Həyata keçməyən gözəl arzular
“Müsibəti-Fəxrəddin” faciəsi
Azərbaycan ədəbiyyatı tarixində ilk faciə olan “Müsibəti- Fəxrəddin” 1896 –cı ildə yazılmışdır. Əsərin mövzusu XIX əsrin 70-ci illərində nadanlıq və cəhalətə qarşı çıxan, humanizm, maarifçilik, mədəniyyət ideyalarını cəmiyyətin həyatına gətirmək istəyən ziyalıların həyatından, mübarizəsindən götürülüb. Əsərin süjeti iki mülkədar ailəsi arasnda gedən qan davası üzərində qurulsa da, dramaturq baş verənləri məişət hadisəsi çərçivəsindən çıxararaq yeniliklə köhnəliyin, mühafizəkarlıqla tərəqqinin mübarizəsi müstəvisində təqdim etmişdir. Beləliklə iki qüvvə arasında qarşıdurma ictimai mahiyyət kəsb etmiş, mübarizə mütərəqqi qüvvələrin maarifçi, humanst baxışlarının cəmiyyətin həyatında yer tutması uğrunda mübarizə kimi təqdim edilmişdir.
Hadisələrin kənd mühitində baş verməsi, qan intiqamı ilə əlaqələndirilməsini təsadüfi hesab etmək olmaz. N.Vəzirov meşəçi işlədiyi illərdə kənd həyatını diqqətlə müşahidə etmiş, qan intiqamı adətinin cəmiyyətdə bəlaya çevrildiyinin, ailə-əxlaq münasibətlərini sarsıtdığının şahidi olmuşdur.
Əsərdə Rüstəm bəy yeniliyə, tərəqqiyə qarşı çıxan nadan bəyləri təmsil edir. Fəxrəddin bəyin, Əhmədin ölümünə, Cahangir bəy və Vəlinin həbs olunmasına, Səadət xanımın nakam qalmasının günahkarı Rüstəm bəydir. O, öz əməllərinin insanlara gətirdiyi faciələrin fərqinə varmır, özünü “Rüstəmi-zəmanə” hesab edərək neçə-neçə insanın yurdunun dağılmasına, ölümünə səbəb olmasından qürur hissi duyur:” İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yеrdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı hеç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin еvini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim
xanın yurdun xaraba qoydum, tar-mar еlədim, еvinə od vurdum, külün havaya sovurdum... Indi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Hеç vaxt.”
Göründüyü kimi, özünü məşhur qəhrəman Rüstəm-Zalla müqayisə edən Rüstəm bəy güclü xarakterə malikdir. O, təmsil etdiyi mühafizəkar qüvvələrin məğlubedilməzliyinə və cəzasızlığına inanır, öz əməllərinin nəticəsi barədə düşünmür. Aetıq yeni bir zamanın gəldiyi, vaxtı keçmiş qanunların, vəhşi adət-ənənələrin dəyişdirilməsinin zəruriliyi barədə düşünməyən Rüstəm bəyin düşmənçilik etdiyi ailədən məhz yenilikçi qüvvələri təmsil edən Fəxrəddin bəyin öldürülməsini qarşıya qoyması təsadüfi deyildir. O, belə bir həqiqəti anlamaq istəmir ki, artıq zaman, dövran dəyişir, inkişaf qol gücündə, qanlı münaqişələrdə, silahda deyil, bilik, təhsil, mədəniyyətd, yeniləşmədədir.
Rüstəm bəyin öz monoloqunda dediyi sözlər onun qan davası, ədavətindən başqa, maarifçi bir gəncin, ziyalının öz əməlləri ilə xalqın rəhbətini qazanması, ad-san sahibi olması qorxusudur:”Görək Fəxrəddin atası Hеydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... Indi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yеrdə qalsın? O mən dеyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o еvi xaraba qoyam!.. “
Rüstəm bəy faciədə birtərəfli, yalnız mənfi xüsusiyyətlərin daşıyıcısı olan mülkədar kimi təsvir edilmir. O, qızı Səadəti oxtdurmuşdur, nökərlərinə insani münasibət bəsləyir, doğma balalrından fərqləndirmir. Oğlu Rəşidin ölümü onun ata qəlbinə dağ çəkmişdir və bununla heç cür barışa bilmir. Lakin ömür boyu formalaşmış məhdud dünyagörüşü onun qanlı əməllərdən əl çəkməsinə, “namus davası” hesab etdiyi hadisələri fərqli nəzərlərlə qiymətləndirməsinə, faciəli ədavətə son qoymasına imkan vermir. Əsərin sonunda oğlu Mahmudun ölümündən sarsılan ata qəlbi dözmür, faciənin ağırlığı onu sarsıdır:” Ay gədə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın!.. Başınıza dönüm... Mahmud…Mahmud!.. Еv-еşiyimə bu saat od vuracağam, Mahmud! Səndən sonar mənə hеç zad lazım dеyil, Mahmud!.. Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! (Gеdə-gеdə.) Uy, Mahmud, uy Mahmud, bеlimi sındıran oğul!”
