MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Usta Bəxtiyar
Bölmələr

******

17.11.2017, 22:22

 Abdulla Şaiq

Usta Bəxtiar

Bir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirin bu söhbətlərdə iştirak etmədiyini hiss edən şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:

- Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?...

Qoca vəzir öz fikrini açıq söyləməkdən qorxaraq, bir an başını yerə dikib durdu. Saray adamları vəzirin susduğunu görüb, yer-yerdən dedilər:

- Padşahım, yer üzündə sizdən xoşbəxt kim ola bilər? Sizdə olan bu cəlal, bu dəbdəbə kimdə var?

Vəzirin susmağından şah qəzəbləndi. Qaşlarını çataraq, acıqlı səslə:

-         Vəzir, mənim sualına niyə cavab vermirsən? – deyə sorşdu.

Vəzir baş əyib cavab verdi:

- Padşahım, həqiqəti söyləməkdən qorxuram. Bəxtiyarlıq haqqında mənim fikrim başqadır. Onu calal və dəbdəbə ilə ölçmək olmaz!

Bu sözlər padşahı daha da qəzəbləndirdi:

-         Qoca, yoxsa məndən daha bəxtiyar adam tanıyırsan?

Qoca vəzir baş əyib cavab verdi:

- Qibleyi-aləm, sizin kimi xoşbəxt bir padşahın vəziri olduğum üçün mən də özümü bəxtiyar bir adam sayıram. Bizim bu şəhərdə bir dəmirçi var, adı Əhməddir. Bu adam dünyada dərd nədir. Qəm nədir bilməz. O qədər gözəl və xoşbəxt həyat sürür ki, hamı onun adını "Bəxtiyar” çağırır. Dəmirçi Əhməd desən, heç kəs onu tanımaz. O bu şəhərdə Usta Bəxtiyar adı ilə məşhurdur.

Padşah istehza ilə gülərək soruşdu:

- Onun bəxtiyarlığı nədən ibarətdir? Dəmirçilik hara, bəxtiyarlıq hara?

- Yox, padşahım, mən də birinci dəfə eşitdiyim zaman inanmadım. Dükanına getdim, evinə getdim. Axırda onun çox bəxtiyar bir adam olduğuna inandım.

- Gördüklərindən danış, biz də bilək.

- Danışmaqla başa gəlməz, onu görmək lazımdır!

Padşah lap hövsələdən çıxdı, elə o saatca taxtdan enərək:

- Yaxşı, qalx gedək, onu mənə göstər, görüm səhərdən axşamacan çəkic vuran bu kasıb dəmirçinin məndən nəyi artıqdır, - dedi.

Vəzir qalxdı, hər ikisi dərviş paltarı geyib yola düşdü. Bazara çatdıqda, vəzir dəmirçi Əhmədin dükanını göstərib, özü qayıtdı. Padşah dərviş paltarında gedib Usta Əhmədin dükanı ağzında dayandı; Əhməd qonşu dəmirçilərlə söhbət edirdi. Dəmirçilərdən biri ondan soruşdu:

- Usta bəxtiyar, biz də sənin kimi dəmirçiyik. Bu nədəndir ki, sənin çəkicinin altına düşən dəmir o saat gözəl bir alət olub çıxır? Bunun sirrini bizə də öyrət!

- İş çəkicdə deyil, iş onu vurmaqdadır.

- Yaxşı, biz də elə onu öyrənmək istəyirik. Sən çəkici istədiyin yerə elə düz vurursan ki, bir tük qədər də o yan- bu yan olmur. Mən niyə elə vura bilmirəm?

- Sənin qəlbində o qədər xılt-mılt var ki...

Başqa bir dəmirçi Usta Bəxtiyarın sözünü kəsdi:

- Bu doğrudur, mən dəmirçiliyə başlayanda on səkkiz yaşım var idi. Usta Bəxtiyar isə elə bu sir-sifətdə toxtamış kişi idi. İyirmi beş ildir dəmirçiyəm. Bu iyirmi beş ildə bir dəfə də onu dərdli, kədərli görməmişəm. Həmişə şaddır. Mən qocalıram, o, gündən-günə cavanlaşır. Heç olmasa bizə bu sirri başa sal.

