SƏNƏTİN, ŞEİRİN HAMİSİ
Şah İsmayıl Xətayi
HƏYATI HAQQINDA
Şah İsmayıl Xətainin adı bəşər tarixinin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərlə bir cərgədə dayanır. O, Azərbaycan xalqının ictimai-siyasi tarixində, ədəbi-mədəni həyatında misilsiz müsbət rol oynamış nurlu bir zəka, qılınc və qələm sahibidir. Bu əzəmətli insan qüdrətli hökmdar, böyük sərkərdə, görkəmli şair, elm və sənət hamisi, əqidəcə bütöv mənəvi-ruhani şəxsiyyət kimi tanınmışdır. Anadilli ədəbiyyatımızın yüksəlişində də onun xidmətləri əvəzsizdir.
Xətayi 1487-ci ildə qədim Ərdəbil şəhərində dünyaya göz açmışdır. O, istər ata, istərsə də ana tərəfdən şöhrətli nəsillərin varisidir (bunu da xatırladaq ki, şair ana nəslinin bəzi hökmdar nümayəndələri tərəfindən anası və qardaşları ilə birlikdə ciddi işgəncəyə və təqibə məruz qalmışdır). Yüksək etiqad və iman sahibi kimi şöhrət tapmış Şeyx Səfiəddin Ərdəbili (1252–1334) Xətayinin beşinci babasıdır. Adı müqəddəs ruhani şəxsiyyətlər cərgəsində çəkilən Səfiəddin Ərdəbildə yaşamış, burada dini hakim olmuşdur. Xətayinin mənsub olduğu Səfəvilər sülaləsi də onun adı ilə tanınır. Şeyx Səfiəddinin varisləri, yəni Səfəvilər sülaləsinin ardıcılları Xətayiyə qədər Ərdəbilin əvvəlcə dini-ruhani, sonra isə həm də dünyəvi hakimi olmuşlar. Səfiəddinin nəvəsi Xacə Əli səfəviyyə təriqətinə şiə donu geyindirmiş, başqa sözlə, onu şiəliklə bağlamışdır. Etiqadın belə bir istiqamət alması sonralar daha da tündləşmiş və Xətainin hakimiyyətə gəlməsi yolunda ideoloji-məfkurəvi stimul rolunu oynamışdır.
Şah İsmayılın babası Şeyx Cüneyddən başlayaraq səfəvilər hərəkatı öz dini-sufi məzmununa yeni ictimai-siyasi çalar da əlavə etmişdir. Bu, o deməkdir ki, Şeyx Cüneyddən başlayaraq Səfəvilərin hakimiyyət uğrunda mübarizələrinin işartıları görünməyə başlayır. Qaraqoyunlu hökmdarı M.C.Həqiqidən (1436–1467) narazı qalan və onun təqibinə tuş gələn Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənə sığınır. Diyarbəkir hakimi olan Uzun Həsən Qaraqoyunlulara qarşı mübarizədə Ərdəbil şeyxlərinin nüfuzundan istifadə məqsədilə onu rəğbətlə qarşılayır və hətta bacısı Xədicəbəyimi ona ərə verir. Şeyx Cüneyd Dağıstana yürüş zamanı çərkəzlərlə döyüşdə öldürülür.
Sonradan M.C.Həqiqini məğlub edən Uzun Həsən Qaraqoyunlular dövlətinin varlığına son qoyur və yeni qüdrətli bir dövlət – Ağqoyunlu dövləti yaradır və onun hökmdarı olur (1468-1478). Uzun Həsən öz qızı Aləmşahbəyimi Şeyx Cüneydin oğlu Şeyx Heydərə verir. İsmayıl bu izdivacdan doğulur. Deməli, o, ana tərəfdən də Ağqoyunlular sülaləsinə bağlıdır.
