MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Xalqın arzu və istəyinin ifadəsi ( “Koroğlu” eposu)
Bölmələr

******

24.12.2024, 05:59

Xalqın arzu və istəyinin ifadəsi

“Koroğlu” eposu

 

XVII–XVIII əsrlər Azərbaycan folklorunun inkişaflnda zəngin bir dövrdür. Həmin dövrdə bir sıra möhtəşəm dastanlar yaranır. Bu dastanlar içərisində “Koroğlu” eposu xüsusi yer tutur.

Maraqlıdır ki, “Koroğlu”da xalqımızın əski mifik təsəvvürləri, folklor düşüncəsi, xalq və qəhrəman, zalım, zülm və ona qarşı mübarizə və s. barədə tarix boyunca qazandığı təcrübə və təəsüratla XVI-XVII əsrlərin bir sıra ictimai-siyasi və tarixi hadisələri ustalıqla sintez edilmişdir. Buradakı bir çox obraz, epizod və hadisələrin daha qədim çağların təsəvvür, dünyagörüş və hadisələri ilə bağlı olduğu özünü aydın şəkildə göstərir. Eposun XVI əsrdə başlamış və XVII əsrdə də öz ömrünü davam etdirən Cəlalilər hərəkatı, habelə bu dövrdə baş vermiş xalq üsyanları, qaçaq hərəkatı ilə ciddi bağlılığı vardır.

Cəlalilər hərəkatı təməlini 1516-cı ildə Osmanlı sultanına qarşı baş vermiş üsyana rəhbərlik edən Şeyx Cəlalın adından götürür. Bu hərəkat müəyyən zamanlarda yatırılsa da,vaxtaşırı közərir və bir əsrdən artıq davam edir. Ancaq məsələ burasındadır ki, hərəkat əvvəllər azadlıq mübarizəsi kimi başlayıb xalq arasında qazansa da, sonradan tədricən nüfuzunu itirir. Çünki hərəkata qoşulan təsadüfi adamların niyyəti üzə çıxır. Onlar cəlalilər adı altında yol kəsmək, qarətçilik, quldurluq, həramiliklə məşğul olurlar. XVI əsrin 80-ci illərindən etibarən “cəlali” sözü mənfi anlamda, “hərami”, “quldur”, “yolkəsən” mənasında işlədilməyə başlayır. “Koroğlu”da isə “cəlali” müsbət anlamda xalqın təəssübünü çəkən qəhrəman mənasındadır. Deməli, eposun yaradıcıları ona hərəkatın nüfuzlu, xalq təəssübünü çəkən, zülmə, ədalitsizliyə etiraz mövqeyində dayanan qəhrəmanlarının dövründən çıxış etmişlər.

Eposun baş qəhrəmanı Koroğlunun, eləcə də dastandakı Giziroğlu, Eyvaz və s. obrazların da tarixi şəxsiyyyət olduğu barədə mənbələrdə müəyyən məlumatlar vardır. Məsələn, Təbrizli Arakel 1662-ci ildə tamamladığı əsərində Cəlalilər hərəkatından danışır, Koroğlu, Giziroğlu, Eyvaz və bir sıra digər şəxslərin   həmin hərəkatda döyüşçü kimi iştirak etdiyini göstərir. Mənbələrdə hərəkat iştirakçılarından 23 nəfərin adı çəkilir və onların tarixi şəxsiyyət olduğu barədə məlumat verilir. Bəzi mənbə­lər Koroğlunun Cənubi Azərbaycanda Muradbəyli tayfasından olduğunu, XVI əsrdə yaşadığını, Cəlalilər hərəkatının ən sayılıb-seçilən qəhrəmanlarından olduğunu göstərir.

Maraqlı cəhətdir ki, dastan yalnız Azərbaycan xalqı içərisində yaranıb yayılmamış, daha geniş coğrafi ərazidə –  Qafqazda, Orta və Kiçik Asiya, Yaxın Şər­qin bir sıra  ölkələrində şöhrət qazanmışdır. Göstərilən coğrafi ərazilərdə yaşayan xalqlar Azərbaycan “Kor­oğ­lu”sunun təsiri altında və ondan faydalanaraq öz milli qəhrəmanlıq dastanlarını yarat­mışlar. Nəticədə dastanın özbək, qazax, türk, tacik, türkmən, kürd, erməni və gürcü variantları meydana gəl­mişdir. Bu variantları fərqləndirən cəhətlər olsa da, birləşdirən əlamətlər də az deyildir.

Orta Asiya variantlarında Koroğlunun 40 silahdaşı vardır. Özbək variantında Koroğlu “Goroglu” kimi təqdim edilir; bu ad ona qəbirdən tapıldığı üçün verilir. Diqqəti cəlb edən əsas cəhət budur ki, bütün variantlarda baş qəhrəman mərdlik, igidlik simvolu olan Koroğludur.

“Koroğlu” eposunun başlıca ideyası qəhrəmanlıq, igidlik, zülmə, zorakılığa, ədalətsizliyə, haqsızlığa,  istismara və s. qarşı mübarizədir. İstər Koroğlu, istərsə də onun silahdaşları zülmə, ədalətsizliyə və haqsızlığa məruz qaldıqları üçün öz doğulduqları yeri tərk edib Çənlibelə toplaşmışlar. Onların hamı­sını vahid bir amal və məslək birləşdirir. Bu igidlər yoxsulların, imkansızların, zülmə məruz qalanların, kim­səsizlərin tərəfini tutur, zalımlara qarşı döyüşür, mübarizə aparırlar. Təbii ki, həmin zalımlar paşalar, bəy­lər, feodallar, istismarçılardır. Əsərdə qəhrəmanlıq, comərdlik, döyüş səhnələri aparıcı yer tutsa da, ailə-məişət, dostluq, sevgi, sədaqət və s. məsələlərə də geniş yer verilir.

