MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Seyid Əzim Şirvani. Ənənənin davamçısı, yeniliyin yaradıcısı.
Bölmələr

******

24.12.2024, 05:47

ƏNƏNƏNİN DAVAMÇISI, YENİLİYİN YARADICIISI..

SEYİD ƏZİM ŞİRVANİ

Həyatı haqqında

          

Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani Şamaxı şəhərində anadan olmuşdur. Yeddi yaşında ikən atasını itirən Seyid Əzim anası ilə birlikdə Dağıstanın Yaqsay kəndində ana babası Molla Hüseynin himayəsində yaşamışdır. Molla Hüseyn on bir il onun təlim və tərbiyəsi ilə məşğul olmuşdur. Seyid Əzim burada ibtidai təhsil almış, fars,  ərəb dillərini öyrənmişdir.

1853-cü ildə anası ilə Şamaxıya qayıdan Seyid Əzim təhsil almaq üçün Şərq ölkələrinə getmiş, Bağdad, Şam, Məkkə, Mədinə, Misir, Suriyanı səyahət etmişdir. Şamaxıya qayıtdıqdan sonra ruhani olmaq fikrindən daşınmış, yeni üsulla mək­təb açaraq müəllimlik etmişdir. Bu məktəbdə o, gələcəyin böyük sənətkarları M.Ə.Sabir, S.M.Qənizadəyə dərs demiş, onların sənətkar kimi formalaşmasında böyük rol oynamışdır. O, böyük demokrat, milli mətbuatımızın banisi H.Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirməsini böyük sevinclə qarşılamış, qəzetdə öz əsərlərini çap etdirərək maarif və mədəniyyətin yaylmasına çalışmışdır.

1877-ci ildən ömrünün sonunadək Seyid Əzim Şamaxı mək­təbində Azərbaycan dili və şəriət müəllimi işləmişdir. Bu dərslər­də o, dilimizin, ədəbiyyatımızın öyrədilməsinə böyük əmək sərf etmiş, yeri gəldikcə öz şeirlərini oxumuş,  şagirdləri Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların əsərləri ilə tanış etmişdir. 1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayır. XIX əsr ədəbiyyatımızın tədqiqatçısı X.Məmmədov yazır ki, Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatı tarixində ilk sənətkardır ki, əsrin meydana çıxardığı ehtiyacı –uşaq ədəbiyyatı yaratmaq ideyasının zəruriliyini şüurlu surətdə dərk etmiş, əski yaradıcılıq yolunda kəskin dönüş yaradaraq, ömrünün on dörd yetkin ilini milli məktəblərdə dərs və oxu kitabları yaratmaq işinə həsr etmişdir. Sələflərdən fərqli olaraq S.Ə.Şirvani uşaq ədəbiyyatının spesifikası məsələlərinə dərindən bələd olmuş, onları əməli yaradıcılıq fəaliyyətinə tətbiq etməklə orijinal uşaq əsərləri yarada bilmişdir. Məhz bu keyfiyyətlərə görə, S.Ə.Şirvani milli uşaq ədəbiyyatımızın banisi olmaq hüququnu qazanmışdır.  (12,s.21)

Mütərəqqi baxışlarına görə şair hakim dairələr tərəfindən siyasi cəhətdən şübhəli sayılmış, vəzifəsindən azad edilmişdir. S.Ə.Şirvani Tiflisə şikayətə gedib, haqsız qərarın ləğvinə nail olmuş, öz vəzifəsinə bərpa olunmuşdur. Tiflisə səfər zamanı Gəncə yaxınlığında Nizaminin qəbrini ziyarət edən şair məzarın uçuq olduğunu görəndə kədərlə demişdir:

 

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü – ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan?

 

Ustad şair kimi tanınan Seyid Əzim Şamaxıda təşkil olunmuş “Beytüs-Səfa” ədəbi məclisinə başçılıq etmişdir. Nadan insanların, fanatiklərin təqiblərindən usanan şair keçirdiyi ağrılı-acılı hisləri aşağıdakı misralarda əks etdirmişdir:

Eylədim ta ki, hər büsata güzər,

Məni gördükdə xalq söylədilər:

Budur gəldi səfanətin kani,

Hacı Seyyid Əzim Şirvani.