Şeyx Heydər atasının siyasi motivli fəaliyyətini davam etdirir. Həm də səfəviyyə təriqətinin təsəvvüfi mahiyyətinə qovuşdurulan şiə görüşlərinə yeni çalar əlavə edir. Onu şiə-qızılbaş hərəkatı məcrasına yönəldir. O, başına 12 qırmızı zolağı olan papaq qoyur. Bu 12 imama işarə idi. Həmin papaq şiə-qızılbaşların rəmzi tacı hesab edilirdi. Şeyx Heydər 1488-ci ildə Dağıstana yürüşə başlayır. Bu, Şirvanşah Fərrux Yassarı və Uzun Həsənin ölümündən sonra taxt-taca yiyələnmiş Sultan Yaqubu (1478-1490) təşvişə salır. Onlar Ərdəbil şeyxinin artan nüfuzundan, genişlənən ictimai-siyasi fəaliyyətindən qorxuya düşüb gələcəkdə baş verə biləcək təhlükənin qarşısını almaqdan ötrü tədbir görürlər. Hər iki hökmdarın birləşmiş hərbi qüvvələri Şeyx Heydərin döyüşçülərini məğlub edir və beləliklə, 1488-ci ilin yayında İsmayılın bir yaşı olarkən atası öldürülür. Məsələ bununla bitmir. Sultan Yaqub bacısı Aləmşahbəyimi və onun üç oğlunu İstəxri-fars qalasına məhbəsə saldırır. Onların həbsxana həyatı təxminən dörd il davam edir (1489–1493).
Sultan Yaqubun qəfil ölümündən sonra Ağqoyunlu şahzadələri arasında səltənət uğrunda ölüm-dirim mübarizəsi başlayır. Nəhayət, taxt-tacı ələ keçirən Rüstəm Mirzə (1492–1497) öz düşmənlərinə qarşı səfəvi ocağının şöhrət və nüfuzundan bəhrələnməyə çalışır. Bu niyyətlə də Aləmşahbəyimi və oğlanlarını həbsdən azad edir. Varis kimi Ərdəbil şeyxi tituluna sahib olan, Sultan Şeyx Heydərin böyük oğlu Sultanəlini hərbi qüvvə ilə təchiz edərək müxtəlif döyüşlərə göndərir. Eyni zamanda onu Ərdəbil hakimi təyin edir. Onun hakimiyyətinin möhkəmlənməsində Sultanəlinin əhəmiyyətli xidmətləri olur. Öz mövqeyinin gücləndiyini zənn edən Rüstəm Mirzə sonradan fikrini dəyişir. İndi də şiə-qızılbaşları və Səfəvi şeyxini səltənət üçün real təhlükə sayır. Ona görə də Eybə Sultanının komandanlığı ilə Ərdəbilə qoşun göndərir. Sultanəli təriqət şeyxi mənsəbini 7 yaşlı İsmayıla vəsiyyət edib müridləri ilə birlikdə döyüşə yollanır. 1494-cü ildə Ərdəbil yaxınlığındakı Şəmasi adlanan yerdə döyüşə girir. Ağqoyunluların say və hərbi təchizat etibarı ilə üstün qüvvələri qalib gəlir. Sultanəli öldürülür. Göndərilən qoşun Rüstəm Mirzənin əmri ilə Ərdəbilə daxil olur və İsmayılı axtarır. Lakin etibarlı səfəvi müridləri onu xəlvəti qaçıra bilirlər. Onlar əvvəl Rəştə, sonra isə Gilan vilayətinin Lahican qəsəbəsinə gəlirlər. Lahican hakimi Mirzə Əli Karkiya İsmayılı rəğbətlə qarşılayır. Onun həyatının təhlükəsizliyi naminə lazım gələn hər cür tədbirə əl atır.
