədi həll müşkilatın?

Kim verdi bu qüssədən nəcatın?"

Şəb ta səhər ol əsiri-hicran,

Matəm tutub etdi ahü əfğan.

 

İbn Səlamın vəfat etməsi və Leylinin bəladan nicat tapması

 

 

Əhvali-zəmanə münqəlibdir,

Ondan xirəd əhli müctənibdir.

Qəm matəmin eyləyəndə bünyad,

Neyyah bu növ çəkdi fəryad

Kim, İbni Səlami etdi gərdun

Amaci-xədəngi-ahi-Məcnun.

Ol səddi götürməyə aradən,

Əşk oldu rəvan iki yənadən.

Ol növrəsi-natəvan, dəmadəm

Şövq ilə çəkərdi mehnətü qəm.

Həsrət ələmi yaman ələmdir,

Qəm bədriqeyi-rəhi-ədəmdir.

Dərdü qəmi-həsrəti-nihani,

Sərvi-qədin etdi xizərani.

Üz urdu pozulmağa tilismi,

Bir qayətə yetdi zəfi-cismi

Kim, peykəri nəqşi-bəstər oldu.

Rəna qədi bəstər istər oldu.

Gün-gündən olub xərab halı,

Qalmadı sağalmaq ehtimalı.

Dərdinə dəva bulunmaz oldu,

Rəncinə şəfa bulunmaz oldu.

Əndişeyi-ömrü oldu batil,

Can verdi vü həqqə oldu hasil.

Kimdir ki, gəlib cəhana getməz?

Kim kamil olur, zəvalə yetməz?

Leylini gətirməyə fəğanə,

Ol vaqeə oldu bir bəhanə.

Matəmgədə eylədi məqamın,

Matəmdə keçirdi sübhü şamın.

Bir neçə gün onda ağlayıb zar,

Həm ata evinə döndü naçar.

Əmma, dünü gün fəğan edərdi,

Xunabi-cigər rəvan edərdi.

Fəryadə gələndə gahü bigah,

Öz könlündə deyərdi ol mah

Kim: - "İbni Səlamə rəhməti-həq,

Eşqim rəvişinə verdi rövnəq.

Rəf eylədi pərdeyi-müdara,

Pünhan qəmim etdi aşikara"

Ol vaqeədən olub xəbərdar,

Tutdu rəhi-dəşt Zeydi-qəmxar

Gördü ki, şikəstəhal Məcnun,

Durmuş dədü dam içində məhzun.

Verdi bu qəziyyədən bəşarət

Kim: - "Qıldı müarizin xəsarət

Dəhr İbni Səlami qıldı pamal,

Leyli öz evinə döndü xoşhal"

Məcnun çəkib ah, qıldı nalə.

 Əfğan edib ağladı bu halə.

Heyrətlərə düşdü Zeydi-qafil;

Bu halət ona göründü müşkil.

Kim, fovti-rəqib eşitsə aşiq,

Gülmək gərək, ağlamaq nə layiq,

Təhqiqi-bəyani-hal qıldı,

Ol vaqeədən sual qıldı.

Məcnun dedi: - "Ey vəfalı yarım!

Yoxdurmu bu yolda nəngü arım?

Cananəyə can verən yetibdir,

Can verməyən arada itibdir.

Ol dostum idi,deyildi düşmən,

Həm ol ona aşiq idi, həm mən.

Ol canını verdi vasil oldu,

Öz mərtəbəsində kamil oldu,

Nəqsim mənim irmədi kəmalə,

Eyb eyləmə ağlasam bu halə".

 

Leylinin İbn Səlamın vəfatından sonrakı vəziyyəti

Çün ata evinə döndü Leyli,

Əfğanə olub həmişə meyli,

Tutmuşdu təriqi-əhli-matəm,

Təcdidi-əza qılıb dəmadəm,

Hər qanda bilirdi var bir zar,

Ənduhü müsibətə giriftar,

Cəm edib olurdu əncümənsaz,

Eylərdi sürudi-növhə ağaz.