 

O, 1888-cü ildə vəfat etmiş, Şamaxıda Şahxəndan qəbiristanında dəfn edilmişdir. Öz adının qədirbilən oxucuların qəlbində yaşayacağına əmin olan şair yazırdı:

Mövti-cismani ilə sanma mənim ölməyimi

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

                           

                                     Yaradıcılığı  haqqında

Lirik şeirləri.  S.Ə.Şirvani lirik şeirin, qəzəlin böyük ustadıdır. Qəzəllərinin başlıca mövzusu saf, insanı ucaldan, kamlləşdirən məhəbbətdir. Məhəbbət mövzusunda qəzəllərin qəhrəmanları ülvi hiss və duyğularla yaşayan, zahiri və daxili gözəlliyi bir-birini tamamlayan aşiq və məşuqdur. Aşiq öz sevgilisinin vüsalına qovuşmaq üçün fədakarlıq göstərir, məhəbbətin cəfasına dözümlüdür, arzusuna çatacağına ümidini üzmür, gələcəyə nikbin nəzərlərlə baxır. Məşuq da mənəvi keyfiyyətləri, əhdə vəfalı olması ilə diqqəti cəlb edən gözəldir. Aşiqi heyran edən onun zahiri gözəlliyi ilə yanaşı, mənəvi keyfiyyətləridir. Sevgilisinin verdiyi əzablar daim dərd içində olan aşiqdə təzadlı hislər oyadır,  həm canını alır, həm də ona həyat bəxş edir.

Gözəllik vurğunu olan şair təsvir etdiyi gözələ təbiətin yaratdığı incə xilqət kimi yanaşır, qadına xas olan ən yaxşı cəhətləri özündə cəmləşdirməsinə  heyranlığını bildirir:

 

Sən hurimisən, yoxsa pəri, ya ki mələksən,

Yox, səhv elədim kim, bular olmaz bəşər.

 

Məhəbbət mövzusunda yazılmış “Olmasaydı qəmi-eşqin dili viranımda”  qəzəlinin qəhrəmanı  da dərdli aşiqdir. Onun üçün məşuqənin verdiyi əzab, qəm də əzizdir. Sevgilisini, eşqini bir an da olsa,  unutmamağa qoymayan qəmi qəlbində izzətlə gəzdirir:

Olmasaydı qəmi-eşqin dili –viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

 

Gənc aşiq qısqancdır, sevgilisinin soyuq rəftarı, cövrü cəfası onu dərd çəkməyə, şikayətlənməyə sövq edir:

 

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,

Bu nə rəftardır ol sərvi-xuramanımda.

 

 Şair qəzəllərində mənalı təzadlardan istifadə aşiqin keçirdiyi hislər barədə dolğun təsəvvür yaratmağa imkan verir:

 

Xalın qəradı, zülf qəra, gözlərin qəra,

Bir ağ gün görərmi olan mübtəla sana?

 

Lirik qəhrəmanı belinin hicrandan bükülmısini, könül evinin bərbad olmasını , ağlamaqdan gözlərinin zəifləməsini zəmanınin əzab-əziyyətləri ilə bağlayır:

           

Zəmanə qoymadı məni bir dəm nifarım ilə

Ki, xoş keçə günüm ol sərvi-gülzarım ilə.

 

Şairin nəcib, saf, insanı kamilləşdirən ali bir hiss olan məhəbbəti tərənnüm edən qəzəllərlə yanaşı, tərkidünyalığa, mənəvi əsarətə , köləliyə qarşı çıxan, oxucunu həyatdan faydalanmağa səsləyən qəzəlləri də vardır.

S.Ə.Şirvaninin əsərlərində Vətənə məhəbbət, doğma yurda, soykökünə bağlılıq hissi mühüm yer tutur. Şair doğulduğu torpaqdan – Azərbaycanın dilbər guşələrindən olan Şamaxıdan qürurla söz açır, onun gözəlliyini digər şəhərlərlə müqayisə edir, qədim mədəniyyət mərkəzi olduğunu, görkəmli şəxsiyyətlər yetişdirdiyini  fərəhlə qeyd edir:

 

...Hansı Şirvan, O gülsitani-qədim –

Konda Şirvanşəhilər oldu müqim.

Nə Şəmaxi ki, onda İzzəddin

Nəzmdən zahir etdi sehri-mübin.

Məsqətür-rəsi-paki-Xaqani,

Hünərin Zülfüqari-bürrani.

