Yaradıcılıq axtarışlarının zirvəsi
“İsgəndərnamə” poeması
Nizami bu son əsərini 1203-cü ildə tamamlamışdır. Poema iki hissədən ibarətdir. Birinci hissə “Şərəfnamə” (“Şərəf kitabı” anlamında) adlanır. Nüsrətəddin Əbu Bəkr Bişkinə həsr edilmişdir. İkinci hissə “İqbalnamə” ( “Bəxt kitabı”) adlanır. Bu hissəyə “Xirədnamə” ( “Ağıl kitabı”) də deyilir. İkinci hissə Mosul hakimi I İzzəddin Məsuda həsr edilmişdir. Poema şairin bədii-fəlsəfi axtarışlarının yekunu, yaradıcılığının zirvəsi sayılır.
Şərqdə adı yaxşı tanınan makedoniyalı İskəndərin əsərin qəhrəmanı kimi seçilməsi təsadüfi deyildir. Şair öz yaradıcılıq ənənəsinə bu poemada da sadiq qalmışdır; tarixi şəxsiyyət, tarixi material şair üçün həmişə bir vasitə rolunu oynamışdır. Şair onlara müraciət etməklə öz dövrünün ictimai problemlərini, dərdlərini açıqlamış və bədii həllini vermişdir. Başqa sözlə, əsərin mövzusu tarixi şəxsiyyət olan İskəndərlə bağlı olsa da, əsərdə təsvir edilənlər şairin yaşadığı dövr haqqındakı arzularıdır. Məsələn, poemada təsvir edilən xoşbəxtlər diyarında müşahidə olunanlar Nizami dövrünün həyatına, qanunlarına ziddir. Bu diyarda mövcud olanları şair ömrü boyu öz vətəni üçün arzulamışdır.
Poemada maraqlı obrazlar yaradılmışdır. Baş verən bütün hadisələrin mərkəzində İskəndər dayanır. Onun uşaqlığı, təlim-tərbiyəsi, gələcəkdə hökmdar olamağa hazırlanması əsərdə xüsusu dəqiqliklə təsvir edilmişdir. Şahlığa keçən İskəndərin qabiliyyəti, bacarığı özünü daha qabarıq göstərir. Ağıllı adamlarla əhatə olunan gənc hökmdar ona müraciət edən xalqları zalımım zülmündən qurtarır. Aydınlaşır ki, tarixi İskəndərə az bənzəyən bu qəhrəmanı Nizami ədalətsizliyi, özbaşınalığı, talan və işğalları aradan qaldıran qüdrətli hökmdar, sərkərdə kimi yaratmaqla müasirlərinə və sonrakı nəsillərə örnək göstərmişdir.
Gəzdiyi bütün yerlərdə haqqa, ədalətə yol açan, məzlumları müdafiə edən İskəndər Nizaminin arzuladığı tədbirləri həyata keçirir. Şair öz qəhrəmanını canlı insan kimi təsvir etmiş, onun nöqsanlarını, zəif cəhətlərini də göstərmişdir. Bəzən özünü fateh, işğalçı kimi aparması, qadına münasibətdə məhdudluğu və s. Nizamini təmin etmir. Lakin İskəndərin üstünlükləri çoxdur. Alimlərlə müntəzəm ünsiyyətdə olması, onların ağıllı məsləhətlərini dinləməsi, həyat təcrübəsi onun əqli və mənəvi cəhətdən daim zənginləşməsinə səbəb olur. Şair, İskəndəri şimala – azad ölkəyə gətirməklə bir neçə məqsəd güdmüşdür. Bu, ilk növbədə İskəndəri son dərəcə heyrətləndirir. O, belə bir ölkənin mövcud olduğunu biləndən sonra öz səfərlərini mənasız hesab edir. Digər tərəfdən şair belə bir qənaətə gəlir ki, ölkənin xoşbəxtliyi ideal hökmdardan asılı olsa da, bu, kifayət deyildir. İnsanın xoşbəxtliyi, cəmiyyətin səadəti üçün vacib olan şərtlər çoxdur.
