MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
“Salur Qazan xanın evinin yağmalanması boyu”(ixtisarla)
Bölmələr

******

24.12.2024, 06:07

Salur Qazanın evinin yağmalandığı boy

Bir gün Tüklü quşun balası, yazıqların ümidi, Amit soyunun aslanı, Qaraığın qaplanı, Qonur atın yi­yəsi, Uruz xanın ağası, Bayındır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qa­zan yerindən durmuşdu. Doxsan otaqlı uca evlərini qara yer üzərində tikdirmişdi. Doxsan yerdə böyük ipək xalı döşətmişdi. Doqquz qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları Qalın Oğuz bəylərinə şərab paylayırdılar.

Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda şərabın təsiri başına vurdu. O, qaba dizləri üstünə çökdü, dedi: “Sözümü dinləyin, səsimə səs verin bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər! Ov ovlayaq, quş quşlayaq, sığın-keyik yıxaq, qayıdıb otağımıza düşək yeyib-içək, günü­mü­zü xoş keçirək!”

Qıyan Səlcik oğlu Dəli Dondaz dedi: “Bəli, xan Qazan, məsləhətdir”.

Qaragünə oğlu Qarabudaq dedi: “Ağam Qazan, məsləhətdir”. Onlar belə dedikdə Atağızlı Aruz qoca iki dizi üstünə çöküb dedi: “Ağam Qazan, sası dinli Gürcüstan sərhədinə gedirsən, qərargahının üstündə kimi qoyursan?”

Qazan dedi: “Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun”. Qonur atını çəkdirdi, mindi, Dəli Dondaz Təpəlqaşqa ayğırını mindi. Qazan bəyin qardaşı Qaragünə Göy bədəvi atını tutdurub mindi.

Bayındır xanın düşmənini məğlub edən Şir Şəmsəddin Ağ atını çəkdirib mindi.

Parasarın Bayburd hasarından sıçrayıb aşan Beyrək Boz ayğırına mindi.

Qonur atlı Qazana “keşiş” deyən Yeynək Duru ayğırına mindi. Saymaq istəsəm tükənən deyil. Qalın Oğuz bəyləri atlandılar. Böyük qoşun Ala dağa ova çıxdı.

Kafirlərin casusu bunu gördü, çuğul gedib, Şöklü Məliyə xəbər verdi. Yeddi min qaftanın arxası cırıq, kəsik qara saçlı, sası dinli, din düşməni, alaca atlı kafir mindi çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Kafirlər onun qızıl tağlı evlərini çalıb-çapdılar, qazabənzər qız-gəlinlərini çığırışdırdılar. Tövlə-töv­lə atlarını mindilər. Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu ta­lan etdilər. Qırx incə belli qız ilə boyu uzun Burla xatun əsir getdi. Qazan bəyin qarımış anası qara dəvə boy­­­nundan asılı getdi.

Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əli bağlı, boynu bağlı getdi. İlək qoca oğlu Sarı Salmaş Qa­zan bəyin evi üstündə döyüşdə şəhid getdi.

Qazanın bu işlərdən xəbəri yox idi.

Kafir dedi: “ Bəylər, Qazanın tövlə-tövlə şahanə atlarını minmişik, qızıl-gümüşünü talan etmişik, qırx igid­­lə oğlu Uruzu dustaq etmişik. Qatar-qatar dəvələrini gətirmişik, qırx incə belli qızla Qazan xanın arva­dını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq”.

Kafirlərdən biri dedi: “Qazan bəydə bir heyfimiz qaldı”.

Şöklü Məlik dedi: “Ədə, aznavur, nə heyfimiz qaldı?”

Kafi: “Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurarıq”, – dedi. Şöklü Məlik: “Altı yüz kafir getsin, qoyunu gətirsin”, – dedi.

Altı yüz kafir atlandı, qoyun üzərinə yürüş etdi.

Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Hövlnak ayağa durdu. Qabangücü və Dəmirgücü adlı iki qardaşını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı, ala qollu sapandını əlinə aldı.

