Sarsılmaz birliyin gücü
“Salur Qazanın evinin yağmalandığı boyu”
Bu, “Dədə Qorqud” eposunun maraqlı boylarındandır. Onda baş verən hadisələr həm oğuz, həm də kafirlər – düşmənlər haqqında aydın təsəvvür qazanılmasına imkan verir. Digər boylar kimi onun da mövzusu oğuzların həyatı ilə bağlıdır. Onda əksini tapmış fikirlər – ideyalar isə zəngindir. Oğuzların birliyi, yurd sevgisi, gənclərdə vətənə məhəbbət, düşmənə nifrət hissinin yaradılması və tərbiyə edilməsi, anaya, qadına hormət boyda ifadə olunmuş mühüm ideyalardır. Bu başlıca fikirlər, ideyalar qəhrəmanların hiss və düşüncələrində, əməllərində, eləcə də boyun hər səhifəsində bir-birindən maraqlı ştrixlərlə, təsvirlərlə əksini tapmışdır. Bütün bunlar əsrlər boyu əhəmiyyətini itirməyən dəyərlərdir, bu günün insanları, cəmiyyəti üçün vacib olan məsələlərdir.
Boyda maraqlı insan surətləri vardır. Bunlardan diqqəti daha çox çəkən Qazan xandır. O, ev-eşiyindən uzaqda – ovda olarkən qorxulu yuxular göür. Nigarançılığı son həddə çatan qeyrətli sərkərdə ovunu yarımçıq qoyaraq yurduna dönür. Yurduna, ailəsinə, el-obaya sonsuz məhəbbəti addım-addım üzə çıxır. Bu baxımdan yurdu ilə xəbərləşməsi epizodu daha səciyyəvidir. Bu səhifələr onun həssaslığı, mərd, qorxmaz olması barədəki təsəvvürü daha da dərinləşdirir. Qaraca Çobanla söhbətindən aydın olur ki, o, nəyin bahasına olursa-olsun ailəsini, el-oba adamlarını xilas edəcəkdir. Təkbaşına düşmən üzərinə getməkdən çəkinməyən Qazan xanın xarakterindəki bir nəcib xüsusiyyət düşmən torpağına ayaq basan kimi üzə çıxır; bu yenilməz sərkərdə ilk növbədə, anasını geri tələb edir.
Oğuz igidlərinə xas olan bütün müsbət keyfiyyətlər Qazan xanda vardır. Döyüşdə düşmənə öndən hücum edən sərkərdə qaçanı qovmur, aman diləyəni öldürmür. Qazan xan ölkəni də ədalətlə idarə edir. Məzlumu zalımın pəncəsinə vermir, var-dövlət hərisi deyildir. Üç ildən bir xatununu da götürüb evindən çıxır və oğuz elinin adamları onun evindən özlərinə lazım olanları götürürlər. Oğuzlular onu özlərinə arxa, dayaq sayır, ona böyük hörmət bəsləyirlər.
Böyük nüfuz sahibi olan Qazan xanın razılığı və göstərişi olmadan Oğuzda heç bir mühüm iş həyata keçirilmir. O, məmləkətin birliyini, bütövlüyünü hər şeydən uca tutur. Dayısı Aruzun bu birliyə xəyanət etməsini bağışlamır və onu ağır cəzalandırır.
Qazan xanın bir üstünlüyü də məharətlə qopuz çalması və oxumasıdır. Bu, onun döyüş yoldaşlarını ruhlandırır, daha əzmkar olmalaına imkan yaradır.
Bayındır xanın qızı, Qazan xanın xatunu Burla xatun çətin sınaqla üz-üzə qalır. Düşmənlər onu kəniz kimi işlətməklə Qazan xanın şərəfinə, ləyaqətinə kölgə salmaq istəyirlər. Burla xatun ağıllı tədbiri ilə onların niyyətini puça çıxarır. Düşmən ikinci, həm də ağlagəlməz, dəhşətli tədbirə əl atır; ananı tanımaq üçün oğlunun ətindən qovurma bişirib o da içlərində olmaqla əsir qadınlara yedirtmək istəyirlər. Ana ürəyi bu dəhşətə dözmür, övlad dağı görmək istəmədiyindən oğlu ilə məsləhətləşir. Ana-bala oğuz elinə layiq qərar qəbul edirlər.
Qazan xanın oğlu Uruz sayca çox olan düşmənlə cəsarətlə vuruşsa da, əsir düşür. Əsirlikdə özünü ləyaqətlə aparır, atasının, anasının şərəfini uca tutur. O belə qənaətdədir ki, nəyin bahasına olursa-olsun, düşmənə şadlanmaq, sevinmək fürsəti verilməməlidir.
Qazan xan düşmən üzərinə Qaraca çobanla gedir, lakin onlar yalqız qalmırlar. Oğuzun bütün say-seçmə igidləri özlərini siyirməqılınc döyüşə çatdırırlar. Onlaraı saymaqla qurtarmaq olmaz. İlk çatanlar Qaragünə, Dəli Dondaz, Qarabudaq, Şir Şəmsəddin, Yeynık bəy, Beyrək və b. olur.
Boyda Qaraca Çoban qorxmazlığı və tədbirli olması ilə diqqəti çəkir. Düşmənin yağlı vədlərini lağa qoyub gülən çoban döyüşdə iki qardaşını itirsə də, sarsılmır. Böyük bir qoşunu qaçmağa məcbur edir. Qazana böyük hörməti, rəğbəti olan sədaqətli çoban igid sərkərdəni döyüşdə tək qoymur.
Bütövlükdə dastana məxsus bədii gözəllik bu boyda da özünü göstərir. Qafiyəli nəsr boydakı nəzm parçaları ilə birlikdə güclü ahəng yaradır. İstər nəsr istərsə də nəzm parçalarında tez-tez rast gəlinən alletrasiya və assonans bu ahəngi daha da artırır, mükəmməl harmoniyanın yaranmasına səbəb olur. Maraqlı bənzətmə və mübaliğələr boyda bədiiliyi və obrazlılığı təmin edən vasitələrdən biri kimi özünü göstərir.