Gər İbni Səlam idi bəhanə,

Məcnun idi bais ol fəğanə.

Ağzında idi bir özgə zikri.

Könlündə idi bir özgə fikri.

İzhar qılırdı özgə adın,

Pünhani edərdi özgə yadın.

Bu rəng ilə daim ol pərizad,

Eylərdi fərağət ilə fəryad.

Razi-dili-zarın etdi ağaz:

- "Key vaqifi-halü arifi-raz!

Yoxdur qəmi-dərdimə nihayət,

Qəmdən kimə eyləyim şikayət?

Qəm bihədü mən bəsi zəifəm,

Mən böylə qəmə qaçan hərifəm.

Ya ver mənə möhnətimdə taqət,

Ya taqətim olduğunca mehnət.

Gər cameyi-səbrim eyləsəm çak,

Hökmün yolu görünür xətərnak.

Vər könlümə versəm istimalət,

Taqətcə deyil qəmü məlalət.

Namusdan eyləsəm cüdalıq,

Məcnun ilə qılsam aşinalıq,

Qorxum bu ki, ismət ola pamal,

Fərmanə müvafiq olmaya hal.

Qılsam bu Həvadə hifzi-namus,

Məmureyi-vəslim ola məhrus.

Qorxum bu ki, dudi-ahi-Məcnun

Əhvalımı eyləyə digərgun.

Sadiqlərin ahi mötəbərdir,

Ondan həzər etməmək xətərdir.

Ol öylə, bu böylə neyləyim, vay,

Bilmən məni-acizə nədir ray?”

 

Leylinin dəvəyə sirrini açması

 

Çün naqədə gördü nəşəyi-hal,

Qıldı ona həm bəyani-əhval:

“Ey başı açıq, ayağı yalın

Bulmuş neçə gəz hərəm visalın!

Sövdazədə nişədir dimağın?

Köksündə nədir bu əski dağın?

Kimdən sənə yetdi zülmü bidad,

Hər ləhzə nədir fəğanü fəryad?

Üşşaq təriqidir təriqin,

Gər aşiq isən, mənəm rəfiqin.

Nalan qəmi-eşqi-yardansan,

Sən dəxi bizim qətardansan.

Mən kimi yox əldə ixtiyarın,

Bir özgə əlindədir məharın,

Çün düşdü səninlə ittifaqım,

Rəhm eylə mənə, gör iştiyaqım.

Lütf eylə, binayi-kari-xeyr et,

Məcnunum olan diyarə seyr et!

Bu şiyftəyi yetir ol ayə.

Bu dərdi yetişdir ol dəvayə".

Nagah, gödərdi, oldu bihuş.

Mütləq özün eylədi fəramuş.

Bihuşluğunda düşdü ol nur,

Həmrahi olan güruhdən dur.

Ol növ idi zülməti-şəbi-tar

Kim, olmadı sariban xəbərdar.

Çün gəldi özünə ol pərivəş,

Oldu bu qəziyyədən müşəvvəş.

Göz açdı, özünü gördü itmiş,

Həmrahi buraxmış onu getmiş.

Tənha yürür oldu ol səmənbər,

Zülmətdə misali-mahi-ənvər.

Düşdü güzər ol səmən üzarə,

Məcnuni-həzin olan diyarə,

Hər yan nigəran gəzərdi ol mah,

Bir şəxsi-həzin göründü nagah

Sormağa əlameyi-mənazil,

Ol şəxsi-həzinə oldu mayil,

Lütf ilə təkəmmül etdi ağaz:

- "Kimsən?" – deyibən yetirdi avaz.

Baş qaldırıb ol əsiri-məhzun,

Döndərdi cavab ona ki: – "Məcnun!"

Leyli dedi: – "Ey özünə məğrur,

Haşa deyə əjdəha sözün mur!

Haşa deyə zağ, bülbüləm mən,

Ya laf ura xar kimi, güləm mən!"

Məcnun dedi: - "Ey düri-yeganə

Məcnuna bilirmisən nişanə?

Ol şiyftənin nədir nişani,

Gördükdə nədən bilirsən ani."

