İNTİBAH DÖVRÜNÜN BÖYÜK ŞAİRİ
NİZAMİ GƏNCƏVİ
Dövrü və həyatı haqqında
Ölməz əsərləri, humanist ideyaları ilə dünyanın ən tanınmış söz sənətkarlarının önündə dayanan Nizami Gəncəvinin yaşadığı XII əsrdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm hadisələr baş vermişdir. Həmin dövrdə Azərbaycanın şimalı Şirvanşahlar, cənubu isə Azərbaycan Atabəyləri adlanan Eldəgizlər tərəfindən idarə olunurdu. Cəmiyyətdə təbəqələşmə və ziddiyyətlər getdikcə dərinləşirdi. Feodal qanun-qaydaları əhalinin yoxsul təbəqəsini amansızcasına əzir, cəmiyyətdə ədalətsizlik baş alıb gedirdi. Bu, xalq kütlələrinin etirazına səbəb olur, ehtiyac içində yaşayanların ........Təsadüfi deyildir ki, həmin dövrdə bir sıra təşkilatlar yaranmış, insanları, heç olmasa, öz sıralarında birləşənləri müdafiə etməyə çalışmışlar. Belə təşkilatlardan daha güclüsü şəhər sənətkarlarının təşkil etdiyi əxilik (qardaşlıq) idi. Bu təşkilatın üzvləri dini pərdə altında istismarçı sinfin ədalətsizliyinə qarşı çıxır, insanlara yardım maddi və mənəvi yardım göstərirdilər.
Çətinliklərə baxmayaraq ölkənin iqtisadi həyatında irəliləmə, inkişaf özünü göstərirdi. Böyük karvan yolunun Azərbaycandan keçməsi iqtisadi əlaqələrin artmasına, ticarətin güclənməsinə ciddi təsir edirdi. Azərbaycan ipəyi, toxuculuq və zərgərlik məhsulları dünyanın müxtəlif ölkələrinə yol tapırdı. Uzaq ölkələrdən, xüsusən Çin və Hindistandan ardıcıl gələn tacirlər öz məhsullarını gətirməklə bərabər, Azərbaycandan da müxtəlif mallar aparırdılar. Azərbaycandan digər ölkələrə balıq, quru meyvə, zəfəran, mis və s. ixrac edilirdi.
Ticarət əlaqələri mədəni əlaqələrin yaranmasına və inkişafına az təsir etmirdi. Azərbaycan alimləri bir çox ölkələrin ədəbiyyatı, mədəniyyəti ilə tanış olmaq imkanı qazanırdılar.
Şamaxı, Gəncə, Təbriz, Ərdəbil və digər şəhərlər sürətlə inkişaf edir, onlarda fərdi məktəblərin, mollaxana və mədrəsələrin sayı gündən-günə artırdı. Bu təhsil ocaqlarında dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi. Həmin dövrün məktəblərinin məzunları məntiq, riyaziyyat, tibb, ədəbiyyat nəzəriyyəsi və s. elmlər üzrə dərin bilik qazanmış olurdular.
Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında baş verən mütərəqqi inkişaf məşhur alimlərin, filosof və bədii söz ustalarının yetişməsinə imkan yaradırdı. Bədii ədəbiyyatda humanist ideyaların, qadın hüququna hörmət və əməyə rəğbət hissinin ifadəsi, haqqın, ədalətin müdafəsi, hər cür zorakılığa etiraz mühüm yer tuturdu. Söz sənətində, incəsənətin digər sahələrində mütərəqqi ideyaların təbliğ edilməsi intibah poeziyasının yarandığından xəbər verirdi. Onun ən görkəmli nümayəndəsi Nizami Gəncəvi idi.
