Hökmdar şairdən qalan möhtəşəm nişanə
“Dəhnamə” poeması
Xətayinin ən irihəcmli əsəri “Dəhnamə” poemasıdır. Əsər əruz vəzninin həzəc bəhrindədir. O, məhəbbət mövzusunda epik-lirik poemadır. Süjet xətti olmasına baxmayaraq bədii mətnə bir mürəbbe və xeyli qəzəl də əlavə edilmişdir. Mürəbbe imam Əlinin mədhinə həsr olunmuşdur. Qəzəllər isə lazımi məqamlarda qəhrəmanların daxili hislərinin, emosional duyğu və istəklərinin ifadəsinə xidmət edir. Məsnəviyə lirik çalar aşılayan bu qəzəllər əsərin süjet və kompozisiyasını daha da əlvanlaşdırır, gözəlləşdirir, onun ideya-bədii sambalını artırır.
“Dəhnamə”də həqiqi eşqlə məcazi eşq qovuşuq şəkildədir. Burada xalq nağıl və dastanlarının təsiri də aydın şəkildə duyulur. Məsələn, əsərdəki «buta verilmə» əhvalatı xalq ədəbiyyatından gəlmə motivdir. Bundan əlavə əsərdə mifik-əfsanəvi motiv də vardır. Bu, əsasən, Məşuqə obrazının mənşə və mənsubiyyətcə pəri olması ilə əlaqədardır. Ancaq bir həqiqət vardır ki, müəllif hadisələri və ideyanı daha çox real məcraya yönəldir. Belə ki, məhəbbətin təsvir və təqdimindəki ilahi eşq anlayışı arxa plana keçir, mətnaltı qatda gizlənir və birbaşa nəzərə çarpmır. Yenə əsərdəki mifik motiv – Məşuqənin pəri olması da süjet boyunca hiss olunmur. Ünvan səviyyəsində qalır, fövqəladə çalar kəsb etmir. Doğrudan da, biz Məşuqəni bütün süjet boyu adi, lakin son dərəcə gözəl bir insan kimi görüb dərk edirik. O, bütün füsunkarlığı, davranış və əməlləri, tənə və tənqidləri ilə mifik obraz – pəri yox, adi bəşər övladı təsiri bağışlayır.
Beləliklə, «Dəhnamə» daha çox həyati, dünyəvi məhəbbəti tərənnüm edən bir əsər kimi qavranılır.
Poema mükəmməl süjet quruluşuna və kompozisiya elementlərinə malikdir. O, tovhid, nət, meracnamə, imam Əli və sonrakı imamların tərifi ilə başlayır. Sonra geniş həcmli «Bahariyyə» verilir. Müəllif həmin bahariyyəni bilərəkdən, belə demək mümkünsə, süjetin «fundamentinə» artırıb. Əvvələn, hadisələr baharda baş verir. İkincisi, əsərdə əhvalatın sonrakı gedişatı sona qədər bütünlüklə bu bahariyyənin motivi üzərində köklənib. Yəni necə ki, baharın gözəlliyi geniş şəkildə təsvir və rəsm edilir, bu isə şən, nikbin bir ovqatdan xəbər verir, eləcə də poemanın ümumi ahəngi, süjetin axarı, xüsusilə də final həmin təmtərağa, optimist ruha müvafiqdir. Deməli, bahariyyə süjet, məzmun və ideya üçün motivləşdirici amil rolunu oynayır.