Leyli dedi: - "Ol pəriliqadır,

Rüxsarlə qəddi dilrübadır.

Sən şiyftəsən, əsiri-matəm,

Rüxsarı şikəstə, qaməti xəm.

Sən xarsən, ol, əzizi-aləm,

Sən bisərü pasən, ol müəzzəm".

Məcnun dedi: - "Əhli-eşq olur xar

Hüsn əhlinədir səfa səzavar".

Leyli dedi: - "Ey bəhanəpərdaz!

Qeydi-dili-zarimə füsunsaz!

Peykər, tutalım töküldü qəmdən,

Ya qamətin oldu xəm sitəmdən,

Məcnunu deyərlər əhli-idrak,

Əşarı lətifü ləhcəsi pak.

Səndə qanı ol ədayi-dilsuz, .

Əşari-hekayəti-diləfruz?"

Məcnun dedi:- "Əhli-hal olur lal,

Bəsdir nəmi-əşk şahidi-hal.

Tərtibi-ibarətü fəsahət,

Eşq əhlinədir dəlili-rahət.

Rahətdən olan mənim kimi dur,

Gər samit ola deyilmi məzur?"

Leyli dedi: - "Çün sənə şəkim var,

Məcnun isən eylə halın izhar,

Leyliyi sevərsən eylə bünyad,

Bir şer, keçən zamanın et yad"!

 

Məcnunun öz halını Leyliyə bildirməsi

Məcnuni-həzin eşitdi sövkənd,

Gördü onu şerə arizumənd,

Təfsili-qəminə verdi icmal,

Qıldı ona ərzi-surəti-hal:

- "Key səbzeyi-dərdimə verən ab!

Sərrişteyi-pazdən açan tab!

Sorma necə keçdi ruzigarın,

Eşq içrə nə oldu hali-zarın?

Faş oldu çü aləmə fəsanəm,

Tədbirimə düşdü atəm, anəm,

Gəh dəğdəğeyi-təbib gördüm,

Gəh səy ilə Kəbəyə yügürdüm.

Açılmadı hiç babdən bab,

Tədbirimə aciz oldu əhbab.

Gəh Novfələ eylədim təzərrö,

Feyzində bulunmadı təvəqqö.

Gəh İbni Səlamə yar olub yar,

Verdi dili-mübtəlayə azar.

Gəh Zeyd pəyamına inandım,

Hər vədə ki, verdi doğru sandım.

Ümmid ilə ömrüm oldu zaye,

Halım betər etdi zəfi-tale.

Əlqissə, vücudim oldu bərbad,

Bir ləhzə fələkdən olmadım şad".

 

Leylinin Məcnunu tanıması

 

Çün bildi kim olduğunu Leyli,

Rüxsarına axdı əşk seyli,

Giryan dedi: - "Ey gözüm çirağı!

Vəhşilərə el, mənimlə yağı!

Sən mən dediyim həbib imişsən,

Dərdi-dilimə təbib imişsən.

Sənsən dünü gün dilimdə zikrim,

Könlümdə olan xəyalü fikrim.

Sənsiz mən idim şikəstəxatir,

Yüz şükr, sənə yetişdim axir.

Gülzari-ümidim oldu sirab,

Ya rəb bu xəyaldırmı, ya xab?

Eyşü tərəbim çirağı yandı,

Bəxtim yuxudan məgər oyandı?

Ey dil ki, edərdin ahü nalə,

Daim nigəpan olub vüsalə,

Ha, dövləti-vəslü zövqi-didar!

Billah, dəxi etmə naləvü zar!

Ey didə, töküb sirişki-gülgun

Hər dəm dep idin ki: - "Qanı Məcnun?"

Mənzurun olubdur ol səmənbər,

Qıl məqdəminə nisar gövhər!

Ey can ki, çəkərdin intizarı,

Görmək diləyib həmişə yarı,

Yetdin ona, gəl, çıx indi təndən,

Get yarə, kəs ixtilatı məndən"

 

Heyrət içində olan Məcnunun Leyliyə etinasızlığı

Məcnun dedi: - "Ey açan mənə raz,

Lütfilə qılan məni sərəfraz.

