MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Qırmızı bantlı...
Bölmələr

******

19.10.2017, 04:43

Elçin Hüseynbəyli

QIRMIZI BANTLI...

 

Aaa...uuu...

 

Hardansa gələn səsin heç kimə dəxli olmadığını görə, heç kim də

eşitmədi.

    Səhərin yuxulu mehi həyət darvazasından başlayıb əvvəlcə evin yarımaçıq pəncərəsinin pərdələrini tərpətdi, sonra yuxulu quşları, toyuq-cücəni oyatdı, lal-sükuta bürünmüş yarpaqları titrətdi, çovustanın açıq qapısından girib o biri başından çıxdı, qoyun ağılında yatan quzunun qırmızı bantını sığalladı, Arazın üzünü qıdıqladı, onu aramla ləpələndirdi və yolu adlayıb dağlara qalxdı. Üfüqdən təcəzə çırtlayan Günəşə göz elədi.

 

Aaa...uuu...

 

Günəşin zərif şəfəqləri pərdəni aralayıb əvvəlcə oğru-oğrun, sonra həyasıcasına çarpayının başındakı ağ zərli paltarın üstündə oynadı, zərlərə göz vurdu, axırda gəlib oğlanın üzünə güldü.

Araz indi sakit-sakit ləpələnirdi, quşlar cəhcəhindəydi, anaş toyuqlar günorta doğuşunun ləzzətindən, qızıl daraqlı Xoruz isə yekəxanalığından gərnəşirdi və arada bir öz varlığını hərəmxanasına duydurmaq üçün banlayırdı.

Ala it zəncirdə səssiz-səmirsiz atılıb-düşürdü, yal gözləyirdi, ləzzətlə ağzını marçıldadırdı. Ağacların yarpaqları indi bir-birilə pıçıldaşırdı. Səhərin yeli tamam oyanmışdı.

 

Aaa...Uuu...

 

Gözünü əvvəlcə qırmızı bantlı quzu açdı, sonra çarpayıda yatan oğlan...

Bu gün mənim günümdür. Çarpayının başındakı zərli paltarı görən oğlanın yadına düşən birinci bu oldu, sevincindən bir gözü açıq, biri yumulu gərnəşdi, çarpayıda o tərəf-bu tərəfə çevrildi və dinşədi...

   Örüşə mal ötürənlər gözlərini qıyıb qıpqırmızı Günəşə baxdılar, oğlangilin

darvazasının yanından keçəndə gülümsədilər, bu günkü qonaqlığın burunlarını sevindirən, mədələrini qıcıqlandıran həsrətini daddılar.

   Ağıldakı qoyun və erkək Quzunun boğazındakı bantını iyləyib, üz-gözünü yaladılar, onun qıvrım tüklü dərisini sığalladılar, sonra da onu burunladılar:-Hazırlaş-dedilər...Quzu razılıqla başını tərpətdi, üzünü qoçla qoyunun üzünə sürtdü.-Bu gün hamı üçün var-dedilər. Sən seçilmişlərdənsən...

 

Quzu günəşə baxıb gülümsədi, qara gözlərini qıydı, boynuna dünən taxılmış  qırmızı banta baxdı, günəşin şəfəqləri üzünə güldü...

 

***

 

Oğlan asta səslə: - Mama - çağırdı.

 

Anası elə bil onu gözləyirmiş, o saatdaca başının üstünü kəsdirdi. Anası sığallı və yumşaq alt paltarındaydı, süd qoxuyurdu. Oğlanın başını qucağına alıb, qıvrım saçlarını tumarladı, oğlan üzünü anasının üzünə sürtdü, hər ikisi bir-birini öpdü. 

 

-Hə, kişiqırığı durub?-atasının əvvəlcə səsi, sonra qapıdan içəri girən qarnı, uzun burnu, axırda yekə bədəni göründü.

 

-Kişiqırığı yox, kişi balam, mənim kişi balam-anası dedi və təzədən oğlunu bağrına basdı.  -Paltarı sənə ata alıb-anası dedi və oğlunun qara gözlərinə baxıb ürəyini dolduran qürur və sevinclə gülümsündü.

