MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Saf, munis duyğuların ifadəsi (“Məni candan sandırdı...” qəzəli)
Bölmələr

******

24.12.2024, 06:15

Saf, munis duyğuların ifadəsi

“Məni candan usandırdı...” qəzəli

 

Məni candan usandırdı…” qəzəli Füzulinin məhəbbət mövzulu lirik əsərləri içərisində xüsusi yer tutur. Şeir təsirli məzmuna, dolğun ideyaya, axıcı dilə, gözəl üsluba, mükəmməl bədii formaya malikdir. Müəllif burada məzmun və zahiri effektin mütənasib harmoniyasını yarada bilmişdir.

Qəzəl birinci şəxsin – lirik qəhrəmanın dilindən deyilir. Bu, lirik qəhrəmanın daxili hiss və canandan şikayətlərini sadə və inandırıcı şəkildə ifadə etməyə imkan verir.

Eşq qəmini pünhan saxlayan aşiq başqalarının məsləhəti ilə onu sevgilisinə açır. Ancaq ondan bir vəfa və kəramət görmür. “Şəbi-hicran”a düşdüyü, yəni yardan ayrıldığı üçün onun işi ahü-fəğan, bu hicran möhnətinin cəfasını yaşamaqdır. Burada şair “şəbi-hicran” dedikdə öz ilkin zatından – ilahi aləmdən ayrılıb kəsrətə – çoxluq aləminə düşmüş zərrənin əhvalını nəzərdə tutur. Çünki vəhdətdən ayrılıb maddi aləmə düşmüş zərrə bu ayrılıq səbəbindən fəryad edir. Öz əslinə – Yara qovuşmağa can atır. Verdiyimiz bu izahat sufizmdəki eşq və şəbi-hicran fəlsəfəsi ilə bağlıdır. Belə ki, təsəvvüf düşüncəsinə görə, əslindən ayrılıb fiziki bədənlə qovuşmuş insan ruhu (ilahi “mən”) maddi dünyada “şəbi-hicran”a düşür, əzaba giriftar olur və bunun fəryadını edir. Şair də qəzəldə məhz bunu nəzərdə tutur:

 

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,

Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?

 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

 

Qəzəldə Füzuli qələminə məxsus obrazlılıq, məcazların bolluğu və dolğunluğu diqqəti cəlb edir. Əlbəttə, bu, qəzəlin bədii keyfiyyətini zənginləşdirir, şeiriyyətini artırır. Növbəti beytə nəzər salaq:

 

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

 

Beytdə bir neçə bəlağət vasitəsi işlədilmişdir. Bədii sualbulanmazmı?; səc` (daxili-qafiyə)qarşu, su, bu; bədii xitabhəbibim; epitetgüli-rüxsar (gül üz); mübaliğəgözümdən qanlı axar su; (metonimiya)fəsli-gül. Bahar fəslinin adı çəkilmir, lakin həmin ifadə ilə baharın nəzərdə tutulduğu aydındır; bənzətmə – Aşiqin gözündən axan qanlı su baharda suların bulanaraq axmasına bənzədilir.

Şair qəzəldə dilbərin zahiri gözəlliyinin təsvirinə o qədər də diqqət yetirmir. Ancaq belə bir inandırma metoduna əl atır ki, aşiqə həmin cananı sevdiyi, onun “rindü şeydası” olduğu üçün tənə eyləyən qafil cananı gördükdə etdiyi qınağa görə utanır.

 

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tə`n eyləyən ğafil səni görcək utanmazmı?

 

Şeirdə təsəvvüf anlamındakı eşq və rüsvalıq fəlsəfəsinə də toxunulur. Bu fəlsəfi baxışın əsas mahiyyəti ondan ibarətdir ki, eşqi könüldə gizlətmək mümkün deyil. O, istər-istəməz aləmə faş olur. Buna görə də eşq əhli həmişə rüsvay olmalı, xalq içərisində məhəbbət  sevdalısı kimi tanınmalıdır:

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sövdadır, bu sövdadən usanmazmı?

 

M.Füzulinin lirik qəhrəmanı filosof aşiqdir. Bu lirik qəhrəmanın məhəbbət aləmində cism, can və canana münasibəti dini və sufi-irfani qaynağa söykənir. Daha doğrusu, sevən öz cismani varlığını unudur, onu tükənmiş, bitmiş hesab edir. Onu bütünlüklə canana qurban etməyə də hazırdır. Çünki nəinki cism, elə can özü də canana məxsusdur. Mərifət mərtəbəsinə yüksəlmiş aşiq də canını yalnız canana görə sevir. Öz cismi və canı da daxil olmaqla şəhadət aləmində (və ümumiyyətlə, varlıqda) canandan özgə bir həqiqətin olduğunu düşünmür.  




Copyright Ədəbiyyat dərsliyi © 2024