Qaraca çobanın üstünü qəflətən altı yüz kafir aldı. Kafir dedi:

Qaranlıq axşam olanda qayğılı çoban!

Qar-yağış yağanda od-ocaqlı çoban!

Südü, pendiri bol, qaymaqlı çoban!

Qazan bəyin qızıl tağlı uca evlərini biz yıxmışıq.

Tövlə-tövlə şahanə atlarını biz minmişik.

Qatar-qatar qızıl dəvəsini biz yedəkləmişik.

Qarıcıq anasını biz gətirmişik.

Qiymətli xəzinəsini, bol pulunu biz talan etmişik.

Qaza bənzər qız-gəlinini biz əsir etmişik.

Qırx igidlə Qazanın oğlunu biz tutmuşuq.

Qırx incə belli qızla Qazanın arvadını biz gətirmişik.

Ay çoban, uzaqdasan-yaxındasan, bəri gəl! Baş endirib təzim et! Bizə salam ver, öldürməyək! Səni Şöklü Məlikin yanına aparaq, bəylik alıb verək. Çoban dedi:

Boş-boş danışma, itim kafir!

İtimlə bir yalaqdan yal içən, azğın kafir.

Altındakı alaca atını nə öyərsən?

Ala başlı keçimcə görünməz mənə!

Başındakı dəbilqəni nə öyərsən, ay kafir?

Başımdakı börkümcə görünməz mənə!

Altmış tutam nizəni nə öyərsən, murdar kafir?

Qırmızı dəyənəyimcə görünməz mənə!

Qılıncını nə öyərsən, ay kafir?

Əyri başlı çovkanımca görünməz mənə!

Belində doxsan oxunu nə öyərsən, ay kafir?

Ala qollu sapandımca görünməz mənə!

Uzaqdasan-yaxındasan, bəri gəl!

İgidlərin zərbəsini gör, sonra get!

Kafirlər təklifsiz at təpdilər, ox səpdilər. İgidlər igidi Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini-üçünü yıxdı. İkisini atanda üçünü-dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirin üç yüzünü sapand daşı ilə yerə yıxdı. İki qardaşı isə oxlandı, şəhid oldu.

Çobanın daşı tükəndi qoyun demir, keçi demir, sapandın ağzına qoyur atır, kafiri yıxırdı. Kafirin gözü qorxdu, dünya-aləm başına qaranlıq oldu. Dedilər: “Arzusu gözündə qalsın, bu çoban birdən bizim ha­mımızı qırar?!” Daha durmayıb qaçdılar.

Çoban şəhid olan qardaşlarını dəfn etdi. Kafirlərin leşindən bir böyük təpə düzəltdi, çaxmaq çaxıb od yandırdı. Yapıncısından kəsib yandırdı, qurumunu yarasına basdı. Yolun əyrisini tutub oturdu. Ağladı, sızladı. Dedi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdumu?”

Sən demə, xanım, o gecə Qalın Oğuzun dayağı, Bayındır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxu­da qarma-qarışıq əhvalat gördü, hövlnak ayağa durdu. Dedi: “Qardaşım Qaragünə, bilirsənmi yuxumda nə göründü? Qara-qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü bü­rü­düyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gör­düm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gör­düm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yoz mə­nim­çin!”

Qaragünə dedi: “Qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qan – qaranlıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.

Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün qonur atı çapıb, üç günlük yolu bir gündə gedərəm; evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam ol­madan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim”.

Qazan bəy Qonur atını mahmızladı, yola çıxdı. Gəlib-gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb, quzgun dolaşır. Qazan bəy burada yurdu ilə xəbərləşib, görək, xanım, necə xəbərləşib, nə demişdir:

Qohum-qəbiləli komam-yurdum!

Qulanla sığına-keyikə qonşu yurdum!

Səni düşmən haradan talayıb, gözəl yurdum!

Uca evimin tikilisi, yurdu qalmış,

Qoca anamın oturduğu yer də qalmış.

Oğlum Uruzun ox atdığı nişan qalmış...

Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaş doldu. Qanı damarlarında dayandı. Qara bağrı sar­sıldı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Qa­zan çıxdı. Qazan dedi: “Su Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim!” Görək, xanım, necə xə­bərləşdi. Qazan dedi:

Çaqlayaraq qayalardan çıxan su!

Ağac gəmiləri atıb-tutan su!

Həsən ilə Hüseynin həsrəti su!

Bağ ilə bostanın zinəti su!

Ayişə ilə Fatimənin baxışı su!

Şahanə atların içdiyi su!

Qızıl dəvələrin gəlib keçdiyi su!

Çevrəsində ağ qoyunların yatdığı su!

Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

Dərdli başım qurban olsun, suyum, sənə!

Su necə xəbər versin?! Sudan keçdi, bu dəfə bir qurda rast gəldi. “Qurd üzü uğurludur, qurdla bir xəbərləşim” – dedi. Görək, xanım, necə xəbərləşdi:

Qaranlıq axşam olanda günü doğulan!

Qarla yağış yağanda ər kimi duran!

Qaracıq atları kişnəşdirən!

Qızıl dəvə gördükdə inləşdirən!

Ağca qoyun görəndə quyruğuyla qamçı çəkən!

Arxasıyla vurub, bərk ağılın ardını sökən!

Burma-axta kök qoçları alıb-tutan!

Qanlı quyruq üzüb şap-şap udan!

Ulaşması köpəkləri təşvişə salan!

Əldə məşəl çobanları gecə vaxtı yüyürdən!

Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

Dərdli başım qurban olsun, qurdum, sənə! – dedi.

Qurd necə versin?! Qurddan da ötüb keçdi. Qaraca çobanın qara köpəyi Qazanın qarşısına gəldi. Qa­zan qara köpəklə xəbərləşdi, görək, xanım, necə xəbərləşdi:

Qaranlıq axşam olanda hav-hav hürən!

Turş ayran töküləndə şap-şap içən!

Gələn yadı, oğrunu qorxudan!

Hürməyiylə qorxudaraq hürküdən!

Yurdumun xəbərini bilirsənsə, de mənə!

Dərdli başım sağ olduqca

Yaxşılıqlar edim, köpək, sənə! – dedi.

Köpək Qazanın atının ayağına atılıb düşür, zing-zing zingildəyir. Qazan qamçı ilə köpəyi vurdu. Kö­pək çəkildi, gəldiyi yolla getdi. Qazan köpəyi qovlayıb, Qaraca çobanın yanına gəldi. Çobanı gördükdə xəbərləşdi, görək, xanım, necə xəbərləşdi:

Qaranlıq axşam olanda qayğılı çoban!

Qarla yağış yağanda od-ocaqlı çoban!

Səsimi anla, sözümü dinlə!

Evimin buradan keçdiyini gördünmü, de mənə!

Dərdli başım qurban olsun, çoban, sənə! – dedi.

Çoban dedi:

Ölmüşdünmü, itmişdinmi, a Qazan?!

Harda gəzirdin, haradaydın, a Qazan?!

Dünən yox, o biri gün evin buradan keçdi.

Qoca anan qara dəvə boynundan asılı keçdi.

Qırx incə belli qızla arvadın –

Boyu uzun Burla xatun ağlayıb burdan keçdi.

Qırx igidlə oğlun Uruz başı açıq, ayağı yalın

Kafirlərin yanınca dustaq getdi.

Tövlə-tövlə atlarını kafir minmiş.

Qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş,

Qızıl-gümüş, pul xəzinəni kafir talamışdır!..

Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünya-aləm başına qaranlıq oldu. Dedi: “Ağ­zın qurusun, çoban! Dilin çürüsün, çoban! Allah sənin alnına bəla yazsın, çoban!”. Qazan belə de­yən­də çoban dedi:

Nə danlayırsan məni, ağam Qazan?

Yoxsa heç köksündə yoxmudur iman?

Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafiri öldürdüm, cəzasına çat­dırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım, dərdli ba­şım dumanlandı, yalqız qaldım. Günahım budurmu?”. Sonra çoban dedi:

Qonur atını mənə ver!

Altmış tutamlıq nizəni mənə ver!

At alaca qalxanını, mənə ver!

Böyük, iti, polad qılıncını mənə ver!

Oxqabından səksən oxunu mənə ver!

Ağ tozluca tutacaqlı bərk yayını mənə ver!

Gedim kafirin qolundakı şahinini öldürüm.

Paltarımın qolu ilə alnımın qanını silim.

Ölərsəm, qoy sənin uğrunda mən ölüm!

Allah qoyarsa, evini mən xilas eləyim!

Çoban belə dedikdə Qazan qəhərləndi. Yola düzəlib götürüldü. Çoban da Qazanın ardından yetişdi. Qa­zan dönüb baxdı, soruşdu: “Oğul çoban, hara gedirsən?” Çoban dedi: “Ağam Qazan, sən evini-ailəni xilas etməyə gedirsən, mən də qardaşımın qanını almağa gedirəm”.

Belə dedikdə Qazan soruşdu: “Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin vardırmı?” Çoban dedi: “Bə­li, ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.

Endilər. Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşdi, dedi: “Əgər çobanla getməli olsam, Qa­lın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çobanla olmasaydı, Qazan kafirləri məğlub etməzdi deyər­lər”.

Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca sarıya-sarıya möhkəm bağladı. Atlandı getdi. Çobana dedi: “Ədə, çoban! Qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar! Yoxsa səni burda qurd-quş ye­yər”.

Qaraca çoban güc elədi, iri ağacı yeriylə-yurduyla qopardı, arxasına alıb Qazanın ardınca düşdü. Qa­zan baxıb gördü, çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu: “Ədə, çoban, bu ağac nədir?” Çoban de­di: “Ağam Çoban, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək bi­şirərəm”.

Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Bir dəfə alnından öpüb dedi: “Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram”. İkisi birlikdə yola düzəldi.

Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Dedi: “Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla xatununu gətirdək, badə paylasın!”

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girib, məsləhət ver­di, dedi: “Qazan bəyin xatunu hansınızdır?” – deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”.

Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu hansınızdır?” deyə soruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

Kafir dedi: “Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən, qıyma-qıyma çəkin, qa­ra qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün gəlin, şə­rab paylasın!”

Boyu uzun Burla xatun oğlunun yanına gəldi: – Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uru­zu həbsdən çıxarıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən çə­kin; qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xa­tu­nudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq!” “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neynəyim, ay oğul?!” – dedi.

Uruz dedi: “Ağzın qurusun, ana! Dilin çürüsün, ana!” Ana haqqı – tanrı haqqı –“ deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan-boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çır­­par­dım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Saqın, xa­­­­nım ana! Mə­nim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ sanc­sınlar! Qoy ətim­dən çəksinlər; qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir ye­yəndə, sən iki dəfə ye. Ka­firlər duymasınlar, səni tanımasınlar. Onlara şərab paylayıb, atam Qazanın namusunu sın­dır­mayasan. Sa­qın!”

Oğlan belə deyəndə gözünün yaşı gildir-gildir axdı. Boyu uzun, beli incə Burla xatun boyun-qulağını tut­du. Yıxıldı. Payız alması kimi al yanağını yırtdı-dağıtdı. Qarğı kimi qara saçını yoldu. “Oğul!”, “Oğul!” deyib, zar-zar ağladı. Uruz dedi:

Xanım ana! Qabağımı kəsib nə inləyirsən?

Niyə zarıyırsan, niyə ağlayırsan?

Bağrımı, ürəyimi nə dağlayırsan?

Keçmiş günlərimi nə andırırsan?

Ay ana! Ərəb atları olan yerdə bir qulunu tapılmazmı?

Ağca qoyunlar olan yerdə bir quzusu tapılmazmı?

Sən sağ ol, xanım ana! Atam sağ olsun!

Bir mənim kimi oğul tapılmazmı?