Lahicanda İsmayılın təhsil, təlim və tərbiyəsi ilə ciddi şəkildə məşğul olurlar. Onun təhsili ilə daha çox dövrünün tanınmış alimlərindən Şəmsəddin Lahıci, tərbiyəsi ilə Hüseyn bəy Lələ məşğul olur. İsmayıl türk, ərəb və fars dillərini, Quranı, dini elmləri və s. mükəmməl şəkildə mənimsəyir. Balaca İsmayıl burada yalnız bir mürşid, təriqət şeyxi, ruhani rəhbər kimi deyil, həm də gələcək hökmdar, döyüşçü və sərkərdə kimi yetişdirilir. Onun sonrakı fəaliyyəti bunu sübut edir.
İsmayılın Gilan həyatı 5 ilə qədər davam edir. 1499-cu ildə Ağqoyunlu şahzadələri arasında ixtilafların dərinləşdiyini, daxili çəkişmə və səltənət qovğalarının onları zəif saldığını, hərəkətə keçmək üçün münasib vaxt olduğunu yaxşı dərk edən qızılbaş müridləri mübarizəyə başlayırlar. İsmayıl başda olmaqla onlar müxtəlif yerlərdən keçərək əvvəl Ərdəbilə, sonra isə Ərzincana gəlirlər. Yol boyunca və Ərzincanda onlara qoşulan qızılbaş döyüşçülərinin sayı təxminən 7 minə çatır.
Bundan sonrakı fəaliyyət və hücum barədə Ərzincanda məşvərət və məsləhətləşmədən sonra onlar Şirvana yürüş etməyi qərara alırlar. 1500-cü ildə qızılbaşlar Şirvan üzərinə yeriyir və Şirvanşah Fərrux Yassarın 20 minlik ordusunu darmadağın edirlər. Fərrux Yassar isə öldürülür. Az sonra Bakı qalası da ələ keçirilir.
Məlum olduğu kimi, hakimiyyət uğrunda mübarizədə Ağqoyunlular dövləti iki hissəyə bölünmüşdü. Dövlətin bir hissəsinə Təbriz paytaxt olmaqla Əlvənd Mirzə, digər hisəssinə isə İsfahan paytaxt olmaqla Sultan Murad şahlıq edirdi.
Qızılbaşların qələbəsindən xəbər tutan Əlvənd Mirzə güclü bir ordu ilə şimala – qızılbaşlar üzərinə yeriyir. Naxçıvanın Şərur düzündə baş verən tarixi vuruşma zamanı qızılbaşlar Əlvənd Mirzənin 30 minlik ordusunu məğlubiyyətə uğradırlar. Əlvənd Mirzə Ərzincana qaçır. İsmayıl başda olmaqla qızılbaşlar 1501-ci ildə maneəsiz şəkildə Təbrizə daxil olurlar. Xətai özünü hökmdar elan edir. Azərbaycan xalqının tarixində şərəfli bir dövlət kimi əhəmiyyətli rol oynayan Səfəvilər dövləti belə yaranır.
1503-cü ildə Xətayi Sultan Muradı məğlubiyyətə uğradır. Bununla Ağqoyunluların ikinci qanadı üzərində qələbə də təmin edilir və beləliklə, həmin dövlət öz ömrünü başa vurmuş olur. Onun bütün əraziləri Azərbaycan səfəvilər dövlətinin tərkibinə daxil edilir. Ancaq Şah İsmayılın qələbələri bununla bitmir. O, qüdrətli və bacarıqlı bir fateh kimi yeni fəthlərə başlayır. 1503–1508-ci illər arasında Mazandaranı, İran İraqını, Yəzdi, Farsistanı, Kirmanı, Mərəş və Diyarbəkr vilayətlərini zəbt edir. Nəhayət, Bağdadı və bütün Ərəb İraqını ələ keçirir.
1510-cu ildə Xətayi özbək hökmdarı Şeybani xan üzərində tarixi zəfər qazanır. Şeybani xan öldürülür. Xorasan vilayəti, Herat, Bəlx və s. şəhərlər Səfəvilər imperiyasının tərkibinə qatılır.