Usta Bəxtiyarın üz-gözündə, həmişə gülümsəməyə alışmış dodaqlarında uçuşan sevinc qığılcımları çəkic altında odlu dəmirdən uçuşan qığılcımlara qarışdı. O, nə isə cavab vermək istəyirdi ki, gözü qapıda dayanmış dərvişə sataşdı: çəkici əlindən yerə qoyub:

- Ağa dərviş, günortanız xeyir olsun, mənə görə qulluq?

Dəmirçilərdən biri qəhqəhə ilə gülərək dedi:

- Günəş çoxdan əyilib, axşamdır, biz dükanı bağlayıb evə getmək istəyirik, bu isə ağa dərvişə günortanız xeyir, deyir.

- O həvəslə ki, o işləyir, yaxşı ki sabahın xeyir demədi.

- Kişi yorulmaq bilmir.

Usta Bəxtiyar gülümsəyərək:

- Sənətini sevən yorulmaz! Buyurun, ağa dərviş, əmriniz nədir?

Dərviş gözlərini Usta Bəxtiyarın üzünə dikərək:

- Mənim səninlə işim yoxdur, deyə geri çəkildi.

Usta Bəxtiyarın bütün ailə üzvləri süfrə başında oturub, deyir-gülür, danışırdılar. Bu zaman qapı döyüldü. Qapını açan usta Bəxtiyar bazarda gördüyü dərvişi dərhal tanıdı. Qolundan tutaraq:

- Buyur, ağa dərviş, buyur xoş gəldiniz! – deyə onu içəri gətirib yer göstərdi.

Usta Bəxtiyar qonağı məşğul etmək üçün şirin-şirin danışırdı. Süfrəyə çay gəldi. Usta Bəxtiyar stəkanı qaldırıb baxdıqdan sonra:

- Pəh, pəh, nə gözəl dəm çəkib, padşah da ömründə belə çay içməyib, - dedi.

Bir az sonra süfrəyə piti gəldi. Ceyran hər kəsin xörəyini qablara çəkib qabağına qoydu. Dərviş ətin az olduğunu görüb:

- Ət neçə girvənkədir? – deyə soruşdu.

- Hər gün yarım girvənkə ətimiz olur. Bu gün qonaq gəldiyinə görə bir fincan su artırmışam, - deyə Ceyran gülümsəyərək cavab verdi.

Usta Bəxtiyar məmnun tövrlə dedi:

- Demək, ağa dərviş öz payını yeyir, bizə heç minnəti yoxdur.

Sonra o, böyük bir iştaha ilə yeməyə başladı. Xörək ona o qədər xoş gəldi ki, özünü saxlaya bilməyib:

- Ağa dərviş, həvəslə ye, belə pitini padşah da ömründə heç yeməyib, - dedi.

- Görünür, öz həyatından çox razısan. Süfrəyə gələn hər şeyi səni fərəhləndirir.

- Fərəhləndirir, çünki o bizim Ceyranın əlindən çıxır.

Demək, Ceyranı çox sevirsən? Nə əcəb demədin ki, belə arvad heç padşahın sarayında da yoxdur?

- Sarayda Ceyrandan gözəl xanımlar çoxdur. Ancaq, ağa dərviş, yaddan çıxarma ki, azad məhəbbətdən doğan səmimiyyət şah sarayında tapılmaz. O, başqa bir aləmdir...

Səhər oldu. Usta Bəxtiyar qəlyanaltıdan sonra xudahafizləşib qapıdan çıxdı. Həyətdə tut ağacı başında budaq-budaq gəzən bülbül şaqır-şaqır ötür, səhər nəğməsi ilə Usta Bəxtiyarı salamlayırdı. Bəxtiyar köhnə dostunun şən nəğmələri altında addımlarını iri-iri ataraq Dəmirçi bazara gəldi, dükanı açdı, ocağı qaladı, bir dəmir parçasını ocağa qoyub körüklədi. Dəmir parçası köz kimi qızardıqda onu maşa ilə götürüb zindan üstünə qoydu, çəkici qaldırıb vurmaq istərkən şahın carçısı bazar başında uca səslə bağırdı:

Şahın əmri ilə bütün dəmirçi dükanları bağlanmalıdır. Dəmirçilik qadağandır! Dəmirçilik qadağandır!..