 

-Bantı da ata alıb, eləmi, -oğlan dedi və çarpayıdan durub özünü atasının qıllı qolları arasına atdı...İndi o, özünü çox arxayın və arxalı hiss edirdi, sevincindən balaca ürəyi atılıb düşürdü. Bir əli ilə atasının tüklü boynunu, bir əli ilə də anasının zərif, ağ, hamar və uzun boğazını qucaqlamışdı. O qədər rahat idi ki, təzədən yerinə girib xoşallanmaq, mürgüləmək istəyirdi. Ancaq həyata sevgisi onu yenidən yatmağa qoymurdu, çöldə qaynaşan həyat onu çağırırdı, özünə tərəf dartırdı. Ona görə də başını növbəylə ata və anasının  sinəsinə sıxdı, bir müddət sakitcə mışıldadı. Sonra yerə atılıb, balaca quzular kimi otaq boyu qaçdı...

 

***

 

-Balam, nə çox yatırsız, belə gündə də yatmaq olar!? Çöldən səs gəldi. Gələn kirvəydi.-Hanı mənim quzu balam-kirvəsi çöldən-dedi.

 

Anası tələm-tələsik xalatını əyninə keçirib atasının arxasınca çölə çıxdı.

Oğlan eləcə alt paltarında qapının ağzında göründü, kirvəsi onu bağrına basıb öpdü.

 

-Hə, necədi, hazırsanmı?

 

Oğlan -hazıram-dedi...

 

-Qorxmursan?

 

-Nədən qorxacam ki?-oğlan gözlərilə güldü.

 

-Bu mənim kişi balamdı-atası oğlunun başını tumarladı və əli ilə çiyninə vurdu,-kişidi, kişi!

 

***

 

Qoyunla qoç ağılın qapalağının yanında durub oğlanı gözləyən quzunu

burunlayırdılar, onu iyləyirdilər. Bu dəfə oğlan yox, atası gəlib heyvanları ağıldan çıxartdı və həyətdə çəpərə alınmış ağaclığa buraxdı... 

 

Ata və ananın başı qonağa qarışmışdı.  Oğlan durub əynini geyindi, qırmızı lentini başına taxdı və hasarın qapısını açıb quzuya tərəf qaçdı.  Quzu təzəcə çıxmış buynuzları ilə onun sinəsindən itələdi, arxası üstə yıxıldı, əvvəlcə qorxdu, sonra güldü...güldü-güldü və həyətdə söhbət edən ata, anasına kirvəsinə baxıb-görün necə dəcəldi-dedi...Sonra quzunun bantını sığalladı:-Bax, nə gözəldir, ata alıb e...Çünki sənin də, mənim də ad günümdür...bax gör sənə nə gətirmişəm, oğlan -dedi və cibindən qırmızı alma çıxarıb quzuya verdi. Quzu almanı əvvəlcə iylədi, sonra oğlanın əli qarışıq dişlədi, oğlan "ay" eləyib güldü. Alma oğlanın əlindən yerə düşdü, quzu almanı əllərilə o tərəf-bu tərəfə çevirəndən sonra qırta-qırta yedi.

 

-Ay allah, nə gözəldir!-oğlan dedi, əvvəlcə qırmızı bantı, sonra quzunun qıvrım tellərindən öpdü. Quzu elə bil minəttdarlıq elədi, uzun, nazik qırmızı dililə oğlanın saçını yaladı...

 

-Dəllək bir azdan gələcək-atası kirvəsinin sualına cavabında dedi.

 

-Özü bilir?-kirvəsi soruşdu

 

-Bilir-dedi atası və quzu ilə oynayan oğlunu yanına çağırıb, tüklü

dodaqları ilə onun üzündən öpdü-mənim kişi balam, kişidi-dedi-heç nədən

qorxmur. 

 

-Hə, kişi hazırsan?-kirvəsi yenə də soruşdu. 

