AŞIQ ƏLƏSGƏR
SƏNƏTİN KAMİLLİYİ
Həyatı haqqında
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı, təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrları ndan ibarət bədii irsi ilə şifahi söz sənətimizi zənginləşdirmiş, yüksək zirvəyə qaldırmışdır.
Aşıq Ələsgər 1821-ci ildə qədim zamanlardan aşıq sənətinun, sazın və onun müşayiəti ilə yaradılan sözün məskəni olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əkinçilik, dülgərlik edən atası Alməmməd kişi bədahətən qoşma, gəraylı, bayatı demək bacarığına malik olmuş, hörmətli şəxs kimi el-oba içində sayılıb-seçilmişdir.
Aşıq Ələsgər təhsil almasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır. Uşaq yaşlarından saza, sözə məhəbbət bəsləmiş, el məclislərində aşıqlardan eşitdiklərini güclü yaddaşına həkk etmiş, onları istənilən anda söyləmək bacarığı ilə hamını heyrətləndirmişdir.
Uşaqları böyüdükcə böyük ailənin ehtiyaclarını ödəməkdə çətinlik çəkən Alməmməd kişi Ələsgəri Kərbəlayi Qurban adlı varlıya nökər vermişdir. Onun Səhnəbanı adlı qızı ilə Ələsgər arasında ilk sevgi hisləri yaranmışdır. Lakin yeniyetmə Ələsgərin ilk məhəbbəti uğursuz olmuşdur. Kərbəlayi Qurbanın varlı qardaşı Məhərrəm gənclərin məhəbbətindən xəbər tutub Ələsgəri qovdurmuş, Səhnəbanını isə öz oğluna almışdır. Ələsgərə ağır təsir etdən bu hadisə , nakam məhəbbətin doğurduğu kədərli hiss və duyğuları, düşüncələrini sazla, sözlə deməyə sövq etmişdir:
Müddətdi gözümdən olubdu iraq,
Əridib ürəyimi dərdü qəm, fəraq.
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Ala gözlü Səhnəbanım gedibdir.
Atası Ələsgəri aşıq sənətinin sirlərini, ədəb və mərifət qaydalarını öyrənmək üçün qızılvənğli ustad sənətkar Aşıq Alının yanında şəyirdliyə qoymuşdur. Şəyirdlik dövrü başa çatdıqdan sonra Aşıq Alı toy məclisində Ələsgərlə deyişmiş, şəyirdini sənətkar kimi tanıtmaq , ucaltmaq üçün qəsdən məğlub olmuş, sazını ona bağışlamaq istəmişdir. Lakin Ələsgər öz ustadına ehtiramını bildirmiş, bu mükafatdan imtina edərək bədahətən məşhur “Ağ damar, damar” təcnisini demişdir:
Bir şəyird ki usтadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Öz ustadının xeyir-duası ilə Ələсgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, az müddət içərisində el-obada sənətkar kimi tanındıqdan sonra isə həm də İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə,, Kəlbəcərə el şənliklərinə dəvət edilmiş, şöhrəti hər tərəfə yayılmışdır. Aşıq Ələsgər ustad sənətkar kimi tanındıqdan sonra özü də aşıq sənətini öyrənmək istəyən istedadlı gəncləri şəyirdliyə qəbul etmiş, xeyli sayda aşıq yetişdirmişdir:
Adım Ələsgərdir, mərdü-mərdana,
On iki şəyirdim işlər hər yana.
Aşıq Ələsgər ustad sənətkar olmaqla yanaşı, el-oba içərisində ədəb-ərkanı, mərifəti ilə də sayılıb-seçilən bir şəxsiyyət olmuşdur. O, xalq arasında, el məclislərində öz davranışı,əxlaqı ilə nümunə olduğunu iftixar hissi ilə qeyd etmişdir:
Yaxşı hörmətinən, təmiz adınan
Mən dolandım bu Qafqazın elini,
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.
