MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Məhəmməd Füzuli
Bölmələr

******

24.12.2024, 06:23

 

Qəlb şairi

Məhəmməd Füzuli

Həyatı haqqında

 

Məhəmməd Füzuli təkcə Azərbaycanın deyil, ümumiyyətlə, şərq ədəbiyyatının ən məşhur söz ustadlarından biridir. Ümumdünya poetik fikrinin inkişaf tarixində onun ayrıca mövqeyi vardır. Şairin adı Homer, Ə.Firdovsi, N.Gəncəvi, Hafiz, Sədi, V.Şekspir, M.Servantes, V.Hüqo... kimi qüdrətli bədii təfəkkür bahadırları ilə yanaşı çəkilir. O, dünya söz sənətində bənzəri olmayan lirik şairdir.

Mövlana Molla Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur.

Özünün dediyi kimi “bütün ülum və fünunu özündə toplamış bir insan olmaq üçün çalışan” və buna nail olan, bütün  elmləri mənimsəməkdə yüksək mərtəbəyə çatan şair belə bir fəzilətinə görə “Mövlana” lə­qə­bi almışdır. “Molla” titulu isə onun din xadimi olması, uzun müddət dini ocaqlarda ruhani kimi fəaliy­yət göstərməsi ilə bağlıdır. Şairin özü də şeirlərində buna işarələr edir. Daha doğrusu, dini idarədə çalışdığını, buradan maaş alıb dolandığını xatırladır:

 

Əymiş qədini çərxi-fələk xidmətimizdə,

Dünyanı bizim şöhrətimiz tutdu sərasər.

 

Ruzi yeyənik ali-rəsulun qapısında,

Bir ömrdür olmış bizə bu ruzi müqərrər.

 

Bu ruzi yolu bizlərə bağlanmamış əsla,

Layiq bizik aləmdə belə ruziyə yeksər.

 

Dünyada qənaətlə bizik kim, bəyənildik,

Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.

 

Fars dilində yazılmış qitədən verilmiş bu parçadan bəlli olur ki, şair uzun müddət dini idarələrdə, müqəddəs ocaqda işləmiş, övqaf idarəsindən maaş almış və həmin ruzi qapısının gəliri hesabına güzəran sürmüşdür. Bu misralardan sənətkarın ahıl yaşlarına qədər yaşadığı, qənaət və kasıbçılıqla ömür sürdüyü də bəlli olur.

Şair atasının adının Süleyman, ləqəbinin Füzuli, adının isə Məhəmməd olduğunu “Mətləül-etiqad” əsərinin girişində qeyd edir.

Füzulinin göstərilən təvəllüd tarixi təxminidir. Belə ki, bu tarix dəqiq olaraq məlum deyil və müxtəlif tədqiqatçılar tərəfindən 1480-ci illə 1508-ci il arasında göstərilir. Son tədqiqatlarda bu rəqəm təqribi şəkildə 1494-cü il kimi götürülür.

Füzulinin doğulduğu yer barədə də fərqli fikirlər mövcuddur. Ancaq əksəriyyət Kərbəla qəsəbəsi üzərində dayanır. Şair özü də bir qitəsində məskəninin Kərbəla olduğunu söyləyir:

 

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xəlq onun müştaqıdır.

 

Nə qızıldır, nə gümüş, nə lə’lü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

 

“Fars divanı”nın müqəddiməsində şair “doğulduğum və yaşadığım yer İraqi-ərəbdir” – deyə ərəb İraqında doğulub yaşadığını birmənalı şəkildə qeyd edir. Türkcə divanının dibaçəsində o, yenə bu məsələyə toxunur: “…mənşə və məvalidim İraqi-ərəb olub, təmami ömrdə ğeyr məmləkətlərə siyahət qılmadığımdan vaqif olduqda, bu illəti mucibi-süquti-etibar bilməyələr”. Buradan o da bəlli olur ki, dahi sənətkar ömrü boyu İraqi-ərəbdə yaşamış, başqa yerləri gəzməmiş və səyahətdə olmamışdır. Ancaq şeirlərindəki bəzi işarələrdən məlum olur ki, Füzuli qeyri məmləkətləri də gəzmək, xüsusilə də Təbrizdə və Rumda (Türkiyədə) olmaq istəyi ilə yaşamışdır. Bir qəzəlində o, “rütbeyi-fəzl” üçün “diyari-Ruma” getmək arzusunu belə ifadə edir:

 

Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,

Diyari-Rum gözət, tərki-xaki-Bağdad et!