Şairin həyatı haqqında ən döğru məlumatı özünün əsərlərindən öyrənmək olur. İlyas Yusif oğlu Nizami 1141-ci ildə Gəncə şəhərində sənətkar ailəsində dünyaya gəlmişdir. Nizami şairin ədəbi təxəllüsü olub, nəzm yaradan anlamındadır. O, mükəmməl təhsil almış və müstəqil mütaliə yolu ilə dövrünün bütün elmlərini dərindən öyrənmişdir. Əsərlərindən məlum olur ki, o, xeyli dil bilmişdir. Valideynlərini itirən İlyas dayısı Xacə Ömərin adını minnətdarlıqla xatırlayır. O, gənc yaşlarından mütaliə ilə ciddi məşğul olmuşdur. Türk, yunan, ərəb, fars və digər xalqların tarixini, mədəniyyətini mənimsəyən şair əsərlərində onları tez-tez xatırlayır, mənbə kimi onlara müraciət edir.
Yaradıcılığa gənc yaşlarından başlayan İlyas az vaxtda lirik şeirləri ilə məşhurlaşmış, Nizami kimi tanınmış və nüfuz qazanmışdır. Onun qəzəlləri məclislərdə oxunmuş, geniş yayılmış, hökmdarların diqqətini cəlb etmişdir. Dəfələrlə saraya dəvət edlilsə də, sərbəstliyi üstün tutan Nizami ömrü boyu doğma şəhərində, öz evində yaşamışdır.
Dərbənd hökmdarının hörmət və ehtiram əlaməti olaraq Nizamiyə göndərdiyi Afaq adlı kəniz ağlı bə gözəlliyi ilə şairi heyran etmiş və onunla ailə qurmuşdur. 1174-cü ildə dünyaya gələn övladlarına Məhəmməd adını vermişlər. Bu xoşbəxtlik uzun sürməmiş, şairin böyük hörmət bəslədiyi Afaq 1177-1180-ci illər arasında vəfat etmişdir.
Çox məhsuldar işləyən Nizami sonuncu əsərində – “İskəndərnamə” də tez-tez qocalıqdan, xəstəlkdən şikayətlənmişdir. Bəlkə də son əsəri olan “Qocalıq”adlı qəsidəsində isə həyatının son dövrünü daha təsirli şəkildə əks etdirmişdir.
Böyük sənətkar 1209-cu il mart ayının 12-də Gəncə şəhərində vəfat etmişdir.
Yaradıcılığı haqqında
Lirik şeirləri. Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun əsərlərindən məlum olur ki, şairin mükəmməl divanı olmuşdur. Bunu sonralar mənbələr də təsdiq edir, lakin təəssüf ki, bu divan əlimizdə yoxdur. Bəlkə də Avropanın hansı kitabxanasında, yaxud muzeyində gizlədilən bu divanın nə vaxtsa üzə çıxacağına ümid vardır.
Bu gün oxucular onun məhdud sayda qəzəllərini, qəsidələrini və rübailərini mütaliə edə bilirlər. Az sayda olan bu şeirlər şairin nadir istedad sahibi olduğunu təsdiq edir. Nizaminin yaradıcılığını araşdıran ciddi tədqiqatçıların fikrincə, o, poemalarını yazmasa belə lirikası ilə dünyada şöhrətli sənətkar kimi tanınardı. Bu şeirlər müxtəlif mövzularda qələmə alınmışdır. Məhəbbət mövzusunda olan şeirləri – qəzəlləri daha çoxdur. Bu qəbildən əsərlərində təkcə məhəbbətin ülviliyi deyil, insanlıq, insanın aliliyi ön plana çəkilir. Bir çox hallarda təbiət və insan gözəlliyini qoşa götürüb münasibət bildirən şairin insanpərvərliyinə valeh olmamaq mümkün deyildir.
Bağ içində görər-görməz məni oda yaxan güldü,
İliyimə qədər əsdim, gülən də çox yaman güldü.
Göy bağçalar xoşhal oldu, fərəhləndim bu gülüşdən,
Çiçəklərin arasında çiçək kimi bir can güldü.
Lirik qəhrəman saf və səmimidr, hər cür eqoizmdən uzaqdır, həqiqi düşüncələrini, hislərini gizlətmir.