Beləliklə, çox gənc olan şiə-qızılbaş şeyxi zəkasının və qılıncının gücü ilə parlaq qalibiyyət nümunələri göstərib böyük və qüdrətli bir imperiya yaradır. Bu imperiyanın sərhədləri şimalda Dərbənddən tutmuş cənubda Fars körfəzinə qədər, qərbdə Şərqi Anadoludan şərqdə Herata və Bəlxə qədər uzanıb gedirdi.
Bu şanlı qələbələrdən bir az sonra Xətayinin Osmanlı sultanı Səlim Yavuzla (1512–1520) münasibətləri gərginləşir. Getdikcə kəskinləşən ixtilaf, nəhayət, müharibəyə çevrilir. 1514-cü ilin avqustunda baş verən Çaldıran savaşında Şah İsmayılın qoşunu məğlub olur. Daha üstün qüvvəyə malik olan Sultan Səlimin qalib gəlməsində topların əhəmiyyətli rolu olur.
Əlbəttə, Çaldıran faciəsi gənc səfəvi hökmdarına mənəvi cəhətdən də sarsıdıcı zərbə vurur. Bundan sonra o elə bir ciddi müharibə aparmır, hərbi yürüşlərə getmir. Nisbətən, sakit və dinc həyat keçirir, əsasən, ölkənin daxili işlərinə, quruculuq məsələlərinə diqqət yetirir. Elmin, mədəniyyətin, sənətin, ədəbiyyatın, həmçinin təsərrüfat və iqtisadiyyatın inkişafına çalışır, bədii yaradıcılıqla məşğul olur.
Xətyai 1524-cü ildə – 37 yaşı olarkən xəstələnir və vəfat edir. Məzarı Ərdəbildə – Şeyx Səfi məqbərəsində əcdadları dəfn edilən yerdədir.
Yaradıcılığı haqqında
Lirik şeirləri. Xətayi klassik ədəbiyyatımızın tanınmış sənətkarlarındadndır. Onun bədii irsinin mühüm bir qismi bu gün əlimizdədir. Həmin bədii irs şeirlər “Divan”ından (heca vəznli şeirlər də daxil olmaqla), “Nəsihətnamə” və “Dəhnamə” poemalarından, farsca bir neçə şeirdən ibarətdir. Şairin həm divanı, həm heca vəznli şeirləri, həm də hər iki poeması ana dilindədir. Qaynaqlar onun “Mənaqibül-əsrar və böhcətül-əhrar” adlı əsərinin də olduğunu xəbər verir. Xətayişünas alim Ə.Məmmədov həmin əsərin qoşmalar məcmuəsi, yəni heca vəznli poeziya örnəklərindən ibarət toplu olduğunu qeyd edir. Mənbələr Xətayinin ərəbcə şeirlər yazdığını da söyləyir. Beləliklə, şairin üç dildə – Azərbaycan, fars və ərəb dillərində əsərlər qələmə aldığı bəlli olur.
O həm lirik, həm də epik növdə qələmini sınamışdır. Yəni həm poemalar, həm də lirik şeirlər ərsəyə gətirmi, lirik növün rəngarəng janrlarından faydalanmışdır. Biz onun lirikasında əruz vəzninin qəzəl, qəsidə, mürəbbe, tərcibənd, tuyuğ, rübai, qitə və s., heca vəzninin isə gəraylı, qoşma, varsağı, bayatı kimi janrlarına rast gəlirik. Bahadır sənətkar heca vəznli şeiri divan ədəbiyyatına gətirmiş, başqa sözlə, ədəbiyyatımızın bizə bəlli tarixində xalq poeziyası janrlarına müraciət edən ilk divan şairi kimi tanınmışdır.
Xətainin lirikası mövzu-məzmun etibarı ilə çoxşaxəli, çoxistiqamətlidir. Onun lirikasını təxmini olaraq aşağıdakı mövzu qruplarına ayırmaq mümkündür: məhəbbət və gözəlliyin tərənnümü, təriqət poeziyası; dini məzmunlu poetik nümunələr; qazilik və ərənliyin təbliği, təlimi-didaktik şeirlər; peyzaj lirikası və s.