Hadisələr birinci şəxsin – Aşiqin dili ilə danışılır. Eşqdən xəbərsiz olan gənc oğlan məhəbbət əhlinə gülür, onları əbləh adlandırır. Ancaq bir dəfə gəzinti zamanı çəməndə sərv ağacının kölgəsində yatır və yuxuda tanımadığı bir gözələ vurulur. Onun bu eşqə düşmə epizodu ilə hadisələr düyünlənir (zavyazka). Gənc çarə üçün Allaha yalvarır və beləliklə, süjetin inkişaf xətti başlayır. Hatif həmin gözəlin pərilər bağında yaşadığını və həmin məkanın yerini nişan verir. Aşiq bağa gedib Məşuqu görür. Onun füsunkarlığı və ətrafındakıların ona xidmət, rəğbət və qulluğu Aşiqi heyrətləndirir. Ancaq bağban onu görüb qəzəblənir, hətta döyür. Buraya necə düşdüyünü soruşur. Aşiq dərdini ona danışır. Bağbanın ona rəhmi gəlir. Bağbanın məsləhəti ilə Səbanı Məşuqəyə elçi göndərir. Bundan qəzəblənən Məşuqə Səbanı həbs edir. Aşiq indi də məktəb dostundan məsləhət alır. Əvvəl Huşu, sonra Ahı, nəhayət Göz yaşını sevdiyinin yanına göndərir. Ancaq hər dəfə sərt, tənqidi cavab alır. Nəhayət, Göz yaşı ilə göndərilən səkkizinci məktubda Məşuqə ümidverici sözlər söyləyir. Doqquzuncu məktubda isə o, Aşiqin sədaqətinə, fədakarlığına inanıb görüş üçün vədə verir. Bu epizod əsərin zirvə nöqtəsini (kulminasiya) təşkil edir. Bundan sonrakı hissələrdə – açılış (razvyazka) və finalda Aşiqlə Məşuqun görüşü, səmimi söhbəti və xoş ovqatla ayrılığı təsvir olunur. “Kitabın bitməsi və yazılmasının səbəbi” barədə kiçik parça ilə əsər yekunlaşır. Müəllif poemanın yazılmasının üç səbəbi üzərində dayanır:
Üç nəstədürür səbəb bu namə
Kim, boldu zəruri qılamğ ani.
Əvvəl səbəb oldu nəzmi-tövhid
Kim, bəndəligin odur nişani.
İkinci bu kim, olanda ğəmgin
Bu könlünün ola mehribani.
Üçüncü bu kim, qalursa xoşdur
Bu dünyadə hər kimin nişani.
Məsnəvidəki hadisələr vahid xətt üzrə cərəyan edir. Süjet birxətlidir. Epizodlarla bağlı təsvir olunan lövhələr əlvan, tutumlu, bər-bəzəkli olsa da, süjet yığcamdır. Obrazların sayı da çox deyil. Personajlar iki qrupa ayrılır. İnsan surətləri: Aşiq, Məşuq, bağban, Aşiqin rəfiqi (məktəb dostu); Alleqorik obrazlar: Səba, Huş, Ah, Göz yaşı. Personajlardan hər birinin məxsusi funksiyası vardır. Əsas surətlər Aşiq və Məşuqdur. Öz vəzifəsini sədaqətlə yerinə yetirən bağban əvvəl tanımadığı Aşiqi icazəsiz bağa girdiyi üçün kötəkləsə də, həqiqəti öyrəndikdən sonra tamamilə xeyirxahlıq missiyasına başlayır və bunu sona qədər davam etdirir. O, Aşiqin dərd və iztirablarını başa düşür, ona hər vəchlə köməklik göstərməyə çalışır.
Aşiqin dostu məsləhətçi, sirdaş vəzifəsini icra edir. Öz rəfiqinə təsəlli və məsləhətlər verir, ona məqsədi uğrunda mübarizə aparmağı, Yara yenidən elçi və xəbərlər göndərməyi tövsiyə edir. Elçi-qasid rolunda çıxış edən Səba, Huş, Ah və əsərdə göz bəbəyinin övladı kimi təqdim olunan Göz yaşı da dərd əhli Aşiqin yardımçısı, vasitəçi kimi işıqlı, pozitiv fəaliyyət və məqsədləri ilə yadda qalırlar. Bunlar klassik ədəbiyyatımızda ustalıqla yaradılmış alleqorik obrazlar kimi diqqəti cəlb edirlər.
Təbii ki, əsərdə Aşiq və Məşuqun mövqeyi daha genişdir. Hadisələrin mərkəzində onlar dayanırlar. Hadisələr Aşiqin dilindən danışıldığından o, öz əhvali-ruhiyyəsini, düşdüyü vəziyyəti, keçirdiyi hissləri, mənəvi sarsıntı və əzabları öz dili ilə danışır. Onun danışığı, təhkiyə tərzi quru və soyuq deyil. Əksinə obrazlı dillə, məcazlarla bəzədilmişdir. Şirəli və canlıdır. Elə buna görə də təsirli, sirayətedici, cəlbedici ovqata malikdir. Məsələn, Aşiq onu şad ikən qəmgin edən, ehtiyatsız ikən acizə çevirən, qəmü məlala salan qəlbinə nifrət etdiyini söyləyərkən bu cür şirəli, obrazlı, poetik dildən yararlanır:
Göglərdə sədayi-əbr ünüm tək,
Aləm gözümə qara günüm tək.