Kimsən? Mənə zahir eylə adın!

Bu badiyədə nədir muradın?

Can tazələnir fəsahətindən,

Bu ləhceyi-pürməlahətindən.

Xülqi xoşü ləfzi canfəzasən.

Böylə görünür ki, aşinasən.

Billah, nə diyardən gəlirsən?

Nə rahigüzardən gəlirsən?

Gər lalə isən, nə dağdansan?

Vər susən isən, nə bağdansan?

Şirin-şirin təkəllümün var,

Hali-dilimə tərəhhümün var.

Biganədən ummazın bu hali,

Bir ülfətdən deyil bu xali.

Əql olsa idi mənimlə həmrah,

Əhvalından olupdum agah,

Çün məndə yox ehtimali-idrak,

Sən söylə özün ki, kimsən, ey pak?"

 

Leylinin cavabı

 

Leyli dedi: - "Ey qərineyi-ruh

Kami-dili-mübtəlayi-məcruh!

Leyli mənəm arizuyi-canın,

Kami-dili-zarü natəvanın.

Gəp xəstə isən, mənəm təbibin,

Vər aşiq isən, mənəm həbibin.

Gəl bəzmi-visalə məhrəm olğıl!

Bir ləhzə mənimlə həmdəm olğıl!

Ey gül, bu mənə deyilmidip nəng

Kim, olmayasan mənimlə həmrəng?

Mən ərz edəm afitabi-rüxsar,

Sən qılmayasan hərarət izhar?

Mən cam tutam, deyim ki, "gəl al!"

Sən durmayasan ayağə filhal?

İzhari-cəmalın eyləmək gül,

Bülbül görüb eyləmək təğafül?

Çox təcrübə etmişəm olur az

Məşuqinə aşiq eyləmək naz".

 

Məcnunun Leyliyə etinasızlığı və yazısının saflığını sübut etməsi

 

Məcnun dedi: - "Ey büti-pərivəş!

Xaşaki-zəifə urma atəş!

Yandırmağıma yetər xiyalın,

Yoxdur mənə taqəti-vüsalın.

Canım gedəli bəsi zəmandır,

Cismimdəki indi özgə candır.

Sənsən hala tənimdə canım,

Gözdə nurim, cigərdə qanım.

Əvvəl bu işi edəndə bünyad,

Mən tifl idimü zəmanə ustad.

Etmişdi sənə məni müqəyyəd,

Guya oxudurdu dərsi-əbcəd.

Hala qılıbam kəmal hasil,

Əbcəd səbəqin oxurmu kamil?

Çün yetdi kəmalə sərxəti-eşq,

Sərxət görüb ancaq eylərəm məşq.

Risvalığa çün mən etmişəm ad,

Sən həm bu süluki etmə bünyad.

Sən olma fəsaneyi-xəlayiq,

Məcnun işi Leyliyə nə layiq?

Məcnun mənəm, ey vəfalı dildar!

Divanəliyə mənəm səzavar!

Sən eyləmə halını digərgun,

Leyli nə rəva ki, ola məcnun?

Gün kimi çıxıb müdam seyrə,

Göstərməyəsən cəmal ğeyrə,

Kim, səndə nə olsa rəsmü adət,

Ətvarımadır mənim şəhadət.

Mən eşq güzərgəhində xakəm,

El cümlə bilir məni ki, pakəm,

Rəhm et mənə, ey büti-vəfadar,

Tən əhlinin ağzın açma, zinhar!

Çün mən rəhü rəsmi-eşq tutdum,

Namus təriqini unutdum.

Namusunu saxla hər xələldən,

Sən əql ətəyini qoyma əldən".

 

Leylinin Məcnunun davranışını bəyənməsi

Leyli dedi: - "Ey vücudi-kamil!

Qürbi-həqə ismət ilə qabil!

Meraci-kəmalını sınardım,

Keyfiyyəti-halını sınardım.

Oldum necə olduğundan agah,

Xoş mərtəbədir bu, barəkəllah!