 

-Hazıram-oğlan ötkəmliklə, doğurdan da əkəş kişilər kimi cavab verdi və

təzədən bağçaya tərəf götürüldü.

 

Quzu oğlanı görüb dırnaqları üstündə rəqs edirmiş kimi ora-bura tullandı,

sonra dalı-dalı gedib çəpərin dibində durdu və gəlib tər buynuzlarını oğlanın şapalaq kimi tutduğu əlinə vurdu.-Ay allah, nə məzəlisən-oğlan güldü və quzunun başını qucaqladı.

 

***

 

-Bu da mən-dəllək əlində balaca çanta darvazanı açıb, gülə-gülə  içəri girdi. Səhərin dağları dolanıb gəlmiş yeli onunla birlikdə darvazadan içəri soxuldu və öz yolunu əlinə alıb görünməz yumşaq əllərilə yuxudan duranların hamısının başını tumarladı. 

 

-Xoş gəlmisən-atası və anası bir ağızdan dedi. Dəllək həyətin ortasında durub  oğlana və qırmızı bantlı quzuya baxdı:

 

-Neçə yaşı var?-soruşdu.

 

-Yeddi, bu gün yeddi yaşı tamamdı-anası cavab verdi və əlavə elədi,-quzunun da bu gün bir yaşı tamam olur. 

 

-Bəs, nə əcəb bu vaxta saxlamısız?-dəllək soruşdu. 

 

-Ürəyimiz gəlmirdi-atası və anası yenə də bir ağızdan dedilər. 

 

-Özünə demisiz?-o da soruşdu. 

 

-Əlbəttə bilir, özü istəyir. 

 

-Lap yaxşı- dəllək dedi, evə keçdi, süfrə arxasında oturdu və kiminçünsə süzülüb soyuyan çaydan bir qurtum içdi, sonra tüklü əllərini bığlarına çəkib qırmızı lentlə bəzənmiş stula baxdı.

 

***

 

Qəssab Əli əlində bıçağını itiləyirdi. Günəş indi tamam  oyanmış və ağappaq dişlərini göstərən gözəl qadınlar kimi gülürdü. Bıçağın ağzı günün şəfəqlərindən par-par parıldayırdı. Bıçaqdan qopan şəfəqlər hərdən quzunun və oğlanın üzündə-gözündə oynayırdı. Qəssab gözünü oğlanla oynayan ətli-qanlı, quyruqlu quzudan çəkmirdi, quzunun da bir gözü qəssabın əlindəydi.

Əslində quzu yekəlib toğlu olmuşdu, ancaq, oğlan ona nəvazişlə "mənim quzum"-deyirdi, az qala səhərdən axşama kimi onunla oynayırdı, balaca arxda çimizdirirdi.

 

Qəssab heyvanlara işarəylə:

 

-Hansını?-soruşdu.

 

-Balacanı-atası dedi.

 

-Bəs onu niyə?..

 

Atası onun sözünü yarmçıq kəsdi:-Çünki o qurbanlıqdır. Bu gün kəsilməlidir. Hər ikisinin yaşı tamamdı. Əhd eləmişəm-dedi.

 

Ata və anası bağçada oynayan oğlanın yanına gəlib, onu özlərinə sıxdılar. 

 

-Gedək-atası dedi və oğlanın əlindən tutub içəri apardı.

 

Oğlan dönüb quzuya baxdı, quzu mələyə-mələyə ona tərəf gəldi, əllərini

qaldırıb hörməli çəpərə söykədi, oğlan atasının əlindən qırılıb quzuya tərəf qaçdı, əllərini hörmədən içəri salıb quzunun başını tumarladı, cibindən şirni çıxarıb ona uzatdı, quzu qırmızı kağızlı şirnini iyləyib burnu ilə yerə atdı, oğlanın əllərini yaladı və iri qara gözlərilə yazıq-yazıq ona baxdı.

 

Atası gəlib oğlunun saçını sığalladı:-Kişidi, kişi, mənim kişi balam, sənə təzəsin alacam-dedi və oğlanı otağa apardı. Anası getmədi-ürəyim gəlmir-dedi.