 

Bəzi tədqiqatçılar tamamilə yanlış olaraq Füzulinin milli mənsubiyyətinə görə türk olmadığını iddia edirlər. Belə bir səhv və subyektiv mülahizəni şairin öz sözləri ilə asanlıqla təkzib etmək mümkündür. Belə ki, “Hədiqətüs-süəda» əsərinin dibaçəsindəki bir qitəsində şair “Bən türkzəbandan iltifat eyləmə kəm” – deyə özünü “türkzəban” (“türkdilli”) adlandırır. “Fars divanı”nın müqəddiməsində isə yazır: “Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəlliklərilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur”. Göründüyü kimi, sənətkar burada genetik mənsubiyyətinin türk olduğunu xüsusi ifadə ilə israr edir və mübahisəyə yer qoymur. O, oğuz türklərinin Bayat boyundandır.

Füzulinin bir qıza aşiq olduğu, onu ülvi bir məhəbbətlə sevdiyi, lakin qızın ona verilmədiyi, mə­həbbət şeirlərini də bu uğursuz eşqin əzab və yanğısının ifadəsi kimi yazdığı barədə rəvayətlər də mövcuddur. Yekdil olmayan fikrə görə həmin qız şair Həbibinin, yaxud sənətkarın müəllimi Rəhmətul­lahın və ya İb­rahim Kərhinin qızı olmuşdur. Əlbəttə, bu mübahisə elmi-tarixi sənədlərlə sübut olunmur və rəvayət olaraq qalır.

Füzuli 1556-cı ildə (h. 963) taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn edilmişdir. Onun və­fat tarixi maddeyi-tarixlə “köçdü Füzuli” sözləri ilə ifadə olunmuşdur. Həmin sözlərdəki hərflərin ərəb əlifbası ilə yazılışını əbcəd hesabı ilə topladıqda 963 (h.) alınır ki, bu, miladi tarixlə 1556-ya bərabər olur. Şairin həmin tarixdə taun xəstəliyindən dünyasını dəyişdiyini ilk dəfə onun həmyerlisi və müasiri Əhdi Bağdadi “Gülşəni-şüəra” təzkirəsində xəbər verir. Ə.Bağdadi sənətkarı “piri-nikuxisal” (xoşxa­siyyətli qoca) deyə xatırladır. Bu, Füzulinin qoca yaşlarında vəfat etdiyini göstərir. Belə bir fikri şairin öz şeirlərindəki bəzi məqamlar da təsdiq edir. Belə ki, o, şeirlərində qocaldığından, qəddinin büküldü­yündən danışır. Bunu yuxarıda bir parçasını nümunə kimi verdiyimiz qitənin bu beytində də aydın görmək müm­kündür:

 

Ey Füzuli, qədimiz qıldı fələk xəm yə’ni

Vəqtdir çıxmağa dünya qapısından əyilin.

 

Məxəzlər Füzulinin Fəzli adlı bir oğlunun olduğunu da söyləyir. Fəzli dövrünün tanınmış şairlərindən idi. Onun yaradıcılığından bəzi poetik nümunələr günümüzə qədər gəlib çıxmışdır.

