MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Pəncərədən baxan ayın şəkli
Bölmələr

******

17.11.2017, 22:21

PƏNCƏRƏDƏN BAXAN AYIN ŞƏKLİ

 

Əhməd jurnalist idi. Qələmi sərt olsa da, ürəyi yumşağıydı. Bir gün o, uşaqlar evinə baş çəkdi. İşi xatirinə. Məqalə yazmaq istəyirdi.

Müəllimə onu uşaq eviylə tanış eləməyə başladı. Uşaqlar rəngbərəng idilər. Əhmədə maraqla baxırdılar. Birdən sir-sifətindən ağıl tökülən, iri gözlü bir uşaq yaxına gəlib onun qolundan tutdu. İri, ağıllı gözlərini Əhmədə dikib soruşdu:

-Sən mənim atamsan, elə?

Əhməd bu gözlənilməz sualdan çaşdı. O tərəf - bu tərəfə baxdı, döyükdü.

Uşaq sualını təkrar elədi və məsum gözlərini onun gözlərinə dikdi. Əhməd uşağın qəlbinə dəymək istəmədi.

-Hə, sənin atanam,-deyə cavab verdi.

Uşaq:

-Anam da gələcək?-deyə soruşdu.

Əhməd:

-Hə, -dedi, -anan da gələcək.

Uşaq Əhmədə çoxlu suallar verdi. Gələcəkdə kosmonavt olmaq, göyə uçmaq istədiyini dedi, elə inamla danışdı ki,  uşağın arzusunun çin olacağına Əhmədin şübhəsi qalmadı. Onlar xeyli söhbət elədilər. Əhməd uşağın ağlına, zəkasına və səmimiyyətinə heyran oldu. O, müəlliməyə dedi ki, uşağı oğulluğa götürmək istəyir.

Müəlliməsi:

-Çox ağıllı uşaqdır,- dedi,-amma sənədləri qaydasına salana qədər qoyun sizdə qalsın, birdən istəməsəniz, geri qaytararsınız. Həddən artıq çox sual verir.

Əhməd uşağı evə gətirdi. Arvadı onun qarşısına çıxdı. Ərinin yanında balaca oğlanı görəndə təəccübləndi.

Uşaq:

-Bu, mənim anamdır, elə?-deyə iri, ağıllı gözlərini Əhmədə dikib soruşdu, elə inamla xəbər aldı ki, Əhməd mütləq müsbət cavab verməliydi.

Əhməd:

-Hə, sənin anandır,-dedi.

Uşaq özünü anasının qucağına atdı. Əhmədin arvadı yenə də heç nə anlamadı, eləcə uşağı qucaqlamağa məcbur oldu.

Sonra uşaq növbə ilə onların boynunu qucaqladı:

-Ah, ata, ah, ana, mən sizi o qədər gözləmişdim ki! Hər gün sizi yuxularımda görürdüm. Gecələr pəncərədən Aya baxırdım, ona yalvarırdım ki, ata-anamı mənə qaytarsın. Müəlliməmiz demişdi ki, mənim atamla anam Ayın yanındadır,  bir gün onlar qayıdacaqlar.

Uşaq Əhmədgildə qaldı, hər gün ona Ay barədə danışdı və çoxlu suallar verməyə başladı. Uşaq deyirdi ki, Ayda insanların ruhu dolaşır, kosmonavt olandan sonra Ayın yanına gedib, uşaqların ata-anasını onları gözləyən balalarının yanına gətirəcək.

Bir gün uşaq:

-Sən mənə Ayın şəklini çəkə bilərsən?-deyə qəfil soruşdu.-Mən hələ balacayam, kosmonavt olana qədər istəyirəm ki, Ay mənim yanımda olsun, amma elə elə ki, Ay pəncərədən görünsün.

Əhməd:

-Bundan asan nə var ki, -dedi, - qələm-kağız götürüb işə başladı, amma ha çalışdı, Ayın şəklini uşaq istəyən kimi çəkə bilmədi.

Səhərisi gün Əhməd yuxudan durdu, uşağı görmədi.

-Bəs uşaq hanı?-arvadından soruşdu.

Arvadı:

-O getdi. Dedi ki, sən ona Ayın şəklini çəkə bilməmisən,-deyə cavab verdi.

 

May 2007




Copyright Ədəbiyyat dərsliyi © 2017