Şairin əsərləri mövzu, məzmun, ideya etibarı ilə klassik ədəbiyyatımızın əsas və möhtəşəm sütununa nə qədər bağlı olsa da, onun orijinal cəhətləri, özünəməxsus keyfiyyətləri də çoxdur. Bu orijinallığın və özünəməxsusluğun ilk və ən başlıca cəhəti burasındadır ki, klassik poeziyamızın çoxəsrlik tarixində heç bir qələm sahibinin əsərləri Xətayidə olduğu qədər siyasi-ideoloji mahiyyət kəsb etməmişdir. Mürşid, hökmdar və başçı şairimizin poeziyası bədii abidə olmaqla yanaşı həm də siyasi-ideoloji təbliğat mexanizmi, şiə-qızılbaş görüşlərinin təbliğat vasitəsi, siyasi hakimiyyətin nüfuzunu artırmağın və ideoloji yönümdə təlqini inancları yaymağın təsir üsulu rolunu oynamışdır. Bu baxımdan yanaşdıqda ilk Səfəvi hökmdarının divanı bir növ səfəviyyə təriqətinin şiə-qızılbaş mərhələsinin bədii-siyasi-ideoloji toplusudur. Tədqiqatçılar etiraf edirlər ki, bu gün həmin ideya və baxışlar sisteminin mahiyyətini öyrənmək üçün ən yaxşı mənbə elə Xətayinin divanıdır.
Biz şairin lirikasında onun şəxsiyyətinə münasibətin aydın ifadəsini görürük:
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən iləri pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,
Yeri, gögi, ərşi kürsi yarədən səttar idim.
Qəzəl müəllifi burada daxili “mən”inin dili ilə danışır. Öz ruhani-vücudi varlığının mahiyyəti, başqa sözlə, ilahiliyi və şəxsiyyətinin qüdsiyyəti barədə düşüncələrini, batini inamını ifadə edir. Həmin dini-fəlsəfi, panteist-etiqadi düşüncələrin nüvəsində mütləq bir inanc və yəqinlik duyulur. Bu lirik qəhrəmanın “mən”i (ruhi həqiqəti) hələ yer, göy yox ikən əzəldən mövcud imiş. Yeri, göyü, ərşü kürsi yaradan səttar da odur. Bəllidir ki, dini-etiqadi mənada belə bir xüsusiyyət yalnız Mütləqə aid ola bilər. Xətayi isə həmin ilahi xassələri həm də özünə aid edir. Deməli o, insan olmaqla həm də Yaradana məxsus keyfiyyətlərə malikdir. Haqqın yer üzündəki təcəssümüdür. Allahın insan qiyafəsindəki zərrəsi və təmsilçisidir, təzahür nişanəsidir. Sadəcə olaraq dondan-dona girmiş, şəkildən-şəklə düşmüşdür. Gah Hüseyn, gah Mənsur, gah Adəm donunda cismani dəyişmələrə uğramışdır. Maddi aləmə “gərdiş ilə gəlmiş”, formadan formaya düşmüş, mahiyyət isə dəyişməmiş, öz ilahi məğzini saxlamışdır. Başqa sözlə, minlərlə libas və görkəmə düşən Tanrı həqiqəti, nəhayət, Xətai şəklində təcəlli tapmışdır:
Həzaran dona girdim, mən dolandım,
Bu gün xəsm ilə mən meydanə gəldim.
Mürşidi-kamil şairin yolunda yüzlərlə müridi, səfəvi-qızılbaş fədaisini cihada, qovğaya çağırış da öz şəxsiyyətinin qüdsiyyətinə inamdan irəli gəlirdi. Əgər o, yer üzündə Haqqın təcəssümüdürsə, onun əqidəsi, çağırışı uğrunda mübarizə Haqq və həqiqət yolunda mübarizə deməkdir:
Mənim yolumda yektalar gərəkdir,
Dini, imanı yəğmalar gərəkdir.
Mənimtək gövhəri nadan nə bilsin,
Məni bilməyə danalar gərəkdir.
