MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Mirzə Fətəli Axundzadə. Yeni ədəbiyyatın görkəmli nümayəndəsi
Bölmələr

******

24.12.2024, 06:22

YENİ ƏDƏBİYYATIN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

Həyatı haqqında

Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramatur­giya­mı­zın banisi, şair  və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin  40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti  zəngin və çoxcəhətlidir.

Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən  atamdan ayrılıb  bir daha onu görmədim. .. Bir ildən sonra ­­axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı...Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi  tanınmış oldum.”

Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu  məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış,  Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə  Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi  vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli  Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.

M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində  dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında  da Azərbaycan  dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər  zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.

Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti  M.F.Axundzadənin  ədəbi taleyində  böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir,  A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə  ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş,  klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir.  Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya  və teatra böyük maraq oyatmışdır. Dram  sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz  tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”  komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus  teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə  səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid  bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir.  Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.

M.F.Axundzadə Qafqaz  canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın  irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin  varislərinə qaytarılmasına  nail olmuşdur.

M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili  bir neçə ayın içərisində  başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri  bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.

 

Yaradıcılığı haqqında

 

 Poeziyası. Bədii yaradıcılğa lirik şeirlə başlayan Mirzə Fətəli həm klassik, həm də xalq şeiri  üslubunda əsərlər yazmışdlr.  «Səbuhi» (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı şeirlər onun klassik  ədəbiyyatımıza, eləcə də  Şərq poeziyasına dərindən bələd olduğunu göstərir. Şəkidən Tiflisə səfər ərəfəsində fars dilində yazdığı «Zəmanədən şikayət» şeiri ədibin ilk bədii əsəridir. Məsnəvi formasında olan bu əsər süjetli lirikann dəyərli nümunələrindən sayılır. Avtobioqrafik səciyyəli şeirdə müəllifin öz gələcəyi ilə bağlı bədbin düşüncələri, narahatlığı əks olunub.Əsərin birinci hissəsində iztirab çəkən, hətta intihar fikrinə düşən lirik qəhrəmanın ovqatı ikinci hissədə nikbinliklə əvəz olunur. Tiflis mühitinin onda yaratdığı ümidlər, burada tutduğu mövqe lirik qəhrəmanda gələcəyə inam hissi oyadır.

Böyük rus şairi A. S. Puşkinin ölümü haqqında aldığı qara xəbərin təsiri ilə 1837-ci ildə fars dilində yazdığı «Qəsideyi- təziyyət» («Matəm qəsidəsi») M.F.Axundzadənin çap olunmuş ilk əsəridir. Sonrakı nəşrlərində əsər «Puşkinin ölümünə  Şərq poeması»  adlandırılmışdır. Poemada A.S.Puşkinin rus ədəbiyyatında tutduğu mövqeyi digər görkəmli rus şairləri ilə müqayisədə müəyyənləşdirən ədib yazır:

Ah, o dəmlər, a dostum, Lomonosov deyirlər:

Ülvi bir gözəlliklə yazın incə şeirlər.

Şeiriyyət dünyasını bəzəmişsə də lakin

Puşkinin quş xəyalı olmuş o yerdə sakin.

Əgər şeir mülkünü  Derjavin tutmuşsa da,

Puşkin cavan yaşında sahib olub bu ada.

Dərin, dibsiz göylərdən hakim yaranmış ona.

Ah, hələ Karamzinin o bilik badəsini,

Onun ümmanlar kimi dərin ifadəsini

Puşkin almış əlindən, içib yetirmiş sona.

Poemada M.F.Axundzadənin rus poeziyasına dərindən bələdliyi, böyük sənətkarın  faciəli ölümü xəbərini kədər hissi ilə qarşılaması öz əksini tapıb. Poema tərcümə olunaraq 1837-ci ildə Moskvada “Moskovski nablyudatel” jurnalında çap olunub.

Ədibin “Yeni əlifba haqqında mənzumə”si,  Q.Zakirə mənzum məktubu,  “Hekayəti pota Kərim və Səfər dəllək” əsəri və digər nəzm əsərləri də öz ideya-bədii məziyyətləri ilə diqqəti cəlb edir.

Dramaturgiyası və nəsri. Yeni dövrün söz sənəti qarşısında qoyduğu tələbləri düzgün dərk edən M.F.Axundzadə 1850-1855- ci illərdə yazdığı, realist ədəbiyyatımızın mükəmməl nümunəsi sayılan altı komediya ilə Azərbaycan və Yaxın Şərq ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur. Bu , orijinal, milli əsərlər ədəbiyyatımızda dönüş yaratmış, söz sənətimizi klassik şərq ədəbiyyatı çərçivəsindən çıxararaq yeni dövr Avropa ədəbiyyatı prosesinə qoşmuşdur.