 

Əxlaqi-didaktik əsərləri. 1875-ci ildə H.Zərdabinin redaktorluğu ilə “Əkinçi”qəzetinin nəşr ə başlaması S.Ə.Şirvaninin maarifçi şeirlər yazmağa sövq etmişdir, O, özünün maaarifçilik ideyalarını yaymaq, xalqı ayıltmaq, maarifə, təhsilə dəvət etmək üçün qəzetin yaratdığı imkanlardan bəhrələnmiş, ictimai bəlaları, eyibləri tənqid etmişdir.

“Qafqaz müsəlmanlarına xitab” şeirində maarifçi şair xalqımızın tərəqqisi yolundakı maneələri, geriliyin səbəblərini, yaranmış vəziyyətdən çıxış yollarını açıb göstərmişdir:

...Dadü-fəryad, ey güruhi-izam,

Oldu zaye bu milləti-islam.

 

Günü-gündən zəlilü-xar oluruq.

Möhnətü qüssəyə düçar oluruq.

 

Bu qədər dərd kim olur hadis,

Ona bielmlik olur bais.

 

Şairin uşaq əsərləri içərisində oğlu Cəfərə xitabən yazılmış öyüd və nəsihətləri xüsusi qeyd edilməlidir. Bu öyüdlər övladının gələcəyini düşünən, ona doğru yol göstərən atanın dilindən verilir. Öyüdlərində şair oxucunu sənət, peşə qazanmağa, elm, bilik əldə etməyə səsləyir. Onun fikrincə, sənəti olmayan insan gec-tez ya­n­malı olan quru oduna bənzəyir:

 

Ey oğul, bil ki, adəmi-bikar

Xüşk olan bir odundu layiqi-nar.

Bunu bizdən deyibdilər əqdəm,

Sənəti olmayan deyil adəm.

Puç olub getsə dövlətin zayə,

Genə sənətdir əldə sərmayə.

…Elmdir əhli-sənətin hünəri,

Elmsiz sənətin nədir səməri?

 

Seyid Əzimin öyüd və nəsihətlərində elmi biliklərə yiyələn­məyin faydası, alimə və müəllimə hörmət, məzlumlara qayğı, qa­dına ehtiram, mənəvi təmizlik kimi keyfiyyətlər təbliğ, sadəlövhlük, cahillik, tüfeylilik, hiyləgərlik tənqid olunur.

Şair savadsızlığı insan üçün faciə hesab edir, dil öyrənməyi, xüsusən yaşadığı dövrün tələbinə uyğun olaraq rus dilini öyrən­məyi zəruri sayırdı:

 

Cəhd qıl neməti-təmamə yetiş,

Elm təhsil qıl, məqamə yetiş.

Ey oğul, hər lisanə ol rağib,

Xassə ol, rus elminə talib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur.

 

Böhtandan, yaman işlərdən uzaq olmaq,düzlük, doğruçuluq şai­rin oğluna  nəsihətlərində dönə-dönə təkrarlanır, insanın məziy­yəti kimi ön plana çəkilir:

 

Ey oğul, xəlqə söyləmə böhtan,

Yaxşıya yaxşı ol, yamana yaman.

Əsldə yaxşı olsa bir dana,

Sən “yamandır”- demək deyil ziba.

Tutalım, sən gülü dedin “bədbu”,

Xəlq söylər ki, əqlsizdir bu.

 

«Müəllimə hörmət» şeiri şairin mütərəqqi baxışlarını, maarif­çi görüşlərini parlaq şəkildə ifadə edən sənət əsəridir. Ədib şagirdi öz müəlliminə naxələf çıxmamağa, onun zəhmətini yerə vurma­mağa səsləyir. Bu fikri oxucuya aşılamaq üçün cəhaləti zülmətə, cəhən­nə­mə, elmi nura, cənnətə bənzədir:

 

Üləma haqqını riayət qıl.

Əhli-elmə həmişə hörmət qıl.

Demə bu kafər ol, müsəlmandır,

Hər kimin elmi var, o, insandır.

…Sənə hər kimsə elm edər təlim,

Ona vacibdir eyləmək təzim.

