MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Səmimi duyğuların əksi ( “Badi-səba, mənim dərdi- dilimi...” qoşması)
Bölmələr

******

24.12.2024, 06:23

Səmimi duyğuların əksi

Badi-səba, mənim dərdi-dilimi...

 

      Şairin “Badi-səba, mənim dərdi-dilimi...” qoşması maraqlı məzmunu, yüksək bədii keyfiyyəti ilə diqqəti dərhal cəlb edir. Şeirin elə ilk misralarından aşiqin yanıqlı səsi eşidilir; o, səhər mehindən yalvarış dolu səslə “dərdi-dilinin” “büti-zibaya” – sevgilisinə çatdırıb-çatdırmadığını xəbər alır:

 

Badi-səba, mənim dərdi-dilimi

Ol büti-zibayə dedin, nə dedi?

 

    Bu, adi xahiş, yalvarış deyildir; vüsal həsrəti ilə qovrulan, ah-naləsi göylərə çatan həqiqi aşiqin fəryad dolu səsidir:

 

Ahü naləm asimanə yetdiyin

Gərdəni minayə dedin, nə dedi?

 

Aşiqin səhər mehindən başqa təmənnası da var: səhər mehi “büti-zibanın” ayaqlarına döşənməli imiş:

 

Düşüb ayağına sən o zalımın

Söylədinmi necəliyin halımın?

 

Sən demə, məşuqənin sitəmləri çoxdan başlayıb, yəni aşiqin çəkdiyi dərd çoxdanın dərdidir. Belə olmasaydı, o,“büti-zibasını” “zalım” adlandırmazdı. Sevdiyini “zalım” adlandıran aşiq sanki dediyinə peşman olur, bu sərt sözünün təsirin azaltmaq üçün onun həsrətindən “rəngi-alinın” heyvaya döndüyünü (saraldığını) diqqətə çatdırır:

 

Onun həsrətindən rəngi-alımın

Döndüyün heyvayə dedin, nə dedi?

 

Aşiq yaxşı bilir ki, onun bütün dərdlərinin çarəsi sevdiyi gözəldədir. Amma bu, hələ səhər mehindən təmənna şəklində bıyan edilir:

 

Görsə idin, varmı məni bimarə

Nüsxeyi-hüsnündə onun bir çarə;

Dildə iztirabə, təndə buxarə,

Sərimdə sevdayə dedin, nə dedi?

 

Aşiq adi xəstə deyil; onun ayağını bağlı saxlayan, halını pərişan, ürəyini xəstə edən, möhnət yatağna salan çəkdiy qəm-qüssədir:

 

Qəm əlindən payi-bəstə olduğum,

Halpərişan, dil şikəstə olduğum,

Bəstəri-möhnətdə xəstə olduğum,

Gözləri şəhlayə dedin, nə dedi?

 

Sevdiyi qızı fələyin günəşi, ayı, yer üzünün qibləgahı, yaxşların şahı sayan aşiq özünün əhvalından onun xəbər tutmasını ürəkdən arzulayır, bəlkə bu, laqeydlik buzunu əridər, mərhəmət hissi oyadar:

 

Sərasər fələyin şəmsü mahına,

Tamam yer üzünün qibləgahına,

Zakirin əhvalın xublar şahına

Ağlaya-ağlaya dedin, nə dedi?

 

 ***

 

      Şeirin maraqla oxunmasının mühüm səbəblərindən biri onun yüksək sənətkarlıqla yazılmasıdır. Əsər boyu təzaddan məharətlə istifadə edən şair aşiqin kədər və həyəcanı ilə sevgilinin gözəlliyini  qarşılaşdırır. Bu, oxucuda gah fərəhli, gah da kədərli duyğuların yaranmasına,  güclü emosionallığın  baş qaldırmasına səbəb olur. Digər maraqlı məcazlardan, xüsusən mübaliğədən  gen-bol  istifadə aşiqin çarəsizliyi, sevgilinin gözəlliyi barədə dolğun təsəvvür yaradır, oxucuya güclü estetik təsir bağışlayır.




Copyright Ədəbiyyat dərsliyi © 2024