Əhsəntə ki, zati-pak imişsən,

Pakizə vücudi-xak imişsən,

Eşqində riya güman edərdim,

Ətvarını imtəhan edərdim.

Əlminnətü lillah oldu məlum

Vəsl olduğu məşrəbində məzmum.

Ğəmnak idim, eylədin məni şad,

Bu qeyd təəllüqündən azad.

Bir qafili-xudpərəst idim mən,

Cəhl ilə müdam məst idim mən.

Arayişi-zülfü xal edərdim,

Peyvəstə munu xəyal edərdim,

Kim, sən tələbi-visal edərsən,

Nəzzareyi-zülfü xal edərsən.

Hala mənə rövşən oldu halın.

Meraci-həqiqəti-kəmalın.

Mən bəslədiyim bu zülfü xalı,

Çeşmi-siyəhü üzari-alı,

Öz canım üçün deyil, şəbü ruz,

Nəzri-nəzərindir, ey diləfruz!

Ta eyləyəsən dəmi nəzarə,

Təskin verəsən dili-fikarə.

Həm sən olasan muradə vasil,

Həm ola mənə səvab hasil.

Yoxdur çü nəzarə meyli səndə,

Neylər bu cəmali-xub məndə.

Tən dürcünədir düri-rəvanım,

Gənci-bədənimdə nəqdi-canım,

Derdim ola sərfi-rəhgüzarın,

Gördükdə rəvan qılam nisarın.

Tövfiqü visalın edəm idrak.

Əndişeyi-hicrdən olam pak.

Hala ki, müyəssər olmaz ol kam,

Olmaq nə rəva arada bədnam?

Ta hüsni-rüxüm ki, istəməz yar,

Olmaya nəsibi-çeşmi-əğyar.

Zira ki, nəsibi-hüsni-qabil

Oldur, ona aşiq ola mayil.

Hüsnümdə çü yox qəbuli-aşiq,

Nöqsan ilə olmağım nə layiq?"

 

Leylinin anasına vəsiyyəti və ölümü

Məbudinə ərz qıldı razin,

Bildirdi könüldəki niyazin:

- "Key hakimi-ərseyi-qiyamət!

Sultani-səriri-istidamət!

Nomidilik atəşinə yandım,

Billah, bu vücuddən usandım!

Çün dust yanında naqəbuləm,

Billah, bu həyatdan məluləm!

Mən şəmi-şəbi-fəraqi-yarəm,

Suzanü siyahruzigarəm.

Yandırdı məni cəfayi-aləm,

Dinlənməzəm, ölməyincə bir dəm.

Ya rəb, məni et fənayə mülhəq

Kim, rahi-fəna imiş rəhi-həq".

Pak idi, duası etdi təsir,

Filhal mizaçı oldu təğyir.

Təsiri-həvayi-namünasib,

Tərkibinə qıldı zəf qalib.

Zəfi-təni ol məqamə yetdi

Kim, bəstər içində cismi itdi.

Əzm eylədi olmağa müsafir,

Rehlət əsəri çü oldu zahir,

Rəf etdi hicab ehtirazin,

Faş etdi anaya gizli razin:

"Key dərdi-dilim dəvası ana! --

Şəmi-əməlim ziyası ana!

Qəm gizləmək ilə canə yetdim,

Ta mümkün idi təhəmmül etdim.

Hala ki, müqərrər oldu getmək,

Mən aşiqi-zarü binəvayəm,

Bir mahliqəyə mübtəlayəm.

Sövdasi ilə yox oldu varım,

Keçdi həvasilə ruzigarım.

Çox arizu eylədim cəmalin,

Bir dəm görə bilmədim visalin.

Hala gedirəm könüldə suzi,

Əldən nə gəlir, bu idi ruzi.

Ancaq deyiləm məni-pərişan,

Ol yar qəmində zarü giryan,

Ol həm məni-zarə mübtəladır,

Sərgəşteyi-vadiyi-bəladır.

Məndəndir onun cünuni əfzun,

Qeys ikən olubdur adı Məcnun.