İlk komediyası olan «Hekayəti- Molla İbrahimxəlil kimyagər» 1850- ci ildə yazılmışdır. Əsərdə cəhalət, yalançı kimyagərlərin fırıldaqçılığı tənqid olunur. Komediyada  “nuxulular”adı ilə təqdim olunan Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy pul, sərvət hərisləridir. Onlar var-dövlət əldə etmək üçün hər cür fırıldağa, dələduzluğa əl atır, alçaq əməllərdən çəkinmirlər. Zərgər Hacı Kərim oğrudur, müştərilərinin qızıl –gümüşündən kəsib yerinə mis qatır.  Həkimlikdən başı çıxmayan dəllək Ağa Zaman qızdırmalı xəstələri qarpız suyu ilə müalicə edərək bir qəbiristan adamın ölümünə bais olub. Adını düz yaza bilməyən, savadsız Molla Salman qazanc məqsədilə mollalıq həvəsinə düşüb. Ağır faizlə sələmə pul verərək var-dövlətini dağıtmış tacir Məşədi Cabbar indi pullarını faizsiz də qaytara bilmir. Mülkədar Səfər bəy əyri yollara düşərək kənddəki təsərrüfatını iflasa uğradıb. Yalançı kimyagər  Molla İbrahimxəlil  bu tüfeylilərdən  hiyləgərliyi,  tədbirli olması ilə fərqlənir.O, özünü ruhani, alim kimi təqdim edərək “nuxuluların” etibarını qazanır.

 Əsərdə  müasir dünyagörüşlü, vətənpərvər ziyalı Hacı Nuru obrazı diqqəti cəlb edir. O, acgöz, fırıldaqçı “nuxuluları”n iç üzünü açır, bütün eyiblərini üzlərinə söyləyir, eyni zamanda molla İbrahimxəlil kimyagərin fırıldaqçılığını ifşa edir.

Maarifçilik ideyaları nı əks etdirən «Hekayəti- müsyö Jordan həkimi- nəbatat və dərviş Məstəli şah caduküni- məşhur» komediyasında (1850) ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri yeni həyat tərzinə, Avropa  mədəni görüşlərinə, dünyəvi elmləri öyrənməyə çağırmışdır.  

Mövzusu kənd həyatından alınmış «Hekayəti- xırs quldurbasan» komediyasında da (1851) cəhalət, gerilik  tənqid olunur,  qadın azadlığı, maarifçilik  ideyaları təbliğ edilir. Əsərin qəhrəmanları kasıb kəndli Bayramla  Pərzad bir-birini sevir. Lakin  Pərzadın var-dövlət sahibi olan əmisi Məşədi Qurban onu kənddə heç bir nüfuzu olmayan oğlu Tarverdiyə almaq istəyir. Bu zəmində yaranan konflikt  get-gedə dərinləşir. Ədib komediyada Bayramla Pərzadın məhəbbəti yolunda qarşıya çıxan maneələrdən bəhs etməklə məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılığı tənqid edir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmətin zəruriliyi fikrini aşılayır.

«Hekayəti- vəziri- xani Lənkəran»  komediyasının (1851) mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir.

Ədibin xəsislik mövzusunda yazılmış «Hekayəti- mərdi- xəsis» komediyası (1852) qəhrəmanın adı ilə «Hacı Qara» da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəmanı müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyat, oğurluq quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir.

Sonuncu komediyası olan «Mürafiə vəkillərinin hekayəti» (1855) komediyasının mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür. Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib  hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir. Komediyanın əsas tənqid hədəfi Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük  kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqqi görüşlərə, azad fikirliliyə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.

  M.F.Axundzadənin nəsr sahəsində fəaliyyəti də uğurlu lmuşdur. O, “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı  tarixində  bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir. Ədib 1865-ci ildə «Kəmalüddövlə məktubları» adlı bədii- fəlsəfi əsərini yazmışdır. Həmin əsəri dostu Mirzə Yusif xanla birlikdə fars dilinə, şərqşünas Adolf  Berje ilə rus dilinə tərcümə etmişdir. Lakin yazıçının əsəri nəşr etdirmək istəyi baş tutmamışdır. 




Copyright Ədəbiyyat dərsliyi © 2024