… Mənəm sultan Xətayi Heydər oğlu,
Mənim yolumda qovğalar gərəkdir.
Məhəbbət mövzusu Xətayi lirikasında aparıcı mövqedədir. Onun divanındakı şeirlərin mühüm bir qismini məhəbbət və gözəlliyin tərənnümünə həsr olunmuş poetik örnəklər təşkil edir. Əlbəttə, bu, səbəbsiz deyil. Şairə görə, məhəbbət insanlığın başlıca şərti, adəm övladına məxsus hiss və duyğuların ən alisi, həqiqət yolunun mütləq və etibarlı bələdçisidir. Məhəbbətsiz yaşamaq haqqı unutmaq deməkdir. İstər maddi dünya, istərsə də axirət aləminin həqiqi şərəf, ləyaqət və ucalıq hissi yalnız sevgi ola bilər. Bir qoşmasında sənətkar həmin hissi belə mənalandırır:
Məhəbbət aləmi haqqa yardır,
Məhəbbət etməyən can murdarıdır,
Dünyavü axirət yüzü qaradır,
Məhəbbətdən keçən haqdan da keçər.
Xətayinin məhəbbət müstəvisində həqiqi eşqlə məcazi eşq qoşalaşır, paralel şəkildə bir-birini əvəz edir. Gah ilahi eşq qabarır, gah məcazi eşq təsvir hədəfinə çevrilir. Gah bəndənin Allaha, qulun mistik varlığa, gah da bəndənin bəndəyə, real, yer üzündə gördüyümüz aşiqin məşuqəyə məhəbbəti tərənnüm olunur. Ancaq unutmayaq ki, bu poeziyada nə qədər dünyəvi gözəldən, maddi aləmdəki bəndəyə bəslənilən eşqdən söhbət getsə də, alt qatda həmişə həmin gözəlin, bəndənin Xaliqin xəlq etdiyi xilqət, küllün bir zərrəsi olduğu unudulmur.
Aşağıda bədii sual və bədii xitab üzərində qurulan və rəngarəng bəlağət (məcaz) vasitələri ilə bəzədilən qəzəl bütünlüklə həyati motivə malikdir. Dünyəvi aşiqin səmimi duyğularını ifadə edən poetik nümunədə dil canlı, hisslər dolğun, ahəng musiqili, ruh təbiidir. Bu, sevənin öz sevdiyindən almaq istədiyi cavabın və bunun üçün ona verməli olduğu sualların lakonik bədii lövhəsidir:
Qızılgül, bağü büstanım, nə dersən?
Fəda olsun sana canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,
Kəsildi, külli fərmanım, nə dersən?
Əridi iligim, qaldı sümügüm,
Bu təni tərk edər canım, nə dersən?
Xamu dərdlilərə dərman bulundu,
Dəvasız dərdə dərmanım, nə dersən?
Xətayi lirikasının mövzu istiqamətlərindən biri də təriqət xəttidir. Onun yaradıcılığında təsəvvüf ideyalarının bədii təcəssümünü, “vəhdəti-vücud” dini-fəlsəfi təliminin müəyyən təsirini görürük. Təsadüfi deyil ki, şair özünü “Vəhdət gülüzarının bülbülü” adlandırır. Və vəhdət nəğməkarı kimi Yar (Allah) ilə əzəli və əbədi ülfətdən, Onun eşqi ilə daimi məstlikdən, Ona olan vurğunluqdan və mahiyyətcə Cananla, yəni Tanrı ilə bağlılıqdan danışır. Bu lirik qəhrəman meyxanə (təsəvvüf simvolikasında ilahi hikmət və fəzilətlərin, mərifət elminin öyrənildiyi məktəb, məkan) arzusundadır. Çünki o, “ruzi-əzəldə Yar ilə peyman” etmişdir. Buna görə də o, daimi məstdir və hüşyarlığı qeyri-mümkündür. Sənətkarın ilahi məstlik və bundan duyulan feyzlə əlaqəli əsərlərinə səpələnən fikirlərdən əlavə onun ayrıca “Məst” rədifli qəzəli də vardır.