Daim keçirər ğəmimdə əyyam,

Bir gün ona hasil olmayıb kam.

Ey munisi-ruzigarım ana!

Qəmxarimü ğəmgüsarım ana!

Mən dari-bəqayə əzm edəndə,

Dünyayə vida edib gedəndə, ,

Mənsiz çəkib ahlar, fəğanlar,

Səhralərə düşdüyün zamanlar,

Düşsə yolun ol olan diyarə,

Ərzi-qəmim eylə ol fikarə.

Zinhar ona olanda vasil, ,

Xoş kimsədir, ondan olma qafil!

Damanını tut, rizasın istə,

Mən mücrüm üçün duasın istə.

Ərz eylə ki: - "Ey vəfalı dildar!

Can verdi yolunda Leyliyi-zar.

Eşqində yerinə yetdi lafi,

Dəvasının olmadı xilafi"

Söylə məni-zarü mübtəladən:

"Key eşqdə laf edən vəfadən

Xəlvətgəhi-ünsə məhrəm oldum,

Azadəvü şadü xürrəm oldum.

Sən həm gələ gör, təəllül etmə!

Mən müntəzirəm, təğafül etmə!

Gər sadiq isən bu yolda, sən həm

Səbr eyləmə, eylə tərki-aləm.

Gəl kami-dil ilə olalım yar,

Bir yerdə ki, yoxdur onda əğyar...

Daim olalım bir evdə həmraz

Kim, çıxmaya dışra ondan avaz.

Məndən səni eyləmək xəbərdar

Bismallah, əgər iradətin var!"

Çün qıldı vəsiyyətin axir,

Əzmi-səfər etdi ol müsafir.

Yad eylədi yari-mehribanin,

Vəsl arzusı ilə verdi canin.

 

 

Leylinin vəfatından Məcnunun xəbərdar olması və bu dərdə dözməyib ölməsi

 

Möhnət çəmənində gül dərənlər,

Aləmdə yaman xəbər verənlər.

Qəm nüsxəsin eyləyəndə təhrir,

Vermişlər ona bu növ təşhir:

Kim, Zeydi-sitəmrəsideyi-zar,

Ol vaqeədən olub xəbərdar,

Filhal qılıb əziməti-rah,

Məcnuni-həzini etdi agah:

- "Key şiyfteyi-şikəstətale!

Əfsus ki, səyin oldu zaye!

İdbari-tilismin oldu batil,

Bu məşğələdən dəxi və hasil?

Bazar pozuldu, yığ bisatın!

Bu silsilədən kəs irtibatın!

Leyli sənə verdi zindəgani,

Sən ol baqi, ol oldu fani!”

Məcnun ki, xəbərdən oldu agah,

Suzi-cigərilə çəkdi bir ah

Kim, ğülğüləsin həm ol zamanda.

Cananı eşitdi ol cəhanda...

Az qaldı ki, naləsilə dildar,

Ol xabi-əcəldən ola bidar.

Bir ləhzə bülənd olub xüruşi,

Düşdü yerə, getdi əqlü huşi.

Çün gəldi özünə, qıldı nalə,

Yağdırdı xəzani üzrə jalə...

Tənə sözün etdi Zeydə bünyad:

- "Key saqiyi-bəzmi-zülmü bidad!

Netdim sənə qəsdi-canım etdin!

Qəsdi-dili-natəvanım etdin!

Qıydın məni-zarü natəvanə,

Urdun sitəm atəşini canə!

Təsiri-sitəmdən ictinab et,

Bari bu günahə bir səvab et!

İlət məni yar olan diyarə,

Şəm eylə məni məzari-yarə!"

Düşdü yola, oldu Zeydə həmrah,

Bir hal ilə kim, nəuzübillah...

Çün gördü məzari-gülüzarın,

Düşdü vü qucaqladı məzarın.

Qəbr üzrə axıtdı qanlı yaşın,

Ləl eylədi yaşı qəbri daşın,

Göz yaşını eylədi müxatəb:

- "Key tirə şəbi-fəraqə kövkəb!

