MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Dünya şöhrətli abidəmiz
Bölmələr

******

24.12.2024, 05:30

Dünya şöhrətli abidəmiz

(“Kitabi-Dədə Qorqud”eposu)

 

Dünya xalqlarının heç də hamısının qədim dövrdə yaranmış dastanı, xüsusən də qəhrəmanlıq dastanı yoxdur. Belə dastanları olan  xalqın başını uca tutmasına mənəvi haqqı vardır. Ən azı ona görə ki, belə abidələr xalqın dili, tarixi, həyata baxışı, adət-ənənəsi, məişəti və s. barədə özündə zəngin məlumat əks etdirir. Belə abidələr xalqın keçmişini öyrənmək üçün mötəbər mənbə, əvəzolunmaz qaynaq rolunu oynayır. Ulu babalarımızın yaratdığı “Kitabi-Dədə Qorqud” (daha doğrusu : “Dədə Qorqud kitabı”) məhz belə möhtəşəm abidədir. Xalqımızın düşmənləri zaman-zaman bu abidəyə də düşmən kəsiliblər. Lakin qeyrətli yurdsevər alimlərimiz və ictimai-siyasi vəziyyətin dəyişməsi bu abidəni unudulmasına imkan vermədi, o, yenidən xalqımıza qayıtdı, onunla qovuşdu.  

“Dədə Qorqud” eposunun nə vaxt yaranması barədə elmi mübahisələr bu gün də davam edir. Xalqımızı, onun yaratdığı mənəvi sərvətləri gözü götürməyənlər xalqımızın tarixi kimi, dastanın yaranma tarixini qəsdən təhrif edir, onun yaşını qəsdən azaltmağa çalışırlar. Lakin faktlar, dəlillər tamamilə başqa fikir söyləməyə imkan verir. Bir sıra ciddi alimlər onun yaranma tarixinin üç min ildən də artıq olduğunu təsdiq edən dəlillər göstərirlər.

Dastanın müqəddiməsindəki fikrə əsaslanan bir sıra alimlər onun “islamiyyətdən öncə və onun ilkin çağlarında” yarandığını iddia edirlər. Unudulmamalıdır ki, dastanda, istərsə də müqəddimədə islamla bağlı sonradan artırmalar həddindən artıq çoxdur.

Uzun əsrlər boyu ozanlar tərəfindən yaşadılan, yayılan və zənginləşdirilən epos, nəhayət, yazıya alınmışdır. Dastanın elm aləminə iki əlyazması məlumdur. Dastanın kim tərəfindən yazıya alınması isə məlum deyildir. Yazıya alınması tarixi barədə də fərqli fikirlər söylənilir. Bir çox ciddi alimlərin fikrincə bu, XI-XII əsrərdə həyata keçirilmişdir. Lakin əsil nüsxə dövrümüzə çatmamışdır. Əlyazmalarından biri, həm də ən mükəmməli Almaniyanın Drezden kitabxanasında (ora necə düşüb?) saxlanılır. O, on iki dastan (boy), bir müqəd­di­mədən ibarətdir. İkinci əlyazma Vatikan (niyə orada?) kitabxanasındadır. O isə bir müqəddimə, altı dastandan (boydan) ibarətdir. Bu müqəddimə və altı dastan birinci əlyazmasındakılarla eynidir. XIX əsrdən elm aləminə məlum olan “Dədə Qorqud kitabı” Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin alimləri tərəfindən ciddi şəkildə araşdırılıb. Elm aləmində belə bir fikir də vardır ki, dastanın boylarından çox az qismi yazıya köçürülüb, ya da bizə çatanlar az qismidir.

Qədim oğuzların haqqında yazılanlar “Oğuznamə” adlanırdı. “Dədə Qorqud” da onlardan biridir. Dastan ozanlar ozanı Dədə Qorqudun adı ilə  bağlıdır. “Dədə Qorqud” kitabının müqəddiməsində onun haqqında məlumat var. O. oğuzların kamil bilicisi, böyük hörmət və nüfuz sahibi imiş. Özü kimi qopuzu da müqəddəs sayılırmış. Hamı onun yanına məsləhətə gələrmiş.Gələcəkdən xəbər vermək qabiliyyəti varmış, nə deyirmişsə, o da doğru çıxırməş. El ağsaqqalı kimi elçi gedər, toy-düyün keçirər, igidlik göstərən oğuz cavanlarına ad verərmiş. Təkcə insanlara deyil, əşyalara, anlayışlara da öz təbiətlərinə uyğun ad verərmiş. Əşyanın adı öz təbiətinə uyğun olmadıqda təəssüflənərmiş,

 

Gəlinə ayran demədim mən Dədə Qorqud,

   Ayrana doyran demədim mən Dədə Qorqud,

İynəyə tikən demədim mən Dədə Qorqud,

Tikənə sökən demədim mən Dədə Qorqud.