Bu səs Usta Bəxtiyarın qolunu taqətsiz buraxdı. Ömründə dərd, kədər görməyən könlünə bir ağırlıq çökdü. Şahın fərraşlarından biri dükanları bağlada-bağlada Usta Bəxtiyarın dükanına çatdı, kəskin və məğrur bir səslə:

- Dükanı tez bağla! – dedi.

Usta Bəxtiyar cavab vermədi. Əlindəki dəmir parçasını dükanın bir tərəfinə atdı, ocağı söndürdü, dükanı bağlayıb getdi.

İki gün sonra padşah Usta Bəxtiyarın halını soruşmaq üçün dərviş paltarında saraydan çıxdı. Şəhərin küçələrini gəzə-gəzə yeni tikilməkdə olan bir bina qarşısına yetişdi. Gördü ki, bir bənna çox həvəslə işləyir. Adamlar koma-koma durub onun işləməyinə tamaşa edir. Bənna ikinci qatda bir divar üstündə durub aşağıdan atılan kərpicləri bir-bir tutur və çox cəld divar hörür. Bənna elə iti işləyir ki, əllərini görmək olmur. Tamaşaçılardan biri deyirdi:

- Maşallah, bir ustaya bax, əllərini görmək olmayır. Buna həzar-peşə Bəxtiyar deyərlər. Dünyada bunun əlindən gəlməyən bir sənət yoxdur.

Dərviş ürəyində gülərək:

- Hərif dəmirçilikdən bənnalığa keçibdir, - dedi.

Axşam oldu, şamlar yandı. Dərviş Usta Bəxtiyarın kefini soruşmaq üçün qapıya gəldi. Otaqda saz çalınırdı. Saz o qədər məharətlə çalınırdı ki, dərviş həvəslə dinləməyə başladı. Alğı qurtarınca hər tərəfdən:

- Sağ ol, ata, sağ ol, ata, yaşa, yaşa! – səsləri ucaldı. Bu vaxt Ceyranın səsi eşidildi:

- Əhməd, sən əlinə bu sazı alanda cavanlığımız yadıma düşür.

Usta Bəxtiyar şən və gurlayan səslə:

- İndi də heç qocalmamışıq, ay arvad, biz həmişəbaharıq, - dedi.

Ertəsi gün Usta Bəxtiyarı padşahın hüzuruna gətirdilər... Usta Bəxtiyar taxtın qabağında durub şaha baş əydi.

Padşah soruşdu:

- Adın nədir?

- Padşah sağ olsun, adım Əhməddir.

- Bəs nə üçün sənə Usta Bəxtiyar deyirlər?

- Bu adı mənə camaat verib.

- Çox yaxşı, Usta Bəxtiyar, eşitmişəm ki, sən çox qoçaq adamsan; ona görə də səni sarayda fərraş təyin edirəm.

Vəzir: "Pəh, bu kişi doğurdan xoşbəxtdir, - deyə pıçıldadı. – Çəkicin, daş-palçığın üzündən qurtardı. Maaşı yoxsa da, gündə on-on beş qran kasıb-kusubdan çalıb-çapar, bu pul onun dədəsinə də çatar, özünə də”.

Bu sözləri eşidincə Usta Bəxtiyarın gözləri kəlləsinə çıxdı. İkiqat əyilib, padşahın təklifini rədd etmək istədi:

- Qibleyi-aləm, məni çevir başına, fərraş eləmə.

Vəzir baş əyərək:

- Padşahım, yaxşı tanımısan, fərraşlıq bu kişinin elə bil boyuna biçilib, - dedi.

Bundan sonra Usta Bəxtiyar çox yalvardı, yaxardı, min bir bəhanə gətirdi, qəbula keçmədi. Padşah "Sözüm sözdür”, deyə inadından dönmədi. Fərraşı çağırdılar. O, içəri girib baş əydi. Padşah fərraşa paltarını soyunub Usta Bəxtiyara verməsini əmr etdi. Fərraş istər-istəməz əsə-əsə üst küləcəsini, xəncərini açdı, papağını yerə qoydu, ürəyində: "Bu necə murdar adamdır, gətirəndən beş qran istədim vermədi, hələ üstəlik fərraşlığımı da əlimdən aldı”, deyə pıçıldadı.