Nizami öz qəhrəmanını zalım hökmdarlarla qarşılaşdırır, onun üstünlüyünü, qələbələrinin səbəbini ağıllı, tədbirli, ədalətli, insanpərvər olması ilə izah edir. Təsadüfi deyildir ki, İskəndər petğımbər məqamına yüksəlir. Boyük alimlərin qarşısında özünün fəsəfi görüşlərini şərh edir və mövqeyi rəğbətlə qarşılanır.
Poemanın birinci hissəsində daha çox İskəndərin apardığı müharibələrdən, hərbi yürüşlərindən danışılır. İkinci hissədə isə İskəndərin məşhur alimlərlə təşkil etdiyi elmi-fəlsəfi məclislərin təsvirinə, elm, dünya, həyatla bağlı düşüncələrə geniş yer verilmişdir.
Poemada bir-birini təkrar etməyən hökmdar obrazları yaradılmışdır. İran hökmdarı Dara orta əsr Yaxın Şərq ölkələrində hakimiyyətdə olanları təmsil edən səciyyəvu obrazdır. Şair ədalətsiz hökmdarlar üçün xarakterik olan bütün cəhətləri onun üzərində cəmləmişdir. Öz xalqına zülm edən, işğalçı müharibələri ilə doğma xalqını qırğına verən bu zalım hökmdar ölkəni saf niyyəti olmayan adamların ixtiyarına vermişdir. Şaha yaxın olan əyanlar belə ona nifrət edir, ondan canlarını qurtarmaq barədə fikirləşirlər. Dara qonşu ölkələrə də qənim kəsilmişdir. Vaxtaşırı işğal, qarət məqsədi ilə hərbi yürüşlərə çıxan bu hökmdar digər ölkələri ağır xərac ödəməyə məcbur edir. Daranın əməlləri onun məhvinə səbəb olur.
İskəndərin atası Feyləqusa Nizami rəğbətini gizlətmir. Bu hökmdarın bütün tədbirləri ölkədə hökm sürən qanunlar çərçivəsində həyata keçirilir. Bütün təbəqədən olan insanlar onun himayəsində olduqlarını hiss edir, ölkələrinə sədaqətlə xidmət edirlər. Feyləqus həm də səriştəli siyasətçidir. Ona paxıllıq edən, işğalçılıq niyyətindən heç vaxt əl çəkməyən Daraya ölkəsinə basqın etməsinə imkan vermir. Ona xərac ödəməklə xalqını qırğından, ölkəsini dağılmaqdan qoruyur.
Şair zalımlığı ilə ad-san çıxarmış Pələngərə nifrətini gizlətmir. Ədalətsiz müharibələri özünə peşə edən bu amansız hökmdar insanları qorxu, vahimə altında saxlamaqdan zövq alır. Onun taleyi də əməlləri kimi qara olur. İskəndərin əli ilə məhv olması rəmzi səciyyə daşıyır.
Əsərdə diqqəti cəlb edən hökmdar obrazlarından ən maraqlısı Nüşabədir. O, ağıllı və tədbirlidir. Ölkəsinə qapanıb qalmamışdır. Yaxın və uzaq ölkələrdə baş verənləri diqqətlə izləyir və nəticə çıxarır. Ölkəsini ədalətlə idarə edir, kimsənin ehtiyac içində yaşamasına, başqasının zülmünə qatlaşmasına imkan vermir. Yurdunun abadlaşması üçün əlindən gələni əsirgəməyən bu qadın hökmdar onun basqınlardan qorunması məqsədi ilə lazım olan tədbirləri həyata keçirir.
Nüşabənin uzaqgörənliyi İskəndəri heyrətləndirir, bu ağıllı qadına böyük hörmət bəsləyir, ölkəsinin toxunulmazlığına təminat verir. İskəndər verdiyi sözə əməl edir, bir müddət sonra rusların iyrınc ayaqlarının Bərdəyə dəydiyini, bu gözəl şəhəri xarabaya qoyduqlarını, Nüşabəni əsir etdiklərini bilincə köməyə tələsir. Ağır döyüşlərdən sonra rusları məğlub edib Nüşabəni əsirlikdən azad edir.
Digər türk qadın obrazları kimi Nüşabəyə də rəğbətini gizlətməyən şair onu sevə-sevə təqdim edir.