 

Şairin «Xoruz və Çaqqal», «Qaz və Durna», «Ayı və Siçan», «As­lan və iki öküz», «Siçan və balası», «İtlə Pişiyin söhbəti»,  «Də­və ilə eşşəyin yol getməsi», «Aslan və Qarışqa», «Dəvə və ba­lası», «Eşşək və arılar», «Siçan və Pişik» təmsilləri «Rəbiül- ətfal» dərsliyinə daxil edilmişdir. Həmin təmsillərdə birlik, dost­luq, peşəyə, sənətə dərindən yiyələnmək, əməyə məhəbbət, xeyir­xahlıq  ideyaları təblig edilir, avamlıq, lovğalıq, bədxahlıq tən­qid atə­şinə tutulur. Bu təmsillər gənc nəslin əxlaqını saf­laşdırmaq, oxucunu  həyatda düz yola dəvət etmək niyyəti ilə ya­zıl­mışdır.

S.Ə.Şirvani şifahi xalq ədəbiyyatının nağıl, rəvayət, lətifə janr­larından  istifadə yolu ilə, eləcə də Nizami Gəncəvinin «Sirlər xəzinəsi», «İqbalnamə», Sədinin «Gülüstan» və «Bustan» əsər­lərindən, Cəlaləddin Ruminin «Məsnəvi»sindən («Musa və çobanın hekayəti») iqtibas yolu ilə yüzdən çox mənzum hekayə yazmışdır.

“Bağdad xəlifəsi və Bəhlul” hekayəsinin mövzusu şifahi xalq ədəbiyyatından, Bəhlul Danəndə haqqında lətifədən götürülmüşdür. Əsərdə Harunun dərya kənarına ova çıxarkən qarşılaşdığı bir hadisə təsvir edilir. Harun və yanındakılar dənizdən bir əl çıxdığını, beş barmağını göstərdiyini görəndə heyrətə düşürlər. Nə qədər top-tüfəng atırlarsa, barmaqlar yox olmur. Heç kəs bu sirdən baş açmır. Məcbur olub Bəhlul Danəndəni çağırırlar. Qarğı atına minib gələn Bəhlul  məsələni biləndə  iki barmağını açıb dəryaya tərəf tutur. Bu zaman dəryadakı əl yox olur. Hamı bu işə mat qalır. Harun  Bəhlul­dan nə baş verdiyini, bu hadisənin mənasını soruşur.

 

                        Dedi Bəhlul, ey şəhi-dövran!

                        Bu ki, beş barmaq olmuş idi əyan,

                        O işarə edirdi, ey sərvər,

                        Nə qədər ki, çətin ola işlər,

                        Beş könül cəm olsa asandır,

                        Cəmlikdən ədu pərişandır.

                        İki barmağımı mən etdim əyan,

                        Eylədim mən ona bu rəmzi bəyan.

                        Yəni ki, bu cahanda iki könül,

                        Cəm ola xeyli əmrdir müşkül.

                        Bildi mənanı batdı dəryaya,

                        Seyyida, afərin bu inşayə.

 

Ədib əsərdə öz dövrü üçün çox əhəmiyyətli olan birlik ideyasını irəli sürür, gücün birlikdə olduğunu bildirir. Əsərin ideyası məşhur atalar sözü ilə səsləşir:”El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar.” Xalq müdrikliyini təmsil edən Bəhlulun nəinki beş könülün, iki könülün də bir olmasının müşkül olduğunu söyləməsi şairin yaşadığı dövrün həyat həqiqəti idi. Bu sözlərlə ədib oxucunu ayıldır, xalqın birliyinin rəmzi olan beş barmağı top-tüfənglə məhv etməyin mümkün olmadığını söyləyir.

“Səlimin hekayəsi”ndə kasıb kəndlinin təsadüfən əlinə keçən pul ilə imtahana çəkilməsindən  bəhs edilir. Yoxsul kəndli qonşu­sun­dan tənbəki istəyir. Qonşu ona bir ovuc tənbəki verir. Kəndli ev­də tənbəkinin içindən bir manat tapır. Pulun səhvən verildiyini bilən kəndli səhəri gün onu sahibinə qaytarmaq qərarına gəlir. Pulu qon­şuya verən kəndli əvvəlcə tərəddüd etdiyindən, qəlbində xeyirlə şərin mübarizəsinin getdiyindən söz açır. Əlini köksünə qoyan yox­sul kəndli deyir:

 

Dedi: Bu evdə vardır iki nəfər,

Birisi xeyir sahibi, birisi şər.              

Sahibi-xeyr etdi hökmi-qəvm,

Ki pulu sahibinə qıl təslim.

Sahibi-şərr söylədi, ey yar,

Etmə təslim əhlinə zinhar.