 

YARADICILIĞI HAQQINDA

 

Lirik şeirləri. Füzuli əhli-aləmə sözdən bənzərsiz bir süfrə açmış, üç dildə – türk (Azərbaycan türkcəsi), fars və ərəb dillərində misilsiz əsərlər yaratmışdır. Onun yaradıcılıq irsi bütövlükdə aşağıdakılardan ibarətdir: 1.Türkcə (Azərbaycan türkcəsi ilə) divan; 2.Farsca divan; 3.Qəsidələr divanı (Buraya daxil olan qəsidələr üç dildədir: türk, fars, ərəb). Poemaları: “Leyli və Məcnun” (türkcə); “Bəngü Badə” (türkcə); “Söhbətül-əsmar” (türkcə); “Həft cam” (farsca). Nəsr əsərləri: “Rindü Zahid” (farsca); “Səhhət və Mərəz” (farsca); “Nəsr məktubları” (türkcə); “Hədiqətüs-süəda” (türkcə). Tərcüməsi: “Hədisi-ərbəin. Elmi-fəlsəfi traktatı: Mətləül-etiqad” (ərəbcə).

Deyildiyi kimi, Füzuli lirik şeirin böyük ustadıdır. O, klassik şərq poeziyasında əruz vəzninə mənsub populyar janr və bədii formaların, demək olar ki, əksəriyyətində qələmini sınamışdır. Qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, müəmma, tərkibbənd, tərcibənd, qitə, rübai, məsnəvi və s. şairin müraciət etdiyi janr və bədii formalar sırasındadır.

Füzuli daha çox qəzəl şairi kimi tanınır. Bu janra xüsusi diqqət yetirməsinin səbəbini şair həm türkcə, həm də farsca divanlarının müqəddiməsində izah edir.

Füzuli qəzəllərinin mövzu dairəsini təxminən bu cür müəyyənləşdirmək mümkündür: eşq, məhəbbət şeirləri; gözəlin və gözəlliyin tərənnümü; dini qəzəllər; təsviri qəzəllər; ictimai mövzulu qəzəllər və s.

 Füzuli, hər şeydən əvvəl bir eşq şairi kimi tanınır. Bunun səbəbini hamıdan yaxşı dahi mütəfəkkir özü izah edir. Lirik “mən”inə müraciətlə bəyan edir ki, ondan mədh və məzəmmət şeirləri ummağa dəyməz. Aşiq olan kamal əhlinin sözü də aşiqanə olmalıdır:

 

Məndən, Füzuli, istəmə əş’ari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Dahi mütəfəkkirimizin lirik qəhrəmanı eşqə ötəri, dünyəvi həvəs kimi baxmır. Filosof təbiətli bu qəhrəman məsələyə irfani gözlə, daha geniş ölçüdə yanaşır. O, eşq qəminə giriftar olalı dünyanın azadəsidir, yəni mülk aləminin bütün başqa qayğılarından azaddır: “Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm”. Eşq dəryasına düşdüyü üçün dünya zövqünü unutmuşdur: “Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyanı unut”. Onun fikrincə, cəhənnəm atəşinə yananların işi eşq atəşinə yananlardan daha asandır. Çünki cəhənnəmdə yananlar atəşə bir dəfə yanıb canını qurtarır. Eşq atəşi isə daimi əzabdır. Ancaq cəfası nəşəlidir. Bu, lirik qəhrəmana təlqin olunan eşq səfası başlanğıcı sübhi-əzəldə, ruhunun yaranış çağında ona ehsan edilmiş əzəli bir qismətdir. Eşq dərdi aşiqdən ötrü o qədər ülvi bir hisdir ki, dərdinə dərman etmək təşəbbüsündə bulunan hər kəs ona düş­məni timsalındadır:

 

Eşq dərdilə olur aşiq mizacı müstəqim,

Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən.

 

 

Mövzu etibarı ilə Füzuli qəzəlləri, əsasən, məhəbbət və gözəlliyin vəsf və təqdiminə yönəlsə də, şairin bu janrda ictimai motivli əsərləri də vardır. Sənətkar qəzəllərində şəxsi həyatına, taleyinə, həmçinin zəmanəyə, yaşadığı ictimai mühitə, onun insanlarına da münasibət bildirir.