Bağlarda nəsim ənbərəfşan,
Sünbül təki mən könül pərişan.
…Yar zülfü təki günüm qarardı.
Yar ağzı kimi yerim darardı.
Qanlar yuduram yüzündən ayru,
Bimar tənəm gözündən ayru.
Cəmi 8 misrada təşbeh (1, 2, 4, 5, 6-cı misralarda), təzad (2-ci beytdə), mübaliğə (1, 7-ci misralarda), epifora (1, 4-cü beytlərdə), anafora (3-cü beytdə), touzi (assonans, alliterasiya – müxtəlif misra və beytlərdə) və s. kimi poetik fiqurlardan, frazemlərdən (aləm gözümə qara, yerim darardı, qanlar yuduram), habelə zəngin və mükəmməl qafiyələrdən istifadə, poetizmlərin seçimindəki dəqiqlik, sərrastlıq bədii mətnə xüsusi canlılıq, təravət, oynaqlıq və musiqi ahəngi aşılayır. Bu isə qəhrəmanın demək istədiyi mətləbin dərkini asanlaşdırır, onun mənəvi-psixoloji vəziyyətinin mənzərəsini tam təfərrüatı ilə oxucuya çatdırır. Aşiq sabitqədəm, eşqində fədakar, yolunda dönməz, möhnət yükünü çəkməkdə cəfakeşdir.
“Dəhnamə” yüksək və gərəkli ideya tutumuna malikdir. Səbr, iradə yoluyla məqsədə çatmağın mümkünlüyü, eşq uğrunda fədakarlıq, dözüm və dəyanətin insana gətirdiyi fayda, məsləhət və tədbirin xeyri, pak niyyətlə aparılan mübarizənin səmərəsi və s. müəllifin oxucuya aşılamaq istədiyi başlıca qayə və mətləblər sırasındadır. Şair əsərin əsas ideyasını ifadə edən səbrin tərənnümü üzərində ayrıca dayanır.
“Dəhnamə” on məktub deməkdir. Bu mövzu Şərq ədəbiyyatında ənənəvi, işlək mövzular sırasındadır. Azərbaycan şairi Marağalı Əvhədi (1274–1338) də Xətaidən düz iki yüz il əvvəl, 1306-cı ildə eyni mövzuda poema yazmışdır. Ancaq Əvhədinin poeması fars, Xətaininki isə doğma ana dilindədir. İkincisi isə, Xətainin əsəri başqa “Dəhnamə”lərə, o cümlədən marağalı şairin məsnəvisinə nisbətən daha geniş, əlvan, forma-struktur baxımından zəngindir. Ənənəvi mövzuda yazılsa da, hökmdar şairimizin əsəri orijinal və daha mükəmməl təsir bağışlayır.
Doğrudan da, “Dəhnamə” sənətkarlıq keyfiyyətinə görə klassik poeziyamızın şah əsərlərindən sayıla bilər. Gənc qələm sahibi sanki burada bədii istedadının bütün enerjisini, rənglərini, sənətkarlıq bacarığını nümayiş etdirmişdir. Əsər dil (və dil materiallarından istifadə, söz, ifadə seçimi, adi dil vahidinin poetizmə çevrilməsi, dilin canlılığı), üslub, təhkiyə manerası, qafiyə sistemi, bəlağət vasitələrinin zənginliyi və dürüstlüyü, vəznin qüsursuzluğu, şeiriyyət estetikası, süjet və kompozisiya və s. baxımından, həqiqətən, kamil bir sənət nümunəsidir.
Bunu təsdiq edən misallara nəzər salaq. Əsərin ümumi ovqatı nikbin çalar üzərində qurulub. Müəllif əhvalatın məzmununa uyğun zaman seçir: bahar fəsli... Finalın təntənəsini lap əvvəldən, süjetə keçməzdən qabaq baharın təravəti, şuxluğu ilə uzlaşdırır. Məqsədli olaraq geniş şəkildə verilən bu bahariyyə poeziyamızdakı ən gözəl peyzaj lövhələrindən biridir. Onu oxuduqda mənzərənin necə usta bir qələmin məhsulu olduğu barədə əlavə şərhə ehtiyac qalmır:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxəmuşan...