Padşah Usta Bəxtiyara əmr etdi:

- Al, bu küləcəni geyin, xəncəri belinə bağla, papağı da qoy başına.

Usta Bəxtiyar qəbul etmək istəmədi. Padşah fərraşa:

- Gədə, vur bu nadürüstün boynunu! – deyə qışqırdı.

Fərraş alıcı quş kimi onun üstünü aldı. Əlindəki xəncəri qaldırıb vurmaq istərkən Usta Bəxtiyar onu itələdi:

- Padşah, mənə, balalarıma yazığın gəlsin, mən yaşamaq istəyirəm.

- Yaşamaq istəyən mənim əmrimdən çıxmaz!

Nəhayət, Usta Bəxtiyar fərraşlığı qəbul etməyə məcbur oldu.

Axşam oldu. Usta Bəxtiyar evə qayıdarkən sabahın ərzağını almağa pulu yox idi. Evə əliboş getmək istəmədi. Çox düşündü, nəhayət, xəncərin tiyəsini çıxarıb satdı və sabahın azuqəsini alıb evə qayıtdı. Qapını açıb içəri girəndə onu fərraş paltarında görüb hamı heyrətlə soruşdu:

- Bu nə paltardır?

Usta Bəxtiyar başından keçən macəranı nağı elədi:

- Sabah üçün ərzaq almağa pulum yox idi. Xəncərimin tiyəsini çıxarıb satdım, - deyə söhbətinə yekun vurdu.

Hamı qəm-qüssəyə batdı.

Padşah əhvalatı bilmək üçün vəziri ilə bərabər dərviş paltarında Usta Bəxtiyarın qapısına gəldi. Otağa həmişəki şənlik yerinə dərin bir səssizlik, qəm və kədər çökmüşdü. Vəzir gülə-gülə yavaşca:

- Padşah sağ olsun, bəxtiyarlığını əlindən aldın, - dedi.

Səhər oldu. Usta Bəxtiyar fərraş paltarını geyinib saraya getdi. Qapı arxasında durub şahın əmrini gözləyirdi. Bir saat sonra padşah taxta oturdu. Vəzir, vəkil və əyanlar ətrafında səf çəkib əl-əl üstündə durdular. Padşah səsləndi:

- A gədə, fərraş!

Usta Bəxtiyar tez qapını açıb içəri girdi. Padşah onu gözucu süzdükdən sonra əmr etdi:

- Köhnə fərraşı bura çağır!

Usta Bəxtiyar hələ də saraydan getmək istəməyən köhnə fərraşı çağırdı. Hər ikisi padşahın hüzurunda əl bağlayıb dayandı. Köhnə fərraş elə düşünürdü ki, padşah onun fərraşlığını özünə verəcək, ona görə də qaşqabağı açıq idi. Padşah, Usta Bəxtiyara gözləmədiyi halda əmr etdi:

- Fərraş, vur bu nadürüstün boynunu! – deyə qışqırdı.

Usta Bəxtiyarın gözlərinə qaranlıq çökdü, nə edəcəyini bilmədi. Köhnə fərraş taxtın ayağına qapanıb ağlamağa, yalvarmağa başladı.

Padşah Usta Bəxtiyara qəzəblənib qışqırdı:

- Gədə, sənə demirəm vur bunun boynunu!

Ömründə bir adam öldürməmiş, günahsız qana batmamış Usta Bəxtiyar nə edəcəyini bilmirdi. Padşahı bir az da qəzəbləndirsəydi, öz başını kəsəcəkdi. Xəncərin isə tiyəsi yox idi. Ancaq iti ağlı onun köməyinə çatdı – o, vəziyyətdən belə çıxdı:

- Padşah sağ olsun, mənim bu xəncərimin bir xasiyyəti var: başı vurulan adam günahsız olanda tiyəsi yox olur. İndi görək bu köhnə fərraş necə adamdır.

Bəxtiyar bu sözləri deyib xəncərin qəbzəsindən tutub dartdı. Qəbzə tiyəsiz idi.