Fərdi taleyinə münasibətdə mütəfəkkir şair təqdirin ona belə bir zavallı, kimsəsiz, tənha ömür qisməti nəsib etdiyindən şikayətlənir:

 

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

 

Bu cür fəryad və şikayətləri sənətkarın zəmanəyə, onu əhatə edən sosial mühitə münasibətində də görürük. O, öz həyatının nəhs gedişatından narazı olduğu kimi yaşadığı ictimai mühitdən də şikayətçidir:

 

Tökdükcə qanımı oxun, ol asitan içər,

Bir yerdəyəm əsir ki, torpağı qan içər.

 

Əhli-zəmanə qanına çox təşnədir zəmin,

Qanın kimin tökərsə fələk, ol zəman içər.

 

Dünya və ictimai gerçəkliyə münasibətdə filosof sənətkarımızın son qənaəti belədir: Yarı (Haqqı) istəyirsənsə, Əğyardan (cahan, onun sərvət, nemət və nəşələri, dünyəvi istəklər, nəfsani diləklər), Əğyar arzusundasansa, Yardan keçməlisən. Ona görə ki, Yar eşqi ilə Əğyar sevgisi bir qəlbə sığışa bilməz. Ya onu, ya da bunu seçməlisən. Məqsədi “bəzmgahi-vəhdət” olanlar cahan qayğılarını atıb Yar qayğısını tutmalıdır:

 

 

Ey könül, yarı istə, candan keç,

Səri-kuyin gözət, cəhandan keç!

 

Ya təmə kəs həyat zövqindən,

Ya ləbi-lə‘li-dilsitandan keç!

 

Füzuli şərq poeziyasının işlək şeir şəkillərindən olan qəsidə janrında da qələmini sınamışdır. Həm də bu lirik nümunələr üç dildə – türk, fars ərəb dillərində yaradılmışdır.

Füzulinin qəsidələrini təxmini olaraq aşağıdakı mövzu qruplarına ayırmaq mümkündür: tövhid münacatlar, nətlər, mənqəbətlər (ayrı-ayrı dini şəxsiyyətlərin tərifi), mədhiyyələr (müxtəlif dünyəvi şəxsiyyətlərin mədhi), ictimai-fəlsəfi məzmunda olanlar və s.

Su”, Xəncər” və s. kimi qəsidələr nətdir, Məhəmməd peyğəmbərin (ə.s.) mədhi ilə bağlıdır. Burada bir məsələni nəzərə çatdırmaq lazım gəlir. Füzulinin bəzi mədhiyyələri var ki, tərifin məzmun və siqləti müəyyən əşya və ya təbiət hadisəsi üzərində qurulur. Başqa sözlə, hər hansı predmet və ya təbiət məqsədli olaraq şeirin poetik nüvəsini təşkil edir, ideya üçün vəsilə rolunu oynayır. Müəllif tərənnüm obyekti ilə əlaqəli fikirlərini, ideya, məzmun və sənətkarlıq məharətini həmin əşya və hadisənin əlamətlərindən, xassələrindən çıxış edərək oxucuya çatdırır. “Su, Xəncər, Gül, Səba, Qələm” və s. qəsidələri məhz belə əsərlərdəndir.

Şairin “Fəzliyə nəsihət” qəsidəsi ictimai-tərbiyəvi, nəsihə­tamiz mövzudadır və müəllifin oğluna müraciəti şəklində yazıl­mışdır. Şair birbaşa oğluna xitab edərək  gərəkli he­sab etdiyi  məsələlər barədə ona öyüd və məsləhət verir.

Deyildiyi kimi, Füzulinin lirikası janr baxımından yalnız qəzəl və qəsidələrlə məhdudlaşmır. O, orta əsrlər şərq poeziyasının qitə, rübai, mürəbbe, müxəmməs, mü­səddəs, tərcibənd, tərkibbənd, təxmis və s. kimi janrlarına da müraciət etmişdir.

