Bağışlamaq ər kişinin işidir
“Həmzənin Qıratı aparması”
“Koroğlu” dastanının ən maraqlı və məşhur qollarından biri “Həmzənin Qıratı aparması” qoludur. Həmin qol başqa adlarla da (“Qıratın qaçırılması” və s.) təqdim edilir. Qol ideya-məzmunu, hadisələrin çevik inkişafı və dramatikliyi, gözlənilməz hadisələrin ardıcıl baş verməsi baxımından xüsusi maraq doğurur.
Bu qolda igid üçün yardımçı, dayaq olan atın – Qıratın dəyəri bir daha qabardılır. Məlum olduğu kimi, “Koroğlu” eposunda baş qəhrəmanın şücaət və yenilməzliyinə kömək edən bir sıra yardımçı qüvvələr vardır. Bunlardan Misri qılıncı, Qıratı, Düratı və Qoşabulağı göstərmək olar. Qırat Koroğlunun dayağı, ən etibarlı yardımçısıdır. Hətta baş qəhrəmanın igidliyinin, məğlubedilməzliyinin yarısının Qırata bağlı olduğu söylənilir. Qırat və Dürat adi atlardan deyil. Onlar dərya atlarının cinsindən olub mifik-fantastik mənşəyə malikdir.
“Həmzənin Qıratı aparması” qolunda bir neçə ideya xətti diqqəti cəlb edir: Qıratın bir yardımçısı kimi əvəzsiz qiymətə malik olması; qəhrəmanın hiylə ilə üzləşməsi, məkrə aldanışı, müvəqqəti acizliyi və məğlubiyyəti; öz silahdaşlarının, yaxın adamların faydalı məsləhətinə qulaq asmamaq, onun doğurduğu xoşagəlməz nəticə və peşmançılıq; qəhrəmanın mübarizliyi, fədakarlığı, ağıl, tədbir və fiziki güc nəticəsində qələbə çalması; Keçəl Həmzənin xəyanətkarlığı, xarakterindəki ziddiyyətli cəhətlər və s.
Başqa qollarda olduğu kimi, bu qolda da hadisələr nə qədər gərgin və dramatik olsa da, final nikbin sonluqla yekunlaşır.
“Həmzənin Qıratı aparması” qolu xotkarın topladığı məclisin təsviri ilə başlayır. Məclisi toplamaqda xotkarın məqsədi öz həmkarları ilə Koroğluya qarşı mübarizə aparmaq, onu məğlub etməyin yollarını müəyyənləşdirməkdir. Məclisdə müxtəlif fikirlər söylənir. Nəhayət, belə bir mətləbin üzərində dayanılır ki, Koroğlunun məğlubedilməzliyinin səbəbinin yarısı Qırata bağlıdır. Onu məğlub etməkdən ötrü əvvəlcə Qırata sahib olmaq lazımdır. Bu çətin və qorxulu işi yalnız Keçəl Həmzə boynuna götürür. Bu şərtlə ki, Hasan paşa öz qızı Dona xanımı ona versin. Çarəsiz qalan Hasan paşa bu şərtlə razılaşır. Buraya qədərki hadisə qolun ekspozisiyasını (bədii müqəddiməsini) təşkil edirsə, Keçəl Həmzənin deyilən təhlükəli yükü – “Qıratın qaçırılması” vəzifəsini öz boynuna götürməsi ilə hadisələr düyünlənir (zavyazka). Bundan sonra süjetin əsas inkişaf xətti başlayır. Həmzə Çənlibelə gəlir, Koroğlunun və dəlilərin qılığına girir, özünü yazıq, məzlum kimi qələmə verir. Hiylə və fəndlə Koroğlunun etibarını qazanır. Nəhayət, Koroğlu Düratın buxovunun açarını ona verir. Nigar xanım və dəlilər buna etiraz etsələr də, Koroğlu onları eşitmir, öz fikrində qalır. Beləliklə, Qıratı qaçırmaq imkanının olmadığını görən Keçəl Həmzə Düratı aparmaq qərarına gəlir. Belə də edir. Koroğlu yalnız bu zaman səhvini anlayır. Məsləkdaşlarını eşitmədiyi üçün peşmançılıq hissi keçirir. Lakin gecdir. O, Düratı qaytarmaq üçün Həmzənin arxasınca yola düşür. Lakin dəyirmanda Keçəl Həmzənin növbəti hiylə və kələyinin toruna düşür; Düratı əldə etsə də, Qıratı əldən verir. Həmzə ilə onun arasında maraqlı mükalimə baş verir.