Məstəm sənin eşqində, vüsalınla ayılt gəl,
Qarə qulunam, şiveyi-türkanədən əl çək!
Aşiq düz ilqarlı olduğuna sevgilisini inandırmaq üçün dönə-dönə and içir, onsuz bu dünyanın bir heç olduğunu etiraf edir. Onu həyata bağlayan candan artıq sevdiyi, uca tutduğu sevgilisidir. Hicran odu onu yandırsa da, taqətini əlindən alsa da, məhəbbətinə kölgə salmır. Qəbinə hakim kəsilmiş sevgilisi ilə birlikdə güclü, qüdrətli ola biləcəyini çatdırmaqdan çəkinmir.
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
... Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Şairin qəzəllərinin bir qismində ictimai fikirləri əksini tapmışdır. Belə əsərlərdə gəncliyə müraciətlə söylənilən dəyərli fikirlər bu gün üçün də əhəmiyyətlidir. Gəncləri vaxtlarını boş keçirməməyə, ayıq olmağa, bilik və bacarıqlara yiyələnməyə səsləyən şair: “Cavanlıq köçmək üzrədir, ondan istifadə et ki, heç kəs ikinci dəfə dirilik tapmayacaqdır.” – deyir.
Qəsidələrində ictimai fikirlərə daha geniş yer verən şair zəmanəsində baş verən haqsızlığa, ədalətsizliyə kəskin etirazını ifadə etmişdir. Müasirlərinə ədalətli, xeyirxah, insaflı olmağı, sərvət ardınca qaçmamağı nəsihət edən sənətkar zalımları öz əməllərinin qurbanı olacaqları barədə xəbərdar edir.
“Sirlər xəzinəsi” poeması. Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr edilən bu əsər 1174-cü ildə yazılmışdır. Poema iyirmi məqalatdan (müəyyən mövzu üzrə ümumi şəkildə yazılan mənzum nəsihət) və iyirmi mənzum hekayətdən ibarətdir. Əsərdə hər məqalatdan sonra mənzum hekayət verilmişdir. Bu və ya digər problemlə (ictimai, fəlsəfi, dini) bağlı məqalatda əksini tapmış fikir mənzum hekayətdə təsdiqini tapmışdır. Şairin bu ilk poemasında vahid süjet xətti olmasa da, təsvir olunanları birləşdirən cəhətlər çoxdur. Məsələn, hekayətlərdə ictimai ədalət ideyası ardıcıllıqla izlənilir. Eləcə də insan ləyaqətinin ucalığı, əməyə, elmə, sənətə hörmət, haqsızlığa, zülmə etiraz poema boyu diqqət mərkəzində saxlanılan mühüm məsələlərdir. Hekayətlərin əksəriyyətində “şəhərləri xaraba, kəndli xırmanlarını dənsiz qoyan, toyuq yerinə bayquş əyləşdirən” ədalətsiz şahları kəskin tənqid edir, onları xalqın qəzəbi ilə qorxudur, doğru yola qayıtmalarını məsləhət görür. Bu baxımdan səciyyəvi olan “ Nuşirəvan və bayquşların söhbəti” hekayətində ədalətsiz əməlləri ilə ölkəni xarabaya çevirmiş hökmdar ifşa edilir. Hekayətdə təsvir edilir ki, Sasani hökmdarlarından olan Nuşirəvan ov zamanı vəziri ilə birlikdə xarabalıqdan keçməli olur. Xarabalıqda iki bayquşun söhbətini eşidən hökmdar vəzirindən onların nə barədə danışdıqlarını soruşur. Vəzir bayquşların qohum olmağa hazırlaşdıqlarını söyləyir. Qızını ikinci bayquşun oğluna vermək istəyən birinci bayquş süd bahası olaraq nə qədər xaraba alacağını soruşur. İkinci bayquşun cavabı şahı sarsıdır; ikinci bayquş arxayınlıqla deyir ki, Nuşirəvan hökmdar olduğu müddətdə sənə istədiyin qədər xaraba kənd verə bilərəm.
