Daşdəmirin Nağılı
Biri var idi, biri yox idi, Fatı qarı adlı bir arvad var idi. Fatı qarının qohumdan-qardaşdan, oğuldan-qızdan Daşdəmir adlı aman-zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtından onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli-başlı yazıb-oxumağı öyrənmişdi.
Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyardı, əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünü o qədər sevirdi ki, gecələr də ondan ayrılmaq istəmirdi. Ancaq iş elə gətirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu.
Daşdəmirin atası Zaman kişi çox bacarıqlı, zəhmətsevən bir bağban idi. Gecə yatmayıb, gündüz dincəlməyib, özünə gözəl bir bağça düzəltmişdi. Bağçada elə gözəl güllər, elə gözəl meyvələr var idi ki, görən heyran qalırdı.
Necə deyərlər, Zaman kişinin bağçasında can dərmanı desəydin var idi. Zaman kişi bu güllərdən, meyvələrdən satıb külfətini dolandırırdı.
Zaman kişinin bu bağçası şəhərin kənarında, bir dəyirmanın yanında idi. Daşdəmir hələ bir yaşında olduğu zaman, bu dəyirmanda qəribə bir iş olmuşdu. Bir gün səhər qonşular yuxudan durub gördülər ki, dəyirmançını da, arvadını da boğublar. Qonşular nə qədər soraqlaşdılar, axtardılarsa heç bir şey tapa bilmədilər. Bu işdən sonra bu dəyirmana heç kəs sahib durmadı. Dəyirman yavaş-yavaş xarabaya çevrildi.
Bu xaraba dəyirman haqqında camaat qəribə əhvalatlar danışmağa başladı. Bəziləri deyirdilər ki, bu dəyirmanda cinlər olur, bəziləri deyirdi quldurlar olur.
Zaman kişi ağıllı, bacarıqlı olduğu kimi, həm də igid idi. Heç bir şeydən qorxmazdı. Dəyirmançı ilə arvadının dəyirmanda boğulmaqları Zaman kişini fikrə salmışdı. Elə həmişə bu barədə fikirləşirdi. O bilirdi ki, cin adlı şey yoxdu.
Gecələrin birində Zaman kişi evdə yatmışdı, birdən dəyirmandan bir qışqırtı eşidildi. Zaman kişi dik qalxıb pəncərəyə yaxınlaşdı, xaraba dəyirmana baxdı. Çox qaranlıq idi. Amma zaman kişinin iti gözləri bəzi şeylər seçirdi. Dəyirmançının həyətində bir neçı qaraltı elə bil ki, süpürləşirdilər. Onlar boğuşa-boğuşa içəriyə çəkildilər. Sonra bir səs də eşidildi. Amma bu səs qışqırıq deyildi, zarıltı idi. Elə bil, kimi isə boğurdular. Zaman kişi davam gətirə bilmədi. Fatı qarını da oyadıb, heç bir söz demədən dəyirmana cumdu. Səhər dəyirmandan iki adamın ölüsünü tapdılar. İkisi də boğulmuşdu. Bunlardan birini heç kəs tanıya bilmədi. Amma biri zaman kişi idi.
Bu əsəri tam oxumaq üçün burdan yükləyin. Daşdəmirin nağılı.