Sənətkarlıq məharəti, demək olar ki, əsərin hər misrasında, hər deyimində duyulur. Məsələn, Aşiq Səba ilə vədələşir ki, sabah gəlib onun (Aşiqin) məktubunu Məşuqəyə aparsın. Səba: “Sabah tezdən gəlib məktubu apararam. Orada hər şeyi yaz” – fikrini çatdırmaq istəyir. Ancaq belə demir. Mətləbin bu cür quru və soyuq ifadəsi poetizmdən, şeiriyyətdən uzaq olardı. Estetik gücə, bədii “nüfuza” malik olmazdı, könül oxşamazdı. Ona görə də müəllif dilin obrazlı qatına baş vurur. Qələmini münbit, tamlı, zövqəyatan, xalq deyimindən qidalanan ifadələrə uzadır:
Qövl etdi mənə ki, dan atan çağ,
Bülbül budağa qonub ötən çağ,
Olmuş ola namə cümlə təhrir,
Hər ərzə ki, var içində təqrir.
Burada artıq və “yüksüz” bir söz belə yoxdur.
Yaxud: “Qələmlə yazdım” əvəzinə “lövh üstə sürüb bu başın anın, Tökdüm vərəq üstə yaşın anın”, “Məktubu kağıza qoydum” əvəzinə “Kəsdim qulağın türabə tökdüm, Gətirib yüzünə donunu bükdüm”, “Dayandı” əvəzinə “Cilovunu çəkdi”, “Məktub islanmışdı” əvəzinə “Yaş ilən anın donu nəm olmuş”, “Məktubu cırıb məhv edər” əvəzinə “Ağ yüzüni dəxi qarə qılur”, “Bu xətalı yolu niyə gəldin” əvəzinə “Mindin niyə, neyçün atəşin at” və s. son dərəcə uğurlu obrazlı deyimlərdən istifadə edir.
Bədiilik yaradan vasitələrdən əsərdə bol-bol işlədilmişdir . Bir neçə nümunəyə nəzər salaq:
cinas:
Ey yüzü qara, füzul, ədəbsiz,
Heç bilmədiniz nədir ədəb siz.
mübaliğə:
Gər mehr qılursa sərvi-dilcu,
Bağına həmişə bağlayım su.
Bu, Göz yaşının dilindən bağbana deyilir. Göz yaşı bağbana bildirir ki, get, Məşuqəyə çatdır ki, istəsə, mən həmişə su axıdıb onun bağını öz yaşımla suvararam.
təzad:
Gər gündüzə xəlq müştəriydi,
Amma mana gecə xoştəriydi.
…Həzl eylədim ol dəm afitabı
Kim, nişə götürdü bu niqabı.
Bu sözləri Aşiq Yarla görüşdüyü gecə sübh açılan vaxt söyləyir. Səhər açılıb günəş çıxdığı üçün o, gözəldən ayrılmalı, vüsal sona yetməlidir. Ona görə də Aşiq günəşin çıxmasını və səhərin açılmasını istəmir. Gecə, qaranlıq onun üçün xoş, gündüz isə əzablı və uğursuzdur. Çünki o, ayrılığa səbəb olur.
Xətayi həm əruz, həm də heca vəzninin imkanlarından yararlandığı, hər iki vəznin ritm, ahəng və üslubi poetikasına yaxşı bələd olduğu üçün əsərlərində qəzəl poetikası ilə qoşma poetikası çarpazlaşır. Lazımi məqamlarda biri digərinə təsir göstərir. Məsələn, şairin heca vəznində bir neçə qəzəli vardır. Yaxud heca vəznli şeirlərində bəzən əruzun tələbinə müvafiq ərəb-fars tərkibləri, izafətlər işlədilir və s. Amma bütövlükdə götürdükdə onun heca vəznli şeirlərinin dili daha sadə olub, xalq danışıq dilinə yaxındır. Aşağıdakı bayatılarda olduğu kimi:
Könül vermə nadana,
Haqqı inkar edənə,
Müridəm, haqq demişəm
Məhəbbət xanadana.
Xətayi işin düşər,
Gəlib-gedişin düşər,
Dişləmə çiy löqməni,
Yerinə dişin düşər.
Şah İsmayıl Xətayi klassik poeziyamızın, xüsusilə də anadilli şeirimizin tərəqqisində əvəzsiz rol oynamış qüdrətli bir sənətkardır.