“Zalım padşahla zahidin dastanı”, “Sultan Səncər və qarı” və s. hekayətlərdə bu xətt davam etdirilir.
Maraqlı insan obrazları yaradılan poema mütərəqqi ideyalarla zəngindir.
“Xosrov və Şirin” poeması. Şair bu poemanı 1181-ci ildə tamamlamışdır. Bu mövzuda əsər yazmağı ondan Atabəylər dövlətinin hökmdralrından olan Məhəmməd Cahan Pəhləvan xahiş etmişdir. Hökmdar artıq böyük sənətkar kimi tanınmış Nizamidən məhəbbət mövzusunda maraqlı, diqqətəlayiq dastan gözləyirdi. Şair bir çox sələflərindən və müasirlərindən fərqli olaraq məhəbbət macəralarında bəhs edən əsər yazmaqla bu xahişə əməl etmək istəməmişdir. Müxtəli mənbələri, baş qəhrəmanlarla bağlı əfsanə və rəvayətləri diqqətlə öyrənən, araşdıran şair, Firdovsinin “Şahnamə”sində əksini tapmış Xosrov və Şirin əhvalatından fərqlənən süjet qurmuş, möhtəşəm sənət abidəsi yaratmışdır.
Poemanın əsasında Sasani şahı Xosrov Pərvizlə Azərbaycan – türk şahzadəsi Şirinin məhəbbətinin təsviri dayanır. Məhəbbət mövzusunda yaradılan bu poemada Nizaminin həyat, insan taleyi, ölkənin ədalətlə idarə edilməsi, hökmdar və xalq və s. bağlı müdrik fikirləri bir sistem şəklində əksini tapmışdır. Şairin humanist ideyalarına geniş yer verilən poemada, qadın azadlığı, qadının həyatda mövqeyi, ictimai işlərdə, dövlətin idarə edilməsində iştirakı ön plana çəkilir. Bu cəhətlər nəzərə alınaraq poemanın ideyaca zəngin olduğu, müxtəlif mənbələrdə dönə-dönə vurğulanır. Bu zənginliyin içərisində həqiqi məhəbbətin insanı dəyişdirməsi, mənən zənginləşdirməsi özünü qabarıq büruzə verir.
Əsərdə diqqəti daha çox cəlb edən Şirin obrazıdır. O, Nizamiyə qədər yaradılmış bütün qadın obrazlarından yüksəkdə dayanır. Şirin dərin məhəbbətlə sevdiyi Xosrovdan ciddi şəkildə fərqlənir. Bu fərq məhəbbətə, insanlara, taxt-taca, dövlətin idarə edilməsinə münasibətdə özünü aydınca göstərir. O, ilk məhəbbətinə sadiq qalır, hətta yeganə sevdiyinin ayrılığna dözməyib özünü öldürür. Şirinin həyatı elə də hamar olmur. Xosrova olan sevgisi ona az əzab gətirmir. Əvvəli şıltaq şahzadə, sonrası isə qürurundan əl çəkə bilməyən məğrur şah olan sevdiyi insanı – Xosrovu ləyaqətli görmək arzusu onu bir an da olsa, tərk etmir. Ağır sınaqlar, mənəvi sarsıntılar Şirini tutduğu yoldan döndərə bilmir. O, arzusuna və sevdiyi insana qovuşur.