Ümumiyyətlə, Xətayidə bəşəri xilqətin böyüklüyü, cəlalı, əzəməti və dəyəri hürufilərdə olduğu nisbətdədir. Yəni insan cismi əslində Allahın evidir. Onda Tanrının ərşini görmək mümkündür. O, əhli-mənadır, Allahın dostudur. İlahi nitq özü də adəmin şəninə kəramətlər söyləyir. O, səcdəyə layiq məxluqdur. Deməli, insan xilqətin ən ali və şərəfli məxluqudur. Bunu isə div olmayanlar, yəni mərifət sahibləri, ali həqiqətləri dərk edənlər anlaya bilər. Fəzlullah həqiqətinin dərki də buna xidmət edir:
Ey həq əhli, sən sənin cismində beytullahi gör,
Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
Adəmin şə’nində, kərrəmna, dedi nitqi-ilah,
Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör.
Xətayi istər fiziki gücü, qüvvəti, istərsə də daxili təbiəti etibarı ilə cəngavər, yenilməz bir insan idi. Onun bahadırlığı, cəsarəti, şücaəti və qəhrəmanlığı bədii yaradıcılığına da hopmuşdur. “Qazilər sərdarı” adını alması təsadüfi deyildi. Qazilik və ərənlik sənətkarın lirikasını təşkil edən mövzular silsiləsində mühüm bir həlqə təşkil edir. Müəllifin “Bu şahi-pürkərəm, sahibnəzərdir”, “Əzəldən şah bizim sultanımızdır”, “Kim ki sərməst oluban aşiqi-didar deyil”, “Olu kim, laf edər meydanə gəlsün”, “Əgildim, səcdə qıldım xanədanə” qəzəllərində, “Ərənlər” qoşmasında, “Qazilər deyən şah mənəm”, “Qalsın könül, yol qalmasın” varsağılarında və s. lirik əsərlərində qazilik, igidlik və ərənlik ideyalarının bu və ya digər dərəcədə tərənnüm və təbliğini görürük. Həm də bu bahadırlıq keyfiyyətləri Xətayidə yalnız fiziki güc mənasında deyil, eyni zamanda mənəvi ərənlik, fədakarlıq anlamında da götürülür. “Ərənlər” qoşmasında comərd şair ərənlik ərkanını və özünün şücaət yolunu bu cür poetik dillə səciyyələndirir:
Ərənlərin ərkanına, yoluna,
Ta əzəldən talib oldum, ərənlər.
Can ilə könüldən durdum, düşündüm,
Bu gün mürşüdümü buldum, ərənlər.
Can ilə könüldən gəzdim, aradım,
Həqqin didarını görmək muradım,
Didar ilə məhəbbətdir tələbim,
Ya bu gün, ya yarın öldüm, ərənlər.
Şairin lirik əsərlərinin müəyyən qismi əxlaqi-didaktik şeirlərdən ibarətdir. Həmin şeirlər daha çox heca vəznində yazılmışdır. Doğrudur, şairin əruz vəznli əsərlərində də əxlaqi-tərbiyəvi fikirlər yox deyil. Ancaq heca vəznli poeziya nümunələrində deyilən motiv daha qabarıq və aparıcıdır. Əlbəttə, bu, səbəbsiz deyil. Xətayi bir mənəvi-ruhani rəhbər kimi xalq arasında böyük nufuza malik idi. O, heca vəznində xalq şeiri janrlarında poetik örnəklər yazır və öz ideyalarını həm də bu əsərlər vasitəsilə kütlə arasında yayırdı. Belə ki, onun şeirlərini həm aşıqlar məclislərdə saz havasına uyğun çalıb oxuyur, həm də dərvişlər, müridlər gəzəri şəkildə söyləyir, təbliğ edir və yayırdılar. Bu cür lirik əsərlərdə mətləb və qayənin mümkün qədər sadə, dilin anlaşıqlı olması da əsas şərt idi. Xətayi həmin şərtə də , məqsədəuyğun şəkildə əməl edirdi. Bu isə onun şeirlərinin xalq içərisində geniş yayılmasına və təsir gücünün artmasına səbəb olurdu.