Şairin qitələri mövzuca rəngarəngdir. Bunlardan bəzilərini məzmun-mahiyyət etibari ilə fəxriyyə-qitə hesab etmək mümkündür.

Hər şeydən öncə, Füzuli milli dilimizin, türkçülüyün, türk milli varlığının qeydini çəkən təəssübkeş bir istedad sahibidir. Fars dilli poeziyanın qazandığı uğurlar bir xalq və milli dil, ədəbiyyat qayğıkeşi kimi sənətkarı düşündürmüşdür. Bu səbəbə görə də, öz bədii təfəkkür və istedadının gücünü məqsədli olaraq türkcə sənət nümunələri yaratmağa yönəltmiş, ana dilində «nəzmi-nazik» (zərif şeir) yazmağa, bu dilin poetik imkanlarını, zənginliyini, lətafətini nümayiş etdirməyə çalışmış və buna inanılmaz bir bacarıqla nail olmuşdur. Aşağıdakı qitə şairin bu barədə bilərəkdən öz üzərinə öhdəlik götürdüyünü sübut edir:

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

 

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib

Əksərən əlfazi namərbutü nahəmvar olur.

 

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,

Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

 

Padişahi-mülk…” qitəsində fəxriyyə ruhu ictimai-siyasi motivlə birləşir. İki fateh – maddi aləm fatehi ilə söz mülkünün fatehi müqa­yisə olunur. İkincinin əzəməti və əbədiliyi birincinin miskinliyini, fənalığını ictimai-həyati hadisələri xatırlatma yolu ilə diqqətə çatdırılır.

Qitəni şərti olaraq iki hissəyə ayırmaq mümkündür. Birinci hissədə bir ölkə padşahının acgöz, istilaçı və cahangir obrazını görürük. O, öz istilaçılıq niyyətini həyata keçirməkdən ötrü pul, sərvət sərf edib qoşun toplayır. Yüz fitnə-fəsad, qan-qırğınla əsrlərcə əm­niyyətdə olan torpaqları zəbt edir. Ancaq fələyin dövranı bir çevriliş edən kimi bu istilaçının özü məhv, qoşunu puç olur, ölkəsi əldən çıxır:

 

 

Padişahi-mülk dinarü dirəm rişvət verib,

Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

 

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,

Ol dəxi asari-əmnü istiqamətdən bəri.

 

Göstərən səatdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

 

İkinci hissədə şair özünü bu cür tamahkar, qaniçən və uğursuz aqibət yaşayan fateh hökmdarla müqayisə edir. O da, yəni sənətkar da sultandır və fəth sahibidir. Ancaq məkani torpaqların, ölkələrin deyil, söz mülkünün sultanıdır. Zəbt etdiyi də könüllər mülküdür. Əsgərləri və pəhləvanları isə sözləridir. Həm də əgər dünya padşahları ələ keçirdikləri yerlərdə yüz fitnə-fəsad törədir, qan tökür, abad olanları bərbad edir, faciə və fəlakətə səbəb olur, qazanc umursa, şairin sözləri, əksinə, fəth etdiyi könülləri oxşayır, onlara zövq bəxş edir, heç bir gəlir, mənfəət ummur. Sultanların varı, ixtiyarı və mülkü əbədi deyil. Bir inqilab nəticəsində özləri də, mülkləri də puç olub gedir. Şairin yaratdığı bədii kəlamlar, söz sərvəti isə əbədidir. Dövr edən ruzigarın bəla və müsibətləri, çərxin gedişatı ona təsir edə bilməz, qiymətdən sala bilməz. Elə buna görə də məğrur sənətkar sultanlardan səxavət ummur. Sözə qənaət etməklə, yəni sözü ucaltmaqla qazandığı bədii kəlam tacını hər şeydən üstün tutur:

Payimal etməz onu asibi-dövri-ruzigar,

Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.

Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,

Bəsdürür başımda tovfiqi-qənaət əfsəri.




Copyright Ədəbiyyat dərsliyi © 2024