Əsərin ikinci baş qəhrəmanı Xosrovdur. Şair onun uşaqlığını, gənclik illərini maraqlı təsvirlərlə diqqətə çatdırır. Hələ kiçik ikən gözəlliyi, şirin danışığı ilə görənləri heyan edən Xosrov gənclik illərində gücü, qoçaqlığı ilə hamıdan seçilir. Saray mühitində tərbiyə alan Xosrov şıltaqlığı ilə fərqlənir, atasının ədalətli qanunlarını pozur. Az sonra isə eyş-işrətə başı qarışır, ölkənin, xalqın taleyi ilə maraqlanmayan bu şahzadədə taxt-taca da laqeyd münasibət yaranır. Şirinin ağıllı məsləhətlərindən inciyən Xosrov onunla rəsmi şəkildə evlənmək istəmir. Atasından qalan taxt-tacı geri qaytarmaq üçün Məryəmlə evlənməsi başadüşülən olsa da, Şəkərlə evlənməsinin izahı məntiqsizdir. Bunu Şirini qısqanclıq odunda yandırmaq, onu özünə istədiyi şəkildə tabe etmək üçün etdiyini düşünmək olar. Amma bütün hallarda yanlış addımdır.
Qadına, o cümlədən Şirinə yuxarıdan, həm də kəniz kimi baxan Xosrov zaman keçdikcə dəyişir. Bu, Şirinin təsiri ilə baş verir. Şair bu qürurlu hökmdarı Şirinin vasitəsi ilə tərbiyə edir. Bu, saf, həqiqi məhəbbətin gücü, qüdrəti ilə baş verir.
“Leyli və Məcnun” poeması. Şirvanşah Axsitana həsr olunan bu əsər 1188-ci ildə yazılmışdır. Şərqdə geniş yayılmış bu əfsanəni yazılı ədəbiyyata Nizami gətirmişdir. Əsər məhəbbət mövzusundadır, lakin bu mövzu şairə ictimai fikirlərini geniş ifadə etmək imkanı vermişdir. Başqa sözlə, Nizami əsərində zəmanəsində mövcud olan ictimai bəlalara, nöqsanlara münasibət bildirmiş, diqqəti həlli vacib olan problemlərə cəlb etmişdir.
Nizamini daha çox düşündürən feodal ictimai quruluşunun insanın mənəvi azadlığına düşmən olması idi. Humanist şair bununla bütün ömrü boyu, yaradıcılığı boyu barışmamışdır. “Leyli və Məcnun”da isə şair bütün istedadını məhz bu ictimai bəlanın ifşası üçün səfərbər etmişdir. Təsadüfi deyildir ki, poemanın başlanğıcında şair insan haqqındakı humanist, mütərəqqi düşüncələrini ifadə etmişdir. Şairə görə, insan adı ən şərəfli, ən uca mövqedə dayanır. İnsan dünyaya böyük məqsədlər üçün gəlmişdir. Elə buna görə də insan ləyaqətlə yaşamalı, mərd və cəsur olmalıdır.
Poemanın baş qəhrəmanları şairin bu düşüncələrinin işığında yaradılmışdır. Məcnun varlı, şöhrətli qəbilə başçısının oğludur. Nə qədər ki, Leylini sevməmişdi hörmət sahibi idi, yoldaşlarından fərlənmirdi, diqqət mərkəzində idi. Elə ki Leylini sevir, ona münasibət də dəyişir. Cəmiyyət ona, qəbilə başçısının oğlu olsa da, yad adam kimi baxır. Əvvəllcə dedi-qodu başlanır, ardınca Qeysi ağılsız, daha sonra Məcnun adlandırırlar. Sevməklə cəmiyyətin düşüncə çərçivəsindən çıxan Qeys tədricən həmin cəmiyyət üçün, hətta ata-anası üçün anlaşılmaz olur. Onu başa düşmədikləri üçün əvvəlcə lağa qoyur, sonra ardınca düşüb “məcnun” deyə ələ salırlar.
Ağıllı, nəcib, həssas, istedadlı şair olan Qeys – Məcnun pisliklərin hökm sürdüyü cəmiyyətdən uzaqlaşmağı yeganə çıxış yolu sayır. Yumşaqtəbiətli Məcnun öz xoşbəxtliyi uğrunda mübarizə aparmaqdan uzaqdır.
Məhəbbəti yolunda sonsuz əzab-əziyyət çəkən Məcnuna nə qüdrətli sərkərdə Nofəl, nə də ocaqlar, pirlər kömək edir.