Belə dedikdə anası dözə bilmədi. Ana gedib, qırx incə belli qızın arasına girdi.

Kafirlər Uruzu tutub qənarə dibinə gətirdilər. Uruz dedi: Ay kafir, amandır, tanrının birliyinə şübhə yox­dur! Qoyun məni, bu ağacla danışım”. Çağırıb ağaca soylamış, görək, xanım, necə soylamışdır:

Sənə “Ağac!”, “Ağac!” deyirəmsə, öyünmə, ağac!

Məkkə ilə Mədinənin qapısı ağac

Museyi-kəlimin əsası ağac!

Böyük-böyük suların körpüsü ağac!

Nəhəng-nəhəng dənizlərin gəmisi ağac!

Əlinin Düldülünün yəhəri ağac!

Əlinin qılıncının qınıyla dəstəyi ağac!

Məni səndən asarlar, götürmə, ağac!

Götürsən, igidliyim səni tutsun, ağac!

Uruz hönkür-hönkür ağladı. Yanıq ciyərini dağladı.

Bu zaman, sultanım, Salur Qazanla Qaraca çoban çaparaq yetdi. Çobanın sapandının daşlığı üçyaşar da­na dərisindən, sapandının qolları isə üç keçi tükündən idi. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə sə, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşın düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi.

Sultanım, Qaraca çoban çatan kimi, sapandını işə saldı. Dünya-aləm kafirin gözündə qaraldı. Qazan de­di: “Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın”.

At ayağı iti, ozan dili çevik olar. Qazan kafiri çağırıb soylamış, görək, nə soylamışdır:

Ay Şöklü Məlik!

Qızıl taclı uca evlərimi götürüb gəlmisən,

sənə gölgəlik olsun!

Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən,

Sənə xərclik olsun!

Qırx incə belli qızla Burla xatunu gətirmisən,

sənə əsir olsun!

Qırx igislə oğlum Uruzu gətirib gəlmisən,

sənin qulun olsun!

Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən,

sənin miniyin olsun!

Qatar-qatar dəvələrimi gətirib gəlmisən,

sənin yükünü daşısın.

Qoca anamı gətirmisən, ay kafir,

Anamı ver mənə!

Savaşmadan-vuruşmadan qayıdım geri,

Dönüb gedim!

Kafir dedi:

Qızıl taclı evini gətirmişik, bizimdir!

Şöklü Məlik qırx incə belli qızla Burla xatunu

gətirmişdir, bizimdir!

Qarıcıq ananı gətirmişiksə, bizimdir,

Sənə vermərik; Yayxan keşiş oğluna verərik,

Yayxan keşiş oğlundan oğlu doğular,

Biz onu sənə əvəz qoyarıq!

Belə dedikdə Qaraca çobanın acığı tutdu, dodaqları əsdi. Çoban dedi:

Ehey, dinsiz, huşsuz kafir!

Ağılsız, başsız kafir!

Qarşıda yatan qarlı dağlar

Qarıyıbdır, otu bitməz.

Qan-qadalı irmaqlar

Quruyubdur, suyu gəlməz.

Şahanə-şahbaz atlar

Qarıyıbdır, qulun verməz.

Qızıl-qızıl dəvələr də

Qarıyıbdır, köşək verməz.

A kafir, qazanın anası

Qocalıbdır, oğul verməz.

Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi, xanım, görək kimlər gəldi:

Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi: “Çal qılıncını, qardaşım Qazan, yetdim!” – dedi.

Bunun ardınca, görək, kimlər yetişdi.

Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, yetdim!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

Amidlə Mərdin qalasını vurub-yıxan, Dəmir yaylı Qıpçaq Məliyə qan qusduran, gələrək Qazanın qızını mərdliklə alan, oğuzun ağ sağğallı qocaları görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq çaparaq yetişdi: : “Çal qılıncını, ağam Qazan, yetdim!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

İcazəsiz Bayındır xanın düşmənini basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetişdi: : “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

Çalma-çarpaz çalmalı, çaq qaraquş ərdəmli, qurma qurşaqlı, qulağı qızıl küpəli Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Qazlıq qoca oğlu Yeynək bəy çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

Parasarın Bayburd hasarından sıçrayıb aşan, al rəngli gəlin otağına qarşı gələn,yeddi qızın ümidi, Qa­lın Oğuzun müjdəçisi, Qazan bəyin silahdaşı, Boz ayğırlı Beyrək çaparaq yetişdi: : “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

Altmış təkə dərisindən olan kürkü topuqlarını örtməyən, altı erkək dərisindən papağı qulağını örtmə­yən, qolu-budu uzunca, baldırları incə Qazan bəyin dayısı At ağızlı Aruz Qoca çaparaq yetişdi: “Çal qılın­cı­nı, bəyim Qazan, çatdım!” – dedi.

Bunun ardınca, xanım, görək, kimlər yetişdi:

Kafirləri it ardına qoşub-alçaldan, eldən çıxıb Ayğırgözlü suyunda at üzdürən, əlli yeddi qalanın aça­rı­nı alan, Ağ Məliyin Çeşmə qızına evlənən Sufi Sandal Məliyə qan qusduran, İlək qoca oğlu Alp Ərən ça­pa­raq yetişdi: : “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.

Sayılmaqla bəylər tükənməz. Hamı yetişdi. Təmiz suda yuyundular. Ağ alınlarını yerə qoydular. İki rü­­kət namaz qıldılar. Adı əziz Məhəmmədə salavat gətrdilər. Təklifsiz kafirin üstünə at saldılar, qılınc çal­­­­dı­lar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı.

O gün cəsur ər igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer axtardı. O gün bir qiyamət savaş ol­du, meydan başla doldu; başlar top kimi kəsildi. Şahanə atlar qaçanda nlı düşdü. Böyük-uzun nizələr san­cılıb süstəldi. Böyük, iti polad qılınclar çalındı, tiyəsi korsaldı. Üç lələkli qayın oxlar atıldı, dəmir ucluğu düşdü. O gün, elə bil, qiyamətin bir günü idi. Bəy nökərlərindən, nökər bəyindən ayrıldı.

Daş Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlərlə Qaragünə oğlu Dli Budaq sol yandan hücum et­di. İç Oğuz bəyləri il Qazan mərkəzdə düşmənlərin topasına hücum etdi. Şöklü Məliyə çatdı, böyürdüb atdan yerə saldı, qəfilcə tutub başını kəsdi. Bir zərbə ilə al qanını yer üzünə tökdü. Sağ tərəfdə Qara Tü­kən Məliklə Qıyan Səlcik oğlu Dəli Dondaz qarşıladı. Sağ yanını qılınclayıb yerə saldı. Sol tərəfdə Bu­ğa­cıq Məliklə Qaragünə oğlu Dli Budaq qarşıladı. Altı pərli gürz ilə təpəsinə möhkəm zərbə vurdu. Dün­ya-aləm Buğacıq Məliyin gözündə qaraldı: atın boynunu qucaqlayıb, yerə düşdü.

Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı. On iki min kafir qılıncdan keçdi. Oğuz igidlərindən beş yüzü şəhid oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qalın Oğuz bəyləri böyük qənimət əldə etdilər.

Qazan bəy öz ordusunu, arvad-uşağını, xəzinəsini geri aldı, qızıl taxtında geri döndü. Yenə evlərini tik­dirdi. Qaraca çobanı əmir-axur etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar verdi, çuxa, arxalıq verdi...

Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı. Bu oğuznaməni qoşdu-düzdü, belə dedi:

Hanı dediyim bəy ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi, –

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya!

Xeyir-dua verək, xanım:

Qarlı uca dağların yıxılmasın!

Kölgəlik hündür ağacın kəsilməsin!

Coşğun axan gözəl suyun qurumasın!

Tanrı səni namərdə möhtac etməsin!

“Salur Qazan xanın evinin yağmalanması boyu”(ixtisarla)




Copyright Ədəbiyyat dərsliyi © 2024