 

Otağa girəndə dəllək ülgücünü əlində sığallayır, itiliyini yoxlayırdı, onları görən kimi əlini dalında gizlədi.

 

-Görməsə yaxşıdı-stolda rahatlanıb oturan kirvəyə dedi. Kirvə başının hərəkətilə razılığını bildirdi.

 

Qəssab Əli həyətdəki uşaqlara quzunu tutun-deyə göstəriş verdi. Uşaqlar

quzunun üstünə gələndə quzu özünü qoyuna və erkəyə tərəf atdı, ancaq

qoyunla erkək onu burunlayıb uşaqlara tərəf itələdilər...Qəssab Əli quzunu uşaqlardan alıb quyruğunu əlində oynatdı, qırmızı bantını yerə atdı, qoyun və erkək gəlib bantı iylədilər. O, uşaqlara tərəf dönərək:

 

-Bunları aparıb qabaqlarına ot qoyun.  Görməsələr yaxşıdı-dedi. 

 

Qoyun və erkək onlara göstərilən göy otun dalıncı ağıla tərəf getdilər, dönüb arxaya belə baxmadılar.

 

Atası oğlunun şalvarını aşağı salıb, kirvənin qucağında oturtdu.

 

-Başına qırmızı parça atın ki, görməsin-dəllək dedi.

 

-Bu mənim kişi balamdı-atası dedi. Heç nədən qorxan deyil.

 

Oğlanın qara gözlərindəki hürkəklik atasının bu sözlərindən sonra dəyişdi və mənasız oldu. Atası ona göy əskinası uzadanda yerdəkilər də ona qoşuldular. Təzəcə gəlmiş bibisi və onun əri də oğlana xələt verdi. Oğlan pulları əlinə aldı və halsız-halsız ona baxdı...

 

***

 

-Ayaqlarını tutun-dedilər, əllərini də...

 

Qırmızı qan kənara  sıçradı Gözlərindəki işıq kardioqram xətti kimi artıb-qalxdı.  Bir qədər çırpalanandan, titrəyəndən sonra gözlərindəki işıq tamam söndü, indi günəşin içəri düşən işığı da qapqaraydı, səhərin yeli onun tüklərini sığallamırdı...

 

-Qurtardı-dedilər-canı çıxdı.

 

***

 

Oğlan çarpayıda uzanmışdı, çöldə şişə taxılan ətin iyi pəncərədən burnuna

dolurdu.  Çölə çıxanda isə qəssab Əli quzunun ürəyini şişə taxırdı. Həyətdə adamlar birdən-birə çoxalmışdı. Oğlanın balaca ürəyi qıpqırmızı kömürün üstündə qızarırdı. Ağrıdan inildəyirdi.

 

Oğlan udqundu, ülgüc içini doğraya-doğraya başından ayaqlarına qədər getdi.  Oğlan çəpərə baxdı, quzu orda yox idi, quzunun bantı qonaqların ayaqlarının altındaydı, bantın rəngi qaralmışdı, başı isə ocağın qırağındaydı və közün üstündəki ürəyə baxırdı...Quzunun gözlərində yaş qurumuşdu.

 

Anası oğlanı görüb özünü onun üstünə atdı:

 

-Soyuqlayarsan, a mənim kişi balam, quzu balam- dedi.

 

Oğlanın gözlərindən yaş gilələri süzülürdü.

 

-Ağrıyır- anası soruşdu...

 

-Ağrıyır-oğlan içini çəkə-çəkə dedi...

 

Aaa...Uuu...

 

Bu səsin heç kimə dəxli yox idi. Ona görə də onu heç kim eşitmədi. Araz

axırdı, ləpələnirdi, quşlar yem dalınca uçurdu, toyuqlar yumurtlayırdı.

Səhərin yeli indi artıq yep-yekə külək olub dağların başında əsirdi...

 

Aaa...Uuu...

 

mart-may 2002




Copyright Ədəbiyyat dərsliyi © 2017