O, üzünü gənc aşıqlara tutaraq onları bu sənətin məsuliyyətini dərk etməyə, xalq içində öz davranışına fikir verməyə, ədəb-ərkan qaydalaraına riayət etməyin zəruriliyini qeyd edir:
Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
İlk məhəbbətini unuda bilməyən Ələsgər uzun illər subay qalmış, 40 yaşında Kəlbəcərin Yanşaq kəndindən olan Anaxanım adlı qızla ailə qurmuşdur. El-obanın böyük ehtiram bəslədiyi aşıq ömür boyu zəhmətə bağlı olmuş, əkin-biçinlə, dülgərliklə məşğul olmuşdur. Ömrünün son illərində ailəsində və vətənində baş verən faciəli hadisələr aşığı sarsıtmış, səhhətini pozmuşdur. 1918-ci ildə erməni daşnakların Azərbaycan türkləri yaşayan kəndlərə hücum çəkmiş, evləri talan olunmuş, yandırılmış, günahsız insanları qətlə yetirmişdir. Dərdinin üstünə dərd gələn aşıq Göyçə mahalının əhalisi ilə doğma yurd yerlərini tərk etməyə məcbur olmuş, Kəlbəcərin Qanlıkənd kəndinə köçmüşdür. O, yalnız üç il sonra ailəsi ilə doğma Ağkilsə kəndinə qayıda bilmişdir. El kədərini aşıq özünün “Gözlə, gözlə sən”, “Bu yerdə tapılmaz”, “Dolansın” şeirlərində ifadə etmişdir. 1924-cü ildə dövlət tərəfindən İrəvana dəvət olunsa da, aşıq bu təklifdən imtina etmişdir.
Aşıq Ələсgər 1926- cı ildə Ağkilсə kəndində vəfat etmişdir.
Yaradıcılığı haqqında
Sazın, sözün böyük ustadı Aşıq Ələsgərin yaradıcılığı zəngin və çoxcəhətlidir. Aşığın bədahətən şeir dediyi əsas məkanlar elin toy, şənlik məclisləri, çeşmə başı, yaylaqlardır.
Məhəbbət mövzusunda yazılmış “Dönübdü”, “Gedibdi”, “Öldürür” qoşmalarının əsas motivini lirik qəhrəmanın sevgilisinin gözəlliyinə heyranlıqla, saf, təmiz sevgi hisləri ilə yanaşı, ayrılığın doğurduğu duyğulardan, düşüncələr təşkil edir:
A bimürvət, axı səndən ötəri
Ah çəkməkdən bağrım qana dönübdü.
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdü.
Məhəbbət mövzusunda şeirlərin bir qismi aşığın Səhnabunuya nakam sevgisinə həsr olunub. Bu şeirlərdə ilk məhəbbətin uğursuzluğunun lirik qəhrəmanda doğurduğu kədər, ah, nalə, göz yaşı təbii və təsirli dillə əks olunur:
Dağların höysündə qar nişanası,
Gül üsrə görünür xar nişanası,
Ölürəm qəlbimdə yar nişanası,
Gözüm yolda, intizara yetmədi.
“Düşdü” qoşması süjetli lirika nümunəsidir. Əsərdə lirik qəhrəmanın çeşmə başında bir gözələ aşiq olması, qızın artıq başqasına nişanlandığını biləndə keçirdiyi hislər öz əksini tapıb:
Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.
Aşıq Ələsgərin el gözəllərinin tərifinə həsr olunmuş “Xoş gəldin”, “Getmə amandı”, “Sarıkynək”, “Bəyistan” şeirlərində Azərbaycan gözəlinin mənəvi-əxlaqi keyfiyətləri tərənüm edilir, bədii portreti çəkilir, Aşıq toy və şənlik məclislərində qarşılaşdığı el gözəlinə səmimi münasibətini , heyranlığını ifadə edir:
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan!
Gəl, еlə süzdürmə ala gözləri,
Vurma ürəyimə yara, Bəyistan!