Rüstəm bəyin faciəsi köhnə dünyanı, onun vaxtı keçmiş qayda-qanunlarını yaşatmaq istəməsində, müasir biliklərin, qabaqcıl ideyaların cəmiyyətdə təbiqinin həyati zərurət olduğunu başa düşməməsindədir.
Fəxrəddin XIX əsrin sonlarındakı Azərbaycanın maarifçi ziyalılarının ən yaxşı keyfiyyətərini özündə cəmləşdirmişdir. Maarif, tərəqqi işığını elinə-obasına gətirmək, təhsil almaq, müasir ideyalara yiyələnmək arzusu onu arzusu onun Avropada, Almaniyada təhsil almağa getməyə sövq etmişdir. O dərk edir ki, böyüybbya-başa çatdığı mühiti dəyişmək asan olmayacaqdır. Bunun üçün qəti mübarizəyə hazır olmaq, bir ziyalı kimi kamilləşmək lazımdır. Səməd Vurğun bu cəhəti nəzərdə tutaraq yazırdı ki, Fəxrəddin obrazı mənim hafizəmdə böyük insani nəcibliyin, humanizm və məhəbbətin nurlu obrazı kimi qalmışdır.
Fəxrəddin maarifsizliyə, nadanlığa, elmsiz cəmiyyətə qarşı çıxır. Öz hədəfinin Rüsrəm bəy deyil, məhz geridə qalmış, köhnəlmiş əxlaq və davranış normaları ilə yaşayan cəmiyyət olduğunu bildirən Fəxrəddin deyir: “Rüstəm bəydə günah yoxdur, elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər.” Kənddə azarxana, məktəb açmaq, sevdiyi Səadət xanımla əl-ələ verib yeni həyat qurmaq onun başlıca amalına çevrilib: “Allah qoysa, bir üç-dörd ilin ərzində bağ da hazır olar və onun mədaxili məktəbxanay və azarxanaya kifayət eylər; məndən rtıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində gecə-gündüz əlləşməkdə. Cənab Fəxrəddin bəy də özü həm bağban, həmi dirrikçi, həm məktəbxanada müəllim. Pis ömür deyil, hərgah qəza bivəfalıq etməsə...Görək, Allaha pənah.” Fəxrəddin bəyin düşmənçiliyi aradan qaldırmaq üçün Rüstəm bəylə görüşmək istəyi də öz soydalarının , din qardaşlarının yanlış yoldan çəkindirmək niyyətinidən irəli gəlir.
Böyük arzuları həyatın sərt müqaviməti ilə qarşılaşanda o etiraf edir ki, bir gül ilə bahar olmaz. Hadisələrin gərgin anında əlinə tüfəng almağa məcbur olan Fəxrəddinin dediyi sözlər onun faciəvi durumunu dəqiq ifadə edir: “Xaraba qalasan vilayət, mən Fəxrəddin, tüfəng?!” Bu gənc qəhrəman uğrunda mübarizə apardığı yeniliyin, tərəqqinin qələbəsinə böyük inam bəsləsə də, avamlığın, mədəniyyətsizliyin baş alıb getdiyi cəmiyyətə, onun qara qüvvələrinə qalib gəlmək iqtidarında deyildir. Səadət xanım dramaturgiyamızda ilk maaarifçi qadın surətidir. Səadət xanımı Fəxrəddinlə birləşdirən ideal vətəni abad, həmvətənlərini xoşbəxt görmək arzusudur. Hər iki gənc maarifçi ziyalı öz şəxsi səadətini xalqının tərəqqisində, insanlara xidmətdə görür. Onların bir-birinə münasibəti yaranmaqda olan demokratik, vətənpərvər, maarifpərvər gəncliyin yeni ailəyə münasibətini təcəssüm etdirir.
Böyük əməllər və arzularla yaşayan Fəxrəddin cismən məğlub olsa da, Səadətin əsərin sonunda dediyi sözlər onun yolunun davam edəcəyinə, işıqlı ideallarının qalib gələcəyinə inam yaradır:”Mən səni bu mərtəbədə istəməsəydim, Fəxrəddin, bir dəqiqə də bu dünyada sağ qalmazdım!.. ölsəm, əziyyətdən xilas ollam, Fəxrəddin , onu istəmirəm...Nə qədər canım sağdır, sənə taziyədar qalacağam, azarxanada, məktəbxanada mücavirlik edəcəyəm... Heyif sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrivi-qiymətivi bilmədilər.”
“Müsibəti-Fəxrədddin” bədii sənətkarlıq xüsusiyyətləri ilə ədibin digər əsərlərindən seçilir. Əsərin dilinin kamilliyi, səlisliyi, dramatirji tələblərin gözlənilməsi onun bədii təsirini qat-qat artırır. Dramaturq monoloq və dialoqların düşünürücü, dərin mənalı olmasına, yığcamlığına xüsusi diqqət yetirmişdir. Surətlərin nitqi, işlətdiyi hər söz, ifadə onların xarakterinə uyğun gəlir. Əsərdə işlənilmiş atalar sözü, məsəllər, obrazlı ifadələr pyesin dilini canlı xalq dilinə yaxınlaşdşrmış, onun emosional təsir gücünü artırmışdır.