 

Eposda hər boyun müstəqil mövzusu və süjet xətti vardır. Lakin bu boylar ana xətlə bağlanır. Hadisələr daha çox Oğuzla bağlı olur. Oğuz sərhədləri, möhkəm qayda-qanunları olan ölkədir. Oğuz eli öz yurdlarını göz bəbəyi kimi qoruyur, candan əziz bilirlər. Oğuz özü iki yerə bölülünür, iki məkandan ibarətdir: İç oğuz, Dış Oğuz. Bütöv Oğuza xanlar xanı Bayandır xan başçılıq edir. O, hadisələrdə iştirak etmir, amma adı hörmət və ehtiramla çəkilir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Boylarda o daha çox iştirak edir, igidliyi, səxavətli, ədalətli olduğu addımbaşı təsdiqlənir.

Dastannın ayrı-ayrı boylarında müxtəlif Oğuz igidlərinin adı çəkilir. Bamsı Beyrək, Basat, Dəli Dondar, Qarabudaq, Uruz, Bəkil oğlu İmran, Qanturalı və digər el qəhrəmanları mərd, cəsarətli, yurdsevər insanlar kimi oxucunun rəğbətini qazanırlar.

Dastanda qadına, anaya dərin hörmət duyulur. Ana haqqı, tanrı haqqı ifadəsi işlənilir. Qadınlar kişilərlə bərabər el-obanın dərdi, problemi ilə bağlı məsələlərin müzakirəsində iştirak edirlər. Ağıllı, sədaqətli oğuz xanımları mehriban, qayğıkeş ana, sədaqətli xatundurlar. Onlar, yeri düşəndə qəlınc qurşayıb oğuz igidlərinə yardımçı olurlar. Ağıllı, tədbirli Boyu uzun Burla xatun, vəfalı, sədaqətli Banuçiçək, qorxmaz Selcan xatun və b. xarakter və əməlləri ilə oxucunun böyük rəğbətini qazanırlar.

Oğuzlar daim səksəkə içində yaşayırlar. Silah gəzdirməyə məcbur olurlar. Çünki mənfur qonşular fürsət düşən kimi Oğuza hücum edir, evlərini yağmalayır, qadınları, qocaları, körpələri qətlə yetirirlər. Casuslar gecə-gündüz oğuz elində baş verənləri izləyir, başçılarına xəbər aparırlar. Düşmən obrazlarından Şöklü Məlik, Qara Məlik, Trabzon təkuru və b. hiyləgər, amansız, eyni zamanda qorxaq olmaları ilə diqqəti çəkirlər. Onlar üzbəüz döyüşdən çəkinir və həmişə də oğuz igidlərinə məğlub olurlar.

Dastanda bədii həlli verilən problemlər çoxdur. Vətənin bütövlüyünün qorunub saxlanması, insanların düşmən hücumundan müdafiə edilməsi, oğuz elinin güzəranının, yaşayışının təmin edilməsi bunlardan ən mühüm olanlardır.

Boyların əksəriyyəti tarixi səciyyə daşıyır. Yalnız Təpəgöz və Dəli Domrulla bağlı əhvalat əfsanəvi xarakterlidir.

Oğuzun bir məmləkət kimi güclü qüdrətli olması xalqın birliyinin sayəsindədir. Bu birliyə yalnız bir boyda xələl gəlir, lakin günahkarlar dərhal cəzalandırılır.

“DədəQorqud kitabı”nı yaşadan, sevdirən xüsusiyyətlərdən biri onun bədii cəhətdən təkrarolunmaz gözəlliyə malik olmasıdır. Dastan ilk növbədə dilinin şirinliyi, cəlbedici olması ilə diqqəti çəkir. Məcazın bütün növlərinin bol-bol işləndiyi dastanda rəngarəng bədii boyalar bir-birini əvəz edir. Məcazlar orijinallığı ilə seçilr. Bənzətmələr ( qurulu yaya bənzər çatma qaşlım, güz almasına bənzər al yanaqlım, qoşa badam sığmayan dar ağızlım və s.), mübaliğələr ( atdığı daş yerə düşməzdi, təpə kimi ət yığ və s.), təzad ( Qaranlıq axşam olanda günü doğulan! Qarla yağış yağanda ər kimi duran!   və s. ) dastana xüsysi bi rəng, gözəllik gətirmişdir.   

Dastanda nəzmlə nəsrin əvəzlənməsi güclü ahəngin yaranmasına səbəb olmuşdur. Şeirdə ahəng yaradan vasitələr isə rəngarəngdir. Məsələn, eyni bir səsin, sözün misrada müxtəlif məqamlarda işlənməsi buna misal ola bilər.

 

Qarşı yatan qara dağlar,

Qarıyıbdır, otu bitməz,

Qanlı-qanlı irmaqlar

Quruyubdur, suyu gəlməz.

Şahbaz-şahbaz atlar

Qarıyıbdır, qulun verməz,

Qızıl-qızıl dəvələr

Qarıyıbdır, köşək verməz.

 

Əhvalat və hadisələrin bir-biri ilə sıx bağlılığı boyların hər birində süjetin tamlığına, kompozisiyanın bitkin olmasına imkan vermişdir. 




Copyright Ədəbiyyat dərsliyi © 2024