Çıxmaq sənə oldu indi vacib

Kim, oldu ol afitab qayib!

Bir bürcü məqam tutmuş ol mah

Kim, olmaz ona nəsim həmrah.

Sən durma əgər mürüvvətin var,

Gir toprağa, istə onu zinhar!

Gör qandadır ol düri-yeganə,

Netmiş ona afəti-zəmanə!

Pabus edibən yetir niyazım,

Bildir bu təzərrö ilə razım:

- "Key şəm, nədir bu ictinabın?

Mən bəxti-siyahdən hicabın?

Cami-meyi-qəm tutanda aləm,

Həm sən içdin bu camı, mən həm.

Məst etdi məgər səni bu badə

Kim, bəzmdə durmadın ziyadə?

Həmrahım idin bu yolda, ey mah!

Həmrahı qoyub gedərmi həmrah?

Əflakə təfaxür eylə, ey xak!

Kim, oldu rəfiqin ol düri-pak!

Aləm xoş idi ki, var idi yar,

Çün yar yox, olmasın nə kim var.

Ey can, təni-xəstəni vida et,

Bu xəstə ilə yetər niza et!

Müştaqinəm, ey əcəl, kərəm qıl!

Dəfi-ələm ilə rəfi-qəm qıl!

Qurtar məni iztirabi-qəmdən!

Ver müjdə, vücudimə ədəmdən!

Ya rəb, mənə cismü-can gərəkməz,

Cananımsız cəhan gərəkməz!

Minbəd zəlilü xar qılma,

Sərgəşteyi-ruzigar qılma!"

   

           ***

Çün razi-dərunin etdi təqrir,

Rəyinə müvafiq oldu təqdir,

İmdad qılıb inayəti-həq,

Qıldı onu məqsədinə mülhəq,

Gül dərdi hədiqeyi-əməldən,

Mey içdi sürahiyi-əcəldən.

Qəbrini qucaqladı nigarın,

Can sədqəsi etdi ol məzarın,

– “Leyli” – dedi verdi cani-şirin,

Ol aşiqi-biqərarü miskin.

Çün gördü bu halı Zeydi-qəmnak,

Əfğan qılıb etdi yaxasın çak,

Fəryad ilə qıldı növhə bünyad,

Övci-fələkə yetirdi fəryad.

Zar ağladı öylə kim, həm ol dəm,

Ahı oduna yığıldı aləm.

El cəm olub etdilər nəzarə,

Məcnuni-siyah ruzigarə,

Qəbr üstünə gördülər yıxılmış,

Cananəyə can nisar qılmış,

Əhvalına ağlayıb sərasər,

Dəfn etməyin etdilər müqərrər.

Qüsl eyləyibən təni-nizarın,

Dildarının açdılar məzarın.

Qoydular onu həm ol məzarə,

Qəmnak yetişdi ğəmgüsarə,

Ruh oldu fələkdə ruhə həmraz,

Tən oldu tən ilə yerdə dəmsaz.

Keçdikcə zaman mükərrəm oldu,

Hacətgəhi-əhli-aləm oldu.

Budur əsəri-məhəbbəti pak,

Xoş mərtəbədir bu, qılsan idrak.

 

Əhvalatın (sözün) tamamlanması

Dün dideyi-tər qılıb gühərbar,

Gərdunə dedim ki: "Ey cəfakar!

Hərgiz rəvişindən olmadım şad,

Dami-ğəmü mehnətindən azad,

Əhbabə nəqiz dövr edərsən,

Ərbabi-kəmalə cövr edərsən.

Məcnun, əgər olsa idi cahil,

Olmazdın itaətində kahil,

Fərmanına inqiyad edərdin,

Könlünü müdam şad edərdin,

Əhli-hünər olduğu səbəbdən,

Sahibnəzər olduğu səbəbdən,

Əqranı içində xar qıldın,

Biizzətü etibar qıldın.

Leyli, gər olaydı bir həyasız,

Ya, sən kimi mehrsiz, vəfasız

Olmazdı ona həmişə cövrün,

Kamınca müdam olurdu dövrün.