Leyli həmyaşıdlarından ağıllı, zəkalı və gözəl olması ilə fərqlənir. Ən böyük fərq isə özü kimi ağıllı Qeysi sevməsidir. Onun faciəsi də elə bundan başlanır. Müstəqil düşüncəni boğan, mənəvi azadlığa qənim olan feodal adət-ənənələri Leylinin dilini, əl-qolunu bağlamışdır. Leyli hüquqsuz olduğunu anlayır, Məcnunu dərin məhəbbətlə sevsə də, atası onu tanımadığı adama – İbn Səlama ərə verəndə atasının iradəsi əleyhinə çıxa bilmir.
Qadının fikir və iradə azadlığına xüsusi önəm verən Nizami öz qəhrəmanına rəğbət bəsləyir. Leyli ərə verildiyi İbn Səlama tabe olmur, hətta ona sillə belə vurur. Bu, qadını kölə vəziyyətində saxlamağa çalışan orta əsr baxışlarına Nizaminin etirazı idi.
Poemanın hər iki qəhrəmanı ölür. Həyata, insanlara yeni gözlə baxan, işıqlı arzularla yaşayan bu zəkalı gənclər qaranlıq mühitin qurbanına çevrilirlər. Lakin bu nakam məhəbbət bu qaranlıq mühitin ömrünün uzun olmayacağına işarə edir. Zaman öz sözünü deyir, mənəvi azadlığa gedən yol get-gedə qısalır.
“Yeddi gözəl” poeması. Poema 1197-ci ildə yazılmışdır. Şair onu Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Mövzu V yüzillikdə yaşamış Sasani şahı Bəhram Gurla bağlıdır. Lakin şairin məqsədi bu tarixi şəxsiyyətin həyatını, şahlıq fəaliyyətini təsvir etmək olmamışdır. Bu tarixi şəxsiyyətin adını əsərə gətirən Nizami öz ictimai görüşlərini geniş ifadə etmək niyyətini gümüşdür. Ən başlıcası isə dövlətin necə idarə olunması barədəki düşüncələrini əks etdirməyi qarşısına məqsəd qoymuşdur. Şairi ömrü boyu düşündürən fikir – ölkəni təcrübəli, elmli, ədalətli insanlar idarə etməlidir – bu poemada diqqət mərkəzinə çəkilmişdir. Əsərin ideyasını bu şəkildə izah edən alimlər haqlıdırlar.
Əsərin qəhrəmanı Bəhram Gur haqqında deyilənlər, əslində, şairin öz müasirlərinə – hökmdarlara ünvanlanmışdır. Atası Yəzdigirddən fərqli olaraq ölkəni ədalətlə idarə edən Bəhram tezliklə xalqın rəğbətini qazanır. İnsanlar firavan yaşayır, yoxsulluq və dilənçilik aradan qalxır. Aclıq illərində şah xalqın qayğısına qalır, xəzinənin hesabına fəlakəti sovuşdurur. Yalnız bir nəfərin acından öldüyünü biləndə özünü günahkar sayır və yas saxlayır. Xalqın bu ədalətli hökmdara məhəbbəti daha da artır. Lakin bu xoşbəxt günlər çox çəkmir. Bəhram şahın başı yeddi ölkənin şahzadə qızlarının nağıllarına qarışır, ölkə yaddan çıxır. Şahın etibar etdiyi adamlar ölkəni xrabaya, xalqı dilənçiyə çevirirlər. Taxt-tacı təhlükə altına düşən şahı bir çobanın məsləhəti ayıldır. Çoban özünə xəyanət edən itini ağacdan asıb cəzalandırır. Bəhram xəyanət yolunu tutmuş vəzirini – Rast Rövşəni cəzalandırır, ölkəni dirçəltmək, ədaləti bərqərar etmək üçün var güçü ilə çalışır.
Bu, Nizaminin baxışlarını təsdiq edir, yəni ağıllı hökmdar ölkəni ədalətlə idarə edə bilər.