Xətayinin əxlaqi-didaktik poeziyası daha çox təlim-təşviq səciyyəlidır. Müəyyən ideya və mətləbin geniş oxucu dairəsində təbliğinə xidmət edir. Bu, şeirlərin ruhunda və bədii formasında aydın şəkildə sezilir. Onlar mövzu və ideyaca nə qədər didaktik, əxlaqi-tərbiyəvi ruhda olsa da, bu poetik örnəklərə təriqət və şiə-qızılbaş görüşləri də çilənir. “Ənəlhəq sirrini Mənsurdan”, “dərsimi məktəbi-ürfandan aldım” deyə iqrar edən bir sənətkarın yaradıcılığında deyilən mətləbin bədii ifadəsi təbii idi.
Klassik sənətkarımızın təlimi-didaktik şeirlərinin bəziləri aşıq ədəbiyyatındakı ustadnamələri xatırladır. Bunlar məzmun, ideya və forma baxımından ustadnamə ənənəsinin mükəmməl nümunələri kimi qiymətləndirilə bilər. Məsələn, aşağıdakı qoşmada olduğu kimi:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elim, bir kəlam, bir nəfəs, bir saz.
Gözəl əlim çıxsa, çıxsa salınsa,
Bədir aylar kimi doğsa, dolunsa,
Dörd şey vardır bir qarındaşa lazım:
Bir xeyir, bir şər, bir ibadət, bir niyaz.
Müdrik qələm sahibinin “Söz” rədifli gəraylısı poeziyamızda söz və onun dəyəri ilə əlaqəli ən hikmətamiz, aforistik və təsirli bədii kəlamlardan biridir:
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Xətayinin didaktik təliminin əsas fəlsəfi ideyası mənən zəngin və kamil şəxsiyyət yetişdirməyə hesablanıb (buraya şiə-qızılbaş məfkurəsi ilə bağlı müəyyən notları da əlavə etməliyik). İnsanın sözü dürüst, qəlbi saf, əməli işıqlı olmalıdır. Nəciblik, humanizm, gözütoxluq, yaxşılıq, qürur və ləyaqətini gözləmək, özünü dərk etmək, səxavət, ədalət, etibar, sədaqət, Allahı və onun yaratdıqlarını sevmək və s. insani keyfiyyətlər tərbiyəçi şairimizin oxucuya və dinləyiciyə aşılamaq istədiyi mətləblər silsiləsinə daxildir. Onun öyüd-nəsihətləri sadə, aydın, sirayətedici və yaddaqalandır.
Poemaları. Şairin “Nəsihətnamə” əsəri həcmcə yığcam olub lirik poemadır. Burada süjet xətti yoxdur. Dini-fəlsəfi mövzudadır, daha dəqiq deyilsə, dini-təsəvvüfi mahiyyət kəsb edir. Əsəri, əslində, sufi-qızılbaş ideyalarının müxtəsər poetik abidəsi hesab etmək mümkündür. Çünki buradakı qayə və mətləblər, irəli sürülən fikirlər sufi-qızılbaş məfkurəsinin mövcud baxışlar sisteminin yığcam məcmusudur, əsas tezis və müddəalarıdır. Həmin tezis və müddəalar təlimi və təlqini səpkidə bəyan edilmişdir. Bu, sənətkarın sufi-qızılbaş müridlərinə, qazilərinə və ümumiyyətlə, beyətçilərinə tövsiyələri, məsləhətləri və nəsihətləridir. Əsər sanki onlara (eləcə də digər oxuculara) müraciət tərzində yazılmışdır. Ümumi struktur və ahəngdə müraciət ruhu aydın sezilir.