MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Ölkənin, elin ağıllı, yaraşıqlı qızı (“Pəri” qoşması)
Bölmələr

******

24.12.2024, 05:53

Ölkənin, elin ağıllı, yaraşıqlı qızı

“Pəri” qoşması

 

Şairin lirikasında “Pəri”rədifli qoşması məzmununa və bədii xüsusiyyətlərinə görə seçilir. Böyük ilhamla yazılan bu əsər şairin portret lirikasının mükəm­məl örnəklərindən sayılır.

 

                                          Boyun sürahidir, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri!

Sən ha bir sonasan, cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri!

 

 

 

İxtilatın şirin, sözün məzəli,

Şəkər gülüşündən canlar təzəli,

Ellər yaraşığı, ölkə gözəli,

Nə gözəl doğubsan anadan, Pəri!

 

Üz yanında tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,

Ağ əllərin əlvan hənadan, Pəri!

 

Lirik qəhrəman sevgilisinin  portretinin əsas cizgilərini sadə, təbii və aydın boyalarla rəsm edir. Belə bir­ maralın ovçusu olmasının səbəbinə aydınlıq gətirir. Lakin aşiqi cəlb edən Pərinin yalnız zahiri gözəlliyi deyildir. Pəri ağıllı-kamallı el gözəlidir. O, elin-obanın həm də ağıllı qızıdır. Danışığı, davranışı yerində olan Pəri “ellər yaraşığı”, “ölkə gözəli” kimi tanınmış, qəbul edilmiş və hörmət, izzət sahibi olmuşdur. Onun mənəvi və zahiri gözəlliyi bir-birini tamamlayır.

Pəriyə münasibətdə Vaqif yaradıcılığı üçün fərqli bir yanaşma da özünü göstərir; bədii sözlə məharətlə yaradılan mənzərə əyaniliyinin müqabilində o da vurğulanır ki, bu gözəlin ən­liyə, kirşana, əlavə bəzək-düzəyə ehtiyacı yoxdur (halbuki şair gözəli bər-bəzəkli görmək istədiyini tez-tez xatırladır), bunlarsız da o, gözəldir:

                                      Avçısı olmuşam sən tək maralın,

                                     Xəyalımdan çıxmaz hərgiz xəyalın,

                                     Ənliyi, kirşanı neylər camalın,

                                     Sən elə gözəlsən binadan, Pəri!

 

                                    Günəş təki hər çıxanda səhərdən

                                    Alırsan Vaqifin əqlini sərdən,

                                    Duaçınam, salma məni nəzərdən,

                                    Əksik olmayasan sənadan, Pəri!

 

Bədii xitablar üzərində qurulan şeirdə istər xitab tərzi, istər dil, istər təsvirdəki detallar, istərsə də məcazlar sadə, təbii və səmimidir. Elə buna görə də şeir təsirlidir, tez əzbərlənir və yadda qalır.




Copyright Ədəbiyyat dərsliyi © 2024