Təbiətə həsr olunmuş şeirlərində yurdumuzun zəngin təbiətinə vurğunluğu, onun sərvətlərinə qayğıkeş münasibəti qabarıq şəkildə əks etdirilib. “Gördüm” şeirinin lirik qəhrəmanı təbiət aşiqidir. Zalım ovçunun yaraladığı maralın iniltisi, balasını axtaran gözləri onun qəlbində ağrılı-acılı hislər oyadır:
Gedirdim güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatır, inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana,
Yıxılıb çevrilir o yan bu yana,
Kəsilibdi səbri, qəralı gördüm.
Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.
Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər – ustadnamələr mühüm yer tutur. Aşağın əxlaqi-tərbiyəvi mövzuda deyilmiş “Olmaz”, Gərəkdi” şeirləri xəlqi mahiyyət daşıyır, xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Bu əsərlərdə atalar sözləri, məsəllərdən istifadə edən aşıq “namərd”, “nakəs”, “müxənnət” insanların şər təbiətini ifşa edir, dinləyicini mərdliyə, saflığa,düzlüyə, namuslu olmağa səsləyir:
Yаdın oğlu yаğlı аşа mеhmаndı,
Dаr günündə bахаrsаn ki, usаndı,
Düşən günü düşmаn еlə düşmаndı,
Yüz il kеçsə, qohum səndən yаd olmаz.
Ələsgərin sözün yеtir nisаbа,
Sərf еdənlər səbt еləsin kitаbа,
Hеç nаmərdin аdı gəlməz hеsаbа,
Mərd bir olur, ondа iki аd olmаz.
Aşıq Ələsgərin yaradıcılığında dövrün ictimai eyiblərinin tənqidinə həsr olunmuş əsərlər mövzu aktuallığı, satirik-tənqidi məzmunu, ideya-bədii məziyyətləri ilə diqqəti cəlb edir.”Görmədim” rədifli qoşmada aşığın əsas tənqid hədəfləri yalançı şahidlər, zalım bəyləri, ikiüzlü qazılardır:
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın vələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.
“Çıxıbdı” rədifli qoşmada riyakar ruhanilər, “məşədi” və “kalvayılar,” dərəbəylik mühitində at oynadan, günahsız insanların qanını tökən, soyğunçuluq edən qoçular, quldurlar, harınlıq edib rəiyyəti qamçılayan pristav, naçalnik kimi çar hakimləri, kəndlinin var-yoxunu əlindən alıb dilənçi kökünə salan ağalar, bəylərin cinayətləri sadalanır:
Qoçular, quldurlar qatar taxırlar,
Fəqir-füqəraya yan-yan baxırlar,
Kimi istəsələr vurub yıxırlar,
Beşatanın çataçatı çıxıbdı.
Pristav, naçalnik gələndə kəndə,
Obanı, oymağı vururlar, bəndə,
Xərc üstə çoxları düşdü kəməndə,
Qamçıda belinin qatı çıxıbdı.
Gəzirlər havalı ağalar, bəylər,
Çalışır qan-tərdə naxırçı, nökər.
Müxtəsərin deyir Aşıq Ələsgər,
Kovxanın, kattanın zatı çıxıbdı.
Xalqın ağır həyat şəraiti, vеrgilərin insanları müflis vəziyyətə salması, zəhmət adamının düşdüyü dözülməz durum aşığın qəlbində hddət, qəzəb hissi doğurur. Soydaşlarının dərdlərinə laqeyd qala bilməyən aşıq Allaha üz tutaraq padşahın insanlara dərd, kədər, “sitəm” gətirməsindən şikayət edir, xalqın vəziyyətinin , gördüyü cəfaların dözülməz olduğunu söyləyir. Zülm əlindən cana doymuş insanların çara yazdığı ərizələrə baxılmaması aşığın kəskin etirazına səbəb olur:
Ərizələr ətqaz qayıtsa
Şahdan imdad olmasa,
Fanidən köçmək lazımdı
Ol üqbaya dalbadal.
Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycan bir çox aşıqlar üçün əsl sənətkarlıq məktəbi olmuşdur.