Fəzl əhlinə mayil olduğundan,

İdrak ilə kamil olduğundan,

Daim qəm əlində zar qıldın,

Aşüfteyi-ruzigar qıldın.

Mən həm, gər olaydım əhli-təzvir,

Etməzdin ianətimdə təqsir.

Səndən qərəzim olub sərəncam,

Dövründə mənə olurdu aram.

Çün əhli-vüqarü nəngü arəm,

Cövrünlə həmişə xarü zarəm.

Bu üzdən imiş sənin mədarın

Var, indi ki, yoxdur etibarın!"

 

Poemanın qısa məzmunu

 

“Leyli və Məcnun” poemasının qısa məzmunu

 

Şan-şöhrətli, dövlətli bir ərəb qəbilə başçısı övlad həsrəti ilə yaşayır. Nəzir-niyazla onun oğlu dünyaya gəlir. Adını Qeys qoyurlar. 10 yaşa çatdıqda Qeys məktəbə gedir. Məktəbdə digər qəbilə başçısının gözəl qızı Leyliyə aşiq olur. Gənclərin bir-birinə məhəbbəti dilə-dişə düşür. Leylinin anası məsələni eşidib qızını məzəmmət edir, məktəbə qoymur. Sevgilisinin məktəbə gəlmədiyini görən Qeys öz dövrünün adət-ənənələrindən sarsılır, səhraya qaçır, vəhşi heyvanlar içərisində yaşayır. Onu “Məcnun” adlandırırlar.

Atası Məcnunu aldadır. Leylinin qonaq gəldiyini deyib onu evə qaytarır.

Məcnun ata-anasının nəsihətlərini qəbul edə bilmir, öz həyatının mənasını Leyliyə qovuşmaqda görür. Məcnunun atası elçi gedir. Lakin Leylinin atası öz qızını Məcnuna vermək istəmir. Deyir ki, əgər Məcnunun dərdinə, xəstəliyinə əlac tapılsa, qızını ona verər. Atası Məcnunu həkimlərə göstərir, Kəbəyə aparır. Lakin Məcnun yenə səhraya qaçır. O, ovçuların tutduğu ceyran və göyərçini azad edir, vəhşi heyvanlarla dost olur.

Leyli  öz dərdini ay, bulud, pərvanə, çıraq ilə bölüşür, öz hüquqsuz vəziyyətindən söz açır. Leylini ərəb zadəganı İbn Səlama nişanlayırlar. Njvfəl Məcnuna kömək məqsədilə Leylinin atası ilə müharibəyə başlayır. Məcnun Leylinin atasının məğlub olmasını istəmir, duaları ilə ona kömək edir. Leylinin atası Novfələ qızının başqasına ni.anlı olduğunu bildirir. Novfəl öz niyyətindən əl çəkir. Leyli toydan sonra da öz məhəbbətinə sadiq qalır, İbn Səlamı inandırır ki, bir cin onun özünü də, ərə getdiyi adamı da öldürəcəkdir. İbn Səlam buna inanır.

Dostu Zeyd, Məcnuna məktub yazır, ona Leylinin ərə getdiyini xəbər verir. Məcnun Leyliyə məktub göndərir, onu vəfasız adlandırır. Leyli cavab məktubu yazır. Özünün qul kimi satıldığından, hüquqsuz olduğundan şikayətlənir.

Məcnunun dərdinə dözməyən atası dünyasını dəyişir. İbn Səlam da Leyliyə ya­xınlaşmağa cəsarət etmir, xəstələnib ölür. Dərdini dağıtmaq bəhanəsi ilə gəzintiyə çıxan Leyli səhrada Məcnunu tapır. Ağır vəziyyətdə olan Məcnun yalnız Leylinin xəyalı ilə yaşamaq istədiyini bildirir.

Sevgilisinin ayrılığına, onun düşdüyü vəziyyətə dözməyən Leyli ölür. Məcnun da bu dərdə dözməyib Leylinin məzarı üstündə dünyasını dəyişir.




Copyright Ədəbiyyat dərsliyi © 2024