Bəxtiyar sevincək:

- Gördünüz, qibleyi-aləm, görünür, bu adam günahsız imiş, - dedi

Padşahın əmri ilə Bəxtiyara təzə iti xəncər gətirdilər. Bu padşah Bəxtiyarın kələyinin qabağını almaq istədi. Ancaq nə qədər çalışdı, o, xəncərə yaxın düşüb  fərraşın başını vurmağa razılıq vermədi. Hövsələdən çıxan padşah axırda onu tövləyə saldırdı, ac-susuz saxladı. Üç gün sonra yenə onu hüzuruna çağırıb soruşdu:

- Hə, necəsən? Fərraşlığı qəbul edirsən, ya yox?

Usta Bəxtiyar:

- Yox, mən öz sənətimi istəyirəm. – dedi.

Padşah onu yenə tövləyə saldırdı. Padşah hər üç gündən bir onu çağırıb soruşdu. Bəxtiyar yenə həmin cavabı verdi.

Vəzir görürdü ki, Bəxtiyarın hərəkətləri onun birinci gün padşaha dediyi sözləri təsdiq edir. O, həqiqətən özünü xoşbəxt bir adam hesab edirmiş. İndi isə heç bir qüvvə onu öz inadından, əvvəlki həyatına qovuşmaq arzusundan döndərə bilməyəcəkdir. Ancaq bunun sirrini yenə özü üçün aydın edə bilmirdi. Odur ki, padşaha müraciətlə dedi:

- Qibleyi-aləm, bu kişi səhərdən axşamacan isti kürənin qabağında tər tökə-tökə çəkic vurmağı fərraşlıq kimi ali vəzifədən artıq tutur; burada yəqin bir sirr və hikmət vardır.

Padşah əmr etdi, dəmirçini gətirdilər. O, həmişəki kimi başını yerə dikib durdu. Padşah soruşdu:

- A kişi, de görüm fərraş olursan, yoxsa yox?

Usta Bəxtiyar cavab verməyib getməyə başladı. Pdşah soruşdu:

- Gədə, hara?

Dəmirçi cavab verdi:

- Padşah sağ olsun, yenə tövləyə.

Dəmirçinin bu hərəkəti padşahı daha da qəzəbləndirdi. O, hirsini boğaraq soruşdu:

- Gədə, sən bu dəmirçilikdən neçün əl çəkmək istəmirsən? Burada yəqin bir sirr var. O sirri gərək mənə açasan.

Dəmirçi bir qədər düşündükdən sonra cavab verdi:

- Qibleyi-aləm, burada elə bir çətin şey yoxdur. Sirri açaram, amma bir şərtlə.

- Şərtin nədir?

- Məni azad edib öz sənətimi işlətməyə razı olasınız, deyərəm.

Padşah söz verdi. Usta Bəxtiyar belə başladı:

- Atam kasıb bir kişi idi. Palçıq daşıyıb qazandığı qəpik-quruşla ailəsini dolandırırdı. Məndən başqa atamın dörd oğlu, iki qızı var idi. Anam da varlıların evində təndirə çörək yapar, paltar yuyurdu. Külfətimiz çox olduğuna görə məşəqqətlə yaşayırdıq. Atamın böyük oğlu mən idim. On beş yaşına çatanda atam dilə gəldi: " Ay oğul, görürsən ki, məni oğul-uşaq basıb, sən böyük oğlansan, heç olmasa get işlə, sən də qazan, bəlkə birtəhər yaşayaq, - dedi. Mən uşaqlıqdan işləməyi sevmirdim. Razı olmadım, atam acıqlandı, zornan məni çəkə-çəkə aparıb bir dülgərin yanında ayda üç quruşa şagird qoydu. İşləmək mənə hər cəzadan ağır gəlirdi. Usta dedi: "Qalx, o taxtaları gətir bura”. Mənim gözlərimə qaranlıq çökdü. "Usta, qollarım ağrıyır, gətirə bilmərəm”, - dedim. Usta mənə acıqlı baxıb: "Oğlan, bəs ayda üç quruşu müftə alıb yemək istəyirsən? Get, tənbəl şagird mənə gərək deyil”, - dedi. Sevinə-sevinə evə qayıtdım. Anam həyətdə paltar yuyurdu. Məni görüncə soruşdu: "Ay Əhməd, niyə qayıtdın?” Mən qaşqabağımı sallayıb, yerə otura-otura: "Usta dedi: get, mənə şagird lazım deyil”, - dedim. Anam başını bulaya-bulaya: "Sənin kimi tənbəl oğuldan bir kor qız yaxşıdır”, - dedi. O gün atam da məni çox danladı. Səhər zornan aparıb məni bir bənnanın yanında şagird qoydu. Bənna məni hər dəqiqə buyururdu: "Oğlan, durma, su gətir, palçıq hazırla!”. Bu iş mənə çox çətin görünürdü. Gözlərimi döyə-döyə: "Usta, mən palçıq hazırlamaq bacarmıram”, - dedim. O mənə sərt-sərt baxıb: "Gədə, bəs bacarmırsan, müftə yeyib-yatmağı bacarırsan?! Get, mənə tənbəl şagird gərək deyil!” – dedi. Ürəyim sakit oldu. İlan ağzından qurtaran qurbağa kimi sevinə-sevinə evə qayıtdım. Atam, anam nə qədər məni döydü, söydü, danladı, mən zəhməti, işi sevə bilmədim. Düz iki il yazıq atam məni hansı sənətə qoydu, hər birinə bir bəhanə gətirib qaçdım. Bizimlə qapı-qapıya bir dəmirçi olurdu. Onun bir qızı vardı, adı Ceyran idi. Məndən üç-dörd yaş kiçik idi. Hər gün həyətdə bir yerdə oynayırdıq. Tənbəlliyimi görüb o məni hər gün danlayırdı, hərdən mənə deyirdi: "Sən yaxşı oğlansan, hayıf ki, tənbəlsən. Tənbəl adam xoşbəxt olmaz, mənim sənə yazığım gəlir”. Axırda mən bu qıza bir könüldən min könülə aşiq oldum. Bir gün fürsət tapıb fikrimi qıza açdım. "Ceyran, mənə gələrsənmi?” – dedim. Qız mənim sözümə gülüb: "Sənin kimi təmbəl, işsiz, sənətsiz oğlana hansı qız gələr?” – dedi. Elə bil, başıma birqazan qaynar su tökdülər. Bu söz məni çox bərk götürdü. Bir az özümə gələndən sonra yenə soruşdum: "Ceyran, bir sənət öyrənsəm necə?” O gülərək: "Tənbəlliyi atsan, yaxşı sənət öyrənsən, gələrəm” – dedi. Şadlığımdan bilmirdim ki, neyləyim. Atamın yanına gəlib: "Ata, dəmirçi olmaq istəyirəm, məni qonşumuz Həsən dayının yanına şagird qoy” – dedim. Ata-anamın qırışığı açıldı. Atam: "Çox yaxşı, oğlum, kaş sən işlə!” – dedi. Sabahdan atam aparıb məni qonşumuz Həsən dayının dükanına şagird qoydu. Usta Həsən nə əmr elədi, o saat yerinə yetirdim. Ustanın işləməyinə fikir verib öyrənməyə çalışırdım. Beş-altı ayda dəmirçiliyi öyrəndim. O qədər yaxşı öyrəndim ki, ustam ən çətin işləri mənə tapşırırdı. Mən də canla-başla çalışıb o işi ustamdan yaxşı qayırırdım. Həsən dayı bir gün əlimdə işlədiyim kotana baxıb: "Sağ ol, Əhməd! Sən gözəl usta olacaqsan! Çəkici istədiyin yerə vurursan, həm də məndən cəld işləyirsən” – dedi. İşlədikcə öz sənətimə olan şövqüm o qədər artdı ki, yorulmaq nədir bilmirdim. Bunun sayəsində dəmirçilikdə şöhrət qazandım. Qayırdığım kotan, xış, bel, balta, dırmığı kəndlilərimiz alıb aparırdı. Çəkicimin altından çıxan hər şey mənə fərəh verirdi. Çünki Ceyran qıza evlənmək üçün yaxşı sənətkar olmağa söz vermişdim. Öz sənətimə və Ceyrana olan sevgim məni bəxtiyar elədi. Sözün qısası, Ceyran qıza evlənib, yaxşı bir ailə qurdum. Məni xoşbəxt yaşadan bu iki şeydir: biri sənətim, biri də məhəbbətim.

Bəxtiyar öz söhbətinə belə yekun vurdu:

-         Padşah, məni bu iki sevgilimdən ayırma, mən bunlarsız yaşaya bilmərəm

 

 

 

 

 

 


 




Copyright Ədəbiyyat dərsliyi © 2017