Əlacsız qalan Koroğlu Çənlibelə qayıdıb dəlilərin və Nigar xanımın tənəsi ilə üzləşir. Tək-tənha Toqata yola düşür. Burada maraqlı hadisələr baş verir (kulminasiya). Nəhayət, Koroğlu Qıratı alıb geri qayıdır. Bununla da süjet tamamlanır.
Bu qolun əsas müsbət qəhrəmanı Koroğlu, mənfi qəhrəmanı isə Keçəl Həmzədir. Bir qayda olaraq xalq yaradıcılığına aid bədii nümunələrdə keçəl hiyləgər, diribaş, qarşısındakını ustalıqla aldatmağı bacaran, çətin vəziyyətdən çıxış yolu tapmağa nail olan obraz kimi diqqəti cəlb edir. Keçəl Həmzə də həmin obrazlar silsiləsinə daxildir. Bununla belə Həmzəni tamamilə mənfi xislətə malik surət kimi səciyyələndirmək olmaz. Onun bir sıra müsbət keyfiyyətləri də vardır. Koroğlunu aldadıb Qıratı aparmaqda da onun məqsədi tam mənfi mənada qarət, oğurluq, qəsd etmək deyil. Məqsəd Qıratı aparıb Hasan paşaya vermək, onun qızı Dona xanımı almaq və ağ günə çıxmaqdır. O, yaxşı anlayır ki, onsuz da Koroğlu kimi igid Qıratın arxasınca gəlib onu xilas edərək, geri qaytaracaq. Ancaq heç olmasa, o, özü bir xoş gün qazanacaq. Dəyirmanda Koroğlu ilə Həmzə arasında bu barədə baş verən mükalimədə də Həmzə həmin niyyətini ortalığa qoyur:
“Koroğlu dedi:
– Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyilsən. Düzünü de görüm, səni kim öyrədib göndərib?
Həmzə dedi:
– Koroğlu, eşit və agah ol! Mən Çənlibeldə sənə nə demişəmsə, hamısı doğrudu. Bu keçəl baş bu gen dünyanı mənə dar eləyib. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparıram Toqatda verəm Hasan paşaya, bəlkə, bu yolla bir ağ günə çatam.”
Həmzə nə qədər hiyləgər və zirəkdirsə, o qədər də tədbirlidir, diribaş və ayıqdır. Qıratın üstündə oturan və yuxarıdakı sözləri deyən Həmzəyə Koroğlu söz verir ki, atı qaytarsa, onu dünya malına qane edəcəkdir. Ancaq Həmzə tədbiri əldən vermir, fikirləşir ki, Koroğlu onu aldada bilər. Ona görə də onun təklifini qəbul etmir. Lakin Həmzədə sözünə bütövlük və sədaqət hissi də vardır. Əslində, daxilən o, Koroğlunun tərəfindədir, Koroğluya daxili bir rəğbət və hörmət bəsləyir. Ancaq bu işıqlı dünyada ağ günə çıxmaq istəyi onu xəyanətə, kələk işlətməyə sövq edir.
Koroğlu Qıratın arxasınca Toqata gedərkən Həmzə onu görür, amma əhdinə, sözünə vəfa edib onu satmır. Dəyirmanda vəd etmişdi ki, Koroğlu atın arxasınca gələndə üzəngini basıb onu ata mindirəcək, ehtiramla yola salacaq. Belə də olur və deyir: “Koroğlu, söz dəyirmandakıdı.” Qaladan çıxmağın yollarını da Koroğluya o, başa salır. Dona xanımla zarafatyana söhbətində də onun Koroğluya rəğbəti aydın ifadə olunur.
Bu qolda hadisələr, əsasən, Qıratın üzərində cəmlənir və onun ətrafında cərəyan edir. Başqa sözlə, Qırat alleqorik bir obraz kimi xüsusi olaraq diqqəti cəlb edir. Qıratın dəyəri, qəhrəman üçün hansı ölçü və çəkiyə malik olması bu qolda daha qabarıq əksini tapır. Koroğlunun Həmzəyə dediyi sözlərdə Qıratın qiyməti mübaliğəli şəkildə ifadə olunur:
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə, mala da vermə;
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
Səksən min ilxıya, səksən min ata,
Səksən min mahaldan gələn barata,
Səksən min kotana, səksən min cütə,
Səksən min kottalı kala da vermə!
“Həmzənin Qıratı aparması” qolunda sonda yenə qəhrəman öz istəyinə çatır, atı geri qaytarır və qalib çıxır.