Dastanda zəngin və maraqlı obrazlar silsiləsi ilə rastlaşırıq. Bu obrazlara həm kişilər, həm də qadınlar daxildirlər.

Əsərin baş qəhrəmanı Koroğludur. Onunla biz dastanın ilk qolunda –  “Alı kişi”də tanış olur, əsl adının Rövşən olduğunu öyrənirik. Hə­sən xanın ilxıçısı olan Alı kişinin gözləri həmin xan tərəfindən haqsız yerə çıxarıldığı üçün onu “ Koroğlu” deyə çağırırlar. Onun qəhrəmanlığında qeyri-adi key­fiy­yət­lə­rin olması mifik düşüncədən irəli gəlir. İstər onun at­ları (Qırat, Dürat), istər qılıncı (Misri qılınc), istərsə də fiziki gücü, pəhləvanlığı qeyri-adi, mifik mənşəyə bağlıdır. Koroğlu tək­cə qılınc qəh­rəmanı kimi diqqəti cəlb etmir. O, həm də şeirlər söyləyən bir şair və saz çalıb oxumağı bacaran aşıq­dır. Beləliklə, onun şəxsiyyətində qəhrəmanlıq, şairlik və aşıqlıq keyfiyyətləri birləşir. O, qorxmaz, cəsa­rətli, yenilməzdir. Öz silahdaşlarına – dəlilərə səmimi, sədaqətli, yoxsullara, zəif­lərə münasibətdə ədalətlidir. Ümumiyyətlə, Koroğlu xalq adamıdır, başqa sözlə, xalqın tərəfini tu­tan, onu mü­dafiə edən el qəh­rəmanıdır. Zaman-zaman xalq onu ideallaşdırıb özü üçün yenilməz və ədalətli bir qəhrə­ma­na çevirmişdir.

Koroğlunun silahdaşları da vardır. Bunlar “Koroğlunun dəliləri” adlanırlar. Onların sayı 7777 göstə­rilir. Əlbəttə, bu, folklorla bağlı rəmzi rəqəmdir. “Dəli” sözü dastanda indiki anlamda (ruhi xəstə) yox, “igid”, “qəhrəman”, “döyüşçü” mənasındadır. Dəli Həsən, Dəmirçioğlu, Eyvaz, Bəlli Əhməd, Kosa Səfər, Tanrıtanmaz, Halaypozan, Tüpdağıdan və b. Koroğlunun məşhur dəlilərindəndirlər. Giziroğlu Mustafa bəy tanınmış bir qəhrəman olsa da, Koroğlu dəlisi deyil. O başının dəstəsi ilə müstəqil hərəkət edir.

Dastandakı Aşıq Cünun qılınc qəh­rəmanı yox,  saz-söz adamı, sənətkardır. Koroğlunun dostu olan Aşıq Cünun el içərisindən çıxmışdır. Vaxtaşırı Çənlibelə gəlib burada saz-söz məclisi qurur, dəliləri əyləndirir.

Eposda bir sıra qadın obrazları da vardır. Bunlardan Nigar xanımı, Ruqiyyə xanımı, Telli xanımı, Məhbubə xanımı, Dünya xanımı və b. göstərmək olar. Nigar xanım Koroğlunun ömür-gün yol­daşıdır. Dastandakı qadınlar da ərləri kimi cəngavərdir. Onlar da döyüşməyi bacarır, öz cəsurluqları ilə diqqəti cəlb edirlər.

Dastandakı Həsən xan, Hasan paşa, Bolu bəy və s. surətlər hakim təbəqəni, bəy, xan, paşa silkini təmsil edirlər. Əsas mübarizə də Koroğlu başda olmaqla dəlilərlə onlar arasında baş verir. Əsərdəki obrazlardan bəziləri ancaq dastanın bir qolunda, bəziləri isə bir neçə qolunda iştirak edirlər.

Epos mükəmməl süjet və kompozisiyaya malikdir. Mətni digər dastanlarda olduğu kimi, həm nəsr, həm də nəzmdən ibarətdir. Nəzm hissəsindəki şeir­lər, əsasən, qoşma və gəraylı janrlarındadır. Hal-hazırda dastanın iyirmidən yuxarı qolu məlumdur.

Dastan “Alı kişi” qolu ilə başlayır və “Koroğlunun qocalığı” qolu ilə sona yetir. “Koroğlu ilə Dəli Həsən” adlanan ikinci qolda Dəli Həsənlə Koroğlunun qarşılaşması əks olunmuşdur. Koroğluya məğlub olan Dəli Hə­sən onun silahdaşına çevriən ilk dəlidir. Dastandakı bütün qollar bir-birindən maraqlı olub,  müstəqil və bitkin səciyyə daşıyır. Lakin onları ümumi bir ide­ya xətti – Koroğlu ilə bağlılıq birləşdirir.




Copyright Ədəbiyyat dərsliyi © 2024