...Aparıb ver şəraba nuş elə, 

Məst olub, kef çəkib, xuruş eylə.

Sübhədək qıldılar bu növ kəlam,

Qoymadılar məni tutam aram.

 

Səxavətli qonşu yoxsul kəndlinin düzlüyünü görüb pulu ona bağışlayır.

S.Ə.Şirvaninin “Tacül-kütub” dərsliyinə məktəblilərə milli və ümumbəşəri mə­nəvi dəyərlər, əxlaqi keyfiyyətlər aşılayan, didaktik səciyyəli 50 mənsur hekayə daxil edilmişdir. Ədibin hekayələrində ibrətamiz hə­yat hadisələri, tarixi-əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı epi­zod­lar əsas yer tutur.“Nuşirəvan və onun vəziri Büzürgmehr, Sultan Mahmud Qəz­nəvi, İskəndər Zülqərneyn, Harun-ər-Rəşid, Hatəm Tai, Ərəstun, Əflatun, Məmun və b. onun hekayələrinin mühüm bir qisminin qəhrəmanlarıdır.

Şübhəsiz, şair tarixi şəxsiyyətlərin və əfsanəvi qəh­rəmanların həyatına müraciət etməklə heç də onları idealizə etmək məqsədi izləmirdi. O, adları çəkilən şəxsiyyətlərin həyatından elə epizodlar seçib təsvir edirdi ki, onlardan bu gün üçün əxlaq və ibrət dərsi hasil olsun. Seyid Əzim onların dili ilə ölkənin abadlığına qayğı (“Nuşirəvan və şikar”, “Nuşirəvan və iki bayquş”), məz­lumlara mərhəmət (“İskəndər və vəzir”, “Çin padşahının İskən­dərdən sualı”, “Nuşirəvan əsrində...”), alicənablıq (“Harun-ər-Rəşid və bağban”, “Bir padşahi-dərvişdüst...”) təbliğ edir. “Tacül-kü­tub”dəki hekayələrdə cəsarət, diribaşlıq, dostluqda sədaqət, etibar ən yaxşı insani keyfiyyətlər kimi təqdir və tərənnüm olunur. Bu baxımdan “Sail və həkim”, “Korun hekayəsi”, “Padşah və şair” və b. maraqlıdır.

 

      Satiraları.  Ədəbiyyat tariximizdə Seyid Əzim qüdrətli satirik kimi də məşhurdur. O. satiralarında xalqı istismar edən mülkədar və bəyləri, rüşvətxorçar məmurlarını, ikiüzlü  ruhaniləri cəsarətlə ifşa etmişdir. “Alimləri məzəmmət edən cahillərə”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim” , “Münəccimlər yalançıdırlar”  və s. satiralarında tənqid hədəfləri xalqı “qurd kimi soyan” xan, bəy, çar məmuru, rəis, qazi, məhkəmə üzvləri, yalançı ruhanilərdir. “Şirvanın təzə bəyləri haqqında” satirasında  çar məmurlarının cəmiyyətdə baş alıb gedən rüşvətxorluğu,  polis məmurlarının özbaşınalığı, şikayətçiləri soyan, harınlamış vəkillərin acgözlüyü tənqid edilir.

 

Advoqatlar demə, bu xəlq ilə manəndi-yağı,

Başı Fondilki, Haput orta, Ağacan ayağı,

Soydular ərzəçinin qalmadı cismində yağı,

Yazıq Abdulla bəyin həm uduzuldu boyağı,

Həm özün soydu lotu, gör necə üryan elədi...

     

Şair satirada xalqı qurd kimi soyan, günahsız insanları qaçaq  salan , dustaq edən pristavı, kazakı, onların köməkçilərini kəskin tənqid atəşinə tutur, çar hakim dairələrinin iç üzünü açır.

 

Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,

Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq,

Məsləhətçin eləyiblər neçə əşxası qaçaq,

Neçə kəs var ki, nahəqdən olubdur dustaq,

Kimi öldürdü görək, hansı sinib qan elədi?

 

Klassik şeirin qayda-qanunlarını dərindən bilən S.Ə. Şirvani nəzm əsərlərini  əruz vəznində yazmışdır. Satirik əsərlərində  xalq danışıq dilindən bəhrələnmiş, “qurunun oduna yaş da yanar”, “bir əldən əsda çıxmaz” kimi atalar sözlərindən istifadə etmişdir.




Copyright Ədəbiyyat dərsliyi © 2024